YALÇIN ADIGÖZƏLOV-60 - +FOTO=45 (İ. Nəriman - AZpress.AZ)

YALÇIN ADIGÖZƏLOV-60 +FOTO=45 (İ. Nəriman - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan torpağı daim tarixdə iz qoymuş görkəmli şəxsiyyətlər yetirmişdir. İncəsənət tarixinə adını böyük hərflərlə həkk etmiş, musiqimizi respublikanın hüdudlarından kənarda böyük müvəffəqiyyətlə təmsil edən tanınmış dirijor, professor, Xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Vasif oğlu Adıgözəlovdur.

Y.Adıgözəlovun istedadına böyüyüb, boya başa çatdığı mühitin böyük təsiri olmuşdur. O, 1959-cu ildə Bakı şəhərində doğulmuş, ziyalı bir ailədə böyümüşdür. Onun babası tanınmış xanəndə Zülfü Adıgözəlov, atası Azərbaycan Respublikasının Xalq artisti, professor, görkəmli bəstəkar Vasif Adıgözəlovdur. Elə musiqinin incəliklərini də atasından öyrənmiş, onun layiqli davamçısıdır.

İstedadlı musiqiçi orta təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində başa vurduqdan sonra, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevdən dərs alır. Sonra təhsilini davam etdirmək üçün Leninqrad şəhərinə gedir və N.M. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə qəbul olaraq, maestro İ.A.Musindən opera simfonik dirijorluğu ixtisası üzrə dərs alır. Bir müddət də Vyana musiqi akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçmişdir.

Konservatoriyanı uğurla bitirdikdən sonra dirijor Vətənə qayıdır və 1991-ci ildən 1998-ci ilə qədər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, 1998-2000-ci illərdə Rusiya Televiziya – Dövlət Simfonik Radio orkestrinin dirijoru olmuşdur. 2000-ci ildən də İstanbul Dövlət Opera və Balet Teatrının dirijorudur. O, rəhbərlik etdiyi kollektivlə həm vətəndə, həm də müxtəlif xarici ölkələrdə böyük uğurlara imza atmışdır.

Qeyd edək ki, dirijor müxtəlif xarici ölkələrdə qastrol səfərlərində olaraq, ABŞ, Braziliya, Meksika, Cənubi Afrika, İspaniya, İngiltərə, İtaliya, Avstriya, Ruminiya, Belçika, Lüksemburq, Macarıstan, Türkiyə, Çin, Sankt-Peterburq Filarmoniyasının orkestri, Rusiya Milli Orkestri, P.İ.Çaykovski adına Böyük Simfonik orkestri və bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq etmiş, M.Rostropoviç, N.Petrovdir, S.Stadler, İ.Moniqetti kimi tanınmış musiqiçilərlə çıxış etmişdir.

Dirijor 1993-cü ildə Moskva konservatoriyasında Niyazinin 80 illiyinə həsr olunmuş tədbirdə Rusiya Milli Simfonik orkestrinə rəhbərlik edərək, maestro Niyazinin “Rast” simfonik muğamı, Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “İldırımlı yollarla” baletindən “İkinci süita”, F.Əmirovun “Azərbaycan kapriççiosu” çox təntənəli şəkildə tamaşaçılara təqdim edildi. Burada onun görkəmli dirijorumuz Niyazidən bəhrələndiyini, onun üslubuna istinad etdiyini görmək mümkündür.

Y.Adıgözəlov dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli ilə dahi Norveç bəstəkarı E.Qriqin “Fortepiano və orkestr üçün konsert”ini çox uğurla ifa etmişdirlər.

Dirijor Y.Adıgözəlov Brüsseldə 2000-ci ildə görkəmli bəstəkar F.Əmirova həsr olunmuş müəllif konsertində Brüssel Kral Konservatoriyasının simfonik orkestrinə dirijorluq etmişdir, həmin ildə də Moskva Konservatoriyasında Radio və Televiziyanın Böyük Simfonik orkestrinin ifasında Çaykovskinin “Françeska da Rimini”, Prokofyevin fortepiano və orkestr üçün 2 saylı konsertinə, Raxmaninovun 2 saylı konsertinə məharətlə dirijorluq etmişdir.

2002-ci ildə dirijor Y.Adıgözəlov İstanbul Opera və Balet Teatrında K.Sen-Sansın “Samson və Dalila”, Çaykovskinin “Yevgeni Onegin”, Moskvada J.Bizenin “Karmen” operasını ifa etməklə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Onun İstanbulda Borodinin “Knyaz İqor” operasını ilk dəfə rus dilində səsləndirməsi təqdirə layiq hal idi. Burada o, həmçinin Puççininin “Madam Batarflay” operasını böyük professionallıqla tamaşaçılara təqdim etmişdir. Y.Adıgözəlovun rəhbərliyilə Ankaranın Prezident Simfonik orkestrinin ifasında bəstəkar Vasif Adıgözəlovun “Violonçel üçün konsert”i, fortepiano və simfonik orkestrin müşayiətilə ilə 4 saylı konserti müvəffəqiyyətlə səsləndirilmişdir.

Dirijor bir çox Orta Asiya şəhərlərində uğurla çıxış edərək, bir müddət “Qaya” kamera orkestrinin bədii rəhbəri olmuşdur.

Qeyd edək ki, Y.Adıgözəlov Azərbaycan bəstəkarlarının əsərlərini də böyük ustalıqla əcnəbi dinləyicilərə sevdirməyə müvəffəq olmuşdur. Belə ki, o, Niyazinin, Q.Qarayevin, F.Əmirovun, V.Adıgözəlovun, M.Mirzəyevin, M.Quliyevin və bir çox görkəmli bəstəkarlarımızın əsərlərini professionallıqla səsləndirərək, tamaşaçıların qəlblərini fəth etmişdir.

Y.Adıgözəlovun rəhbərliyi ilə 2003-cü ildə Azərbaycan Opera və Balet Teatrında V.Adıgözəlovun “Natəvan” operasının uğurlu premyerası baş tutdu.

Professor Y.Adıgözəlov böyük səhnələri fəth etməklə yanaşı, həm də bütün tələbələrinin sevgisini qazanmış bir pedaqoqdur. O, 1997-ci ildən pedaqoji fəaliyyətə başlamış, Bakı Musiqi Akademiyasında dirijorluq sinfində neçə-neçə istedadlı tələbələr yetişdirməkdədir. Onun tələbələri sırasında müəllimlərinin yolunu uğurla davam etdirən Fəxrəddin Atayev, Sevil Hacıyeva, Əyyub Quliyev və başqaları musiqi mədəniyyətimizin layiqli təmsilçiləridirlər.

Musiqi mədəniyyətimizdəki xidmətlərinə görə Y.Adıgözəlov müxtəlik mükafatlarla təltif olunmuşdur. O, 1993-cü ildə “İlin ən yaxşı dirijoru (Humay)” mükafatını almış, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Dirijorun 2019-cu ildə 60 illik yubileyi müxtəlif tədbirlərlə yadda qaldı. Professorun yubileyi ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli konsertlər keçirildi.

Dirijor Yalçın Adıgözəlova daima səhnəmizdə usanmadan fəaliyyət göstərməsini, bol yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat Xidmətinin əməkdaşı, musiqişünas Ofelya İSGƏNDƏROVA

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !