Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi açılıb - + FOTO=76 ( Rüstəm Fərman - AZpress.AZ)

Bakıda 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi açılıb + FOTO=76 ( Rüstəm Fərman - AZpress.AZ)

 Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun sərgidə iştirakına toxunan Ceyhun Bayramov deyib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək.

Ceyhun Bayramov bildirib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə dəyərli töhfə verəcəyini əlavə edib.

Nazir çıxışının sonunda sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkələrimiz arasında səmimi, dost və qardaş münasibətlərdən söz açıb. Daha sonra iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.

Ziya Selçuk Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və bu səfərin təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur.

“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

“EduExpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Onların arasında ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və digər ali təhsil ocaqları, eləcə də Sumqayıt, Gəncə və Lənkəran regional dövlət universitetləri yer alıb. Azərbaycan İlahiyyat İnstitutu builki sərgidə debüt edir. Tədbirin daha bir debütantı “Buta” uşaq bağçasıdır. Həmçinin sərgidə “Uşaq zonası” üzrə sərginin tərəfdaşı – “Bağçam” uşaq bağçaları şəbəkəsi iştirak edir.

Sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr də xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim ediblər. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunub. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı təqdim edilib. Türkiyə builki sərgidə milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.

Sərgidə “Universitetlərə səyahət” adlı layihə keçirilib. Bu layihə əsnasında “EduExpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verib və valideynləri maraqlandıran sualları cavablandırıblar.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgidə ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış “İnformasiya yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı”, “Türkdilli agentliklərin Bakı görüşü” və digər kitablar sərginin ziyarətçilərində böyük maraq doğurub.

Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək.

Üç gün davam edəcək sərgiyə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin baş sponsoru “Kapital Bank”dır.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərginin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !