Mədəni adam yaltaqlıq etməz - - Kamran Nəzirli yazır +FOTO=4

Mədəni adam yaltaqlıq etməz - Kamran Nəzirli yazır +FOTO=4

Yazıçının qeydləri


 Amma mədəni Avropanın lap göbəyində çexiyalı heykəltəraş David
Çernı dünyada ilk olaraq yaltaqlığa heykəl qoyub və bu qeyri-adi
heykəltəraşlıq nümunəsi Praqada müasir sənət Mərkəzində - Future
qalereyasındadır. Mən “Yaltaqlığa Abidə” adlanan bu heykəli keçmiş
həyatın qarışıq və ziddiyyətli ruhunu müəyyən mənada bərpa edərək
qoruyub saxlamağa çalışan qalereyanın həyətində görmüşəm. Heykəli
görmək üçün bilet almaq lazım deyil, sadəcə qalereyanın həyətinə girsən,
şərqi avropalının yaratdığı nəhəng fiqurlara baxıb heyrətlənəcəksən.

 

Bəs 2003-cü ildə heykəltəraşın dünya tamaşaçısına təqdim etdiyi unikal abidənin əsas
fəlsəfəsi və mənası nədən ibarətdir? Nə üçün mədəni avropalının yuxusuna qəflətən hər biri beş metr
hündrlükdə olan iki çılpaq kişinin ağ fiqurlarından ibarət “abidə” girib və sonra... onu
gerçəkləşdirib? Bir qədər müəmma doğuran suallara cavab verməyə çalışacağam. Hələ görək bu
fiqurların əlləri niyə beton divarlara söykənib? Kişi fiqurlar 90 dərəcə yerə əyilib, çılpaq şəkildə
dallarını dünyaya göstərir, bədənlərinin arxa nahiyyəsindəki xoşagəlməz dəliklərini ədəbsizcəsinə
nümayiş etdirirlər. Heykəltəraş simasız dünyaya yaltaqlığın mahiyyətini və fəlsəfəsini bu cür
təxribat xarakterli formada çatdırır, birbaşa demək istəyir ki, insanlar arasında münasibətlərdə
yaltaqlıq bu cür görünür. Heykəllərin başı yoxdur, bu da, yumşaq desək, ona işarə edir ki, yaltaq və
kölə xislətli adamların başı olmur – həm onlar, həm də onların təsir dairəsinə düşənlər abdal və
ağıldan kəm adamlardır. Məgər mədəni və qoca Avropada belə şeylər olur? Özümü əziyyətə
salmadan deyim: suala ta qədimdən ataların hazır cavabı var - od olmasa tüstü çıxmaz. Maraqlıdır
ki, kişi fiqurlarında təkcə “baş və beyin” yox, həm də sifətlər görünmür. İlk baxışdan adama elə gəlir
ki, məntiqlidir – baş yoxdursa, sifət də olmaz! Lakin burda heykəltəraş daha bir incə istehzalı hökm
verir: yaltaq adamın siması olmur, o, sifətini də itirir, özünü bir şəxsiyyət kimi məhv edir!


David Çernı bu əsəri ilə yaltaqlığın necə göründüyünü dünyaya söyləyib. Bilmirəm, estetik
baxımdan buna sənət nümunəsi demək olarmı? Hər halda, belə bir unikal eybəcərlik insanın insanla
münasibətlərində yalnız bir qəbahətin (təkcə bir qəbahətinmi?) “heykəlləşən” halının formasıdır. Bu
hal nə qədər heyrət doğursa da, tamaşaçıda müharibə qurbanlarına, mənəvi və əxlaqi dəyərlərə,
bəşəriyyətə estetik gözəlliklər və faydalı kəşflər bəxş etmiş insanlara, sevgiyə, ümidə, arzuya,


etiqada, mərhəmətə və s. bu kimi fəzilətlərə qoyulmuş abidələrdən aldığımız zərif təəssüratlar
oyatmır. Əksinə, ürək bulandırır, iyrənclik yaradır. Bu hələ cansız fiqurların doğurduğu ikrah
duyğularıdır. Mən bir anlıq “Yaltaqlığa Abidə”ni qoyuram qırağa, gerçək həyatımıza, ətrafımıza
baxıram. Məgər biz hər gün onları – yaltaq və yarınan adamların və onların təsiri altında
məmnunluqla xumarlanan idarə, müəssisə, təşkilat və şirkət rəhbərlərinin canlı simasını
görmürükmü?


Bu gün dünyada hər sahədə sürətli dəyişmələr gedir, o cümlədən, bizim vaxtilə “yaxşı” və
“pis” sandığımız mənəvi-əxlaqi dəyərlərin rəngi, məzmunu və forması da dəyişir. Tarixən hansısa
məqsədə çatmaq üçün yaltaqlıq etmək, boyun əymək, özünü alçaltmaq və s. bu kimi xüsusiyyətlər
qəbahət sayılıb, insanı miskin və kölə halına vadar edən ictimai mühit və şərait qınanıb. Alimlər,
filosoflar, yazıçılar, sərkərdələr, dövlət xadimləri, ümumiyyətlə, dinlər, müqəddəs Kitablar, irqlərin,
cinslərin, millətlərin, dövlətlərin və xalqların üzdə olan simaları insana yaraşmayan, zərərverici və
ikrah doğuran qəbahətlərə pis baxıblar. Bunlar haqqında nə qədər desən məsəllər, rəvayətlər,
nağıllar, dastanlar, müdrik kəlam və ifadələr var. Nəzəri-elmi araşdırmalar, tövsiyyə və məsləhət
xarakterli, ədəbi-bədii, tarixi əsərlər, kitablar, filmlər, rəsmlər, sənət nümunələri yetərincədir. Amma
bütün bunların sanki faydası olmur, yenə görürsən ki, insan münasibətləri arasında xoşagəlməz və
mənfur hallar baş verir, o cümlədən yaltaqlıq halları da. Nə üçün? Məgər mədəni davranışa qətiyyən
yaraşmayan yaltaqlıq və yarınma insanın qanındadır? Bəlkə insan genetik, ya da anadangəlmə elə
qəbahətlərlə doğulur? Bəri başdan deyim ki, elm də, din də buna qətiyyətlə “yox!” deyir. Həyat və
gerçək təcrübələr isə başqa şeylərdən danışır.


Yaltaqlıq hər şeydən əvvəl etik davranış məsələsidir. İnsanlar arasındakı rəftar və etik
davranış tarixi xarakterlidir, nəticə etibarı ilə cəmiyyətin maddi həyat şəraitinin məhsuludur. Məlum
məsələdir ki, hər bir dövrdə müəyyən mərhələdə cəmiyyətlər öz fərdlərinə bəlli əxlaq normaları,
əxlaq prinsipləri, davranış qaydaları diktə edir. İnsanlar bu və ya digər şəkildə normalara əməl
etməyə borcludurlar, həm də axı buna məsuliyyət daşıyırlar. Etik normalara düzgün və ya qeyri-
düzgün əməl etməkdən çox şey asılıdır. Əlbəttə, insanın davranışında yaltaqlıq kimi qeyri-əxlaqi
xüsusiyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri çoxdur. Səbəbsiz heç nə baş vermir. Hər
halda, mənim fikrimcə, yaltaqlıq fitri deyil, insan duyğularından kənarda, bəlkə də mühitdə yaranan
məhsuldur. Yaltaqlığa təkcə təzahür kimi deyil, həm də mahiyyət kimi baxmaq lazımdır, yəni o,
obyektivliklə subyektivliyin qarşılıqlı dialektik vəhdəti kimi başa düşülməlidir. Bütün başqa
qəbahətlər kimi yaltaqlıq da sonradan yaranır, inkişaf edir və nəhayət, xarakterə xas olur.


Qərbin, Şərqin, o cümlədən Avroasiya məkanında yerləşən Azərbaycanın bədii-etik fikrində
insanın davranışı ilə bağlı etik məsələlər kifayət qədər qabardılıb. Hələ ustad Nizami Gəncəvi qeyd
edirdi ki, insanın bütün qəbahətləri və rəzalətləri öz mənbəyini orta həddin pozulmasından götürür,
yəni, onlar ifratla bağlıdır; böyük şairimiz Aristotelin “qızıl orta hədd” fikrini “İqbalnamə”də açıq-
aşkar dəstəkləyir, ona yeni məzmun verir, həddini bilməyi, həddi aşmamağı tövsiyə edirdi:

 

Ölçü-biçi bilsən hər işində sən,
Böyük hesabları düz həll edərsən...


Elm və Ədəbiyyat yaltaqlığı, yarınmağı birmənalı olaraq ifşa edir, bunu insanın ən iyrənc
xüsusiyyəti sayır. Rus yazıçısı Anton Çexovun “Kök və arıq” adlı qısa hekayəsi var - rus
cəmiyyətində baş verən bu sosial bəlanın mənzərəsini ustalıqla verib: süjet çox sadədir - vağzalda
vaxtilə məktəbdə bir yerdə oxumuş və illərlə bir-birini görməyən iki nəfər rastlaşır. Onlardan biri
kökdür, restorandan təzəcə çıxıb, dodaqlarının yağı və suyu hələ qurumayıb, yağlı xörək iyi verir;
ikinci personaj isə arıqdır, qatardan təzəcə düşüb, əlləri yüklüdür, çamadan daşıyır. Ondan da qəhvə
xıltı qoxusu gəlir. Elə ilk sətirlərin bədii detalları – qoxular iki əks qütblü obrazın sosial statusu
barədə təsəvvür yaradır. Əlbəttə, qəhvə xıltının iyi kasıb adamdan gələr... Dostlar qəfil görüşdən
heyrətlənir, xoşhallanırlar. Çox mehriban görüşür, ilk anlar biri - birinə xoş və həyəcanlı sözlər
deyirlər:“Porfiriya! Əzizim!”, “Mişa! Ah, mənim uşaqlıq dostum!”. Hətta üç dəfə öpüşürlər...


Adama elə gəlir ki, gözlənilməz görüşdən sonra xatirələrin ucu-bucağı görünməyəcək, köhnə
dostlar başlayacaqlar ötən günləri həzin-həzin xatırlamağa... Lakin görüşdən alınan nəşənin ömrü
çox qısa olur. Kök adam deyir ki, o, məxfi idarədə işləyən müşavir vəzifəsinə qədər qalxıb. Arıq
adamın rəngi dərhal ağarır, donub qalır, az sonra üzündə yaltaq bir gülüş əmələ gəlir. Sanki
gözlərindən və üzündən qığılcımlar səpələnir, əzilib-büzülməyə başlayır, o qədər alçalır ki,
çamadanları da qırışlanır, arvadının onsuz da uzun olan çənəsi lap uzanır, arxadan gələn oğlu da
əsgər kimi farağat durur... Bir rus ailəsinin qəfildən belə qəribə duruma düşməsi və dəyişməsi çox
sadə izah edilir: məktəb dostları arasında sosial statusa görə çox böyük fərq var- kök adam yuxarı
təbəqəyə, arıq adam isə adi, alt təbəqəyə mənsubdur. Arıq adam dərhal qarşısındakına ağa kimi
baxır, onu kübar bilir, nitqi də dərhal dəyişir, alçalır, kəkələyir: “Zat aliləri, icazə verin diqqətinizə
çatdırım ki...Möhtərəm cənab...” Beləliklə, arıq adam daha çox ictimai mövqeyə, sosial statusa
dəyər verir, özündən yuxarıda duran məmurun qabağında alçalır... Yazıçı demək istəyir ki, bu, qul
psixologiyasıdır – qul hər cür alçaqlığa hazırdır...


Dində və Təcrübədə bu məsələlərə bir qədər fərqli yanaşmalar da var. Misal üçün, İslamda
bəzi hədislər deyir ki, yaltaqlıq nəzakətin ən ifrat formasıdır, İslam dini bunu haram sayır. Lakin
paradokslar da var - yaltaqlığa və köləcəsinə səcdəyə zəruri hallarda icazə verilir. Məsələn, insan
etiqadını və həyatını qorumaq, mülkiyyətini, şərəf və ləyaqətini müdafiə etmək zərurəti yarandıqda
bu qəbahətdən istifadə edə bilər. İslamda həm də zalımdan müdafiə olunmaq zərurəti yarandıqda
köləcəsinə səcdəyə icazə verilir. Başqa dinlər kimi, İslam da ifrata qarşı çıxır. Hədislərin
əksəriyyətində “yaltaqlıq və köləcəsinə səcdə müsəlmana yaraşmaz” , “nüfuzlu adamın qarşısında
maddi nemətlər əldə etmək naminə alçalan adamı Allah bağışlamaz”, “Var-dövlət qazanmaq naminə
köləcəsinə səcdə edən adam öz inam və etiqadını itirər” və s. hökmləriylə yanaşı, “həqiqətə görə
“alçalmaq” təkəbbürdən daha yaxşıdır” tövsiyəsinə də yer ayrılıb.


Bloknotumda xarici xəbər agentliklərinin lentində oxuduğum bir məlumat barədə qeyd var:
Çin alimləri bu qənaətə gəliblər ki, yaltaqlar cəmiyyətə və dövlətə ziyan vururlar, pis işləyirlər,
onların faydalı iş əmsalları sıfıra bərabərdir, çünki yarnmıq və yaltaqlıq etmək insandan həddən artıq
enerji və güc tələb edir, belədə ürək qüvvədən düşür. Tədqiqatçılar bir şirkətdə 75 əməkdaşın
davranışını təhlil edərkən maraqlı nətəcələr əldə ediblər. “Tətbiqi Psixologiya” jurnalına müsahibə
verən aparıcı mütəxəssis Antoni Klots menecment kafedrasının müdiridir, dosentdir; o, qeyd edib
ki, yaltaqlıq nəticəsində əmələ gələn sinir pozğunluğu dərhal insanın əhval-ruhiyyəsinə təsir edir, bəzən insanı o qədər əldən salır ki, o işdən çıxıb getməyə məcbur olur. Yaltaq adam işdə bütün günü
rəhbərliyə necə yarınmaq üsulları barədə düşünür, daim fikirləşir ki, hansı tərifli sözdən istifadə
etsin ki, rəhbərin xoşuna gəlsin. Beləliklə, işin sonunda boşalır, süstləşir, əzgin və yorğun olur.
Ruhun gücünü yaltaqlıq qədər azaldan ikinci bir vasitə yoxdur. Bu zaman məhsuldarlıq azalır,
mənəviyyat korşalır, adam iş yoldaşları ilə də daim konflikt yaradır.


Mənim toxunduğum həssas mövzuya müxtəlif yöndən yanaşmalar və şərhlər ola bilər. Hər
halda, düşünürəm ki, biz elə bir qarışıq zamanda yaşayırıq ki, xoş rəftar, xoş söz, tərif, nəzakət,
yaltaqlıq, əyilmək, qürur, təkəbbür, təhqir və tənqid və s. kimi anlayışların sərhədlərini müəyyən
etmək, hətta bu barədə dəqiq reseptlər vermək belə çətindir. Biz yalnız ümumbəşəri və klassik əxlaq
normaları çərçivəsində mövzunun daha düzgün başa düşülməsi istiqamətində fikir və
düşüncələrimizi bölüşməyə çalışırıq. Konkret olaraq yaltaqlıq barədə başqa fikirlər də mövcuddur;
dəyişkən və sürüşkən dünyada bizim qəbahət sandığımız anlayışa müsbət tərəfdən yanaşmalar da
var. Cared Səndberq adlı amerikalı bir müəllif yazır ki, yaltaqlıq çətin sağalan xəstəlik olsa da,
karyera qurmağa imkan yaradır. Məqalə müəllifi nəql edir ki, “Detroyt Times” qəzetinitn reportyoru
Erik Starkmən günlərin bir günü redaksiyada yaltaqları müəyyən etmək fikrinə düşür, sadəcə
redaksiya əməkdaşlarını daha diqqətlə müşahidə etməyə qərar verir. Həmin dövrdə qəzetin şefi
Robert Caysl kimi nüfuzlu adam idi; Robert həm də peşəkar jurnalist olub. Şef həmişə çiyinbağıyla
gəzirmiş, əynində boğazınadək düymələnmiş kip köynək geyər, eynək taxarmış; tez-tez eynəyini
sürüşdürüb gah alnına qoyar, gah da bağla sinəsindən salladarmış. Bir müddət sonra ofisdə şefdən
bir qədər aşağı ranqda olan redaktorlar da onun kimi geyinməyə və eynək taxmağa, eyni hərəkətlər
etməyə başlayırlar. Starkmənə, onun kimi düşünən iş yoldaşlarına belə davranış dəhşətli görünür və
deyir ki, bu yaltaqlara bircə dəfə baxmaqla adamın lap əti tökülür: “Onlar necə də vicdansız idilər!
Geyimləri cəhənnəmə, bu adamlar güzgüdə heç olmasa özlərinə baxırlarmı?..”


Yaltaqlığın dərin daxili mahiyyətini həm də vəzifə, var-dövlət, güc və həyat firavanlığına
can atan zümrənin istəklərində axtarmaq lazımdır. Bəşər tarixinin ötüb keçən dövrlərinə nəzər
salsaq, görərik ki, insan təbiətində bu istəklərə həvəs heç vaxt sönməyib, əksinə, getdikcə çoxalır,
çoxaldıqca da insan daha çox simasızlaşır, nəticədə hər yeni nəsildə özünü daha iyrənc formalarda
büruzə verir. “Atalar və oğullar” kimi qədim problemə səbəblər bu istəklərin yanında toya
getməlidir, halbuki atalarını bəyənməyən oğullar elə onların bizə miras qoyduqları yaxşı və pis
davranış qaydalarıyla gedirlər. Özü də necə!


Bizim toplum arasında “erməniyə dayı deyərəm, işim keçsin” kimi və ya buna oxşar bəzi
əxlaqsız deyimlər hələ də yaşamaqdadır. Belə nümunələri həyat təzinə və düşüncəsinə həkk edənlər
hər yerdə - evdə, işdə, istirahətdə, bazar-dükanda, restoranda...bir sözlə, cəmiyyətdə müasir
korporativ mədəniyyət üçün çoxsaylı problemlər yaradırlar. Nəticədə kollektivlərdə, ictimiyyət
arasında psixoloji durum pozulur, peşəkar, bacarıqlı və daha zəhmətsevər insanların çalışdığı sistem
sürətlə dağlmağa başlayır. Axı bu təsirin altına düşənlər də özünütənqidə qarşı hisslərini itirirlər.
Rayonlara, müəssisə və təşkilatlara başçılıq edənlər tabeliklərində olan bəzi yaltaq əməkdaşların
tilsimindən qurtula bilmir, hətta ağıllarına belə gətirmirlər ki, yarınanlar ondan sui-istifadə edirlər,
sonda yaltaq tiplər maneəsiz-filansız vəzifə pillələri ilə yuxarı dırmaşırlar. Belə bir ümumi fikir var ki, yaltaq adam ən yaxşı halda sadəcə iyrənc məxluqdur, ən pis halda isə bütün şirkət, idarə və ya
müəssisə üçün fəlakət və iflas deməkdir.


Yenə Səndberqin məqaləsinə qayıdıram, çünki burada mübahisə və təqdir doğuran nüanslar
çoxdur: məqalədə daha sonra Katzenbach Partners idarəetmə üzrə məsləhət şirkətinin təsiscisi Mark
Feyqenin həyat təcrübəsindən söhbət açılır. Marka görə, çox vaxt mühasibatlıqda qalmaqallar
yaltaqlar ucbatından baş verir. Onlar gələcək nöqsanların baş verməməsi üçün vaxtında xəbərdarlıq
etməyə həvəsli deyillər, hansısa anda təhlükənin olacağı barədə xəbərdarlıq etmək istəmirlər.
Problem həm də bundadır ki, yaltaqlıq və yarınma karyera yüksəlişində hərəkətverici və çevik vasitə
rolunu oynayır.


Daha bir məşhur şirkətin - Stascom Technologies təşkilatının baş direktoru Bass etiraf edir
ki, cavanlıqda o da öz rəhbərinə yaltaqlıq edib, hətta onu kölgə kimi izləyib, onun tapşırıqlarını
yerinə yetirmək üçün hətta bazar günləri də işə çıxıb. Bundan başqa o, öz rəhbərini yağlı sözlərlə
tərifləməkdən də çəkinməyib, onun geyindiyi kimi geyinib, hərəkətlərini təkrar edib. “Sevimli
rəhbəri siyasətə qoşulandan” və “hansısa idman növü ilə məşğul olandan” sonra o da eynilə
rəhbərini təkrarlayıb. İndi Bass özü rəhbərdir, etiraf edir ki, onun ətrafında yaltaqlara da yer var,
lakin ağıllı yaltaqlara. Doğrudur, Bass kobud və ifrat yarınmanı sevmir, lakin əməkdaş ona deyəndə
ki, gecə-gündüz işləyir, bunu xoşyır.


Göründüyü kimi, yaltaqlıq barədə təzadlı fikirlər də mövcuddur. Məqalədə Stenli Herst adlı
rəhbər kadrların seçilməsi üzrə özəl agentliyin başçısından da nümunə verilir. Herst deyir ki, onun
bir əməkdaşı varmış, birbaşa tabe olduğu müdirinə yaltaqlanmaqdan çəkinmirmiş. Hətta ona tərifli
sözləri açıq-aşkar hamının yanında deyirmiş, onu çox sevdiyini dilə gətirirmiş. “Növbə mənə
çatanda bunu dərhal hiss elədim və bundan ümumi işimiz zərər gördü”. Buna baxmayaraq Herstin
şirkətində yaltaq adam o biri əməkdaşların başının üstündən tullanıb qabağa keçir, karyerasını
yüksəldir, onun üçün xüsusi şərait yaradılır, ona yaxşı bonuslar, mükafatlar, imtiyazlar
verilir...Beləliklə, kollektivdə ona qarşı həqarət yaranır.


Təəssüf doğurucu məqam budur ki, Herst özü də yaltağın toruna düşür, halbuki gözəl anlayır
ki, kollektivdə mənəvi-psixoloji durum dözülməzdir; bir müddət sonra Herst başlayır iyrənməyə,
səhvini anlayır, görür ki, yaltaqlığa və ifrat tərifə cəmiyyət tüpürür, insanlar hətta onun özünə də pis
baxırlar. Bəli, yaltaq havada, ya da elə zəif və xırda varlıqların özünü qorumaq üçün qaydasız
mübarizələr meydanında süzən mığmığa kimidir, intəhası, o kortəbii hərəkətlər eləmir, çünki şüuru
var, bütün gücünü və ağlını da qənimət naminə hiyləgərliklə işə salır, obyektindən istədiyini
qopartmayınca, onun başına pərvanə kimi dolanır. Metafora olsa da, bu acı həqiqətdir və elə həmin
“pərvanəlik” prosesi insan münasibətləri arasında elə möhkəm qayda-qanun yaradıb ki, onsuz heç
bir iş həll olunmur; kədərli hal odur ki, nə yaltağın, nə də buna rəvac verənlərin heç birinin əxlaqi
hissləri buna etiraz etmir.


Elmi dünyagörüşə görə insanla heyvan instinktləri arasında genetik bağlılıq var, lakin
birincinin bütün mənəvi aləmi, yaxşı və pis cəhətlər barədə təsəvvür və anlayışları sosialdır, ailədə,
məktəbdə, ictimai əmək və fəaliyyətdə doğulur. Yaxşı və pis cəhətlər yalnız insana məxsusdur, onun
əxlaqı və tərbiyəsi ilə bağlıdır, birgəyaşayışda təzahür edir, qiymətləndirilir. Bizim yaşadığımız


ictimai-tarixi şərait, mövcud tərbiyə, ədəb-ərkan üsulları (bura həm də adət-ənənə kimi xüsusi
dəyərləri də əlavə etmək olar!) həm pis, həm də yaxşı cəhətlərimizin yaranmasına rəvac verir.
Yaltaqlıq da beləcə, həm mühitin, həm də tərbiyənin məhsuludur. Müasir internet texnologiyasının,
kibernetik sistemlərin, sosial şəbəkələrin, mətbuat və televiziyanın da əxlaqi həyatımıza təsirləri
böyükdür. Və düşünürəm ki, bu məsələdə ən mühüm rolu insanın, vətəndaşın və cəmiyyətin özü
oynayır. İnsan gərək özünü görə bilsin, öz səhvini və nadanlığını düzəltmək əvəzinə höcətlik
etməsin...


Əlbəttə, elə bir adam yoxdur ki, tərifi sevməsin. Axı kim ona deyilən xoş sözdən inciyər?
Belə çıxmasın ki, mən xoş və səmimi sözün əleyhinəyəm. Əksinə, indiki durumda insanlara səmimi
xoş sözlər demək daha çox lazımdır. Gərək həddi aşmayasan! O cəmiyyət rahat və daha rifahlı olur
ki, orda şəfqət hissi, nəzakət, vicdan əzabı, xeyirxahlıq kimi anlayışların mahiyyəti onun üzvləri –
fərdləri tərəfindən düzgün başa düşülür. O cəmiyyət və dövlət rahat, təhlükəsiz harmoniya ilə irəli
gedir ki, orda hər bir fərd, vətəndaş ləyaqətin, ədəb-ərkanın, humanizmin və müdrikliyin nədən
ibarət olduğunu dərk eləsin, bunları öz həyat kredosuna yönəldə bilsin. Məncə, sağlam düşüncə və
davranışın fəlsəfəsi də elə budur.


Məqaləmin əvvəlində Çexiyadakı unikal hadisədən - “Yaltaqlığa abidə”dən söz açdım;
çılpaq fiqurlarla bağlı bir müəmmanın da üstündən pərdəni yarıya kimi çəkmək istəyirəm –
müəllifin yaratdığı “abidə” konkret iki çexiyalı şəxsə həsr olunub; biri aktiv tərəfdir, yəni yaltaq, o
biri isə passiv - yaltaqlığa rəvac verən şəxs. Əlbəttə, belə eksponat ümumbəşəri mədəniyyət abidəsi
deyil və güman edirəm ki, olmayacaq da. Lakin ciddi çağırışdır, yaltaqlıqla mübarizə üsullarından,
mədəni millətin və xalqın təmiz və müdrik simasını xırda ləkələrdən təmizləmək üçün ictimai qınaq
vasitələrindən biridir. Xoşagəlməz davranış və hərəkətlərin doğura biləcəyi fəsadlardan qurtulmaq
üçün daha hansı təsirli yollar ola bilər ki?!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !