Boccia üzrə Seni Cup Azərbaycan çempionatının açılış mərasimi keçirilib - -Foto=11

Boccia üzrə “Seni Cup” Azərbaycan çempionatının açılış mərasimi keçirilib -Foto=11

Dekabrın 13-də Bakı İdman Sarayında paralimpiyaçılar arasında boccia idman növü üzrə “Seni Cup” çempionatının açılış mərasimi keçirilib.
AZpress.AZ xəbər verir ki, mərasim boccia idmançılarının paradı ilə başlayıb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və digərləri tədbirdə çıxış edərək turnirin iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar.
Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti Vuqar Əsgərov ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən danışıb. O, Azərbaycanda boccia idman növünün inkişafının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın adı ilə bağlı olduğunu vurğulayıb. Federasiya rəsmisi deyib ki, məhz Leyla xanımın diqqət və qayğısı nəticəsində 2018-ci ildə Azərbaycan Boccia İdman Federasiyası yaradılıb.
Çıxışlardan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin “Günəş” uşaqlar rəqs qrupunun ifasında “Xalqlar dostluğu” tamaşası nümayiş olunub.
Rəsmi hissədən sonra final mərhələsinin yarışlarına start verilib.
Çempionatın final mərhələsində 60-dan çox fiziki məhdudiyyətli idmançı mübarizə aparır. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşacaq.
Xatırladaq ki, boccia idman növü 1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilib və 20 il ərzində populyarlıq qazanaraq, 50 ölkədə inkişaf edir. İdmanın bu növü ilə ağır kateqoriyalı əlilliyi olan bütün insanlar da məşğul ola bilərlər. Azərbaycanda boccia idman növünün inkişafına beş il əvvəl başlanıb. Keçən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə idmanın bu növü üzrə milli federasiya yaradılıb. Federasiyanın yaranmasından ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !