Azərbaycanlı fotoqraflar klublararası dünya çempionatında iştirak ediblər - FOTO=20

Azərbaycanlı fotoqraflar klublararası dünya çempionatında iştirak ediblər FOTO=20

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 14-cü FIAP Klublarının Dünya Çempionatı keçirilib.
FIAP-ın himayədarlığı altında İtaliyada keçirilən klublararası beynəlxalq foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 48 ölkəsindən 207 foto klub tərəfindən 4118 foto təqdim olunub. Qaydalara görə, hər bir klub 20-dək foto təqdim edə bilər. “Gilavar” Azərbaycan Foto Klubu 20 fotoqrafla Azərbaycanı ikinci dəfə bu yarışmada təmsil edib. Ölkəni bu müsabiqədə çəkdikləri ecazkar fotoları ilə İlqar Cəfərov, Roman İsmayılov, Arif Quluzadə, Tofiq Babayev, Rəşad Mehdiyev (AZƏRTAC), Kərim Abbasov (primetime.az), Dilavər Nəcəfov (“İdman” qəzeti), Ramil Zeynalov (oxu.az), Murad Orucov (Sputnik Azərbaycan), Orxan Əzimov (“Mədəniyyət” qəzeti), Rəsul Rəhimov (Anadolu Agentliyi), Şahin Sərdarov (azvision.az), Valeriy Xlızov (Azərbaycan Gimnastika Federasiyası), Vüqar İbadov (Bakı Media Mərkəzi), Nadejda Cavadova, Süleyman Süleymanlı, Nurlan Tahirli (Azərbaycan Fotoqraflar Birliyi), Məmməd Rəhimov (müstəqil fotoqraf), Aziz Kərimov (müstəqil fotoqraf), Rüstəm Məhərrəmov (müstəqil fotoqraf) təmsil ediblər.
Səsvermənin nəticələrinə görə, “Gilavar” Azərbaycan Foto Klubu 318 bal toplayaraq 207 foto klub arasında 94-cü yerdə qərarlaşıb. İlk onluqda isə Tayvan, Böyük Britaniya, İrlandiya, Rusiya, Çin və İtaliyadan olan foto klublar yer alıblar. 2018-ci ildə Azərbaycan foto klubu 188 foto klub arasında 82-ci yerdə qərarlaşmışdı.
“Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq FIAP himayədarlığı altında keçirilən fərdi foto müsabiqələrdə iştirak edir və mükafatlar əldə edirlər. Təkcə 2018-2019-cu illər ərzində klubun fotoqrafları Azərbaycanın adına 70-dən artıq beynəlxalq mükafat qazandırıblar.
Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada YUNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !