Sevinc Telmanqızı yazır... - TAPANÇALI BACI

Sevinc Telmanqızı yazır... TAPANÇALI BACI

Bir də görürsən, elə adamlar elə yerdə, elə situasiyada, elə məqamda danışırlar ki, məntiqin qarışır, darmadağın olursan. Deyirsən, görəsən hansı tarixi-siyasi-elmi-iqtisadi səbəb bu adamları dilə gətirib. Üstəlik, osmanlı abilərimiz demiş, “əlinin xəmiri” ilə ortalığa çırmananlar adamı lap heyran edir.
O gün uzun illərdir səsi Türkiyədən gələn, gözünün bir ucu ilə hərdən Bakıya baxan müğənni Brilyant Dadaşova da eynəyini taxıb, siyasi şərh verdi. Dedi ki, bəs cəbhə hakimiyyəti dövründə evdən bayıra çıxa bilmir, çıxanda da tapança ilə gəzirmiş. Blokun qapısını açanda əlində də tapança olarmış. Təxminən “gəlmişdiz də, gördük” tipində növbəti açıqlama.
İndi deyə bilərsiz ki, əslində müğənni xanımın dediyi dövrdə həqiqətən də şəhərdə hərc-mərclik vardı, hakimiyyət tam oturuşmamış, sabitlik məsələsində problemlər yaşanırdı. Bura qədər anlaşılandır. Hamımız o dövrləri yaşamışıq, yad planetli deyilik ki. Sadəcə məşhur məsəldə deyilən kimi, bayram deyil, seyran deyil…
Brilyant xanım niyə dilə gəldi? Deputat olmaq istəyir? Məncə, yox. Hakimiyyətin onun dəstəyinə ehtiyacı var? Əsla. Öz YAP-çıları daha güclü arqumentləri ilə efiri zəbt ediblər. Üçüncü variant: insanlar bəzən sadəcə, danışmaq istəyir. Səbəbli-səbəbsiz, yerli-yersiz, ağlı kəsdi-kəsmədi…
Sözügedən müğənni xanımın adı çox da uzaq olmayan 2006-cı ildə Hacı Məmmədov məsələsinə görə hallanmışdı. O zaman bir qrup müğənnini Hacının dostları kateqoriyasında “Bandotdel”ə aparıb dindirmişdilər. Mətanət İsgəndərli, Brilyant Dadaşova, Eyyub Yaqubov.
Hacının Qarabulağında boy-boy şəkillərini paylaşan, onun imkanlarından maksimum istifadə edənlər bu formada tarixə düşmüşdü. İndiyə qədər yadımdadır. Həmin vaxt Brilyant xanımdan bu mövzuda müsahibəni telefonla şəxsən özüm götürmüş, hətta müsahibənin bir yerində kövrəlməsini də “bu yerdə Brilyant xanım doluxsunur” deyə təsvir etmişdim. O zaman həmkarım Samir Sarı da məhz bu doluxsunma söhbətinə görə müğənni xanıma bir köşə həsr etmişdi. Bu qədər bəsdi? Məncə, anladınız siz, asayiş aşiyi xanım!
Yaxşı, lap tutaq ki, müğənni xanım xalqın səsi olmaq istəyir. Bu halda xalqın problemlərindən danışmalı deyilmi? Sənətçilərin görüşündə Zeynəb Xanlarovanın “ölkəmizin inkişafından danışın, problemlərdən yox” deməsi sanki bir çox müğənni, aktyorların əyninə biçilmiş paltardır. Çoxu “cızzz” deyib qorxur o sözləri deməkdən. Hamı istəyir nəsə yarınsın, nəsə yuxarının xoşuna gəlsin. Adam da durub demək istəyir ki, ay anam, ay bacım, axı sən Brilyant Dadaşovasan, niyə özünü Ata Abdullayev kimi aparırsan? Səsin var axı. Gəncliyimiz sənin mahnılarını dinləməklə keçib. Düzdür, arada bir özünü Ajda Pekkana da bənzətməyə çalışırsan, olsun… Amma bir zəhmət Araz Əlizadə havalarına girmə.
Bu ölkənin sənətçisi, özünə xalq artisti deyəni niyə azad fikirli ola bilmir? Niyə ən azı türkiyəli həmkarları Sıla, Amerikadakı Madonna kimi sözünü deyə bilməyəcək qədər cəsarətsizdir? Sonuncu Trampın pişiyini ağaca dırmaşdırır e neçə ildi. Bizimkilərin pulu-parası dövlətdən gəlmir, müxalifəti “vurmaq” kimi bir öhdəlik götürməyiblər, bir toyla orta statistik azərbaycanlının bir-iki ilə qazandığını qazanıb kefə baxırlar. Sənətçini də, şükür Allaha, xalq yaşadır. Varından-yoxundan keçir, kreditə girir, həyatının sonuna qədər çağırdığı adamların uşaqlarının toyunda sürünür… Təki Brilyant xnaım kimi müğənni gəlib ortada “Gözlərin deyir ki, sevirsən. Sən mənim dərdimdən ölürsən…” mahnısını oxusun. O zaman bu nə həyəcan? Bu nə yarınma cəhdləri?
Dəyişin, xanımlar və cənablar. Təkcə botoksla qırışlarınızı, silikonla dodaqlarınızı yox, beyninizin estetikasını da dəyişin. Xalqın yanında olmaq istəyirsizə tam olun. Onun dərdini demək istəyəndə də bir pəncərədən baxmayın. Yarımçıq hamiləlik olmur – axı bunu siz hamıdan yaxşı bilirsiz!..

Sevinc Telmanqızı 
minval.info

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !