"İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi mövzusunda seminar keçirilirib - -FOTO=10

"İxtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilirib -FOTO=10

Cari il 5-6 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilir.
Tədbiri giriş sözü ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri cənab Kamran İmanov və ÜƏMT-nın Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi açıb.
Seminar iştirakçılarını salamlayan K.İmanov tədbirin mövzusunun aktuallığını qeyd edib və cənab Prezidentin məhkəmə-hüquq sistemindəki islahatları ilə bağlı olduğunu, bir tərəfdən dövlət başçısının məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət (ƏM) sahəsində apardığı islahatların dəstəklənməsi məqsədini daşıdığını bildirib. O, müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb.
Qeyd edilib ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdədir, yeni dərc olunmuş “Doing Business - 2020” hesabatında isə ölkəmiz islahatçı 20 ölkə sırasına daxil edilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi – 2019” hesabatında Azərbaycan “qanunvericiliyin effektivliyi”nə görə 13-cü, “hökumətin dəyişikliklərə olan reaksiyası”na görə 5-ci və “hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə” görə isə 10-cu yerləri tutur.
Agentliyin rəhbəri bu cür kardinal dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını bildirib. Belə ki, son “Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. “Rəqabətqabiliyyətlilik İndeksi”ndə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018-ci illərdə – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.
Çıxışına davam edən K.İmanov qeyd edib ki, bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qəbul edilən və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb.
Bildirilib ki, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir, cəsarətlə həyata keçirilən tədbirlərə dəstək olmasındadır, elmi-tədqiqat nəticələrindən kommersiyalaşma potensialı olan texnologiyaların seçilməsi və tətbiqindədir.Bununla da ƏM investisiyalarının cəlb edilməsi və innovasiyaların həyata keçirilməsində fəal aktora çevrilmək, öz-özlüyündə abstrakt vasitədən sosial-iqtisadi uğurların aparıcı amillər sırasında yerini tutmaqdır. Bir sözlə, ƏM və innovasiyalı inkişaf cütlüyünə məxsus olan qarşılıqlı emercent effektivliyinə nail olmaqdır.
Müasir dövrdə Azərbaycanın inkişafı, o cümlədən əqli mülkiyyət sahəsində imkan verir ki, yeni paradiqma, yeni baxış mövqeyindən diqqətimizi zamana uyğun olan əsas məqsədlərdən birinə – hüquqların müdafiəsinin təminatına (enforcement) yönəldək.
Və bunun üçün dövlət başçısının təşəbbüsü ilə aparılan məhkəmə-hüquq sistemindəki islahatların dərinləşdirilməsi hüquqların təminatında yeni üfüqlər açır.
Agentliyin rəhbəri vurğulayıb ki, ÜƏMT məhkəmə-hüquq sahəsində daha fəal olan dünya ölkələrinin ƏM sahəsindəki işlərə dair ən vacib məhkəmə qərarlarına həsr olunmuş yeni nəşrlərin ilk buraxılışını dərc etməyə başlayıb. “ÜƏMT-nın əqli mülkiyyət sahəsində məhkəmə qərarları Toplusu” adlı yeni nəşrlər seriyası təşkilatın Məhkəmə İnstitutu tərəfindən hazırlanır və müəyyən bir ölkə və ya mövzu nümunəsində ƏM-ə dair mübahisələrin həlli yanaşmalarını və tendensiyalarını təsvir etmək məqsədi daşıyır.
K.İmanov qeyd edib: “ÜƏMT-nın Baş direktoru Frensis Qarri yeni nəşrə aid bildirib ki, ƏM-in müasir vəziyyətində “ixtiraçılar və ƏM ekosisteminin digər iştirakçıları həll olunmamış problemlərin nizamlanması üçün məhkəmələrə daha çox müraciət edirlər, bu da məhkəmə sisteminin ölkələrin ƏM normativ-hüquqi bazasının inkişafında və qlobal iqtisadiyyat çərçivəsində getdikcə daha vacib rol oynamağa başladığını göstərir”.
O, hüquqların təminatı məsələsinin Əqli Mülkiyyət Agentliyinin diqqət mərkəzində olduğunu bildirərək Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olduğunu, onların əqli mülkiyyət məsələləri üzrə orta hesabla hər il 1500-dən artıq müraciət və sorğularına baxıldığını, qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərildiyini diqqətə çatdırıb.
Agentliyin nümayəndələri 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayının 1-dək ümumilikdə 35 iş üzrə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 120-dən çox məhkəmə iclaslarında iştirak etmiş, hər bir iş üzrə rəy bildirmişdir. Deməli, Agentliyin hüquqşünaslarının kifayət qədər məhkəmə təcrübəsi vardır.
Bununla yanaşı, struktur islahatları çərçivəsində Agentlikdə kvazi məhkəmə - Apelyasiya Şurası yaradılıb və fəaliyyət göstərir. Bu ana qədər Apelyasiya Şurasına sənaye mülkiyyətinə aid 185 müraciət daxil olmuşdur, onlardan 164 işə münasibətdə artıq qərar qəbul edilmişdir.
Daha sonda K.İmanov bildirib ki, məhkəmə-hüquq sistemində kardinal dəyişikliklər gözlənilir. Azərbaycan Respublikasının Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə aid fərmanının icrasına dair ilk qanunvericilik aktları paketi bu ilin iyul ayında qəbul olunaraq, islahatların institusional komponentlərini əhatə edir və bu dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. İslahatlara əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Bu dəyişikliklər cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənib və qanunun tətbiqi ilə bağlı əlaqədar strukturlara tapşırıqlar verilib. Hal-hazırda yeni korpus hakimlərin mərhələli seçimi gedir. Noyabr ayında isə hazırlanmış ikinci qanunvericilik paketinə baxılıb. Nəzərdə tutulan qanun layihələri “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunlardan başlayaraq, ümumiyyətlə 11 qanunu əhatə edir. Qanunlarda dəyişikliklərin əsas məqsədi – vahid məhkəmə təcrübəsinin yaradılması və ədalət mühakiməsi həyata keçirilərkən, məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiqinin təmin edilməsidir.
Agentliyin rəhbəri xüsusi qeyd edib ki, dövlət başçımızın məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi ilk növbədə ədalət mühakiməsinin keyfiyyətini qaldıracaq. Bu eyni hüquqi yanaşmanın tətbiq edilməsində Ali məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırılmalıdır.
Novellalar çərçivəsində sənədlər paketinə daxil olan digər mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişlənməsidir. Yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrəözəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Bu qanun layihələrinin tətbiqinin də 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Dövlət başçısının təşəbbüsü ilə məhkəmə-hüquq qanunvericiliyində həyata keçirilən novellaların əqli mülkiyyət sistemindəki məhkəmə mübahisələrində həddindən artıq vacib olduğunu vurğulayan K.İmanov qeyd edib: “Biz dövlət başçısının fərmanının icrası ilə bağlı 3 aprel 2019-cu il keçirilən “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda milli konfrans-təlimdə bu məsələlərə toxunaraq hakimlər tərəfindən fərqli yanaşma, xüsusi biliklərə malik olması, ekspertizanın vacibliyi haqqında konkret faktlara əsaslanaraq, bir sıra nümunələr gətirmişdik. Dövlət başçısı tərəfindən təklif olunan dəyişikliklərin mühümlüyünü nəzərə alaraq, əqli mülkiyyət mübahisələri sahəsindəki məsələlərə az sonra ediləcə kiçik məruzədə yenidən qayıdacağıq.”
O, bildirib ki, məhkəmə-hüquq islahatları ilə bağlı qarşımızdakı vəzifələrin icrası yeni yanaşmalar tələb edir, məsuliyyətimizi artırır və mövcud olan imkanlarımızdan daha səmərəli istifadə etməyi tələb edir. Bu ilin oktyabr ayının 15-də cənab Prezident keçirdiyi müşavirədə qeyd etmişdi ki, mövcud olan potensialdan, sahədəki ehtiyatlarımızdan daha səmərəli istifadə etməliyik.
Agentliyin rəhbəri çıxışına davam edərək məhkəmə sahəsində əqli mülkiyyətin qorunması və hüquqların müdafiəsi ilə bağlı bir neçə istifadə olunmayan ehtiyatlar üzərində dayanıb, xüsusi olaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının «Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi» bölməsini və burada təsbit edildiyi kimi, «Qanunvericilik təkmilləşdiriləcək, piratçılıq və kontrafaksiya da daxil olmaqla, əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı səmərəli tədbirlər görüləcəkdir» bəndini xatırladıb, piratçılıq və kontrafaksiyanın bazarın, rəqabətin qatı düşməni olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, bu məqsədlərə xidmət edən Azərbaycanın “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunudur (qısaca “Antipirat” Qanunu). Lakin bu Qanunun məhkəmə təcrübəsində zəif işləməsi nəzərə çarpır.
Giriş sözünün yekununda K.İmanov məhkəmələrdə ƏM sahəsinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasların statistikasından və mövcud olan problemlərdən söz açıb, işlər və adlar üzərində dayanmadan baxılan mülki işlərin təhlilinin bir neçə nəticəyə gəlmək imkanı verdiyini, özü də çatışmazlıqların ilk dəfə səsləndirilmədiyini, lakin təəssüflər olsun ki, problemlərin hələ də qaldığını qeyd edib: “Birincisi, bəllidir ki, ƏMH-nın müdafiəsi daha çox xüsusi hüquq çərçivəsində təşkil olunur, yəni hüquq sahibi tərəfindən, onun iradəsi əsasında irəli sürülür və bu sahədə tam mənada xüsusi hüququn əsas prinsipi – dəymiş zərərin tam ödənilməsi prinsipi işləyir. Lakin ƏM-i yalnız xüsusi hüquqa aid etmək yanlış olardı və buna əsasən xüsusi hüququn tətbiqi məhkəmə və hakimlərin işidir (dövlət bu məsələyə qarışmır), nəticə çıxartmaq da düzgün olmazdı. Əksinə, bir çox hallarda xüsusi hüquq üsullarını əvəz etmədən, lakin onlara əlavə olan kütləvi, publik-hüquq üsulların tətbiqi əhəmiyyətli dərəcədə vacibdir.
Hüquqlar yalnız o zaman «real» tam dəyərli olur ki, əgər onların arxasında dövlətin məcburetmə aparatı durur, özü də belə müdafiənin etibarlılığı, məşhur Rudolf İerinqin sözlərinə əsasən, hüququn ədalət səviyyəsi olduğu qədər yüksək dəyərlidir.
Misal üçün, müvafiq Məcəllələrdə qeyd edilib ki, hüquqpozmalar müəyyən edildikdə Əqli Mülkiyyət Agentliyi tərəfindən protokollaşdırılır və cəza sanksiyalarının tətbiqi üçün məhkəmələrə yönəldilir. Lakin məhkəmələr tərəfindən adekvat cavab görülmür, inzibati hüquq işlərinə adətən xitam verilir.
İkincisi, məlumdur ki, «ex parte» - müvəqqəti tədbirlər, yəni hüquqpozmanın mahiyyətcə baxılmasından öncə, sübutların qorunub saxlanması üçün xüsusən müəllif-hüquq sahəsində vacib əhəmiyyət kəsb edir və piratçılığa qarşı mübarizədə alətlərindən biridir. Lakin bu mexanizm zəif tətbiq olunur və demək olar ki, sıfır səviyyəsindədir.
Üçüncüsü, “antipirat qanununun” tələbi olan – məhkəmə qərarlarının dərc olunması zəif yerinə yetirilir, halbuki bunun əhəmiyyətli dərəcədə maarifçi-informasiya potensialı vardır.
Bununla belə, məhkəmə korpusumuz öz üzərində çalışan hakimlərdən ibarət olduğuna görə ümidvaram ki, qeyd etdiyim tövsiyələr nəzərə alınacaq və biz bu ehtiyatlarımızdan daha səmərəli istifadə edəcəyik.”
Daha sonra K.Imanov əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı sahəsində ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi, məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında geniş məruzə ilə çıxış edib

İki gün davam edəcək seminarda ÜƏMT-nin nümayəndəsi Nahal Zebarcadinin “ÜƏMT-nın fəaliyyəti və ÜƏMT-nın məhkəmələrlə işinin təşkili ilə tanışlıq” və “Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət sahəsinə aid mübahisələr”, Haaqa Məhkəməsinin baş hakimi Edqer Brinkmanın “Əqli Mülkiyyət mübahisələri üzrə ixtisaslaşmış məhkəmə orqanlarının yeni formaları” və “Patent məsələləri (qorunma sahəsi, qüvvədə olma müddəti, əlavə qorunma)”, Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri, Apelyasiya Şurasının sədri Günel Sevdimalıyevanın “Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının və əlaqədar olan məhkəmə qərarlarının icmalı və beynəlxalq təcrübə”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri”, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyevin “Rəqəmsal mühitdə müəlliflik hüququ: Azərbaycanda və Avropa İttifaqında son dəyişikliklər”, Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənlinin “Əmtəə nişanlarının qorunma şərtləri və qeydiyyatının qüvvədə olma müddəti”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Əmtəə nişanı, sənaye nümunəsi və coğrafi göstəricilərin ekspertizası şöbəsinin müdiri Ramin Hacıyevin “Əmtəə nişanlarına hüquqların pozulması və bu hüquqların qorunması” adlı məruzələrinin edilməsi, həmçinin “Azərbaycanda əqli mülkiyyət hüquqlarının məhkəmə-hüquq vasitələri ilə nizamlanmasının imkanları” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
                                                                                     ***

1. ÜƏMT ilə birgə və tanınmış beynəlxalq ekspert-hakimlərin iştirakı ilə keçirilən seminar-dəyirmi masanın əsas məqsədi dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və göstərişləri ilə məhkəmə-hüquq sistemində aparılan islahatlarına dəstək vermək və əqli mülkiyyət sahəsində məhkəmə mübahisələrindəki beynəlxalq təcrübənin, ixtisaslaşmış əqli mülkiyyət məhkəmələrinin təcrübəsindən bəhrələnməkdən ibarətdir.
Müasir dövrdə Azərbaycanın inkişafı, o cümlədən əqli mülkiyyət sistemində ölkəmizin islahatçı dövlətlərin avanqardına daxil olması, beynəlxalq nüfuzunun artması imkan verir ki, yeni paradiqma, yeni baxış mövqeyindən, zamanın çağırışına uyğun olaraq, diqqətimizi hüquqların müdafiəsinin təminatına yönəldək.
2. Həqiqətən, “Doing Business 2020” reytinqinə görə, 20 ölkə sırasına daxil olan, Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə, uzaqgörənliyinə görə 10-cu yeri tutan, dəyişikliklərə, islahatlara reaksiyasına görə 5-ci olan Azərbaycanımız “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yerdə qərarlaşıb. Yəni ölkəmizdəki kardinal dəyişikliklər Azərbaycanın 4-cü sənaye inqilabının fəal iştirakçısı və innovativ inkişaf yolunda olması öz əksini əqli mülkiyyət sahəsində də tapır. Diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, “əqli mülkiyyətin qorunması” göstəricisi ardıcıl olaraq, yaxşılaşır: Rəqabətqabiliyyətlilik İndeksində 92-ci yerdən 2016-2017-ci illərdə - 71-ci, 2017-2018-ci illərdə - 37-ci, sonra 36-cı və nəhayət, 2019-cu ildə 30-cu yerdə qərarlaşmışdır.
Bütün bunlar cənab Prezident İlham Əliyevin islahatlarının dərinləşməsinin qiymətləndirilməsidir, islahatların davamlığına verilən beynəlxalq dəyərin, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların, o cümlədən əqli mülkiyyət sahəsində həyata keçirilməsinin nəticəsidir.
3. Əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən islahatlara xidmət etməlidir. Odur ki, seminarda dövlət başçımızın qarşıya qoyduğu vahid məhkəmə təcrübəsinin yaradılması yollarıdır, məhkəmələrin hüquq normalarının eyni cür tətbiqinin təmin edilməsi nümunələri, hakimlərin ixtisaslaşması və xüsusi biliklərinin artırılması misalları və məhkəmə ekspertizasının aparılmasının maraqlı yenilikləridir.
Bunlarla yanaşı, əqli mülkiyyət üzrə məhkəmələrin dünya praktikasından, Azərbaycandakı məhkəmə təcrübəsindən, Əqli Mülkiyyət Agentliyinin Kvaziməhkəmə-Apellyasiya Şurasının qərarlarından nümunəvi misallar gətiriləcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !