Rüfət Quliyev: Bu qara PR ın müəllifini tanıyıram - -FOTO=4

Rüfət Quliyev: “Bu “qara PR”ın müəllifini tanıyıram” -FOTO=4

Deputat Rüfət Quliyev 3 il öncə yayılmış açıqlamanı kontekstdən çıxararaq yenidən tirajlayanlara səsləndi

Bu günlərdə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə AzNews.az analitik-informasiya portalına istinadən Milli Məclisin üzvü Rüfət Quliyevin adından açıqlama yayıldı. Halbuki bizim saytımız Rüfət Quliyevlə bu günlərdə heç bir təmas saxlamamış, ondan elə bir açıqlama almamışdı. Bəs, necə oldu ki, AzNews.az saytının yazmadığı, yaymadığı "xəbər" birdən-birə müəyyən internet resurslarında və "youtube" kanallarında tirajlanmağa başladı? Bu barədə öncə "hər şeyi görən və bilən" Google axtarış sistemində araşdırma apardıq. Məlum oldu ki, söhbət 2016-cı ildə deputat Rüfət Quliyevin verdiyi, indiki gündəmlə qətiyyən ötüşməyən bir açıqlamadan gedir. Jurnalistika adına ləkə olanlar 2016-cı ildə başqa səpkidə verilmiş bir açıqlamanı konteksdən çıxararaq deputata və saytımıza qarşı son dərəcə çirkin "qara PR" aparırlar. Odur ki, Rüfət Quliyevlə görüşüb bu məkrli olaya onun da münasibətini öyrənmək istədik:

- Rüfət müəllim, bu günlərdə həm sizin, həm də bizim redaksiyamızın reputasiyasına kölgə salmaq məqsədi ilə olduqca köhnə, fərqli gündəmə aid bir açıqlamanız yenidən tirajlanır. Halbuki həmin xəbər 3 il öncə, həm də başqa bir məzmunda yayılıb. 3 il əvvəl verilən bir açıqlamanı bu gün "təzə xəbər" kimi kimi həm sizin, həm də bizim adımızdan yayılması, şübhəsiz ki, ləyaqətsiz bir davranışdır. Bəs, bu ləyaqətsiz hərəkətlərin arxasında nə dayanır, Sizcə?

- Öncə onu deyim ki, bu, heç eyni açıqlama da deyil. Mən o vaxtı verdiyim açıqlama, dediyim sözlər tamamiylə başqa məna, başqa məzmun daşıyırdı. Həmin açıqlama 2016-ci ildə qaz və elektrik enerjisinin qiymətlərinin qalxması ilə əlaqədar idi. İndi isə məsələni başqa cür təqdim etmək istəyirlər.

- Kim təqdim etmək istəyir?

- Həmin "xəbər"i böhtan formasında yazan adamın adını, təbii ki, çəkməyəcəm. Ancaq onu tanıyıram, kimliyini bilirəm. Belə başa düşürəm ki, həmin adam səhv hərəkət edir, əbəs səy göstərir, özünü xərcə salır. Gərək ki, həmin adam anlasın ki, bu, düz addım deyil. Onun son "zəhmət"i də hədər getdi. O vaxtkı ilə bu günkü "açıqlama" arasında yerlə-göy qədər fərq var. İndi ölkədə başqa məsələlər, başqa ideyalar müzakirə olunur. Ümumiyyətlə, mən "kasıb" sözünü heç vaxt işlətmirəm. Bəli, müəyyən qrup insanlar var ki, maddi imkanları azdır, aşağıdır. Bu barədə danışmaq lazım gələndə, çalışıram ki, yumşaq, heç kimin xatirinə dəyməyəcək ifadələrdən istifadə edim. Başqa sözlə, mənim leksikonumda elə söz yoxdur. Mən adımdan yayılan açqılamanının guya sonunda dediyim sözləri heç vaxt işlətməmişəm. Əfsuslar olsun ki, sizin saytın adından, nüfuzundan istifadə ediblər bu məsələdə. Siz isə sağ olun ki, Baş redaktor olaraq bunu dərhal araşdırdınız, müvafiq açıqlama verdiniz, işin əslini müəyyən etdiniz. Amma əyri formada olan "yazı"nı bəzi saytlar tirajladı. Gərək, onlar da bir balaca araşdırma aparaydılar.

- Biz AzNews.az olaraq dərhal bəyan etdik ki, əməkdaşlarımızdan heç kim deputat Rüfət Quliyevə müraciət etməyib. Doğrudan da, axı biz ilk dəfə sizinlə söhbət edirik. Bu bir uydurma, "feyk" xəbər idi və biz redaksiya olaraq adımızın bu cür işlərdə hallanmasını təbii ki, etirazla qarşılamalı idik...

- Bəli, uydurma, "feyk" xəbərdir. Bunun da müəllifi var, arxasında duran adam var. Həmin adamın ürəyindən bəzi arzular keçir, onlar da puç olacaq. Bunu da bəri başdan deyim ki, həmin adam xəcalət çəkəcək, əgər xəcalət çəkmək duyğusunu tam itirməyibsə...

- Rüfət müəllim, yenidən bu məsələnin qabardılması sadəcə Sizə, AzNews.az saytına yox, sanki hakimiyyətə də bir psixoloji həmlə cəhdidir. Çünki ölkədə islahat gedir, qarşıdan parlament seçkisi gəlir və buna paralel olaraq, kommunal xərclərin artması da gözlənilmir. Belə bir ərəfədə 3 il öncə gündəmdə olmuş bir məsələ barədə danışmaq yuxarıda qeyd etdiyim nəticəni vermirmi?

- Qeyd edim ki, dediyim insan mənimlə bağlı şəxsi qərəzini hakimiyyətə ictimai rəy qarşısında xırda da olsa, problem yaratmaq səviyyəsinə gətirməyə səy göstərib. Bunun bariz nümunəsi ondan ibarətdir ki, artıq bu xəbərə istinadən "Kanal 13" adlı internet kanalında məlumat verilir ki, guya mən bu günlərdə mətbuatda çıxış eləmişəm və bildirmişəm ki, kommunal xərclər qalxacaq. Yalan, yalan üstünə! Axı mən nə belə bir çıxış eləmişəm, nə də siz belə bir xəbər yaymısınız?!. Mənim bu yöndə heç bir məlumatım yoxdur. Heç Milli Məclisdə də belə söhbət getməyib. Onlar 12-13 il öncə Milli Məclisdə kreditlərlə bağlı etdiyim bir çıxışı da "təzə xəbər" kimi gündəmə gətirirlər. Ataların bir məsəli var: "Daldan atılan daş topuğa dəyər". Bu daş mənə qarşı atılmışdı. Əfsuslar olsun ki, hakimiyyəti, dövlətçiliyimizi istəməyən insanlar belə "taktika"dan istifadə edirlər. O insan, hansı ki, bu "qara PR"-ın müəllifidir, icraçısıdır, əməllərinin dövlətə, cəmiyyətə, islahatlara gətirdiyi xələli başa düşmürlər, onlar başa düşməlidir: arzuları, istəkləri qaradır və puç oldu!

- Rüfət müəllim, bəlkə bu cəhdlər ondan irəli gəlir ki, Sizin yenidən parlament seçkilərində namizədliyinizi irəli sürəcəyinizi düşünənlər var. Bəlkə potensial rəqiblərinizin işidir bu?

- Çox güman ki, bu yanaşma da var. Amma onu qeyd etmək istəyirəm ki, seçkilərdə iştirak edib-etməmək tək mənim qərarım olmayacaq. Belə bir qərarı 99% seçiçilər verməlidir. Əgər seçicilərim məsləhət görsə, onda ola bilər, iştirak edərəm. Mənim Lənkəranda kifayət qədər qohum-əqrabam, tanışlarım, yaxınlarım, doğmalarım var. Təkcə mənim öz kəndimdə 10 min əhali yaşayır.

- Yəni seçicilərin etimadından nagüman deyilsiniz, eləmi?

- Belə düşünürəm ki, əgər onların etimadını mən qazanmışamsa, bir deputat kimi vəzifəmi icra etmişəmsə, onda məsləhət görülərsə, o zaman yenidən kampaniyada iştirak edərəm. "Məsləhətli don gen olar"- bu, ataların sözüdür. Əlavə edim ki, mən elm adamıyam, elmlər doktoru, professoram, kafedra müdiriyəm. Elmi fəaliyyətimi heç zaman dayandırmamışam. 14 il deputat olmuşam, amma elmi işimi davam etdirmişəm. 300- dən yuxarı elmi əsərim, kitablarım, monoqrafiyalarım var. Mən bu gün də elmi işlərimi davam etdirirəm, dərs deyirəm. Qısacası, məni tanıyanlar savadıma da, nüfuzuma da bələddirlər. Elə buna görə də, mənim haqqımda yazılan bəd xəbərlərə, "qara piar"a insanlar inanmayacaq. Əfsuslar olsun ki, bu, birinci dəfə deyil. Yadınızdadırsa, mən Lənkəran aeroportu ilə bağlı komitədə çıxış edəndə də fikrim böyük rezonans doğurmuşdu. Hamı bunu başa düşdü ki, mən sözümü hansı formada demişəm. Amma rəyimi təhrif edib, sosial şəbəkədə yaydılar. Ancaq analizlər ortaya qoyulanda məlum oldu ki, dünyada hava limanlarının 45 %-i, dəniz limanlarının isə 65%-i icarəyə verilib. Bu cür rəqəmlər səslənəndən sonra, insanlar anladılar ki, mən, əslində nə demişəm.

- Rüfət müəllim, Sizdən bu qısa müsahibəni almağımız spesfik bir şəraitə təsadüf edir, İnşallah, növbəti həftələrdə geniş bir intervyü götürərik. Bu xoşagəlməz olayla bağlı daha nələr demək istərdiniz?

- Mən bir çox jurnalistlə dostam. Heç bir jurnalist deyə bilməz ki, Rüfət Quliyevə zəng etmişəm, amma o, mənim telefonumu qaldırmayıb. Ən kəskin suallara da həmişə bir deputat, alim və Azərbaycan vətəndaşı kimi fikrimi bildirirəm. Sadəcə, bu "qara materiallar" yayan adamlar anlamalıdır ki, onları aldadıblar. Baxın, "qara PR" iki cür olur. Bir "qara PR" odur ki, insanın səhvini tutub onu ifşa edəsən, biri də odur ki, şərləyəsən. Şərləmək normal, sivil addım deyil. İstənilən jurnalist mənə zəng edib soruşsaydı ki, belə bir açıqlama olubmu? Deyərdim ki, olmayıb! 3 il öncə tamam başqa formada açıqlama olub. Hamıdan xahiş edirəm bunu nəzərə alsın! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !