AMEA-da Fransanın Monpelye Universitetinin nümayəndələri ilə görüş keçirilib - (+FOTO=4)

AMEA-da Fransanın Monpelye Universitetinin nümayəndələri ilə görüş keçirilib (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Fransanın Monpelye Universitetinin nümayəndələri, professor Fransua Henn və gənc tədqiqatçı Adrien Novri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparmaq olub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq professor F.Henni rəhbərlik etdiyi elm ocağında ikinci dəfə görməkdən məmnun olduğunu dilə gətirib.

Fransanın Monpelye Universiteti ilə mövcud olan əməkdaşlıq əlaqələrinin uğurla davam etdiyini söyləyən AMEA rəhbəri ötən il iki qurum arasında imzalanmış müqaviləni xatırladıb. Bildirib ki, əməkdaşlıq haqqında saziş çərçivəsində birgə doktorantura proqramı həyata keçirilib, səmərəli kadr və təcrübə mübadiləsi aparılıb.

Monpelye Universiteti ilə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan akademik Akif Əlizadə bu münasibətlərin hər iki qurumun gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Akademik Akif Əlizadə müasir dövrdə beynəlxalq aləmə inteqrasiyanın akademiyanın qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayaraq bu baxımdan Fransa ilə qurulmuş elmi əlaqələri yüksək qiymətləndirib: “Birgə tədqiqatların aparılması və doktorantura hazırlığı üzrə imzalanmış müqavilə AMEA-nın digər müvafiq institutları ilə də əlaqələrin təşkilinə, ortaq layihələrin həyata keçirilməsinə imkan verir”.

Sonra akademik Akif Əlizadə AMEA-nın Fizika İnstitutunun laboratoriyasında görülən işlər və prioritet istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verib. O, Fizika İnstitutunun əməkdaşları ilə birgə qrant layihələrdə iştirakın həm AMEA, həm də Monpelye Universitetində ciddi elmi nailiyyətlərin əldə olunmasına təkan verəcəyini deyib.

AMEA-nın prezidenti ölkəmizdə mövcud olan palçıq vulkanları, Qobustan qayaları və digər tarixi yerlər barədə də məlumat verərək, qonaqları bu məkanlarla tanış olmağa dəvət edib.

Fransalı həmkarları ilə görüşün tarixi əhəmiyyətini önə çəkən alim qeyd edib ki, AMEA-nın institutları ilə Monpelye Universiteti arasında aparılan tədqiqatlara dair rəsmi protokolun imzalanması zəruridir.
Sonra qonaq professor F.Henn iki qurum arasında əməkdaşlığın faydalarından söhbət açaraq bu əlaqələrin, bütövlükdə Fransa-Azərbaycan elmi münasibətləri üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

AMEA-ya növbəti səfərində əsas məqsədin Fizika İnstitutu ilə tanışlıq olduğunu deyən qonaq bu qurumun laboratoriyaları ilə yaxından tanış olduğunu vurğulayıb, institutda fəaliyyət göstərən fizik-alimlərin fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, burada təqdim etdiyi elmi məruzə haqqında məlumat verib.

F.Henn Fizika İnstitutunun alim və mütəxəssislərini Monpelye Universitetinin təqaüd proqramlarında iştirak etməyə, bu ali məktəbin çoxillik təcrübəsindən yararlanmağa dəvət edib.

O, Azərbaycan-Fransız Universiteti ilə də əməkdaşlıq etdiyini, bu səbəbdən bundan sonra ölkəmizə daha tez-tez səfər edəcəyini vurğulayıb.

Daha sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov çıxış edərək rəhbərlik etdiyi bölmədə dünya elminin tələblərinə cavab verən isiqamətlərdə araşdırmaların aparıldığını, fizika elminin inkişafı yönündə ciddi nailiyyətlərin əldə olunduğunu qeyd edib.

Alim Monpelye Universiteti ilə əlaqələrin müxtəlif elm sahələri üzrə davam etdirilməsinin məqsədəuyğun olduğunu söyləyib.

Görüşdə AMEA-nın vitse-prezidentləri – akademik İbrahim Quliyev və akademik Rasim Əliquliyev, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və AMEA-nın professoru Rasim Cabbarov da iştirak ediblər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !