İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 ŞAHMAT

Azərbaycan AÇ-də Çexiya və Rumıniyanı udub.

Gürcüstanın Batumi şəhərində 40 kişi və 32 qadın komandasının içtirakı ilə keçirilən şahmat üzrə Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan bu yarışda 4-cü tura da yekun vurulub. Hesabat turu Azərbaycanın həm kişi, həm də qadın yığması üçün uğurlu olub. Belə ki, Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət heyətlə tura çıxan kişi yığmamız Çexiyanı 2,5:1,5, heyətində Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarovanın yer aldığı qadın komandamız isə Rumıniyanı eyni hesabla məğlub edib. Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran kişilərimiz yarış cədvəlində 8-ci pillədən 5-ci yerə, eyni xala malik olan zəriflərimiz isə 11-ci yerdən 7-ci pilləyə qalxıb.

4 turdan sonra kişilərin yarış cədvəlinə hərəya 7 xal toplayan, Ukrayna, Rusiya, İngiltərə və Ermənistan şərikli liderlik edir. Qadınların yarışında isə Rusiya (8 xal) vahid liderdir.

Bu gün çempionatda 5-ci turun partiyaları keçirilir. Kişi yığmamız Xorvatiya, qadın millimizsə İtaliya ilə qarşılaşır.

 

 

OLİMPİZM

Azərbaycan Hərbi Oyunlarda 38-ci olub.

Çinin Uxan şəhərində keçirilən Hərbiçilərin 7-ci Ümumdünya Yay Oyunları başa çatıb. Xəbər verdiyimiz kimi, 100-dən çox ölkə təmsilçisinin qatıldıği və idmanın 27 növündə mübarizə apardığı bu Oyunlarda Azərbaycan 4 növdə (güləş, cüdo, boks və kamandan ox atma) 24 idmançı ilə iştirak edib. İdmançılarımız Oyunlarda 2-si gümüş və 4-ü bürünc əyarlı olmaqla cəmi 6 medal qazanıb ki, bu da ölkəmizə medal qazanan ölkələr arasında yalnız 38-ci olmaq imkanı verib.

Medallara gəlincə, “gümüşləri” yunan-Romaçılar – Həsən Əliyevlə (77 kq) Rafiq Hüseynov (87 kq), “bürüncləri” isə cüdoçularımız – Hidayət Heydərov (81 kq), Məmmədli Mehdiyev (90 kq), yunan-Romaçı Mikayıl Rəhmanov (67 kq) və boksçu Salman Əlizadə (49 kq) qazanıb.

Komanda hesabında Çin (133-64-42) birinci, Rusiya (51-53-57) ikinci, Braziliya (21-31-36) isə üçüncü yeri tutub.

 

BOKS

Azərbaycan yığmasında yeni baş məşqçi.

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib. Milli komanda kubalı mütəxəssis Umberto Orta Dominqezə həvalə edilib. Azəarbaycan Boks Federasiyasından aldığımız məlumata görə 53 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

Onun haqqında qısa məlumat: Umberto Orta Dominqez 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib.

O, 1984-1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. U. Ortanın ardınca yığma karyerası başlayıb. Kubanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992-2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, Olimpiadalarda 9 qızıl medal qazanıb.

London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında U. Ortanın rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib.

Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !