Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün - –Vilayət Quliyev yazır.

Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün –Vilayət Quliyev yazır.

Ermənilərin yanından keçib Şuşaya gəldiyimiz gün–Vilayət Quliyev yazır.

1AZ.AZ Vilayət Quliyevin Qarabağın işğalı ilə bağlı yazısını təqdim edir.

Şuşaya və Ağdama son ziyarətimdən 30 il keçir.

1989-cu il oktyabrın son günləri idi. Elmi işlər üzrə direktor müavini olduğum Ədəbiyyat İnstitutunun rəhbəri Yaşar Qarayevlə birlikdə indi Ağdamın düşmən işğalı altında qalan Novruzlu kəndində açmağa hazırlaşdığımız Qarabağ Folklor Evində işlərin vəziyyəti ilə maraqlanmağa getmişdik.

Oradan Şuşaya qalxmağı qərara aldıq. Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov gələcəyimizi bilirdi. Ona görə də təhlükəsizlik tədbirləri görülmüşdü – rus əsgərlərindən ibarət mühafizəçilər ayrılmışdı. Onların müşayiəti ilə yolüstü kəndlərdə bizə kinli-kinli baxan ermənilərin yanından keçib Şuşaya gəldik.

Hələ 1992-ci ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə buraxılmış bir şəhər təsiri bağışladı. Tapıb danışa bildiyimiz bir neçə yerli ziyalı “yiyəsizlikdən” şikayətləndi. Vaqif Cəfərovla görüşdük. Kabinetində hələ də Qorbaçovun şəkli asılmışdı. Həyəcanımızı görüb bizə ürək-dirək verdi. Amma hiss etdim ki, sözlərində pəhləvan gövdəsinə yaraşmayan bir inamsızlıq var. Əslində onun özünü də tək qoymuşdular.

Elə bil ürəyimə dammışdı – Şuşa ilə vidalaşırdım. O zaman İnstitutumuzun dissertantı olan adını unutduğum bir şuşalı gəncin bələdçiliyi ilə iki saatın içərisində şəhərin bütün tarixi yerlərini gəzib dolaşdıq. Hətta Xan qızı Natəvanın bağçasında çay içməyə də macal tapdıq.

Qaranlıq düşməmiş yenə də rus əsgərlərinin müşayiəti ilə Ağdama qayıtdıq. Səfərə Yaşar müəllimin dissertantı Zabil Əhmədovun maşını ilə çıxdığımızdan dəvətini qəbul edib gecəni onlarda keçirdik. Zabilin atası, sonralar MM-də deputat həmkarım olan Yaqub Əhmədov xalq arasında deyildiyi kimi, Ağdamın ispolkomu idi. Ya da əvvəllər bu vəzifədə işləmişdi. Sən demə böyük biblioman imiş. Zəngin kitabxanasında nələr yox idi! Bu kitabxanaya hətta moskvalı bir professor da həsəd apara bilərdi. Diqqətimi xüsusən nadir nəşrlər cəlb etdi. Daniil Qraninin o zaman çox böyük səs salmış “Zubr”, Vasili Qrossmanın “Жизнь и судьба” kitablarını, “Moskva”, “Novıy mir”, “Yunost” jurnallarının komplektlərini ilk dəfə bu sadə rayon ziyalısının kitabxanasında gördüm.

Yaqub müəllim kitablardan gözümü çəkmədiyimi görəndə səmimiyyətlə “Qardaş, götür apar, oxuyandan sonra Zabillə geri göndərərsən”- dedi. Gözəl axşam yeməyindən sonra gecə yarısına qədər onun kitabxanasında oturub tarixdən, mədəniyyətdən, Qarabağın taleyindən, Ağdamın düşmən qarşısında alınmaz bir qala olmasından danışdıq…

1993-cü ilin iyulunda o zaman çalışdığım Ərzurumda Ağdamın işğal xəbərini eşidəndə ilk yadıma düşən Yaqub müəllimin on illər boyu xüsusi zövqlə toplanmış zəngin kitabxanası oldu…

Bir də o yerləri görə biləcəyəmmi? Bilmirəm. Ömrüm çoxu arxada qalıb. Amma bir millət olaraq mütləq və mütləq, nəyin bahasına olursa olsun, on minlərlə qurban versək də, o torpaqlara qayıtmalıyıq. Vətənin hər qarışına sahiblik hüququmuzu bərpa etməliyik!

P.S. Qoy gənclər bunu edə bilmədiyimizə görə bizi çox qınamasınlar. Dünya tarixində on illər, hətta yüz illər sürən işğallar olub. Əsas məsələ yaddaş hissini itirməmək və intiqam anına hazır olmaqdır!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !