İSMİXAN MÜƏLLİMİN XATİRƏSİNƏ - Rafael Hüseyn yazır +FOTO=5

İSMİXAN MÜƏLLİMİN XATİRƏSİNƏ Rafael Hüseyn yazır +FOTO=5

 O mənimçün ömrümün ən əziz, ən doğma insanlarındandır.
Keçmiş yox, indiki zamanda ona görə yazıram ki, həyatda olmadığı və artıq xeyli iri bir zaman parçasına çevrilmiş müddətdə bir gün belə İsmixan müəllim ürəyimdən, yaddaşımdan, dilimdən, qələmimdən kənarda olmayıb.
Hətta hərdən mənə elə gəlir ki, köhnə tanış nömrələri yığsam, telefonun obiri başından onun səsi də gələ bilər.
Həyatının axır illərində İsmixan müəllim təzə mənzildə yaşayırdı. Amma indinin indisində də hər dəfə yolum maşınla, ya piyada Şərifzadə küçəsindən keçəndə istər-istəməz İsmixan müəllimgilin vaxtilə yaşadığı köhnə binaya sarı baxıram.
Nə qədər munis xatirəmiz var o binayla, qapısı həmişə qonaq üzünə açıq o məhrəm mənzillə bağlı!
Nə qədər varam İsmixan müəllim mənimlə qalacaq!
Əslində istəyirdim bu gün -- ad günündə onun barəsində hələ 1980-ci illərin əvvəllərində yazdığım bir yazını yüngülvari əl gəzdirərək paylaşım.
Axtarıb tapdım da. Ancaq baxdım ki, bu yazını ürəyim istəyən hala salmaqçün gərək təxminən onu təzədən əməlli-başlı işləyim.
İnşallah, bunu il sonunda əziz ustadımla ayrılığın ildönümündə edərəm.
İsmixan Rəhimov əlbəttə ki, nadir şəxsiyyət idi.
İstedadlı filoloq alim, tərcüməçi, müəllim kimi məziyyətləri çox idi. Lakin onda hər filoloq alimdə, hər tərcüməçidə, hər müəllimdə rast gəlinməyən elə bəsirətlilik, elə təlqin gücü, elə ən dərin qatlara nüfuz etmək qabiliyyəti, elə təsir qabiliyyəti, elə artistizm, elə şövq vardı ki, onu tam bənzərsizləşdirirdi, hər kəsin qibtə edəcəyi ucalığa qaldırırdı.
İsmixan müəllim mənə çox şey öyrədib.
Yalnız ingilis dili yox.
Dildən daha əvvəl yaşamaq elminin sirlərindən agah edib məni!
Və bu elmin də ən qabil öyrədicisi olmaq haqqını ona qəddar həyatın özü anlatmışdı.
İsmixan müəllim hər anında ölüm təhlükəsi olan Sibiri görüb gəlmişdi.
İsmixan müəllim dünyanı vahimədə saxlayan şər imperiyası ilə mərd-mərdanə döyüşənlərdən olmuşdu.
İsmixan müəllim dünyanın düz vaxtında da, sanki bütün acı dalğaların toxtadığı əyyamlarda da öz yol açdığı, qanad verdiyi nakəslərin amansız həmlələrinə tab gətirməli olmuşdu.
Sınmamışdı, əyilməmişdi, dəyişməmişdi.
Və o mənə dil dərslərindən daha əvvəl yaxşı adam olmağın təlimlərini verib.
Mənə həyatın ən çətin, ən dözülməz anlarında da müvazinətini itirməmək bacarığını aşılayıb.
Mənim beynimə və ürəyimə milləti və yurdu atəşin, fədakar məhəbbətlə sevməyin düsturlarını həkk edib.
Bu Əziz Surət bircə an belə ürəkdən kənarda qala bilərmi?
İsmixan müəllim, adı millətin bağrının başında əbədi yaşamalı müstəsna şəxsiyyətlərdəndir.
Bu gün istiqlal içərisindəyiksə, bu şanlı tarixdə cəsur, qeyrətli, yenilməz vətənsevər İsmixan Rəhimovun halal haqqı və payı var.
1940-cı illərin sonlarında, sovetin qılıncının dalının da, qabağının da kəsdiyi çağlarda "İldırım" adlı gizli təşkilatı yaradaraq bu yurdun və millətin müstəqilliyi naminə ölümün gözünə dik baxmağı bacarmış unudulmaz insan İsmixan Rəhimov həmişə Millət Yaddaşında bir şimşək kimi gur işığını saçacaq, yeni-yeni nəsillərə layiqli Vətəndaş olmağın dərslərini verməkdə davam edəcək.
Bizimlə Böyük Yolunu davam etdirən Ustada Şərəflər olsun!
Növbəti doğum gününüz mübarək, Ustad!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !