Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib - + FOTO=65 ( Rüstəm Fərman - AZpress.AZ)

Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib + FOTO=65 ( Rüstəm Fərman - AZpress.AZ)

Sentyabrın 30-da Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov tədbirdə çıxış edərək, mərkəzi bankçılığın keçdiyi tarixi inkişaf yolundan danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən biri kimi müsəlman Şərqində ilk demokratik respublika yarandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi hadisəyə yüksək siyasi qiymət verib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə qeyd edilməkdədir. Mərkəzi bankçılığın yaranmasının 100 illik yubileyinə həsr olunmuş bugünkü mərasim də həmin silsilə tədbirlərin davamıdır. Dövlətimizin başçısı yubiley münasibətilə Mərkəzi Bankın bir qrup əməkdaşını yüksək dövlət mükafatları ilə təltif edib, bank işçilərinin əməyinə yüksək qiymət verib.

Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın 100 illik yubileyi dövlətimizin başçısı tərəfindən ölkədə yeni nəsil iqtisadi islahatlara start verdiyi bir dövrə təsadüf edir. İqtisadi inkişafın mühüm sferalarına nüfuz edən bu islahatlar başlıca olaraq yeni, daha yüksək, dayanıqlı və inklüziv iqtisadi artım modelinə keçidi özündə ehtiva edir. Yeni iqtisadi model ölkəmizin yüksək, təqibedici inkişaf sürətini təmin etməklə Azərbaycanla ondan öndə olan dövlətlər arasında sosial-iqtisadi inkişaf səviyyəsinə görə fərqlərin azaldılmasını və əhalinin həyat-yaşayış standartlarını daimi proses olaraq yaxşılaşdırılmasını nəzərdə tutur.

“Son illər ölkədə həyata keçirilmiş makroiqtisadi stabilizasiya tədbirləri, o cümlədən son 3 ildə ölkədə makroiqtisadi sabitliyin yaranması, aşağı birrəqəmli inflyasiyanın təmin edilməsi, milli valyutanın sabitliyi də ölkə vətəndaşlarının real gəlirlərinin artmasına şərait yaradır. Yeni strateji dövrün çağırışları nəzərə alınmaqla Mərkəzi Bankın qarşısında mürəkkəb və şərəfli vəzifələr durur. Başlıca vəzifə bundan sonra da makroiqtisadi sabitliyin qorunması, xüsusən də inflyasiyaya təsir imkanlarının genişləndirilməsidir. Mərkəzi Bankın bəyan etdiyi kimi, inflyasiyanın hədəflənməsi rejimində keçid inflyasiyanın əsasən faiz dərəcələri vasitəsilə idarə edilməsinə imkan verəcək. Bunun üçün monetar sferada islahatlara artıq start verilib”, - deyə Mərkəzi Bankın sədri diqqətə çatdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə maliyyə-bank sahəsində görülən işlərdən danışaraq bildirib ki, Azərbaycanın son illər əldə etdiyi uğurlarda Mərkəzi Bankın sanballı rolu var. Parlamentin müvafiq komitəsi 15 ildən çoxdur ki, Mərkəzi Bankla əməkdaşlıq edir. Mərkəzi Bankla iqtisadi strukturlar arasında koordinasiya ildən-ilə təkmilləşir. Mərkəzi Banka diqqət Azərbaycan iqtisadiyyatının dayanıqlı olması, həm də ölkədə sosial-iqtisadi proseslərin yeni məzmun kəsb etməsi deməkdir. Mərkəzi Bankın nüfuzu, uğurlu fəaliyyəti Azərbaycanın dinamik inkişafına töhfə verməklə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan hədəflərə nail olunmasına xidmət edəcək.

Dövlət müstəqilliyimizin bərpasından sonra Mərkəzi Bankın əsaslarının formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xatırladan Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib: “Ulu Öndərin rəhbərliyi ilə ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətləri müəyyənləşdirildi, müasir tələblərə cavab verən monetar idarəetmə mexanizmi quruldu, çevik pul-kredit siyasəti həyata keçirilməyə başlandı. Eyni zamanda, ölkənin valyuta ehtiyatlarının formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Hazırda Mərkəzi Bankın və Neft Fondunun vəsaitlərindən ibarət strateji valyuta ehtiyatları təqribən ÜDM səviyyəsinə bərabərdir. Bu vəsait ölkədə maliyyə dayanıqlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir”.

Ş.Mövsümov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə mərkəzi bankçılıq daha da inkişaf etdirildi, milli ödəniş sisteminin inkişafında, müasir elektron ödəniş sistemlərinin formalaşdırılması, nağd pul tədavülünün təşkili istiqamətində mühüm addımlar atılaraq beynəlxalq standartlara cavab verən müasir bank sistemi quruldu. Həyata keçirilən çevik və məqsədyönlü monetar siyasətin nəticəsi olaraq ölkədə uzunmüddətli və dayanıqlı maliyyə sabitliyinə nail olundu. Bu gün Mərkəzi Bank, burada yaradılmış peşəkar komandanın fəaliyyəti sayəsində böyük və uğurlu inkişaf yolunu keçib, müasir texnoloji bazaya, geniş idarəetmə potensialına, yüksək korporativ dəyərlərə və insan kapitalına malik, beynəlxalq müstəvidə tanınan struktura çevrilib.

Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Navid Hassan Naqvi təmsil etdiyim qurumun Azərbaycan hökuməti ilə 27 illik tərəfdaşlığından danışaraq deyib: “Biz ölkənin transformasiya xarakterli iqtisadi yolunun şahidi olmuşuq. Bu tərəfdaşlığın əsası Azərbaycanın yenicə müstəqillik qazandığı və onu qorumaq uğrunda mübarizə apardığı illərdə qoyulmuşdu. Vaxtilə beynəlxalq yardım alan Azərbaycan bu gün Dünya Bankının donoruna çevrilib. Dünya Bankı ilə əməkdaşlıqda baş vermiş bu transformasiya həm də onun göstəricisidir ki, Azərbaycan artıq digər ölkələrə də yardım göstərmək iqtidarındadır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Mərkəz Bank ölkənin iqtisadi düşüncəsinin və onun iqtisadi strategiyasının formalaşmasında mühüm rol oynayıb. Tərəfdaşlığımız ərzində Dünya Bankının vəsaitləri ölkənin fiziki infrastrukturunun yenidən qurulmasına yönəlib. Bu, həmçinin Azərbaycanın neft sərvətləri sayəsində mümkün olub.

Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin sədri Zakir Nuriyev deyib ki, ölkəmizdə biznes mühitinin yüksəlişi, dayanıqlı iqtisadi-siyasi sabitliyi, sosial-iqtisadi quruculuğu, genişmiqyaslı iqtisadi islahatlar Azərbaycanın regionda ən perspektivli ölkə olduğunu bir daha göstərməkdədir. Beynəlxalq aləmdəki nüfuzun qorunub saxlanması, əhalinin sosial vəziyyətindəki irəliləyiş və beynəlxalq iqtisadi reytinqlərdəki yüksəlmə bunu təsdiqləyən əsas indikatorlardandır. Dövlət müstəqilliyinin bərpasından ötən dövrdə Mərkəzi Bank öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirib. Uğurlu pul-kredit siyasəti nəticəsində inflyasiya ticarət tərəfdaşı olduğumuz ölkələrə nisbətdə aşağı səviyyədə saxlanılıb ki, bu da iqtisadiyyatın rəqabətqabiliyyətinin artmasına və real sektorun inkişafına müsbət təsir göstərib. Mərkəzi Bank yarandığı gündən kommersiya bank sektorunun iştirakçıları ilə daim koordinasiyada işləyərək, maliyyə-bank sisteminin inkişafı üçün həyata keçirilən tədbirlərdə birgə fəaliyyəti təmin edib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək, Mərkəzi Bankın sədri Elman Rüstəmovun Şahmat Federasiyasının prezidenti seçilməsindən sonra ölkəmizdə bu idman növünün inkişafı istiqamətində görülən mühüm işlərdən danışıb. Bu məqsədlə geniş konsepsiya hazırlandığını, müvafiq dövlət proqramı qəbul olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, şahmata dövlət tərəfindən dəstəyin nəticəsində Azərbaycan şahmatçıları tarixdə ilk dəfə olaraq Avropa çempionu adını qazandılar.

Sonra Mərkəzi Bankın 100 illiyi münasibətilə hazırlanmış yubiley poçt markasının imzalanma mərasimi oldu. Poçt markasını Mərkəzi Bankın sədri Elman Rüstəmov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə imzaladılar.

Sonda Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən təltif olunmuş Mərkəzi Bankın bir qrup əməkdaşına mükafatlar təqdim edildi. 

 

Foto-müxbir: Rüstəm İsmayılov +99 451 520 22 00

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !