İSTƏK İŞIĞI - - Əbülfət MƏDƏTOĞLU ona səninlə birgə qovuşacağını deyir...

İSTƏK İŞIĞI - Əbülfət MƏDƏTOĞLU ona səninlə birgə qovuşacağını deyir...

 Ona səninlə birgə qovuşacağam

Özümü toparlayıb yazını diqtə etməyə hazırlaşdığım ana qədər içimdə çox götür-qoy etdim. Bu da səbəbsiz deyil. Dediyim səbəb də elə-belə, yəni ötəri, unudulası məqamları yox, həyatımızın önəmli tərəfini bir xalq, bir məmləkət olaraq varlığımızı ifadə edə biləcək əsas atributlardan biri ilə bağlı idi. Təbii ki, bu yazı sabah (yəni bu gün – Ə.M.) oxucuların masası üzərində olacaq. Və deməli, sabah da (yəni bu gün – Ə.M.) tariximizin önəmli məqamlarından biridir. Artıq hər kəs, istər orta məktəb şagirdi, istər bütün əhali birmənalı şəkildə baxıb qürur duyduğu üçrəngli bayrağımızın Günüdür. Və biz bu Bayraq Günündə təkcə onun dalğalanmasını, rənglərini, mahiyyətini, məzmununu deyil, həm də onun uğrunda şəhid olanları, onu öpüb, ona bürünüb ölümün üstünə gedənləri xatırlayırıq. Paralel olaraq içimizdə qürurla yanaşı, həzin bir kövrəklik də özünü büruzə verir. Təbii ki, bu sevincin, qazandığımız müstəqilliyin yaratdığı, yaşatdığı ovqatdı!..

Bəli, bax, bu səbəbdən mən yazının ilk hissəsini bir zamanlar yazıb çap etdirdiyim şeirlə oxucuya çatdırmaq istəyirəm. O şeirdə yazmışdım ki:


Hayf deyilmi

adamın

dəli damarı ola

və sürünə-sürünə

çıxıb gedə

Şuşaya, Cıdır düzünə!..

Orada dirsəklənb

baxa

üçrəngli bayrağın altından

göy üzünə!..


Bəli, elə indi də həmin fikrimdə qalıram və ağıllılarımızın quyudan çıxarmağa çalışdığı bir daşın aqibətini gözləmədən sürünə-sürünə həmin üçrəngli bayraqla Şuşaya getməyi dəliliyin ən gözəl nümunəsi kimi qəbul edirəm. Kaş bu dəliliyi edə biləydim...


***
İllərin arxasında qalan ömür payının anlarını vərəqlərə köçürmüşəm, yaddaş vərəqlərinə. İndi həmin o yaddaş kitabını açıb o vərəqləri bir-bir çevirirəm. Zarafat deyil, 60 ildən çoxdur ki, yazılıb, cilidlənib bu kitab. Sovet dövrünü yaşayanların xatirində olar. O zamanlar idarə və müəssisələrin "qaytanlı kitabı” var idi. Bütün əmrlər, göstərişlər o kitaba yazılardı və heç kim də o kitabda heç nəyi dəyişə bilməzdi. Bax, ömür kitabının yazılarını da, səhifələrini də dəyişmək artıq nə mənim gücümdə deyil, nə də ən qoluzorlu pəhlivanların. Ona görə də o yazıları birmənalı şəkildə, hətta qəlbimə, ruhuma toxunan çalarları ilə birlikdə qəbul edir, oxuyur və düşünürəm... Bu ömürdə nədən necə, kimdən nə cür yararlandı? Maraqlı sualdı, elə deyilmi? Siz özünüz də bu barədə düşünün. Onda mənim söylədiklərimlə müəyyən mənada razılaşacaqsınız...

Təbii ki, burda söhbət maddiyyatdan, maldan, mülkdən getmir. Əksinə, o lap arxa plana keçir, hətta unudulur. Çünki mənəvi zənginləşmə, iç dünyanın varlanması həmin o maddiyatı az qala sabun köpüyünə çevirir. İnsan bir gilə üzmlə də, hətta sındıranda çürük çıxan bir qozla da sevinə bilir. Axı onun arxasında diqqət dayanır, xatırlanma durur. Ona görə də atalar deyib ki, "adımı an bir qozla, qoy o da çürük çıxsın”. Görün diqqət nə qədər vacib şərtdi, nə qədər önəmlidir. Hətta qoz çürük olsa belə, anıldığın üçün sənə xoşdur. Bax, bu yerdə mən də hər gün, hər an anıb, hər anımın dualarını ünvanladığım Allahıma və sənə sevgimi, inamımı yazmaqdan, dilə gətirməkdən yorulmuram. Baxmayaraq ki, bunun qarşılığının olub-olmayacağını az-çox duyuram. Lakin duysam da yorulmuram, usanmıram. Onsuz da seçim bir dəfə edilir və mən də o şansı artıq istifadə etmişəm. Ona görə də birmənalı şəkildə yazmışam ki:

 


Qoy əlini ürəyimin üstünə

Son pıçıltı qoy əlinə deyilsin...

Şaxta gəlib – üşüyəcək əllərin –

Pıçıltını qoy əllərin geyinsin!..

 


Mən bilirəm yaddaşı var, yadında –

Son pıçıltı qalacaqdı əlinin...

Sevinəcək sənin kimi qadında –

Tam üstünə olacaqdı əlinin...

 


Toparlayıb son gücümlə əlini

Ürəyimin tam üstündə saxlayım...

Əyil, öpüm üzündəki telini –

Ürəyimin gözlərini bağlayım...

 


Hələ o vaxt – duyulanda hıçqırtım

Mən etmişəm bu sevginin zikirin...

Nimdaşlaşıb süzüləndə pıçıltın –

Çəkəcəyəm əllərinin fikirin...


***
Bəli, əslində bu şeir parçası həmin o yaddaşın, o yaşamın bir anıdı sözə çevrilir. Və mən də sözə çevrilən həmin o anın içərisində təkcə yaşamamışam, həm də yanmışam. Bu yanğı da bütün vücudumu bürüyüb. Çünki haqdan gələn yanğıdı. Haqdan gələni nə söndürmək, nə də durdurmaq mümkün deyil. O, sönməz bir oddu, var olduqca yanacaq. Burda obrazlı da deyim ki, yandıqca da yaşadacaqdı bir cınqı ümidlə, kül altdakı qorla!.. Və beləcə, uzanacaq həyatın dolanbacları da, ağrı-acıları da, sevinci, fərəhi, şadlığı, şadyanalığı da. Başımız o qədər qarışacaq ki, günün hardan düşüb harda batdığı unudulacaq, yadımızdan çıxacaq. Bir də onda görəcəyik ki, elə bir yerə, elə bir nöqtəyə gəlib çatmışıq ki, burdan dönüş yoxdur...

Hə, mən bu fikirləri sözə, cümləyə çevirə-çevirə düşünürəm ki, nə yaxşı geriyə dönüş mümkünsüzdü. Yoxsa, Yer üzünün mövcud insanlarının ən azından 70 faizi geriyə dönüş hüququndan yararlansa, dünyada hansı tufanlar qopar?- bunu təsəvvür etmək mümkündürmü? Mən edə bilmirəm. Ona görə də heç o düşüncəni özümə yaxın da buraxmıram. Çünki geriyə qayıdıb yenidən bu yaşa qədər olan yolu gəlmək yaxşı heç nə vəd etmir. Axı kosmetik dəyişikliklər qısa ömürlü olur. Ona görə də mən daha çox bir məqamı önəmli sayıram. O da SEVGİdir. Həm çevrənə, həm dünyana, həm də bütövlükdə Allahın qəlbində göyərtdiyinə. Bax, bundan zəruri və həm də doğma heç nə qəbul etmirəm. Ona görə də hətta bir anlıq ayrılıq da mənə bir il, bir əsr qədər gəlir. Mən də onu ürək göynərtisiylə misralayırm, şeirləşdirirəm:

 


Gözümü yola sərdim

Yolun bağrını dəldim...

Bir az özümə gəldim –

Bir az ruhum dirildi...

 


Göynəyir üşüyən can

Donur dodağımda qan...

Səni görmədiyim an –

Elə bil ki, bir ildi...

 


Demə qəliz yazıdı

Demə "əlif” hansıdı?

Sevgi əlifbasıdı –

Nə latın, nə kirildi!

 


Ürəyimi az qanat

Etmə gülüm, ta inad...

Sən fərqli bir kainat –

Əbülfət də sirrindi...


***
Adətən yazdığım şeirləri, ifadə etdiyim fikirləri sərbəst, rahat mühitdə daha çox araya-ərsəyə gətirə bilirəm. Amma neyləyim ki, çox vaxt bu mümkün olmur. Bax, elə bu yazının özünü də diqtə edərkən yaşananlar, yaşadıqlarım, eləcə də müşahidələr və müşahidələrim bir-birilə baş-başa gəldi. Ona görə də hiss etdim ki, fikirlərim bir az pərən düşdü, adda-budda oldu. Bunun önəmini dərk etsəm də, amma içimdə bir rahatlıq var. Bilirəm ki, həmin o pərən düşmüş fikirlər bir-birilə dil tapa biləcək, yola gedəcək. Ən pis halda mən nə vaxtsa onları yenidən bir araya gətirə biləcəm. Çünki onlar mənim iç dünyamdan, mənim ruhumdan qopan zərrələrdir. O dünyanın, o için, o ruhun nə qədər önəmli olduğunu mənə qədər sən də bilirsən. Və deməli, Sən də bilidiyin üçün mən meydanda tək qalmayacam. Sən buna imkan verməyəcəksən, ruhlandıracaqsan... Közərən ümidlərimi nəfəsinlə alovlandıracaqsan... Bütün bunlardan sonra həmin o fikirləri toplamaq, onu ifadə etmək mənə nəsib olacaqdı.

Hə, bir də bütün bunlarla yanaşı bir məqamı da vurğulamalıyam. Bu da həmin pərən düşən fikirlərin ünvanıdı. Yəni onların hara, kimə yönəldilməsidir. Bunu isə mən də, sən də bilirik. Ona görə də o fikirlərin diriləcəyinə, toparlanacağına heç bir şübhə yeri qalmır içimdə. Sadəcə, möhlət, zaman məsələsi var. Hamı kimi mən də zamana tabe oluram. Axı zamana hamımızın ehtiyacı var!

Bəli, indi bu yazını yaratdığı ovqatın içərisində əl-qol ata-ata ağlımdan gəlib keçən bir anı ipucuna çevirirəm. Həmin o ipucundan tutub qaranlıqdan işığa, quyu dibindən aşkarlığa çıxmağa çalışıram. İstəyirəm ki, iç dünyamın, duyğularımın ifadəsi olan bir məqamı, yəni o ipucu olan anı sən də görəsən, sən də ona sayqıyla yanaşasan. Əgər bacarsan, uyğun bilsən. Çünki:


Sən elə bilmə ki

asandı

hamıdan uzaqlaşıb

dörd divarla

və özünlə

heç kimin eşitmədiyi

söhbəti etmək...

sən elə bilmə ki

asandı

təkliklə qucaqlaşıb

içindəki qübarla

və özünlə

heç kimin işlətmədiyi

sözün

dalınca getmək

sən elə bilmə ki

dörd divar da,

qübar da,

təklik də,

söz də,

söhbət də -

sözə baxandı...

Yox- sözümü kəsmə

belə düşünməyə tələsmə

sən elə bil ki

sənin bildikərin

mənim dərdimin

əlindəki yaxamdı

çəkib arxasınca aparır

məni...


Həqiqətən hər şeyi olduğu kimi bilmək, hər şeyi olduğu kimi qəbul etmək və yaxamdan tutub arxasınca aparanın səndən nə qədər güclü olduğunu dərk etmək çox çətin bir işdi. Bunu hər adam bacarmır. Şükürlər olsun ki, sən bunu bacarırsan, sən bunun fərqinə vara bilirsən. Ona görə də mən səninlə bu müstəvidə, bu məqamda həmfikir oluram və bölüşürəm fikrimi, duyğularımı, içimi. Axı, sən həm də hər şeyi etiraf etdiyim ünvansan. O ünvan bilmirəm necə adlanır, amma az-çox təxmin edirəm. Bu mənə görə müqəddəslik anlayışı kimi bir şeydi və nə yaxşı ki, belədi!..

Və nəhayət, bu yazı boyu çatdırmaq istədiyim məqamların sırasına baxıram. Ən böyük istək sürünə-sürünə Cıdır düzünə getmək, üçrəngli bayrağın altından göy üzünə baxmaq... Ən böyük sevgi Sənə ibadət, Sənə qovuşmaq!.. Və bir də təbii ki, özümü həmin o istəklərə layiq edə bilmək. Düşünürəm ki, bunu elə sənin köməkliyinlə bacara biləcəm. Axı söhbət Şuşadan və Səndən gedir. Gəl, bunu untmayaq!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !