Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov - - Rəhman Orxan yazır + FOTO=18

Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu, kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov - Rəhman Orxan yazır + FOTO=18

Bir tədbirin sorağı


Sumqayıtın yaşıdı, Sovet kosmonavtının, Rusiya baş nazirinin dostu,

kimyaçı-mühəndis, yazıçı-şair Süleyman Hüseynov

 


Sumqayıtın N.Nərimanov adına Mədəniyyət Mərkəzində tanınmış yazıçı-şair,
Moskva və Bakıda nəşr edilmiş 10-dan artıq kitabın, həmçinin Qarabağ
müharibəsi ilə bağlı milli-vətənpərvərlik ruhunda yazılmış "AND" romanının
müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2018-ci ilin Prezident mükafatçısı
Süleyman Hüseynovun 70 illiyi ilə bağlı geniş yubiley tədbiri keçirilmişdir.
Tədbirdə şəhər rəhbərliyinin və ictimaiyyətin nümayəndələri, şairin qələm
dostları, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı Rusiyadan, Özbəkistan və
Tacikistandan gəlmiş qonaqlar da iştirak etmişlər.


Bu, o Süleymandır ki... Sovetin DTK-sından gizlin hazırlatdığı milli bayraqlarımız
hələ 89-cu ilin sonlarında Sumqayıtın mərkəzi meydanında dalğalanırdı


Süleyman Hüseynovun ədəbi yaradıcılığına olan maraq həm də onun şəxsiyyət və
əqidə bütövlüyündən, vətənpərvərliyindən, əsl vətəndaş, səmimi və maraqlı bir adam
olmasından irəli gəlir. O, həmin adamdır ki, DTK agenturasının təqibindən və çox ciddi
cəzalandırılacağından zərrəcə də qorxmayaraq, "Xalq cəbhəsi"nin şəhər təşkilatının
təklifi ilə 1989-cu ilin mitinqlərindən birinin iştirakçıları üçün o vaxt rəhbərlik etdiyi
Sumqayıt Yerli İstehlak malları kombinatında gizli və ilk dəfə olaraq bugünkü dövlət
bayrağımızın 100-ə qədər nisbətən kiçik nümunələrini hazırlatdırmışdı. Və səhərisi gün
azadlıq eşqli, vətən məhəbbətli Sumqayıt gəncləri əllərində həmin bayraqlarla mərkəzi
meydana axışanda bəlkə də hamıdan, elə "cəbhəçi"lərdən də çox Süleyman Hüseynov
sevinir, qəlbi qürurla dolurdu. Mitinq iştirakçılarının başı üzərində Sumqayıtda ilk dəfə
dalğalanan milli bayraqlar gələcək müstəqilliyimizin qaranquşları kimi onu riqqətə gətirir,
bu yolda doğma şəhərdə ilk addım atdığına görə (əvvəlki mitinqdə Bakıdan gətirilmiş
bir-neçə bayraq nəzərə alınmazsa) haqlı olaraq iftixar hissi keçirirdi.
Ancaq iş elə gətirdi ki, meydanda SSRİ bayrağı əvəzinə qaldırılan milli bayraqlara
görə o vaxt Süleymana "dəyib-dolaşan" olmadı. Görünür, DTK agentləri izə düşə
bilməmişdilər. Bir də ki, axı, xalq hərəkatı o zaman artıq elə geniş məcra götürmüş, elə
vüsət almışdı ki, onu hər hansı şəkildə dəyişdirmək mümkün deyildi, qarşısını almaq isə
böyük faciəyə səbəb ola bilərdi (necə də ki oldu... Bir ay sonra daşnakların fitvası,
ermənipərəst, özü də, "gözəlçə" arvadı da satqın olan M.Qorbaçovun xalqımıza
xəyanəti, qanlı cinayəti olaraq müdhiş 20 Yanvar faciəsi baş verdi...)


O, şair yox, mühəndis olmaq arzusu ilə yaşayırdı


Süleyman sonralar özünün tale şəhəri, yaşıdı olacaq Sumqayıta şəhər adı verilməsi
ərəfəsində - 19 sentyabr 1949-cu ildə Sumqayıtdan yüz kilometrlərlə uzaq bir diyarda -
Lənkəranın Boladi kəndində dünyaya gəlib. Orta məktəbi 1966-cı ildə doğma kənddə
əla qiymətlərlə başa vuraraq, kimyaçı olmaq arzusu ilə Sumqayıta üz tutmuş, sonralar
ölkənin neft-kimya sənayesinin inkişafında mühüm xidmətləri olmuş əmisi Zamin Hüseynovun məsləhəti ilə sənədlərini Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna
vermiş və imtahanları uğurla başa vuraraq, həmin nüfuzlu ali məktəbə qəbul edilmişdi.
Hələ orta məktəbdə oxuyarkən ara-sıra şeirlər yazsa da, şairlik xülyasına düşməmiş,
neft-kimya mühəndisi olmaq istəyi ilə səylə çalışmış, istehsalatdan ayrılmadan ali təhsil
almışdı.
Əmək fəaliyyətinə 1966-ci ildə Sumqayıt Superfosfat zavodunda elektrik çilingəri
kimi başlayan Süleyman Hüseynov kimyaçı-mühəndis kimi pillə-pillə ucalaraq, sonralar
Sumqayıt Kompressorlar zavodunda direktor müavini, “Kimyasənaye” İB-də, hətta
Moskvanın kimya müəssisələrində yüksək vəzifələrdə çalışmış, vaxtilə fəhlə kimi işə
qəbul edildiyi Superfosfat zavodunun və digər Sumqayıt müəssisələrinin direktoru
olmuşdur. Təsadüfi deyil ki, peşəkarlığı, yüksək təşkilatçılıq xüsusiyyətləri, çalışdığı
kollektivlərdə nail olduğu hörmət və nüfuzu, səmimiyyəti və qayğıkeşliyi ilə şəhər
əhalisinin rəğbətini qazanaraq, Sumqayıt şəhər Sovetinin deputatı seçilmiş, 5 il həm də
sumqayıtlıların problem və qayğıları ilə yaşamışdır.
Ancaq o, bir mühəndis kimi çalışaraq, uğurlar qazansa da, hətta Rusiyanın Xalq
Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirsə də, poeziyanın cazibəsindən
çıxa bilməyərək, vaxtaşırı ədəbi yaradıcılıqla da məşğul olmuşdur. Düzdür, ilk qələm
təcrübələri özünü qane etməsə də, sonralar Azərbaycanın dahi şairləri Nizaminin,
Nəsiminin, Füzulinin və onların ardıcılları olan Mikayıl Müşfiqin, Rəsul Rzanın, Səməd
Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Əli Kərimin və digər şairlərin
poeziyasından bəhrələnərək, uğurlu, diqqət doğuran şeirlər yazmağa nail olub. Hələ
tələbə ikən - 1971-ci ildə Sumqayıtda çıxan çoxtirajlı “Kimyaçı” qəzetində Azərbaycanın
igid, əfsanəvi oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru
Həzi Aslanova həsr etdiyi “Bakıda bir məzar var” şeiri dərc edilmiş və bununla da onun
dövri mətbuatda çıxışlarının başlanğıcı qoyulmuşdu. Onun son 25 ildə "Bir həzin
nəğmə", "Öz yolumla gedirəm", "Qəlb harayım", "Taleyim mənim", "Qəriblik nəğmələri"
adlı şeirlər kitabları, "Ana baxışları", "Qisas" və "And" adlı povest və romanları nəşr
edilib. Bir vaxtlar həmvətənimiz olmuş Nadejda Painanın tərcüməsi ilə Bakıda və
Moskvada şairin rus dilində "Прожить бы так", "Если я не вернусь", "Меч
правосудия" şeirlər kitabları çap olunub və oxucular tərəfindən rəğbətlə qarşılanıb.


"Əllərdə badə yox, silah olmalı!.." - Şairin döyüşən, hayqıran poeziyası


Adətən şairləri ilk olaraq şeir yazmağa, poeziyaya sövq edən sevgi-məhəbbət olsa
da və Süleyman da bu əbədi mövzudan qaça bilməsə də, sonralar həyata baxışı,
bəşəri düşüncələri, vətənin və dünyanın sabahına narahatlığı onun mövzu dairəsini
daha da genişləndirdi. Xalqını ürəkdən sevən və bütün həyatı boyu ona vicdanla,
sədaqətlə xidmət edən şairin yaradıcılığında illər ötdükcə daha çox vətəndaş
mövqeyindən irəli gələn ictimai əhəmiyyətli, vətən duyğulu şeirlər yer tutdu. Bütün
varlığı ilə Azərbaycana, doğma xalqa bağlı olan Süleyman şeirlərindən birində
məhəbbətlə bu misraları yazıb:

 

Ölümdən qorxmuram, inanın mənə

O ki qaçılmayan bir zərurətdir.

Mənim qısa ömrüm doğma Vətənə,

Anama həsr olan ülvi xidmətdir!

 

Diqqət edilərsə, aydın olar ki, şair "Mənim qısa ömrüm doğma Vətənə, Anama
həsr olan ülvi xidmətdir" misralarında "anama" deyəndə yalnız ona həyat bəxş etmiş
doğma anasını yox, həm də ona Ana qədər əziz, müqəddəs olan Vətəni - Ana hesab
etdiyi Vətəni nəzərdə tutur.
...Azərbaycanımızın gözəl, əsrarəngiz bir diyarı olan Dağlıq Qarabağa düşmən
iddialarının başlandığı ilk gündən Süleyman Hüseynov da qələmini süngüyə çevirərək,
ideoloji təbliğat əsgəri kimi mübarizəyə atılır. Həmvətənlərimizə müraciətində o, daxili
çəkişmələrə son qoyub, birləşərək hamını azğın düşmənə qarşı döyüşlərə qoşulmağa
səsləyir. 1991-ci il noyabrın 20-də bir mənfur xəyanət, satqınlıq nəticəsi olaraq
düşmən tərəfindən Vətənin igid, qeyrətli oğullarının - dövlət xadimləri, generallar,
deputatlar və mətbuat işçilərinin olduğu hərbi vertolyotun partladıldığı günlərdə
Süleyman Hüseynov həyəcanla haray çəkirdi:


Bəsdir çəkişmələr, bəsdir siyasət,
Qeyrət meydanıdır, bəsdir uyuduq!
...Şəhidlər ruhuna and içək bu gün,
Tökülən bu qanlar yerdə qalmasın!
Matəmə dönməsin eldə toy-düyün,
Uşaqlar atasız bir də qalmasın!


Kəsilsin bu yurddan düşmən ayağı,
Olsa da arxalı o murdar yağı,
Gəlin hamılıqla bu gün and içək,
O azğın düşmənin qanını içək,
Qudurğan nəslinin kökünü kəsək!..

 

Qarabağ uğrunda müharibənin sonrakı gedişində erməni havadarlarının birləşərək,
Azərbaycana qarşı apardığı "səlib müharibəsi", başsız rəhbərlər və generallar
ucbatından 90-cı illərin əvvəllərindəki uğursuzluqlarımız, öz içimizdəki xəyanətlər,
satqınlıqlar bütün xalqımız kimi Süleyman Hüseynovu da sarsıtdığından, hiddətlə, ürək
ağrısıyla hamını qeyrətə, döyüşə səsləyirdi (şeir bənd və misra ixtisarları ilə verilir):

 

Bir söyüşə görə qan qardaşından,
Ey intiqam alan vətən övladı...


Sataşan olsaydı qıza-gəlinə,
Eldə qan düşərdi, qırğın düşərdi.
Düşmən əlindədir neçə qız-gəlin,
Kişi götürərmi bu ağır dərdi?..


O yandan ucalır ana naləsi,
Dağı da, daşı da yandırır bu səs...


Nə tez yaddan çıxdı bacın, a qardaş,
Ata da unutdu - qızı hardadır?!

Nə tez quruyubdur gözlərdəki yaş,
Neçə ana-bacı axı dardadır?!..

 

Və sonra da qətiyyətlə deyir:

 

Bəsdirin, ayılın, oyansın QEYRƏT,
Əllərdə badə yox, SİLAH olmalı!

Qarabağ məğlubiyyətimiz fonunda son illərdə ölkədə baş verən mənəvi aşınmalar-
deqradasiyalar, bəzi məmur-deputat azğınlıqları, xalqa təsirsiz ötüşməyən biznesmen-
oliqarx çəkişmələri, rüşvətxorluq və s. neqativ hallar şair hiddətini, nifrətini daha da
gücləndirir:

 

Başlı kişilər də başdan olublar,
Başı olmayanlar "başqan" olublar,
Başları, ürəyi daşdan olublar,
Biz niyə yarandıq belə, İlahi?!


Adı dəyişibdir daha hörmətin,
Odur yeni adı pulun, rüşvətin,
Dinsizmi məmuru indi millətin,
Biz niyə yarandıq belə, İlahi?!


Bəlkə yetişibdir qiyamət günü,
Sən də döndərmisən bizdən üzünü?!
Nolar, uzaq salma bizdən özünü,
Qaytar bizi, adam elə, İlahi,
Ya da yandır, döndər külə, İlahi!

 

Bu, Vətən, torpaq həsrətinə-faciəsinə dözməyən şair qəlbinin yeri-göyü silkələyən
fəryadıdır: "Qaytar bizi, adam elə, İlahi, ya da yandır, döndər külə, İlahi!". Bu, əlacsızlıq
içində çırpınan bir xalq üçün sondur, son! Şair narahatlıqla düşünür ki, görəsən, Uca
Tanrı fəryadımızı eşidib, bizi nə vaxtsa adam - zəbt olunmuş torpaqlarımızı azad edə
biləcək igid, cəsur, tədbirli, qətiyyətli adam edə biləcəkmi?
 ...Süleyman Hüseynov poeziya yaradıcılığını davam etdirməklə yanaşı son illərdə
nəsr əsərləri də - bir-neçə povest və roman da yazmışdır. Onun istedad və
yaradıcılığının mühüm bir nümunəsi olan, Qarabağ mövzusuna həsr edilmiş,
gənclərimizə vətənpərvərlik ruhu aşılayan "And" romanı müəllifin böyük ədəbi uğurudur.
Təsadüfi deyil ki, həm Azərbaycan, həm də rus dilində nəşr olunmuş bu dəyərli əsərin 
ictimai-siyasi əhəmiyyətini nəzərə alan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi və maliyyə dəstəyi ilə əsər təkrarən nəşr edilib. Əsəri rus dilinə xalqımızın
ədəbiyyat və mədəniyyətinə böyük hörmət və məhəbbət bəsləyən, ölkəmizin sədaqətli,
sevimli dostu, özbəkistanlı şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü
Şaxlo Kasımova tərcümə etmişdir.
Diqqətə layiqdir ki, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan, 2005-ci
ildə "Qılınc və Qələm Beynəlxalq ədəbi mükafatına layiq görülən, poetik istedadı və
məhsuldar yaradıcılığı ilə hər zaman diqqəti cəlb edən Süleyman Hüseynovun şeirlərinə
mahnılar da bəstələnıb, audio-disklər də buraxılıb. Maraqlı həyat və yaradıcılıq yolu
olan şair haqqında “Söz karvanının sarvanı” adlı sənədli televiziya filmi də çəkilib. Şairin əsərləri rus və özbək dillərinə tərcumə olunmuş, Daşkənddə çapdan çıxmış “Müasir
Azərbaycan poeziyası antologiyası"na da daxil edilmişdir.


Kimlərlə dostluq etməyib? - Rusiya dövlətinin baş naziri ilə, kosmonavtla...


Qətiyyətlə demək olar ki, Süleyman Hüseynov həyatda nələrə nail ola bilibsə,
hamısına istedadı, bacarığı ilə yanaşı həm də yüksək insani keyfiyyətləri - hər zaman
son dərəcə səmimi olması, sadəliyi, dostluğa sədaqəti sayəsində nail olub. Vaxtilə
Azərbaycandan SSRİ Xalq Təsərrüfatı Akademiyasına oxumağa göndəriləndə (bu,
sovetlərin müəssisə rəhbərlərinin yüksək idarəçilik metodlarına yiyələnmələri üçün 2 illik
"ixtisasartırma" kursları idi)
onların qrupunda bir nəfər də olsa tanıdığı adam yox idi.
Ancaq çox keçmədən qrupun bütün "tələbələri" Süleymanın dostu olmuşdular. Onlar
hətta səhər-axşam yeməyinə oturanda belə gözləri ilə onu axtarırdılar. Baxmayaraq ki,
qrupda ermənilər də vardı və yeganə azərbaycanlı Süleyman idi, qrup nümayəndəsi
məhz o seçilmişdi. Hamı ilə xoş ünsiyyət qurmağı bacaran sumqayıtlı direktor (o vaxtkı
Yerli İstehlak Malları kombinatına başçılıq edirdi
) paralel qrupda təhsil alan, Nijni
Novqoroddan olan Sergey Kiriyenkonun da diqqətini cəlb etmişdi (çox gənc olmasına
baxmayaraq, Sergey o vaxtlar böyük bir neft-kimya Birliyinin baş direktoru idi
). Yaxşı,
nümunəvi oxuması, biliyi-savadı ilə yanaşı sadəliyi, istiqanlılığı ilə seçilməsi Süleymana
qarşı onda xüsusi rəğbət oyatmışdı. Və onlar qısa müddət ərzində dostlaşmışdılar.
Sonralar vəzifə pillələri ilə xeyli yüksələn, hətta Rusiya kimi böyük, qüdrətli bir dövlətin
baş naziri olanda da Sergey Kiriyenko heç vaxt öz dostunu unutmayıb. Onu karyera
yüksəlişlərində ilkin olaraq təbrik edənlər arasında isə hər zaman Süleyman Hüseynov
da olurdu. Şair dostunun Moskvada nəşr edilmiş kitablarının təqdimat mərasimlərində
iştirak etməyi də S.Kiriyenko həmişə özünün dostluq borcu hesab edib. Hansı mövqeyi,
hansı vəzifəni tutmasından asılı olmayaraq, Süleyman Hüseynov onun üçün daim
istəkli, sədaqətli dost olaraq qalır.
SSRİ-nin təyyarəçi-kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Yuri Malışevlə isə
Süleyman özünün qrup yoldaşı, Ukraynada müəssisə rəhbəri olan gürcü Aftandilin
sayəsində tanış olub. Belə ki, Sumqayıtdan olan tələbə dostunun Moskvaya növbəti
sessiyaya vaxtından iki gün tez gəldiyini bilən Aftandil onun orda "darıxmaması" üçün
əsl gürcü qonaqpərvərliyi ilə Xarkova - yerli aviamodelçilərin yarışına baxmağa dəvət
edib və bildirib ki, münsiflər heyətinin rəhbəri kimi məşhur kosmonavt Yuri Malışev də
ora gələcək. Aftandilin xahişini yerə salmaq istəməyərək, Süleyman onun təkidli dəvəti
ilə Xarkova yollanır. Onun vasitəçiliyi ilə kosmonavtla tanış olan Süleyman gün ərzində
o qədər rəğbət doğurur ki, Y.Malışev onu Moskvaya qayıtmağa qoymayaraq, hələ bir-iki
gün də Xarkovda qalmağı, şəhəri birgə gəzib-dolanmağı təklif edir. Süleyman
Y.Malışevin sözündən şıxa bilmir və onlar iki gün birlikdə istirahət etdikdən sonra bir
yerdə Moskvaya qayıdırlar. İki gün dərsdən qalması isə Süleyman üçün "üzrlü" hesab
edilir. Başqa cür ola da bilməzdi, axı kosmonavtla görüşmək, onunla dost kimi gəzib-
dolanmaq xoşbəxtliyi hər adama nəsib olmur (Y.Malışevlə bağlı təəssüratlarını və
fikirlərini yazıçı sonradan özünün tarixi romanı olan "And"da ətraflı qələmə alıb
).


Yubilyarı təbrik etmək üçün xüsusi olaraq Rusiyadan, Özbəkistan və
Tacikistandan da dostlar Sumqayıta təşrif buyurmuşdular

 

Çoxdan idi ki Sumqayıtda yazıçı-şair yubileyi belə təntənə ilə qeyd edilməmişdi.
Respublikanın hər yerindən - Bakıdan, Lənkərandan, Masallıdan, Yardımlıdan,
Gəncədən, Şəkidən də dostlar-tanışlar Süleyman Hüseynovu təbrikə yığışmışdılar.
Rusiyanın Kaluqa şəhərindən olan dostları isə yubiley tədbirini gözləmədən şairin ad
günü ərəfəsində Sumqayıta gəlmiş, onu ilk olaraq təbrik edib, son illər daha da
gözəlləşmiş, abadlaşmış, füsünkarlığı ilə ürək açan, fərəh doğuran kimyaçılar və
metallurqlar şəhərini, onun sahil bağlarını, bulvarını şairlə birgə doyunca gəzib-
dolandıqdan sonra geri qayıtmışdılar.
...Sumqayıtın N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən yubiley tədbiri
ənənəvi, standart formada deyil, yazıçı-publisist  Hafiz İmamnəzərlinin ssenarisi
əsasında xüsusi olaraq hazırlanan, Süleyman müəllimin ədəbi yaradıcılığının,
şəxsiyyətinin, xarakteinin bəzi məqamlarını xüsusi ştrixlərlə diqqətə çatdıran,
Azərbaycanın Əməkdar artisti İlahə Səfərovanın və aktyor Akif Mirzəyevin oynadıqları
maraqlı səhnəciklə başladı.
Sonra respublikanın Əməkdar artisti Cəlal Məmmədov şeir və musiqi fraqmentləri
ilə paralel şəkildə yubilyarın həyat yolu və yaradıcılğı haqqında maraqlı məlumatlar
çatdırdı.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
Teymur Səmədov Süleyman Hüseynovun Sumqayıtın ictimai-siyasi həyatında, şəhər
sənayesinin inkişafında xidmətlərini yüksək dəyərləndirərək, onu şəhər rəhbərliyi
adından Fəxri fərmanla təbrik etdi və ona yeni yaradıcılıq uğurları arzuladı.
Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, filologiya elmləri
doktoru, tənqidçi Vaqif Yusifli, Əməkdar jurnalist, yazıçı-publisist Eyruz Məmmədov,
Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, respublika Yazıçılar Birliyinin
nümayəndəsi şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə
Cəmaləddin
Süleyman Hüseynovun poeziyası və nəsr əsərləri barədə fikirlərini
söyləyərək, onu təbrik etmiş, yubilyara xatirə hədiyyələri bağışlamış, yeni yaradıcılıq
nailiyyətləri arzulamışlar. 
Şairin Özbəkistan və Tacikistandan olan qonaqları, Moskvanın Xalq Təsərrüfatı
Akademiyasında birgə təhsil aldıqları keçmiş tələbə dostları - Daşkənd
“Sredazsvetmetenerqo” Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetskinin,
Tacikistanın sabiq Müdafiə Sənayesi naziri, istefada olan general Qaforxon
Muxiddinovun
Süleyman Hüseynov barədə söylədikləri fikirlər və ona qiymətli
hədiyyələr - portretinin toxunduğu gözəl bir xalça, qızılı naxışlarla işlənmiş milli özbək
geyimi, tac və xəncər bağışlamaları tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla
qarşılanmışdır.
Tədbirdə Sumqayıt Dövlət  Dram  Teatrının aktyorları İlahə SəfərovaOqtay
Mehdiyev
 yazıçının Qarabağ mövzusuna həsr etdiyi “And” romanından maraq doğuran
dramatik səhnə nümayiş etdirmişlər. Respublika Aşıqlar Birliyinin üzvü Əfsanənin 
ilhamla ifa etdiyi  saz havası yubiley məclisinə xoş ovqat bəxş etmişdir. Sonra
şagirdlərin ifasında şairin şerləri, sözlərinə yazılmış mahnılar səsləndirilmişdir.
Sonda yubilyar Süleyman Hüseynov çıxış edərək, tədbirin təşkilatçılarına və bütün
iştirakçılarına, qonaqlara təşəkkürünü bildirmiş, yeni şeirlərini oxumuşdur.


Rəhman ORXAN 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !