Ağcabədidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb - +FOTO=22 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədidə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb +FOTO=22 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Ağcabədi rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmiləri, gənclər iştirak ediblər.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, açılış tədbirində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.

Bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.

Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxış edənlər Prezident İlham Əliyevin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyini vurğulayıb, gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər.

Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı və Şəmkir rayonlarında Gənclərin İnkişaf və Karyera mərkəzləri fəaliyyətə başlayıb. Bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

Sonra tədbir iştirakçıları üçün Ağcabədi rayonlarındakı Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !