Bəxtiyar Musayev: - Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!

Bəxtiyar Musayev: “Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”

Müsahibimiz Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini,
ümumi cərrah Bəxtiyar Musayevdir. B.Musayev ümumi cərrahiyyə və
qastroenterologiya sahələrində mütəxəssisdir, qarın boşluğu üzvləri üzərində, o
cümlədən qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, qida borusu, mədə,
nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri, bütün növ açıq və laparoskopik
əməliyyatları icra edir. 50-dən artıq elmi məqalə və tezislərin, bir ixtira, üç
səmərələşdirici təklif və iki metodik tövsiyənin müəllifidir. 1990-cı ildə tibb
elmləri üzrə alimlik dərəcəsini almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə
isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Bəxtiyar Musayevlə müsahibəni Sizə təqdim edirik:


- Artıq bir ildir ki, Siz Mərkəzi Gömrük Hospitalının komandasına
qatılmısınız. Bu yeni təcrübəniz haqqında nə deyə bilərsiniz? Sizin üçün
Gömrük Hospitalında bu bir il necə keçdi?


- Bəli, artıq bir il tamam oldu ki, Mərkəzi Gömrük Hospitalında müalicə işləri
üzrə rəis müavini vəzifəsində işləyirəm. Uzun illər ölkəmizin bir neçə aparıcı
dövlət və özəl tibb müəssisələrində müxtəlif vəzifələrdə çalışsam da, Mərkəzi
Gömrük Hospitalında fəaliyyətimi həyatımın çox yeni və maraqlı dövrü hesab
edirəm. Hospitala qatılmağım mənim üçün çox şərəfli və eyni zamanda ciddi
məsuliyyət daşıyan bir addım oldu.


Soruşursunuz, bu bir il necə keçdi? Həm rahat, həm də çətin... Rahat ona görə ki,
rəhbərlik tərəfindən öz işimə daim dəstək və qayğı gördüm, təkliflərim dərhal
müzakirə edildi, hospitalın işinə yararlı olanlar qəbul olundu. Çətin isə ona görə ki,
tam başqa ritmdə və yeni bir kollektivdə işləməyə başladım.


- Biz Sizi Azərbaycanda minimal invaziv cərrahiyyənin pionerlərindən
biri kimi tanıyırıq. Mərkəzi Gömrük Hospitalında Siz bu təcrübənizə davam
etdirirsinizmi?


- Bu sualınız mənim üçün çox dəyərlidir. Xatırladım ki, mən ilk diaqnostik
laparoskopik müayinəni 1982-ci ildə, endoskopik cərrahiyyə əməliyyatlarını isə
90-cı illərin ortalarından icra etməyə başlamışam. O dövrdə Azərbaycanda mini
invaziv əməliyyatlar çox nadir hallarda icra olunurdu. Sevinirəm ki, bu gün
ölkəmizdə bu bacarığa artıq onlarla cərrah malikdir. Təbii ki, illərcə qazandığım
təcrübə Mərkəzi Gömrük Hospitalında da bu işi yüksək səviyyədə davam
etdirməyə mənə imkan verir. Onu da qeyd edim ki, Hospitalımızda hər növ, o cümlədən miniinvaziv cərrahi müdaxilələrin icrası üçün müasir texniki imkan və
şərait mövcuddur.


- Hansı hallarda Siz laparoskopik müdaxiləyə üstünlük verirsiniz? Bunun
üçün hər hansı əks göstəriş mövcuddurmu?


- Artıq 30 ildən çoxdur ki, dünyada laparoskopik əməliyyatlar icra edilir. İlk
etapda əks göstərişlərin sayı çox idi. Belə ki, qarın boşluğu üzvləri üzərində əvvəl
keçirilmiş əməliyyatlar, yanaşı olan ürək-damar xəstəlikləri, qan dövranı
çatışmazlığı az qala mütləq əks göstəriş sayılırdı. Bu xəstələr “açıq” əməliyyatlara
məruz qalırdı. Lakin təcrübə toplandıqca, cərrahların və anestezioloq-
reanimatoloqların texniki imkanları artdıqca əvvəlki mütləq əks göstərişlər nisbi
kateqoriyaya keçməyə başladı.


İlk illər laparoskopik əməliyyatlar ümumi sayın 5-10 faizini təşkil edirdisə, hazırda
bu rəqəm 80-90 faizin üstündədir. “Endoskopik əməliyyatın aparılması
mümkündürsə - aparılmalıdır!”: bu yanaşma artıq müasir zəmanənin tələbidir.
Təbii ki, müəyyən mürəkkəb hallarda miniinvaziv əməliyyatların icra edilməsi
cərrahi briqadadan daha yüksək hazırlıq, bacarıq və spesifik texniki imkanlarının
olmasını tələb edir. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük
Hospitalında bütün bu imkanlar var.


- Son illər minimal invaziv cərrahiyyənin inkişafında hansı yeniliklər
olmuşdur?


- Ümumiyyətlə, mini invaziv cərrahiyyə və onun yeniliklərindən saatlarla
danışmaq olar... Minimal invaziv cərrahiyyə ənənəvi cərrahiyyədən fərqli olaraq
təbabət sahəsində olan texniki nailliyətlərə daha çox bağlıdır. Müasir ultrasəs
müayinəsi, kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiya, əməliyyat
gedişində tətbiq edilən rentgenoloji imkanların geniş yayılması minimal invaziv
cərrahiyyə üsullarının sürətli inkişafına zəmin yaradır. Tibb elmi o qədər inkişaf
edib ki, artıq bu əməliyyatları Da Vinçi adlanan robot vasitəsi ilə də icra etmək
mümkündür. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda və ilk növbədə, Mərkəzi
Gömrük Hospitalında da biz bu üsulun tətbiq edilməsinin şahidi olacayıq.


- Yeniliklərdən hansıları Mərkəzi Gömrük Hospitalında tətbiq etməyə
hazırlaşırsınız və ya artıq tətbiq edirsiniz?


- Demək olar ki, miniinvaziv cərrahiyyə sahəsində olan yeniliklərin
əksəriyyəti Mərkəzi Gömrük Hospitalında tətbiq olunur. Əməliyyatları aparıcı
Avropa ölkələri və Türkiyədə təhsil almış və mütəmadi olaraq öz üzərində çalışan
yüksəkixtisaslı cərrahlarımız icra edir. Bütün əməliyyatxana otaqlarımız müasir
HD laparoskopik cihazlarla təchiz olunub. Arzumdur ki, yaxın gələcəkdə
xəstəxanamızda robotik cərrahiyyəni də fəaliyyətimizə daxil edə bilək.

- Biz bilirik ki, bu yaxınlarda Sizin Hospital Türkiyənin Florence
Nightingale Xəstəxanalar Qrupu ilə tərəfdaşlıq münasibətləri qurub. Bu
tərəfdaşlıqdan Mərkəzi Gömrük Hospitalı üçün nələri gözləyirsiniz? Bu
layihənin hansı prioritetləri var?


- Florence Nightingale Xəstəxənalar Qrupu tibbin əksər sahələrində Türkiyə
Cümhuriyyətinin öndə gedən bir qurumudur. Bu ilin may ayında biz Florence
Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq memorandumu imzaladıq.
Razılaşma çərçivəsində çoxsahəli əməkdaşlıq proqramı hazırlanıb. Həmin
proqramda partnyorlarımızın görkəmli həkimləri ilə qarşılıqlı görüşlər, elmi və
praktiki konfrans və simpoziumların təşkili nəzərdə tutulur. Qeyd edim ki,
memorandumun imzalanmasından az sonra türk partnyorlarımızla birgə olaraq
düşməndən azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində "Uşaq ürəkləri Qarabağda
döyünür!" adlı xeyriyyə aksiyası keçirdik. Gömrük Komitəsinin Tibbi Xidmət
İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalının peşəkar
həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları
Qarabağ bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında
diaqnostik tibbi müayinələrini həyata keçiriblər. Daha sonra Hospitalımızın bir
qrup orta tibb işçisi Florence Nightingale Xəstəxanalar Qrupuna təkmilləşdirmə və
təcrübə mübadiləsi məqsədilə ezam edilmişdir. Bir neçə gün əvvəl isə Hospitalın
rəhbər nümayəndə heyəti partnyorlarımızın JCİ akkreditasiya prosesinə müşahidə
etmək məqsədi ilə İstanbul Florence Nightingale Xəstəxanasına ezam edilmişdir.
Həmin nümayəndə heyətinin bir üzvü kimi Sizi əmin edə bilərəm ki, akkreditasiya
zamanı əldə etdiyimiz yeni bilik və təcrübə Hospitalımızın gələcək inkişafı üçün
çox faydalı olacaq.


-Təşəkkür edirik müsahibə üçün.


-Çox sağ olun. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !