Bu sahəyə ayrılan vəsait havaya sovrulur - - Aynur Camal yazır...

Bu sahəyə ayrılan vəsait havaya sovrulur - Aynur Camal yazır...

Bir media orqanının başsağlığı elanlarını biznes gəlirinə çevirməsi təbii ki, həm ağlamalı, həm də gülməlidir. Media ölülərdən yox, dirilərdən qazanmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı son günlər rəsmi qəzetlərdə başsağlığı elanlarının verilməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib. O, başsağlığı elanlarının rəsmi dövlət qəzetlərini “zəbt etməsi”nin absurd olduğunu bildirib:

“Deputat Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov arasında media üzərində gedən müzakirələri yaxından izləyirəm. Düzü, S.Novruzovun fikirləri ilə tam razıyam. Çünki bir media orqanının gəlir mənbəyi başsağlıqlarından formalaşa bilməz. Ümumiyyətlə, bir media orqanının, belə demək mümkünsə, başsağlığı “biznesi”ni öz monopoliyasına çevirməsinə çox pis baxıram. Hər kəs bilir ki, Azərbaycanda xeyli sayda müstəqil və dövlət qəzetləri fəaliyyət göstərir. Amma maraqlıdır ki, onların içərisindən daha çox “Azərbaycan” qəzeti bu sahədə “aktiv”dir. İnsanlar daha çox maraqlıdır ki, onların başsağlığı elanı məhz bu qəzetlərdə çıxsın. Fikrimcə, bu, sanki bir “monopoliya siyasəti”dir.

Əgər kimsə başqasının dərdinə şərik olmaq, kədərini bölüşmək istəyirsə, niyə onun başsağlığı elanı, məsələn, “Yeni Müsavat” qəzetində yox, məhz “Azərbaycan” qəzetində çıxmalıdır? Məcburi abunələri çıxsaq, rəsmi qəzetlər demək olar ki, müvazinətini saxlaya bilməyəcək durumdadır. Sırf dövlət orqanlarında çalışan insanlara məcburi şəkildə abunə yazdırmaqla həmin qəzetlərin mövcudiyyəti saxlanılır”.

A.Camalqızı dövlət qəzetləri ilə bağlı media siyasətinin dəyişdirilməsinin vacib olduğunu söyləyib:

“Hörmətli Siyavuş Novruzov “Azərbaycan” qəzetinin başsağlığı biznesini müzakirəyə çıxardı, amma düşünürəm ki, bu məsələyə kompleks yanaşmaq lazımdır.

Çap mediasının oxunmadığı bir şəraitdə dövlət büdcəsini bu qədər yükləyib, rəsmi qəzetləri saxlamağa doğrudan da ehtiyac varmı?

Düzdür, Bəxtiyar Sadıqov deyir ki, onlar dövlətdən maliyyələşmirlər, amma Siyavuş Novruzov rəsmi qəzetlərin çap və digər əsas xərclərinin dövlət tərəfindən ödənildiyini bildirdi. S.Novruzovun dediyi kimi, əgər onların çap xərcləri pulsuzdursa, yerləşdikləri ofisə görə heç bir ödəniş edilmirsə, üstəlik, oxucuları da məcburi abunə yolu ilə formalaşdırılırsa, deməli, rəsmi qəzetlərə dövlət dəstək verir. Dövlət hansısa formada rəsmi qəzetlərin mövcudluğunu saxlamasına, fəaliyyət göstərməsinə dəstək verir. Heç kəsin oxumadığı qəzeti saxlamağa, yaşatmağa nə gərək var?

Mən əslində konkret “Azərbaycan” qəzetini yox, bütün dövlət qəzetlərini nəzərdə tuturam. Biz dəfələrlə bunu müzakirəyə çıxarmışıq. Bu gün ölkədə gündəlik ictimai-siyasi qəzetlərlə yanaşı, həm də hər bir dövlət qurumunun ayrıca qəzeti, saytı, hətta jurnalı var. Məsələn, elə nazirlik var ki, onun 3 mətbu orqanı fəaliyyət göstərir. Bu rəsmi qəzet və jurnalların saxlanılması və fəaliyyəti üçün büdcədən külli miqdarda maliyyə vəsaiti ayrılır. Təsəvvür edin ki, sonra da bu qəzetlər makulatura şəklində hansısa zibilliklərə atılır və yaxud alma yeşiklərinin altına yığılmaq üçün istifadə edilir. İnsanların vergisindən formalaşan pul, dövlətin büdcəsindən ayrılan maliyyə sanki havaya sovrulur. Bu baxımdan düşünürəm ki, dövlətin media dəstəyi daha səmərəli istiqamətə yönəlməli, ölkəmizin milli maraqlarının qorunması və təbliğini ölkə sərhədlərindən kənarda da aparmaq qabiliyyəti olan, geniş oxucu auditoriyasına malik və müasir, onlayn mediaya yönəlməlidir”.

Əməkdar jurnalist müasir medianın hər ötən gün yeniləndiyini xatırladaraq, onlayn medianın müxtəlif texniki avadanlıqlarla təmin edilməsinin vacibliyini vurğulayıb:

“Media hər gün inkişaf edir, dəyişir. Biz hələ də sovet dövründən qalma qaydalarla media siyasəti apara bilmərik. Dünyada media siyasəti dəyişir və biz də onunla ayaqlaşmağı bacarmalıyıq. Biz yeni media tələbləri səviyyəsində milli maraqlarımızı qorumasaq, antiazərbaycan və erməniyönlü donor qrupların təzyiqlərini, bu sahədə “işğallarını” müşahidə edə bilərik. Artıq bütün dünya internet üzərindən idarə olunur.

Azərbaycan mediası müəyyən qədər Feysbuk sosial şəbəkəsi ilə vəhdətdə çalışsa da, digər sosial şəbəkələrdə, xüsusilə də Yutubda çox ciddi şəkildə uduzuruq. Yutubda arxasında bəlli qurumlar dayanın “tək bir şəxs”in əldə etdiyi auditoriyaya baxanda heyrətlənməyə bilmirsən. YAP İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu məsələni haqlı olaraq və tam məqamında qaldırdı ki, bu şəxslər ayda yalnız səhifəsinin reklamına 5-15 min avro arasında pul xərcləyirlər. Nəticə isə göz qabağındadır.

Bizim bu sahədə müzakirələrə çox ciddi ehtiyacımız var. Fikrimcə, Mətbuat Şurası bu məsələdə prosesin doğru yönə istiqamətlənməsi üçün böyük işlər görə bilər. KİVDF-nin mediaya dəstək olmaq imkanları böyükdür. KİVDF təbii ki, medianın inkişafı üçün müəyyən addımlar atır. Düşünürəm ki, artıq istiqaməti mövcud tələblər istiqamətinə - onlayn mediaya yönləndirmək lazımdır.

Yutub sosial şəbəkəsində geri qalmağımızın əsas səbəbi odur ki, Azərbaycanda fəaliyyət göstərən, ictimai rəyə müəyyən təsir gücü olan media orqanlarının böyük əksəriyyətinin əlində Yutub üçün lazım olan avadanlıqlar yoxdur. KİVDF bu media orqanlarını lazımi avadanlıqlarla təmin etmək üçün müəyyən müsabiqələr keçirə bilər”.

A.Camalqızı sözügedən problemlərin həllində dövlət qurumlarının da maraqlı olmasının əhəmiyyət kəsb etdiyini söyləyib:

“Sadəcə, buna bir maraq olmalıdır ki, biz bu barədə təkliflərimizi media üzərindən və ya dəyirmi masalarda, tədbirlərdə çatdıra bilək.

Bu baxımdan hazırkı müzakirənin iki millət vəkili və ya bir rəsmi qəzetin başsağlığı siyasəti üzərindən daha geniş müstəviyə çıxarılmasının tərəfdarıyam. Ölkənin bir rəsmi qəzetinin olması əlbəttə ki, vacibdir, bu qəzet də gündəlik rəsmi və ümdə xəbərlərin arxivləşdirilməsi prosesini həyata keçirməlidir - reklam, biznes marağından uzaq. Nazirliklərin real tirajı 100-ə çatmayan və yalnız nazirliyin öz içindəki işçilərinin masası üstünə qoyulan nəşrlərindən, çoxsaylı rəsmi qəzetlərdən yaxa qurtarmaq lazımdır.

Əsas diqqət isə yeni və inkişaf edən, dünyanın hər bir yerindən əlçatan olan yeni mediaya ayrılmalı, onların maddi-texniki bazası gücləndirilməli, xarici dillərdə yayım imkanları genişləndirilməli, sosial şəbəkələrdə təbliğat üstünlüyünü ələ keçirməsinə yönəldilməlidir”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !