İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi - + FOTO=18

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi keçirildi + FOTO=18

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi
müsabiqəsinin yekun sərgisi keçirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat
Festivalı çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs
Qarayev çıxış etdi.
Nazir Əbülfəs Qarayev bildirdi ki, 1973-cü ildə ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin YUNESCO
səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli
hadisəyə çevrilmişdi: “Son illərdə də şairin şəxsiyyəti, yaradıcılığı həm ölkəmizdə,
həm də beynəlxalq arenada layiq olduğu yüksək dəyəri alır, dünya ictimaiyyətinə
tanıdılır. Belə ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, YUNESCO-nun baş qərargahında
Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-
prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə Nəsimi – poeziya, incəsənət və
mənəviyyat festivalı keçirilib”.
Mədəniyyət naziri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında
2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamının və II Nəsimi - şeir,
incəsənət və mənəviyyat Festivalının böyük mütəfəkkirin irsinin dərindən
tədqiqinə şərait yaratdığını diqqətə çatdırdı. Festivalda beynəlxalq miqyasda
tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs,
teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması
ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini dedi:
“Festival çərçivəsində keçirilən Beynəlxalq xalça eskizi müsabiqəsi və Mədəniyyət
Nazirliyinin “SÖZ” layihəsinin gənc şairlər arasında elan etdiyi ən yaxşı poetik
əsər müsabiqəsi də Nəsimi poeziyası, onun fəlsəfi ideyalarının ayrı-ayrı incəsənət
növləri vasitəsilə tərənnümü baxımından əhəmiyyətlidir. Belə müsabiqələr
Nəsiminin ədəbi-mədəni irsinin öyrənilməsi ilə yanaşı, gənc istedadların üzə
çıxarılmasına, cəmiyyətə təqdim olunmasına xidmət edir”.
Sonra Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət
Nazirliyinin “SÖZ” layihəsi çərçivəsində elan edilən ən yaxşı poetik əsər
müsabiqəsinin qaliblərinə diplomlar təqdim edildi.
Beynəlxalq xalça eskizi müsabiqəsinin nəticələrinə əsasən Fatimə
Axundzadənin “Nəsim yeli” eskizi I yerə, Ruhəngiz Bağırovanın “Məndə sığar iki
cahan, mən bu cahana sığmazam” adlı işi II yerə, Sürəyya Dadaşovanın “Göz yaşı”
əsəri isə III yerə layiq görülüb. Ən yaxşı poetik əsər müsabiqəsinin qalibləri isə
Orxan Behbid, Zaur Rəxşan, Sahib Məmmədov, Gülbala Dadaş, Tərlan Sadiq,
Saleh Səbat, Adil Əkbər, Elsər Qədri, Nicat Nəsri, Səlim Nəsirli olub.
Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin
Məlikova ölkəmizdə qədim tarixə malik xalçaçılıq sənətinin hazırda daha da
inkişaf etdirildiyini, Heydər Əliyev Fondunun bu sahəyə böyük diqqət və dəstək

göstərdiyini vurğuladı. Şirin xanım Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və
Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi müsabiqəyə Azərbaycan, Fransa,
İtaliya, Hindistan, Rusiya, İran və Albaniyadan yaşı 20-dən yuxarı 35 nəfər
yaradıcı şəxsin qatıldığını dedi. Təqdim edilən 51 xalça eskizindən 3-ünün qalib
seçildiyini bildirdi: “Qeyd edim ki, I və II yerin sahibləri münsiflər heyəti
tərəfindən müəyyənləşib. III yerə layiq görülən əsər isə muzeyin facebook
səhifəsində açıq səsvermə nəticəsində, münsiflər heyətinin həmin yerə layiq
gördüyü 7 eskiz arasından seçilib. Hər üç qalib Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının tələbələridir”.
Ş.Məlikova çıxışının sonunda təşkilatçılara, müsabiqə iştirakçılarına və
sərgiyə gələnlərə minnətdarlıq etdi.
Qeyd edək ki, Beynəlxalq xalça eskizi müsabiqəsinin münsiflər heyətində
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Heydər
Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Emin Məmmədov,
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin
sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nəsimi – şeir,
incəsənət və mənəviyyat Festivalının koordinatoru, YUNESKO-nun qeyri-maddi
mədəni irsin qorunması sahəsində milli eksperti, Əməkdar mədəniyyət işçisi
Cahangir Səlimxanov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti,
Xalq rəssamı Eldar Mikayılzadə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
dosenti, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov təmsil olunub.
Sərgidə müsabiqədə qalib olan eskizlər əsasında Azərbaycan Milli Xalça
Muzeyinin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu xalçalar tədbir
iştirakçılarının önündə kəsildi, adət-ənənəyə uyğun şəkildə təqdim edildi. Həmin
xalçaların toxunma prosesini əks etdirən video-çarx nümayiş olundu. Tədbirdə,
eyni zamanda, müsabiqəyə təqdim olunmuş eskizlər, Xalq rəssamı Eldar
Mikayılzadənin 650 illik yubiley münasibətilə İmadəddin Nəsiminin yaşadığı
dövrün tarixini, mədəniyyətini, ənənələrini və s. öyrənərək, etnoqrafik detalları
nəzərə alaraq yaratdığı “Nəsimi” xalçası sərgiləndi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !