Hüquqların kollektiv idarə edilməsi müasir mərhələdə - (+FOTO=6)

Hüquqların kollektiv idarə edilməsi müasir mərhələdə (+FOTO=6)

 (Məruzə)

 Hörmətli konfrans iştirakçıları!

Son zamanlar hüquqların kollektiv idarə edilməsi mövzusu aktuallaşmanı aşaraq, həddindən artıq “qızışdırılıb”. Bir tərəfdən dövlət orqanları tərəfindən atılan radikal təşəbbüs və tədbirlər, səs-küylü münaqişələr, digər tərəfdən kollektiv idarəetmə təşkilatlarının prioritet və “ilkinliyini” qəti şəkildə müdafiə etməsi və s. diskussiyaların şişirdilməsinə gətirib çıxararaq, bu sahənin sistemli böhran vəziyyətə düşməsi haqqında fikir yaradır. Böhran vəziyyətinin yaranması ilə müəyyən mənada razılaşmaq mümkündür. Lakin böhranın əmələ gəlməsi ilə bağlı qloballaşma və texnoloji sıçrayışa aid yeni reallıqları nəzərə almaqla, səbəblərini bugünkü dəlil və emosiyalar çərçivəsində deyil, kollektiv idarəetmənin ilkin yaranma köklərində axtarmaq daha məqsədə müvafiqdir.

1777-ci ildən, Bomarşe tərəfindən dram əsərlərin qorunmasından başlayaraq, sonrakı mərhələdə –1838-ci ildə ədəbi və digər əsərlərin idarə edilməsinə aid Balzak, Düma, Hüqo və s. müəlliflərin yaratdığı cəmiyyətlər və 1847-ci ildə Fransada SACEM, musiqi əsərlərinin kollektiv idarəetmə təşkilatının formalaşmasına qədər bu sahə müstəsna olaraq, hüquq sahiblərinin, konkret olaraq, müəlliflərin maraqlarını güdürdü və mənafeyini qoruyurdu, onlar üçün müəllif qonorarının yığımını həyata keçirirdi.

Zaman keçdikcə, əsərlərin istifadə üsulları artdıqca və yayım kanalları inkişaf etdirildikcə kollektiv idarəetmənin məqsədinin hüquq sahibləri – müəlliflərin və istifadəçilərin mənafeyinə xidmət etməsinin olduğu bəyan edilmişdi və de-fakto bu strukturlar təşkilati və texniki cəhətdən evolyusiya etmələrinə baxmayaraq, konseptual cəhətdən dəyişmədən bu günə qədər qalır.

Odur ki, kollektiv idarəetmədən söz açıldıqda müəlliflərin (hüquq sahiblərinin) əsərlərindən istifadə etməyə nəzarətin, istifadəçilərin isə istifadəyə icazə (lisenziya) almağın mümkünsüzlüyü və ya mürəkkəbliyi əsas götürülür. Bununla da kollektiv idarəetmə sisteminin mahiyyəti və məntiqi hüquq sahiblərinin və istifadəçilərin maraqlarının ortaq məxrəcə gətirilməsi prinsipini irəli sürür.

Bu, həqiqətən, belədir və kollektiv idarəetmə təşkilatlarının müəllif hüquqlarının qorunmasına verdiyi vacib töhfədir. Lakin qarşımızda “hüquqların hansı idarəetmə sistemi – individual, fərdi, yoxsa kollektiv idarəetmə sistemi daha əlverişlidir?” sualı dayandıqda, cavab birmənalıdır – mümkün olduğu halda fərdi idarəetmə daha əlverişlidir, daha üstündür, çünki müəllifin (hüquq sahiblərinin) iradəsinə və qərar verməsinə əsaslanır.

Maraqlısı odur ki, müasir dünyada texnologiyalar – rəqəmli şəbəkələr, müxtəlif rəqəmli platformalar və qurğular istifadəçilərin həyat tərzini dəyişdirib, tarazlığı pozmaqla onlara üstünlüklər, yeni alətlər təqdim edib.Lakin bununla yanaşı, hüquq sahiblərinə də fərdi qaydada öz hüquqlarının individual idarə edilməsinə şərait yaradıb, o cümlədən blokçeyn yanaşması və texnologiyaların əsasında.

 

Hörmətli yığıncaq iştirakçıları!

Bəllidir ki, müəlliflərin (hüquq sahiblərinin) müstəsna hüquqları məhdudlaşdırıla bilər və bu növ məhdudiyyətlər sırasına:

- əsərlərdən sərbəst istifadə halları (“free use”),
- qeyri-könüllü (“non voluntary”) lisenziyalar (o cümlədən məcburi lisenziyalar (“compulsory license”) və qanuni lisenziyalar (“statutory license”)) daxildir.

Hüquqların kollektiv idarəedilməsi də (kollektiv lisenziyalaşma) müstəsna hüquqların məhdudlaşması deməkdir, lakin məhdudiyyətin ən yumşaq forması kimi çıxış edərək, qeyri-könüllü lisenziyaların alternativi kimi təsbit edilir. Kollektiv idarəetmənin hüquqi əsaslarını Bern Konvensiyasının 11 bis (2) və 13 (1) maddələri təşkil edir və kollektiv idarəetmənin tətbiqi isə milli qanunvericilikdə “xüsusi şərtlər” vasitəsilə tənzimlənərək, mütləq şəkildə hüquq sahiblərinə mükafatın çatdırılmasına bağlanır.

Azərbaycanda hüquqların kollektiv idarə edilməsi qanuni və normativ-hüquqi aktlara əsaslanır, könüllü xarakter daşıyır və kollektiv idarəetmə təşkilatları qaydalara uyğun olaraq, məhdud genişləndirilmiş lisenziyalaşmanı tətbiq etməlidirlər. Yəni müəyyən bir sahədə yeganə təşkilat kollektiv idarəetməni təşkil edərək, yalnız ona hüquqların təmsilçiliyini həvalə edən hüquq sahiblərinin hüquqlarını idarə edir. İstisnalar isə müəllif-hüquq qanunvericiliyinin 17.3 və 37-ci maddələrində göstərilən private-copy (şəxsi məqsədlər üçün surətçıxarma) və dərc edilmiş fonoqramlarla bağlı müvafiq olaraq, qanuni lisenziyalar əsasında həyata keçirilir.

Bu cür kollektiv idarəetmə cəmiyyətlərinin alternativi isə «agent növlü» kollektiv idarəetmə təşkilatlarıdır. Əgər «genişləndirilmiş kollektiv idarəetmə» əsərlərdən istifadənin müəyyən sahəsində fəaliyyətin inhisar (monopol) xarakterini və məhdud sayda cəmiyyətləri nəzərdə tutursa, «agent növü» eyni sahədə çoxlu sayda müəllif-hüquq cəmiyyətlərinə əsaslanır ki, bunların da hər biri məhdud dairədə hüquq sahiblərinin, hətta bir neçə hüquq sahibinin də maraqlarını təmsil edərək fəaliyyət göstərə bilər.

Azərbaycan qanunvericiliyinin «genişləndirilmiş kollektiv idarəetmə» ilə bağlı müəyyən etdiyi məhdudiyyət onunla bağlıdır ki, belə ictimai birlik ancaq ona bu səlahiyyəti vermiş hüquq sahiblərinin maraqlarını təmsil edə bilər. Bununla yanaşı, Qanunun mövcud normasına (43-cü maddə) uyğun olaraq, kollektiv idarəetmə təşkilatına belə hüququ verməmiş hüquq sahibinin ona çatası qonorarı tələb etmək (şərik əsərlər üçün, yaxud bütöv proqrama görə hesablanmış qonorar), həmçinin öz əsərlərinin həmin təşkilatın repertuarından çıxarılmasını tələb etmək ixtiyarı vardır.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan bu normaya və beynəlxalq təşkilatların qəbul etdiyi təsnifata uyğun olaraq, «məhdud genişləndirilmiş kollektiv idarəetmə» öz-özlüyündə onlara münasibətdə kollektiv idarəetmənin həyata keçirildiyi şəxslərin sayının məhdudlaşdırılmasıdır.

ÜƏMT-nın «Hüquqların kollektiv idarə edilməsi üzrə təşkilatların yaradılması və fəaliyyəti üzrə tədqiqatlar və tövsiyələr»inə (Cenevrə, 1990) uyğun olaraq, hüquqlarının idarəçiliyini ona verməmiş hüquq sahiblərinin adından kollektiv idarəetmə təşkilatının çıxış etməsi üçün qanunvericilikdə belə bir norma müəyyən edilməlidir. Bu fikir Avropa Birliyinin TACİS Əqli mülkiyyət proqramı xətti ilə hazırladığı «Avropa Birliyi: Əqli mülkiyyət sahəsində qanunvericilik təcrübəsi» sənədində də təsdiqlənir. Azərbaycan qanunvericiliyində belə norma yoxdur. Odur ki, məhdud genişləndirilmiş Konsepsiyası tətbiq olunur.

Azərbaycan qanunvericiliyi kollektiv idarəetmə təşkilatlarının yaranmasını ictimai birliklər kimi müəyyən edir, qeydiyyatını Ədliyyə Nazirliyinə həvalə edir və bununla yanaşı, Əqli Mülkiyyət Agentliyində akkreditasiyanın keçməsini zəruri təsbit edir.Akkreditasiya qaydalarına aid hökumətin xüsusi qərarı qüvvədədir.

 

Hörmətli yığıncaq iştirakçıları!

Ötən ay başa çatan ÜƏMT-nın Baş Assambleyasında Bern Konvensiyasının Assambleyasının sədri seçilməyimə əsaslanaraq, çıxışımın bu hissəsində Azərbaycanın kollektiv idarəetmə sisteminin rəqəmlərinin dünyadakı trendlərlə müqayisəsini aparacağam.

Diqqətimizi CISAC-ın 2019-cu ilin “Annual Report”-na yetirsək, görürük ki, bu beynəlxalq ictimai struktur 122 ölkədən 439 üzv-cəmiyyətləri birləşdirərək, 9,6 mlrd. avro qonorar yığımını təşkil edib və bu rəqəm 2018-ci ildə 2017-ci ilin nəticələrini 6,2% üstələyir. O cümlədən, yığılan qonorardan 1,27 mlrd. avro rəqəmli kolleksiyaların payına düşür, bu da ümumi yığımın 13,2%-ni təşkil edir. Hesabatdan çıxarılan digər vacib nəticə Avropa regionunun qonorar yığımındakı 5,401 mlrd. avro təşkil edən digər regionlarla müqayisədə ən böyük payıdır.

Xatırladıram ki, 2017-ci il dekabr ayında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ÜƏMT ilə birgə keçirdiyi “Müəllif hüququna hörmətin aşılanması: rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” adlı konfransda çıxış edərək, CISAC-ın 2018-ci ildəki hesabatından aşağıdakı nəticələri xüsusi qeyd etmişəm:

“Birincisi, CISAC qeyd edirdi ki, rəqəmsal istifadə qonorarların ümumi yığımına təsir göstərir, lakin rəqəmsalyığım nəticəsində müəlliflərin gəlirlərionun ümumi yığımın 10%-i təşkil etdiyi halda lazım olduğu qədər artmır, çünki gəlirlərin əsas payı yaradıcılara yox, rəqəmsal xidmət göstərənlərə gedir. Və burada fundamental ədalətsizlik və bazarın qəbul olunmaz disbalansını düzəldə biləcək qanunverici islahatlara zərurət yaranır.

İkincisi, Hesabatda təsdiq olunurdu ki, ümumiyyətlə “rəqəmsal bazarda gəlirlərin prinsipcə ədalətsiz və səmərəsiz bölüşdürülməsi mövcuddur. Yəni kontenti əlçatımlı edənlər yaradıcıdan, investordan və naşirdən daha çox gəlir qazanır və bu təşkilatlar yaradıcılara nə isə verməkdən imtina edir. Və bunun nəticəsi yaradıcı sektor üçün dağıdıcı olur, çünki yaradıcı kontentin istifadəsində böyük artım müşahidə olunur, amma dəyərin qaytarılması çox cüzidir”.

Əlavə olaraq qeyd olunurdu ki, “tələb üzrə musiqinin ən böyük mənbələri olan istifadəçi kontentlərin servisi dəyərin ötürülməsinin əsasında durur. Bu xidmətləri yaradanlara qaytarılan gəlirlər qeyri-proporsional olaraq azdır”.

Deməli, CISAC ötən ilki hesabatında artan rəqəmsal bazarda gəlirlərin ədalətsiz bölüşdürülməsinin olduğunu ön plana çəkərək, qanunverici islahatların zərurətini təsbit edir və bununla yanaşı, musiqi sektorunda gəlirlərin qaytarılmasının da qeyri-proporsional,cüzi olduğununəzərə çatdırır.

CISAC-ın son, bu ilki hesabatına qayıdaraq, qeyd edək ki, bizi maraqlandıran Avropa regionunda 47 ölkənin 108 kollektiv idarəetmə cəmiyyətləri ofisi Budapeştdə yerləşən CISAC-ın Avropa Komitəsinin başçılığı altında fəaliyyət göstərir. Hesabatda qeyd olunur ki, regional ofis region cəmiyyətlərinə dəstək göstərərək, bura daxil olan 26 Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiya (CEE) ölkələrindən ibarət 48 cəmiyyəti xüsusi diqqət altında saxlayır.

Qeyd etdiyim kimi, Avropada qonorar yığımı 5,4 mlrd. avro təşkil edərək, dünya qonorar yığımınının 56,4%-ni təşkil edir və bu yığım 2017-ci ilin yığımını 5,7% üstələyir.

Bəs Azərbaycanın da daxil olduğu təşkilatlarda CEE ölkələrinin vəziyyəti nə cürdür?

Hesabatda qeyd olunur ki, bu yığım 8% artaraq, 424,3 mln.avro təşkil edir. Önəmlisi də odur ki, ümumi yığımda musiqili əsərlərlə bağlı qonorar yığımı 77%, audiovizual – 13,3%, dram – 7,1%, ədəbi – 1,4% və təsviri incəsənət əsərləri – 0,9% təşkil edir.

Dediklərim aşağıdakı nəticələrə gətirir:

CEE ölkələri üzrə qonorar yığımı əhəmiyyətli dərəcədə artımla (8%) müşahidə olunur, özü də ən çoxmusiqili əsərlərə görə qonorar yığımı draməsərlərinə aid yığımı təxminən 10 dəfə üstələyir və təqribən 6 dəfə audiovizual əsərlərə görə yığılan qonorardan çoxdur. Bu rəqəmləri diqqət altında saxlayaraq, yığıncaq iştirakçılarını Azərbaycandakı vəziyyətlə tanış etmək istəyirəm.

Azərbaycanda 2 kollektiv idarəetmə təşkilatı fəaliyyətdədir: musiqili əsərlər üzrə “Azərbaycan müəllifləri” təşkilatı CİSAC-ın üzvüdür və audiovizual əsərlər üzrə “Kinorejissorlar gildiyası” CİSAC-ın üzvlüyünə namizəddir. Hər ikisinə yarandıqları andan ƏMA (o zaman MHA) hüquqi, təşkilati və intellektual yardım göstərərək, fəaliyyət dövrlərində yaranan problemlərin həllində daimdəstəkləmişdir. Bu da təbiidir,cənab Prezident İlham Əliyevin təsdiq etdiyi ƏMA-nin Nizamnaməsində göstərildiyi kimi, Agentlik əqli mülkiyyət vəo cümlədən müəllif-hüquq sahəsində dövlət siyasətini həyata keçirən, sahənin tənzimlənməsinə, nəzarət və koordinasiyasına cavabdeh orqandır.

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” 17 may 1999-cu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (18.06.1999-cu il) keçirilmiş, elə həmin ildədə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində uçota alınmışdır.
Gildiya müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun olaraq, son akkreditasiya müddətinin bitməsi ilə əlaqədar 2018-ci ildə Əqli Mülkiyyət Agentliyində 5 (beş) il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilmişvə ona Şəhadətnamə verilmişdir.

2018-ci ildə Gildiya 43986 manat qonorar yığımına malik olmuşdur və hesabatlarını qanuna uyğun təqdim edir. Gildiyanın hazırda qarşısında duran problemlərdən biri audiovizual əsərlərdən və televiziyalar tərəfindən istifadəyə, həmçinin kabel televiziyası operatorları tərəfindən retranslyasiyaya görə qonorarın ödənilməməsi ilə bağlıdır və Gildiyanın iddiaları əsasında məhkəmələrdə Agentliyin nümayəndələri onun mövqeyini dəstəkləyir.

Yaxın gələcəkdə bu təşkilat Agentliyin tabeliyində olan Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi ilə birgə “private copy”-ya aid qanuni lisenziyalaşmanın aparılmasına hazırlaşır.

O ki qaldı digər kollektiv idarəetmə təşkilatına – musiqi əsərləri ilə bağlı, burada vəziyyət fərqlidir.Qeyd etmək lazımdır ki, İctimai Birlik əvvəllər “Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi” adı altında fəaliyyət göstərmiş və 2004-cü ildən Müəllif Hüquqları Agentliyində uçota alınmışdır.O zaman İctimai Birliyin fəaliyyət dairəsi ancaq musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə müəyyənləşdirilmişdi. 2008-ci ildə Birliyin Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən, onun adı dəyişdirilərək,“Azərbaycan Müəllifləri” adlandırılmış vəəsas məqsədi “müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsi” kimi göstərilmişdir.

Yeni edilmiş dəyişikliklərdən sonra İctimai Birlik Agentliyə müraciət etməli və fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı Agentlikdən icazə almalı idi. Lakin Birlik Agentlikdə qeydiyyatı olmadan fəaliyyətini davam etdirmişdir ki, bu da mövcud qanunvericiliyə ziddir.

İctimai Birlik Agentlik tərəfindən dəfələrlə edilən xəbərdarlıqlardan sonra 2017-ci və 2018-ci illər fəaliyyəti ilə bağlı illik hesabatları vaxtından gec, cari ilin avqust ayında təqdim etmiş və Hesabatların təhlili zamanı aşkar olunmuşdur ki, orada göstərilən məlumatlar tam deyil və bununla yanaşı,bir sıra diqqətsizliklərə yol verilmişdir:İctimai Birliyin qonorar yığımı 2018-ci ildə 97118,89 manat olmuşdur.

 

Hörmətli dostlar!

Azərbaycanda böyük həcmli əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olmadığından, bu funksiya Agentlik tərəfindən həyata keçirilir və buna görə heç bir xidmət haqqı tutulmur. Qeyd etmək istəyirəm ki, təkcə 2018-ci ildə Agentlik tərəfindən 111662 manat qonorar yığılmışdır.

Beləliklə, qonorar yığımı Azərbaycanda dram əsərlərinəgörə 111,5 min (45%), musiqili əsərlərə 97 min (38%) və audiovizual əsərlərə görə 43 min manat (17%) təşkil edir. Bu yığımı təşkil edən strukturlar müvafiq olaraq, Əqli Mülkiyyət Agentliyi, “Azərbaycan müəllifləri” kollektiv idarəetmə təşkilatı və Kinorejissorlar Gildiyasıdır.

Söylədiklərimin sonunda bir müqayisə aparmaq məcburiyyətindəyəm.

Avropa regionunda CEE ölkələri daxil olmaqla, musiqili əsərlərə görə qonorar yığımı 77% təşkil edərək, dram əsərlərinə görə yığımı (7,1%) 10 dəfə, audiovizual əsərlərə görə yığımı (13,3%) təxminən 6 dəfə üstələdiyi halda, Azərbaycanda vəziyyət tam əksinə, dünya trendi ilə uyğunlaşmır, hətta ona ziddir. Belə ki, dram əsərlərinə görə olan yığım digər əsərlər növünə aid olan yığımı üstələyir, o cümlədən musiqili əsərlərə görə olan yığımla münasibətdə 7%. Yaranan paradoksal vəziyyət bizi düşünməyə və tədbir görməyə vadar edir. Heç də təsadüfi deyil ki, CISAC son hesabatında hüquqların təmin edilməsində digər dövlətlərlə yanaşı Azərbaycanın da kollektiv idarəetmə təşkilatlarını tənqid edir.

CISAC nümayəndəsinin burada iştirak etdiyini nəzərə alaraq, bir faktı qeyd etmək istəyirəm. Hesabatda göstərilir ki, “Azərbaycan müəllifləri” kollektiv idarəetmə təşkilatı CISAC-ın tam üzvü olaraq musiqili əsərlərlə yanaşı dram əsərlərinə aid fəaliyyət göstərir.

Tam məsuliyyətlə qeyd edirəm, bu kollektiv idarəetmə təşkilatının buna səlahiyyətləri yoxdur və yuxarıda qeyd etdiyim kimi, dram əsərləri ilə bağlı qonorar yığımını hökumətin göstərişi ilə ictimai yük kimi Əqli Mülkiyyət Agentliyi aparır. Əmələ gələn yanlışlıq səbəbindən Azərbaycanda qonorarın ən çox yığımı, yəni dram əsərlərinə görə yığım CISAC-ın hesabatına düşmür və nəticədə təhrif olunmuş mənzərə yaradır.

 

Hörmətli konfrans iştirakçıları!

ÜƏMT-nın Baş direktoru, d-r F.Qarrinin sözlərinə istinad edərək, “Copyright sistemini stress vəziyyətindən çıxartmaq üçün, xüsusən rəqəmsal erada, yeni baxışlar, modellərin axtarışı labüddür”. Bu yanaşma hansı prinsiplərə əsaslanmalıdır?

* Yanaşmanın uğuru online istifadə sxemlərinin elə tənzimlənməsidir ki,istifadəçilərin gözləntiləri ilə uyğunlaşmalı olsun, leqal istifadə və lisenziyalaşma qeyri-leqal istifadə qədər asan olsun;

* Müəllif hüququnun məqsədi əsərlərin yaradılması və yayılması ilə bağlı bütün texnologiyalarla əməkdaşlıq etmək, bu texnologiyalar vasitəsilə yaranan mədəni mübadilədən faydalanmaqdır, yeni biznes-modellər yaradaraq köhnə texnologiyalar əsasında yaradılmış biznes-modellərin qorunmasına yönəldilməməkdir;

* Müəllif hüququna dair siyasət sahəsində ən azı hüququn, infrastrukturun, mədəni dəyişikliklərin və ən yaxşı biznes-modellərinin birləşməsi nəzərdə tutulmalıdır.

Söylədiyim prinsiplər əslində təsdiq edir ki, mövcud olan kollektiv idarəetmə infrastrukturu artıq rəqəmsal dövrün tələblərinə cavab vermir və inkişaf etməlidir, çünki bu cəmiyyətlərdən hər birinin fəaliyyət dairəsi, özünü ifadə etmək mühiti vardır, İnternetdə isə kontentin idarə olunması üçün onun musiqili, audiovizual, yaxud başqa bir əsərdən yaradılmasının əhəmiyyəti yoxdur.

Bizim tərəfimizdən hazırlanmış və həyata keçirilən infrastruktur layihəsi one-stop-shops formatda onlayn lisenziyalaşmanı və monitorinqi (müəllif hüququ ilə qorunan hər hansı bir kontent üçün bir pəncərə prinsipini) nəzərdə tutur. Biz kollektiv idarəetmə cəmiyyətlərimizlə qarşılıqlı əlaqələr quracağıq, lakin başqa qaydalarla: kontentin milli bazasını Agentlik idarə edəcək və bu milli məlumat bazasında kollektiv cəmiyyətlərin repertuarından, həmçinin folklordan və digər obyektlərdən istifadə olunacaq. Bütövlükdə, İnternetdə qorunan kontentin ədəbiyyat, musiqili, audiovizual əsərlərdən, məlumat bazalarından, foto şəklində incəsənət əsərlərindən, folklor nümunələrindən və fonoqramlardan ibarət olacağı nəzərdə tutulur. Kontent axtarış məqsədilə identifikatorlarla və təhlükəsizliyi, qanuniliyini müəyyən edən su nişanları ilə təchiz olunur.

Bununla yanaşı, biz başa düşürük ki, İnternetin çoxyurisdiksiyalı və sərhədsiz olması qlobal infrastrukturun, ÜƏMT səviyyəsində məlumat bazasının yaradılmasını tələb edir. Bu iş ÜƏMT-də artıq başlanıb və kontentin milli Reyestrinin və onu idarəetmə sisteminin, milli bazaları birləşdirən, ÜƏMT-nın qlobal bazası ilə uyğunlaşdırılmasına imkan verəcək.

 

Hörmətli dostlar!

Əqli mülkiyyətin dünyada bugünkü fəaliyyət kontekstinin prinsipial fərqləndiyi eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir.

Əks halda çox qəti tənqidi fikirlərlə rastlaşmalıyıq. Məsələn, IPChain Assosiasiyasının Prezidenti, Avrasiya hüquq sahibləri Konfederasiyasının başçısı cənab A.Kriçevskinin qeyd etdiyi kimi, “... Kollektiv idarəetmə təşkilatlarını unudun. Hazırda bu servis xidmətlərinin bazarda heç bir əhəmiyyəti yoxdur... Bu gün ayrı oyunçular və ayrı dünyadır”.

Biz heç bir vəchlə IPChain sisteminin imkanlarını inkar etmirik. Hətta 2017-ci ildə ÜƏMT ilə birgə keçirdiyimiz konfransda mən Azərbaycanda MHAChain istiqamətində apardığımız işlər haqqında geniş məruzə etmişəm.

Xatırladım ki, MHAChain Azərbaycan layihəsi – P2P şəbəkə bazasında blokçeyn-texnologiyasına əsaslanan platformadır və iki fəaliyyət rejiminə malikdir, onun iştirakçıları sırasına isə istifadəçilər və hüquq sahibləri (müəlliflər) daxildir.

Hüquq sahibləri ilə əlaqə məlumatının və obyektlərinin istifadəsi şərtlərini ümumi reyestrdən çox rahat əldə etmək mümkün olur və bu damarağı olan şəxslərə lisenziya almaq üçün zəruri məlumatların əldə edilməsini daha da sadələşdirir.

Təklifimizin mahiyyəti ondan ibarətdir ki, kollektiv idarəetmə sistemi blokçeynə qarşı yox, onunla əməkdaşlıq edə bilər.

 

Hörmətli konfrans iştirakçıları!

Copyright-sisteminin bütövlükdə, həmçinin hüquqların kollektiv idarə edilməsinin hansı istiqamətdə inkişafından asılı olmayaraq, bu gün fəaliyyətdə olan təşkilatların dayanıqlı və sağlam olması və nüfuzunun itirilməməsi məqsədilə mütəxəssislərin rəyinə əsasən, iki məqama xüsusi diqqət yetirilməsi tələb olunur:

Birincisi – kollektiv idarəetmə təşkilatlarında transparentliyin, açıqlılığının təmin edilməsidir;

İkincisi – bu təşkilatların fəaliyyətinə dövlət nəzarətinin düzgün qurulmasıdır.

Bu iki vacib amil müxtəlif növ peşəkar sənədlərdə öz əksini tapmışdır.

ÜƏMT-nın “KİT üçün qabaqcıl təcrübəsi” adlı vəsaitində (yanvar, 2018-ci il) KİT-lərin hesabatlarına ciddi tələblər irəli sürülür:onlarınhesabatları ictimaiyyətə təqdim etmək üçün istifadəsi rahat olan formatda dərc edilməlidir, misal üçün, özlərinin veb-saytlarında”.Həmin sənəddə ciddi tələblər – KİT-lərin fəaliyyətinin dövlət nəzarətinə aid müddəaları mövcuddur.

Digər – ÜƏMT-nın “Keçid iqtisadiyyatı olan ölkələrdə müəllif hüququnun tipik xüsusiyyətləri” sənədində KİT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müxtəlif müddəalar mövcuddur.

Avropanın EC 2014/26 EU Direktivində göstərilir ki, “üzv dövlətlər bu məqsədlə yaradılan səlahiyyətli orqanlarının öz ərazilərində yaradılan kollektiv idarəetmə təşkilatları tərəfindən bu Direktivin tələblərinin icrası üçün qəbul edilmiş milli qanunvericiliyə riayət edilməsinə nəzarətin həyata keçirilməsini təmin edəcəklər və bu məqsədlə hüquqlar verəcəklər”.

Avrasiya İqtisadi İttifaqında kollektiv idarəetmə ilə bağlı qəbul edilmiş sənəddə açıqlıq, şəffaflıq, dövlət nəzarəti və s. məsələlərə aid xüsusi maddələr mövcuddur.

Bəs praktikada vəziyyət nə yerdədir?

Azərbaycanın KİT-nın saytlarında apardığımız monitorinq göstərir ki, audiovizual əsərləri idarə edən təşkilatın saytında yeniləşən məlumat, hesabatlar yer tapıb, bir sözlə, şəffaflıq tələbləri nəzərə alınır.
Musiqili əsərləri idarə edən KİT-nın xəbərləri yenilənmir, son dəfə 2017-ci ildəki xəbər mövcuddur, yığıncaqlar haqqında məlumat yoxdur, hesabatlar dərc edilmir və s. Bu sıraya Agentlik tərəfindən dönə-dönə edilən tələblərə baxmayaraq, illik hesabatların gecikdirilməsi, üstəlik, təqdim olunan məlumatlardakı səhvlər haqqında söhbət açmıram. Nöqsanların tez bir vaxtda aradan qaldırılmaması şəraitində qanunla nəzərdə tutulmuş addımlar atılacaq.

Sözümün sonunu dövlət başçısı cənab İlham Əliyevin 16 oktyabr 2019-cu il tarixli iqtisadi müşavirədə söylədiyi fikirləri ilə bitirmək istəyirəm: “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə bu məqsədə nail olmaq üçün korrupsiya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır... Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

 

Təşəkkür edirəm.

 

 ***

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılğı ilə keçirilən
“Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi:
əsas prinsiplər və beynəlxalq təcrübə”
mövzusunda beynəlxalq regional seminar

 


1. Tədbir haqqında.

ÜƏMT ilə birgə təşkil edilən bu beynəlxalq tədbir böyük maraqla qarşılanır: 20-ə qədər xarici qonaqlarımız – Polşadan, Türkiyədən, Rusiyadan, Ukraynadan, Qazaxıstandan və digər ölkələrdən iştirak edirlər. Bununla yanaşı, beynəlxalq təşkilatlar geniş təmsil olunur: ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music. Həmçinin 2 video-çıxış nəzərdə tutulur: İfaçıların Hüquqlarının Kollektiv İdarəetmə Təşkilatlarının Assosiasiyası (SCARP) və Surətçıxarma Hüquqları üzrə Təşkilatların Beynəlxalq Federasiyasının (IFFRO) rəhbərləri.

Bu cür möhtəşəm yığıncağa marağı doğuran nədir?

Müəlliflik hüququnun əmlak hüquqlarının kollektiv idarə edilməsidir. Bəllidir ki, müəlliflik hüququ digər ƏMH kimi fərdi, xüsusi hüquqdur və bu hüquqların sərəncamçılığını müəllif özü həyata keçirir. Lakin istifadəçilər dairəsinin genişlənməsi ilə və hüquq sahibinin istifadəyə nəzarəti həyata keçirə bilmədiyi halda, hüquq sahibləri ictimai təşkilatlar - əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarını yaradır və hüquqların təmsilçiliyini onlara həvalə edirlər.

Burada əsas məsələ müəllifə çatası qonorarın yığımıdır. Müasir dünya bu sahədə böyük problemlərlə rastlaşır və ən vacibi odur ki, yığılan və müəlliflərə çatdırılan qonorar onları razı salmır. Bu problemlərlə biz Azərbaycanda da rastlaşırıq və yaranan vəziyyət bizi, Əqli Mülkiyyət Agentliyini dövlət qurumu olaraq, narahat etməyə bilməz. Çünki müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalıdır, onların əsərlərinin istifadəsi ilə bağlı qonorarların yığımını təşkil etməlidir, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır. Odur ki, Əqli Mülkiyyət Agentliyi ÜƏMT qarşısında təşəbbüslə çıxış edərək, bu beynəlxalq regional seminarın keçirilməsinə nail oldu.

Konfransda müzakirəyə çıxarılan məsələlər sırasında böyük əhəmiyyətə malik olan problemlər mövcuddur. İlk növbədə regionun müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlilidir. Bu sıraya rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı daxildir.

Hesab edirəm ki, kollektiv idarəetməyə strateji yanaşma – hüquq sahiblərinin müstəsna hüquqlarının məhdudlaşdırılması və bununla bağlı məcburi və könüllü kollektiv idarəetmənin həyata keçirilməsi, dövlət və ya özəl kollektiv idarəetmə təşkilatlarına üstünlüyün verilməsi aktual problemlərdən biridir.
Və nəhayət, kollektiv idarəetmənin şəffaflığı, dürüstlüyü, transparentliyi, korporativ maraqlara, ayrıseçkiliyə yox, yalnız hüquq sahiblərinin mənafeyinə xidmət edilməsi, dövlətin bu təşkilatlarla bağlı nəzarət sisteminin səmərəliyinin artırılması məsələsidir.

2. Dövlət başçısının uzaqgörən və düşünülmüş siyasətinə əsaslanan iqtisadi islahatların yeni dalğası sosial-iqtisadi həyatımızı yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı dünyada tanınmış islahatçı dövlətlər sırasına yüksəldib. Belə ki, son “Doing Business - 2020” Hesabatında ölkəmiz 20 islahatçı dövlətlər sırasında yer alıb və son Davos İqtisadi Forumunun Raqabətqabiliyyətlilik Hesabatına əsasən, Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib.
Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiq edilir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması – 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası – 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.

Bu cür kardinal, inqilabi dəyişikliklər öz əksini əqli mülkiyyətin qorunmasında da tapır. Belə ki, son Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. Rəqabətqabiliyyətlilik İndeksində 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018 – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.

Bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Söylədiyim faktlar ölkəmizin əqli mülkiyyət sahəsində və xüsusən müəllif-hüquq istiqamətində nüfuzunun bariz nümunələridir.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.

3. Əqli Mülkiyyət Agentliyində hansı işlər aparılır?

İxtiraçılıq və patent fəallığının artırılması üzrə tədbirləri davam etməliyik, “vahid pəncərə” prinsipini, patent fəaliyyətinin sürətləndirilməsi və şəffaflığını təmin etmək məqsədi ilə yeni rəqəmsal xidmətlərin və informasiya sistemlərinin yaradılmasıdır. Bu sıraya “PƏNAH” sistemi daxildir. Həmçinin informasiya texnologiyalarının (blokçeyn və s.) verdiyi imkanlar hesabına ƏM hüquqlarının qorunmasının yeni sistemlərinin yaradılması və tətbiq edilməsi üzərində fəal şəkildə işləyib, tamamlayırıq.

Elmi müəssisələrdə ƏM siyasəti, 3.0 (təhsil + araşdırmalar + kommersiyalaşdırma) universitetlərin yaradılması, kiçik və orta biznes subyektlərində innovasiyaların stimullaşdırılması, əqli mülkiyyət – təlim mərkəzləri, patent sifarişçilərinin ilkin axtarış və ekspertizanın öyrədilməsi, startaplar və spinautlar üçün vergi preferensiyaları, milli brendlərin təbliği və əlbəttə, “one-stop-shops” prinsipi üzrə rəqəmsal müəllif hüququnun idarə edilməsi, kitabxananın rəqəmsallaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlamalıyıq.

Və ən vacibi – Texnologiyaların transferi və kommersiyalaşdırılması Mərkəzlərinin və İnnovasiyalara dəstək Mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı işləri sona çatdırmalıyıq.

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !