Aqil ABBAS: PRİMAKOV, ƏKBƏR BAYRAMOV VƏ ESSE YAZANLAR -

Aqil ABBAS: PRİMAKOV, ƏKBƏR BAYRAMOV VƏ ESSE YAZANLAR

Universitetdə oxuyanda biz tələbələrin sevimli bir müəllimi vardı – Əkbər Bayramov. Azərbaycanda psixologiya elminin əsasını qoyanlardan biri idi. Dərslikləri də Əkbər müəllim yazmışdı.

Çox maraqlı mühazirələri olurdu, eyni zamanda bir psixoloq kimi hərdən tələbələrin üzərində eksperiment də keçirirdi.

Bir dəfə Lomonosov universitetinin bir professorunun keçirdiyi eksperimentdən danışdı.

Deməli, əlində şəkillər (eyni adamın şəkilləri) girir auditoriyaya, şəkilləri paylayır tələbələrə və deyir ki, bu adam qatı cinayətkardı, çox qəddar adamdı, qatildi və sair və ilaxır, indi bu şəkilə baxın, öz təəssüratınızı yazın.

25 tələbədən 22-si yazır ki, elə bu adamın sir-sifətindən qəddarlıq yağır, bir baxın, gözləri qatil gözləridi və sair və ilaxır.

Yalnız 3 tələbə yazır ki, bu adam alim də ola bilərdi, qəhrəman da ola bilərdi, mülayim baxışları var, gözəl ata da ola bilərdi. Görünür, taleyində hansısa bir qırıqlıq yaşayıb və nəticədə cinayətkar olub.

Professor sonra başqa bir auditoriyada yenə həmin adamın şəkillərini tələbələrə paylayır və deyir ki, bu adam görkəmli alimdi, bir çox kəşflərə imza atıb, çox xeyirxahdı və sair və ilaxır. İndi şəkilə baxıb təəssüratlarınızı yazın.

Bu auditoriyada da tələbələrin 21-i professorun verdiyi təqdimatla baxırlar şəkilə və yazırlar ki, həqiqətən üzündən nur tökülür, çox mehriban baxışları var, əsl alimə oxşayır.

Bu auditoiriyada yalnız 4 tələbə yazır ki, bu adam quldur da ola bilərdi, cani də ola bilərdi, qatil də ola bilərdi. Görünür, yaxşı müəllimlərin əlinə düşüb alim olub.

Sonra professor hər iki qrupu bir auditoriyaya yığır, fərqli düşünən həmin 7 gənci çıxarır önə, deyir ki, bu qədər tələbənin içində yalnız bunlar müstəqil düşüncəyə malikdirlər, öz dünyagörüşləri var, məsələyə öz yanaşmaları var və gələcəkdə də bunlar hamıdan fərqlənəcəklər.

İndi Bakı Slavyan Universitetində tələbələrə Yevgeni Primakovla bağlı esse yazdırıblar, sonra da mükafatlandırma mərasimi-filan olub. Bilmirəm, neçə tələbə bu işə cəlb edilib.

Məni başqa bir şey maraqlandırır. Görəsən, həmin tələbələrin içində heç olmasa, çox demirəm, iki-üç nəfər fərqli düşünən olubmu? Primakovun əsl xarakterini və kimliyini açan olubmu?

Primakov barədə esse yazdırmaq o qədər də böyük faciə deyil. Ən böyük faciə esse yazan tələbələrin içində Primakova fərqli yanaşan, yuxarıdan verilən «ustanovkadan» kənara çıxan tələbələrin və ya tələbənin olmamasıdı.

Sabah bu tələbələr bizim balalarımıza dərs deyəcək. Bax, faciə budur.

Və bir də görən o esse yazan tələbələrin içində 20 Yanvar şəhidlərinin yaxınları, əqrəbaları və yaxud övladları və ya nəvələri olan varmı?!

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !