Sumqayıt Teatrı "Solğun çiçəklər"i yenidən dirçəltdi - + FOTO=10

Sumqayıt Teatrı "Solğun çiçəklər"i yenidən dirçəltdi + FOTO=10

Cəfər Cabbarlı - 120
Sumqayıt - 70

 

Sumqayıt Teatrı "Solğun çiçəklər"i solmağa qoymadı


Dahi sənətkar özü bu tamaşanı görsəydi, bəyənərdimi?..


H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 51-ci Teatr
mövsümünü böyük dramaturq Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi
əsasında hazırlanmış tamaşa ilə açmışdır. Görkəmli sənətkarın 120 illik yubileyi
münasibətilə səhnələşdirilmiş əsər tamaşaçılara istedadlı teatr və kino rejissoru
Elşən Zeynallının yeni quruluşunda təqdim edilmişdir.


...Son dövrlərin saysız-hesabsız, dəyərli-dəyərsiz müxtəlif macəra film və serialları
kino-televiziya ekranlarını büsbütün zəbt edənə qədər dünyanın bir-çox teatrlarının və
kinostudiyalarının nəinki aparıcı akytorları, hətta özünün istedadını, yaradıcı potensialını
az-çox dəyərincə qiymətləndirən gənc aktyorlar belə zaman-zaman dünya
dramaturgiyasının korifeyləri olan V.Şekspirin, V.Hüqonun, B.Brextin, Nazim Hikmətin
və digər məşhur dramaturqların pyes qəhrəmanlarının obrazlarını yaratmaq arzusu ilə
yaşayıblar. Xüsusilə özlərini Hamlet, Otello, Qaliley və s. rollarda təsəvvür edənlər hər
zaman olub.
Respublikamızın teatrlarında həmin rollarla yanaşı Azərbaycan dramaturgiyasının
görkəmli nümayəndələri Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Hüseyn Cavidin
"İblis", "Seyx Sənan", Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", Səməd
Vurğunun "Vaqif", Şıxəli Qurbanovun "Sənsiz" tamaşalarında baş rolları oynamaq
istəyənlər, buna nail olanlar və olmayanlar - uzun illər özlərini o qəhrəman obrazlarda
təsəvvür edənlər az olmayıb.
Bəlkə də həmin möhtəşəm əsərlərin "ağırlığından", siqlətindəndir (bəzən də bu və
ya digər teatrda baş rolları oynaya biləcək aktyorların olmamasındandır) ki, teatrlar
həmin pyeslərə son dövrlərdə çox az hallarda, gec-gec müraciət edirlər. Bir də ki həmin
əsərlərin müasir tamaşaçı üçün uğurlu yozumuna (traktovkasına), yüksək səviyyədə
təqdimatına nail ola bilməmək narahatlığı - "qorxusu" da teatr kollektivlərini çox zaman
həmin əsərləri repertuara daxil etməkdən ehtiyatlandırır, çəkindirir.
Bu baxımdan çox təqirəlayiqdir ki, C.Cabbarlının "Solğun çiçəklər"ini ilk dəfə ötən
əyyamın 70-ci illərində səhnələşdirmiş H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
45 ildən sonra bir ağırlıq qaldıran (ştanqist) kimi bu "ağırlığı" yenidən qaldırmağa, öz
keçmiş "rekordunu"təzələməyə çalışmışdır...
Düzü, yarandığı ilk gündən - 1969-cu ildən tamaşaçısı olduğum, böyük bir sənət
məbədi hesab etdiyim doğma Teatrın "Solğun çiçəklər"inə baxmazdan əvvəl mənim bir
qədər narahatlığım vardı. Axı, 50 il əvvəlki və bugünkü tamaşaçıların elə 50 il qədər də
fərqləri var - dünya da, zövqlər, duyğular, hisslər də dəyişib, hətta məhəbbətin çalarları
da başqa rəng, başqa ahəng alıb. Əsl, romantik məhəbbətə baxışlar da, münasibətlər
də dəyişib. Düşünürdüm ki, səmimiyyətə inamın azaldığı, hər addımda, hər bir
hərəkətdə adamlar arasında şübhə toxumlarının artdığı bir zamanın bugünkü boz-bulanıq aynasından baxan bugünün, XXI əsr azərbaycanlı tamaşaçısının "Solğun
çiçəklər"ə münasibəti necə olacaq?
Ancaq tamaşadan bir gün əvvəl pyesi yenidən, təkrar oxuyaraq, C.Cabbarlının 100 il
əvvəl qələmə aldığı "pul və məhəbbət" ("məhəbbət və var-dövlət") mövzusunun, təəssüf
ki, elə bu gün üçün də çox aktual olduğunu bütün acıları-ağrıları ilə anladım. Məhəbbətə
dönüklük, vaxtilə ölkədə nadir hallarda rast gəlinən boşanmaların, dağılan ailələrin
çoxalması, var-dövlət üstündə çəkişmələr (hətta yüksək vəzifə adamları, bəzi təsadüfi
deputatlar arasında), qısqanclıq üzündən, xainlikdən, xudpəsəndlikdən tökülən nahaq
qanlar buna sübut deyilmi? Buna görə də inanmalı oldum ki, "Solğun çiçəklər" bugünün
tamaşaçısı üçün əsla maraqsız olmayacaq. Və həqiqətdə elə də oldu...
Quruluşçu rejissor tamaşanı diqqəti ilk baxışda çəkən və hətta çəkməyən, tamaşaçı
ilə "danışan" və susan dekorasiyalardan tutmuş aktyorların hər kiçik hərəkətinə,
tərpənişinə, hər jesti-mizanına qədər hər şeyi elə dəqiqliklə "ölçüb-biçmişdi" ki,
zaldakılar artıq ilk dəqiqələrdən sanki tamaşaçılqdan bilmərrə çıxaraq, səhnədə baş
verən hadisələrin bilavasitə iştirakçılarına çevrilməli olmuşdular.
Tamaşa başlayarkən əsərin qəhrəmanlarının müasir, şən musiqi sədaları altında
müasir geyimdə oynamaları - "atılıb-düşmələri" sanki tamaşaçıları bir qədər sonra
görəcəkləri acınacaqlı, qüssə doğuran, ürək ağrıdan səhnələrə dözə bilmək üçün
psixoloji "peyvənd", "gözlənilməz" hadisələrə, faciələrə hazırlıq proseduru xarakteri
daşıyırdı. Və iri ölçülü, gözəl ornamentli üç "foto-çərçivədən" Sara və Bəhramın şən
rəqsini divardakı iri portretlərdə imiş kimi, yerlərində donmuş halda seyr edən tamaşa
qəhrəmanlarının - varlı Hacının və onun səhvə yol verərək, vəfalı ömür-gün yoldaşının
ölümündən sonra öz malikanəsinə arvadı, ev xanımı kimi gətirib saldığı hiyləgər qadın
Gülnisənin və onun özündən geri qalmayan qızı Pərinin foto-çərçivə içindən sakit-məlul
baxması ilə rejissor sanki məşhur bir deyimi - "dünya bir pəncərədir, hər gələn baxar
gedər" kimi müdrik, fəlsəfi bir fikri bir daha tamaşaçının yadına salır, xüsusi olaraq
diqqətinə çatdırır (bu, rejissorun çox gözəl, yerinə düşən mühüm bir "ştrix"idir!).
Elə ilk pərdədə rejissor işinin, əsərə yaradıcı müdaxiləsinin daha bir uğurlu təzahürü
kimi C.Cabbarlı tərəfindən obrazının pyesə daxil edilmədiyi, ancaq ölümünün hər an
xatırlandığı, unudulmadığı Hacını "dirildərək", onu səhnəyə rəğbət doğuran bir obraz
("əlavə", altıncı obraz) kimi çıxarması olduqca təqdirəlayiqdir. Haqqında yalnız qızı
Saranın, qardaşı oğlu Bəhramın və ailəyə çox sadiq olan qulluqçu Əbdül kişinin
sevərək, zəhərləndirilib öldürülməsinə görə yanğı ilə, "keçmiş zamanda" xatırladıqları,
xeyirxahlıqları ilə el-obanın dərin hörmətini qazanmış Hacının (bu sözsüz-danışıqsız
rolu tanınmış, təcrübəli aktyor İlqar İbrahimov çox gözəl oynayır), səhnəyə nurani bir
görkəmdə gətirilərək, ziyafət zamanı camaat arasında qəfil ölməsi tamaşanın təsir
gücünü daha da artırır. Pyesdə olmayan belə bir epizodun tamaşaya çox düzgün olaraq
daxil edilməsi rejissor Elşən Zeynallının yeni, maraqlı tapıntısı, çox böyük bir yaradıcılıq
uğurudur (deməli, bəzi rejissorların "orijinallıq" xatirinə əsərə etdikləri uğursuz, özünü
doğrultmayan əlavələrə, yersiz "abstraktlığa", səhnə "əllaməliklərinə" yol vermədən də
tamaşanı daha uyarlı, dəyərli və təsirli edə bilən variantlar tapmaq mümkündür).
Bəli, 104 il əvvəl 16 yaşlı gənc dramaturq C.Cabbarlı "Vəfalı Səriyyə"dən sonra
yazıb başa çatdırdığı "Solğun çiçəklər"də bir personaj kimi Hacının obrazını yaratmayıb,onu bilavasitə əsərə daxil etməyib. Ancaq Hacı daim bütün baş verən hadisələrin arxa
planında tam olaraq aydın görünür. Dramaturq digər obrazların - mərhumun qızı
Saranın, qardaşı oğlu Bəhramın və qulluqçu Əbdül kişinin onunla bağlı xatirələri,
düşüncələri ilə oxucuda, tamaşaçıda Hacının xəyali, müsbət surətini təqdim edə bilib.
Düşünmək də olar ki, o nurani, xeyirxah adamın obrazını birbaşa əsərə daxil etməməklə
C.Cabbarlı gələcək rejissorlara yaradıcılıq üçün geniş bir diapazon qoyub, meydan,
şans verib. Və çox yaxşı ki, gənc quruluşçu rejissor Elşən Zeynallı bu şansdan
məharətlə, bacarıqla istifadə edə bilib. Həqiqətən, Hacının öz evindəki böyük bir
ziyafətdə iştirakı və qəfil, gözlənilməz ölümü hətta bir qədər soyuqqanlı tamaşaçıda belə
şok effekti yaradır.
Böyük dramaturq dünyanın indiki bəzi dahilik iddiasında olan müəllifləri kimi
anlaşılmaz ölümün sirrini bilərəkdən "yeddi qapı arxasında", əsərin "dərinliyində"
gizlətməyərək, tamaşaçını intizarda, həyəcanda saxlamayıb. Hacının ağıllı və gözəl,
lakin qəlbinin saflığından sadəlövh olan qızı Sara (aktrisa Şəhla Məmmədova)
kimdənsə şübhələnməsə də, Bəhram (respublikanın Əməkdar artisti Cəlal Məmmədov)
elə ilk gündən əmisinin müəmmalı ölümünün səbəbkarını səhv etmədən müəyyən edə
bilir. Zövcəsinin vəfatından sonra Hacıya var-dövlətinə görə ərə gələn (o vaxtlar belələri
çox az olsalar da, indi - bügünümüzdə onlar cəmiyyətdə az deyillər və "at oynadırlar")
Gülnisə (respublikanın Əməkdar artisti Sədaqət Nuriyeva) irəlicədən hiyləgər plan
quraraq, ərini zəhərləyib öldürdükdən sonra onun banklardakı bütün pullarını, mülklərini-
varidatını ələ keçirmək, bu məqsədlə Saranın bütün varlığı ilə sevdiyi əmisi oğlu
Bəhramı da öz tərəfinə çəkmək üçün daha bir hiylə qurur və onu Hacının ona çatacaq
var-dövlətinə, ən əsası isə Bəhramı Saradan ayırıb, öz qızı Pəriyə (gənc aktrisa İlahə
Səfərova) şirnikdirir.
İlk baxışdan tamaşa adi məişət məsələsinin səhnələşdirilməsi təsiri bağışlasa da,
Saranın sevgi uğursuzluğu, məhəbbət çarpışmaları başlayandan tamaşanın
sonunadək, Bəhramın var-dövlət nəşəsindən ayıldıqdan sonra, hətta qulluqçu Əbdül
kişinin bütün səhnə boyu çəkdikləri iztirablar, sarsıntılar əsəri adilikdən çıxararaq, onu
ədəbi kulminasiya zirvəsinə qaldırır.
Aktyorların hər birinin oyunu o dərəcədə mükəmməldir ki, tamaşaçı özünü
unudaraq, səhnədə baş verənlərin axınına düşür və ordan necə çıxacağı onu bəlkə də
heç narahat etmir. İlk səhnələrdə Bəhram və Saranın saf, çılğın məhəbbətinin,
sentimental xəyal və düşüncələrinin xoş təsiri altına düşən tamaşaçı çox keçmədən
gərgin, həyəcanlı anlar yaşamalı olur. Böyük, ülvi məhəbbətin "orbitindən" çıxaraq,
başqa bir "orbitə" keçilməsi anlarını tərəddüdlə yaşayan Bəhrama bunun asanlıqla başa
gəlmədiyini istedadlı aktyor Cəlal Məmmədov böyük ustalıqla, daxili çarpıntları ilə
çatdıra bilir. Buna görə də onun "məhəbbət keçidi"nin çətin olduğu az-çox başa
düşülsə də, ilk eşqinə, həm də Saranın şəxsində əmisinin xatirəsinə dönüklüyü nifrət
doğurur. Aktyor bir məhəbbət "səngərindən" digərinə keçidi məharətlə bacarsa da, belə
bir xəyanət bağışlanıla bilən deyil.
Bir müddət əvvəl qəlblərində eyni məhəbbəti yaşatmış, ayrılığı heç cür təsəvvürünə
belə gətirməyən iki gəncdən birinin - Saranın sarsıntı və iztirabları Bəhramdan fərqli
olaraq daha böyükdür. Bəhram çox sevdiyi əmisi qızına xəyanət edərək, yeni həyata başlasa da, Hacının bütün varidatı əlinə keçib keyf içində yaşasa da, Saranın öz atasını,onun var-dövlətini itirmək azmış kimi, Bəhramı da - həm doğma əmisi oğlunu, həm də
onun şəxsində sevgilisini itirməsi onun dərd və iztirablarını daha da dözülməz edir. O
dərəcədə dözülməz ki, tamaşaçılar onu az qala öz əzizi, doğması sanaraq, onunla
birlikdə sarsılır, onunla birlikdə kövrəlməli, ağlamalı olurlar (etiraf edim ki, tamaşaya
baxarkən və indi bu sətirləri yazarkən mən də bu halı keçirməli olmuşam).
"Ocaq" və "Zülmətdə nur" tamaşalarından daha yaxşı tanıyıb, istedadını yüksək
dəyərləndirdiyim gənc aktrisa Şəhla Məmmədova öz qəhrəmanının obrazını elə
həssaslıqla, psixoloji telləri tarıma çəkməklə elə bacarıqla yaradır ki, inanmaq olmur ki,
o, tamaşadan sonra özünə gələ bilsin. Hər halda tamaşaçı səhnədə Şəhlanı yox, sevən
və iztirablar çəkən Saranı görür, onun bəxtsiz taleyinə acıyır, qəlbən onun halına yanır.
Sənətini çox sevdiyim, Şükriyyə (Əhməd Cavadın xanımı) rolunda əllərini öpəcək
dərəcədə valeh olduğum istedadlı aktrisa, respublikanın Əməkdar artisti Sədaqət
Nuriyeva qəddar, xəyanətkar, hiyləgər Gülnisə arvad (özüm qəsdən "xanım"demirəm,
eləsinə "xanım" demək günahdır) rolunu elə nifrət doğuracaq tərzdə oynadı ki, ondan
tamam "incidim". Hətta cəsarət edib dahi dramaturqumuza ürəyimdə irad tutdum ki, o
rola niyə Gülnisə adı verib? (Qoy o böyük ustadın ruhu məni bağışlasın). Gərək onun
adını xarakterinə daha uyğun olan, "şər"lə başlayan Şərəbanı qoyaydı. Ancaq bütün
hallarda aydındır ki, əgər mənfi rolu oynayan aktyor tamaşaçı nifrətini qazana bilibsə,
deməli, zəhməti hədər getməyib, rolun öhdəsindən bacarıqla gəlib. Odur ki, bu rol nə
qədər xoşagələn olmasa da, Sədaqət xanımın növbəti uğuru sayılmalıdır.
Gülnisənin qızı Pəri rolunu oynayan digər gənc aktrisa - İlahə Səfərova da
tamaşanın uğurlu alınması üçün istedadını maksimum səfərbər etməyi bacarıb.
Anasının hiyləsinə, fitvasına uyub, bacılığının səadətini, sevincini əlindən alan Pərinin
son ana kimi öz günahını başa düşmək istəməməsini, Saraya açıq-açığına xəyanət
etməsini gənc aktrisa inandırıcı oynayır və bununla da tamaşaçıda o qədər qəzəb və
hiddət doğurur ki, hətta Bəhram son məqamda öz bağışlanmaz səhvini başa düşərək,
onu boğanda tamaşa zalında "öldür onu, öldür o zalım qızını!" sədaları eşidilir. Bu isə,
əlbəttə, bir aktrisa kimi İlahənin uğurudur və onu sevindirməyə bilməz.
Tamaşada Hacının sədaqətli qulluqçusu olan Əbdül kişinin rolunu canlandıran
Əməkdar artist İzaməddin Bağırov haqqında fikrimi xüsusi olaraq, ayrıca bildirmək
istərdim. Onun oynadığı tamaşaları, rollarını bütünlüklə olmasa da, əksəriyyətini
görmüşəm. Və inamla deyərdim ki, Əbdül kişinin rolu təcrübəli aktyor İzaməddin
müəllimin ən mükəmməl, ən gözəl rollarından biri, bəlkə də başlıcasıdır. Doğrudur, o, bir
qulluqçu kimi tamaşada əsas fiqur olmasa da, İzaməddin Bağırov öz yüksək istedadı və
bacarığı ilə o qayğıkeş, qəlbi kövrək adamı nəinki tamaşaçılara sevdirməyə nail olub,
hətta onu əsərin baş qəhrəmanı səviyyəsinə qaldıra bilib. Saranın əzab və iztirablar
çəkdiyi son günlərdə xəyanət qurbanı olan o xəstə, əlacsız, köməksiz olan qıza Əbdül
kişinin göstərdiyi qayğı və nəvaziş, onu öz doğma balası kimi qucağına alıb, göz
yaşlarını saxlaya bilməyərək, çarpayıya qoyması və digər səhnələr o qədər təsirlidir ki,
tamaşaçıların da bir çoxu elə Əbdül kişinin məhzun, kədərli görkəminə baxaraq
kövrəlirdilər. Tamaşanın sonunda xətrini çox istədiyi, müalicəsi üçün Gülnisə, Bəhram və Pəridən
pul ala bilmədiyi Saranın dünyadan heç bir kam almadan köçməsinə - əzablı ölümünə
dözməyib, Əbdül kişinin kəndir götürərək, özünü asmaq üçün evin damına qalxmasına
da sarsıntı keçirmədən, kövrəlmədən baxmaq olmur.
Qeyd etmək lazımdır ki, sonrakı günlərdə tamaşanı Elay Xasiyev, Aynur
Hümmətova, Sevda Hüseynova, Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar
Rüstəmovdan ibarət digər aktyor heyəti də çox gözəl oynamışdır.
Diqqətəlayiqdir ki, quruluşçu rejissorla sıx yaradıcılıq şəraitində çalışmış rəssamlar
Elşən Sərxanoğlu və Şahin Hüseynlinin səhnə tərtibatı işləri də, onların eskizləri
əsasında texniki əməkdaşların ərsəyə gətirdikləri dekorasiyalar, xüsusilə də Hacının
ikimərtəbəli mülkünün fasad və arxa tərəfinin zəngin, baxımlı şəkildə, milli memarlıq
üslubunda işlənməsi də nəzəri xüsusi olaraq cəlb edir. Böyük uğurla keçən tamaşanın
Musiqi tərtibatçısı isə İradə Muradovadır.
Bəli, tamaşa bütövlükdə çox maraqlı alınıb. Bu, başda Teatrın direktoru Mübariz
Həmidov və baş rejissor Firudin Məhərrəmov olmaqla bütün yaradıcı və texniki heyətin
böyük uğurudur.
Bəs, görəsən, Cəfər Cabbarlının özü bu tamaşanı görsəydi, bəyənərdimi?
Çox güman ki, bəyənərdi!..

 

Rəhman ORXAN,
Respublikanın Əməkdar jurnalisti. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !