Milli Yaylaq Festivalı və ya Turan ellərinin Birlik Bayramı - + FOTO=7

Milli Yaylaq Festivalı və ya Turan ellərinin Birlik Bayramı + FOTO=7

Qədim Türklər və Azərbaycan

Türk dünyası, Turan elləri dedikdə gözlərimiz önündə sonsuz bir cahan, yenilməz bir
qüvvə canlanır. Türk dünyası dedikdə mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi
olan xalqlar anılır. Turan elləri dedikdə sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, zəmilər,
meşələr, dənizlər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır.
Hazırda yer yumrusundakı Türklərin sayı 210 milyondan çoxdur. Müasir dövrdə türklər
Saxadan Balkanlara qədər yayılıb (təxminən 12 milyon kvadrat kilometr). Türklər haqqında ilk
qədim və etibarlı mənbə Çin mənbələri sayılır. Türklərin yayıldığı ərazinin ilk xəritəsi
M.Kaşğarinin "Divani-lüğəti-it-Türk" əsərində verilib. Türk dili dörd qola ayrılır - oğuz, uyğur,
qıpçaq, bulqar. Ən qədim türk yazısı 2500 il bundan əvvələ aid edilən, Qazaxıstanda, Eşik
kurqanından tapılan gümüş kasa üzərindəki yazıdır.
Doğma vətənimiz olan Azərbaycan da qədimdən Türk tayfalarının yaşadığı sərvətləri bol
və gözəl bir diyar olmaqla, bu gün də dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır.
Ümumiyyətlə tarixə nəzər salsaq görərik ki, Azərbaycan torpaqları müasir sivilizasiyanın
inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. 
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz
dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-
Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan
torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri
yaratmışlar.
Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən
yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycan
ərazisi dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə
son dərəcə zəngindir.
Azərbaycanın gözəl, könüloxşayan, turizm üçün yararlı olan bölgələrindən biri də
Gədəbəy rayonudur. Bərəkətli münbit torpaqlara, yayın qızmar istisində belə diş göynədən
bulaqlara, sərin yaylaqlara və silsilə meşələrə malik olan bu yerlərin ən qiymətli sərvətlərindən
biri də istedadına və halal zəhmətinə söykənən insanlarıdır.

Bu günlərdə Gədəbəydə düzənlənən Milli Yaylaq Festivalı bütövlükdə Türk dünyasını,
Turan ellerini - onun qədim və şərəfli tarixini, adət- ənənələrini özündə ehtiva edən möhtəşəm
bir bayram tədbirinə çevrilmişdi...

Milli Yaylaq Festivalı

İyulun 26-da Gədəbəy rayonunda təşkil olunan Milli Yaylaq Festivalı Azərbaycanda ilk
dəfə idi ki, keçirilirdi. Bütövlükdə Türk dünyasını əhatə edən bu tədbirin əsas məqsədi yaylaq -
elat ənənələrinin yenidən yaşadılması və təbliği məsələsi idi. Rəsmi olaraq iyulun 28-dək davam
edən festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və
Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi,
Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə
təşkil olunmuşdu.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan Milli
Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri,
diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri
Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılmışdı.
Festivalın açılış mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim
Mustafayev çıxış edərək iştirakçıları salamladı. İcra başçısı öz çıxışında tədbir iştirakçılarına
Gədəbəy rayonu haqqında qısa məlumat verərək Milli Yaylaq Festivalının təşkilində əsas
məqsədin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış
yaylaq və elat mədəniyyətinin nümayiş etdirilməsi, ərazinin turizm potensialının üzə
çıxarılmasından ibarət olduğunu vurğuladı.
Kənd Təsərrüfatı naziri İnam Kərimov öz çıxışında qeyd etdi ki, çoxsaylı qonaqların ilk
dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən xəbər verir. Nazir
Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban,
dinc yanaşı yaşadığını diqqətə çatdırdı. O, bildirdi ki, bu tədbir təkcə Gədəbəyin deyil,
Azərbaycanın gözəlliklərini nümayiş etdirmək üçün ələ düşmüş qiymətli bir fürsətdir. Nazir
qeyd etdi ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qalacaq və bu regionun
daimi qonaqları olacaqlar.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin
koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından
məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə
yaxından tanış olacağını vurğuladı. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına
əminliyini bildirən T.Tiryaki qeyd etdi ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o
cümlədən yerli və xarici turistlərin qatılması bu festivalın davamlı olacağından və öz məqsədinə
çatacağından xəbər verir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral öz çıxışında bir daha Türkiyə-Azərbaycan
dostluğuna və qardaşlığına toxunaraq, gələcəkdə də qarşılıqlı olaraq belə tədbirlərin təşkil
olunacağından danışdı. O, qeyd etdi ki, belə tədbirlər Türk xalqlarının biri-biri ilə daha yaxın və
mehriban olmalarında əvəzsizdir.
Tədbirin ideya müəllifi olan, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-
prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf
etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışdı.
Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf
etdiyini bildirdi. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan
Bilal Ərdoğan belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox

güclü dəstəyin olduğunu göstərir deməklə çıxışına davam etdi. Bilal Ərdoğan daha sonra qeyd
etdi ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik.
Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə
tanış olub, milli idman növlərinə tamaşa etdilər.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış
yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi,
“Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər),
pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılmışdı.
Festival şərti olaraq mədəni–etnoqrafik, milli yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3
hissədən ibarət idi.
Milli Yaylaq Festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli
rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq
oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olundu,
yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü
kətələr, kabablar və sair) təqdim edildi.
Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olundu. Qoçların,
qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçirildi. Yaylaq və
spesifik kənd təsərrüfatı mallarının yarmarkası təşkil olundu. Festival müddətində ölkəmizdə
tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik
qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılandı.
Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə
söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at
yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən,
Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq
və ox atma təşkil olundu.
Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda
düzəldilmiş yurdlarda qalmaq imkanı yaradıldı.
Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edildi. Belə ki, burada
turistlər gün ərzində adi kənd həyatını yaşadılar. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu
qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı
xüsusi ekskursiyalar təşkil olundu.

Hələlik son olaraq

Fikrimcə, Milli Yaylaq Festivalı həm də insanı canlı və füsunkar təbiətlə baş-başa
buraxmaq üçün ağıl dolu bir ideya idi. Onsuz da son zamanlar elektrotxniki avadanlıqların,
NANO texnologiyaların zamanımızın çox hissəsini acgözcəsinə mənimsədiyi bir dönəmdə,
sosial şəbəkələrin əsirinə çevrildiyimiz, fiziki olaraq tənhalaşdığımız bir dövrdə bundan faydalı
və səmərəli layihə ola bilməzdi. Belə bir festivalın hər il keçirilməsi ideyası təkcə bir xalqın,
millətin deyil bütövlükdə insanlığın xeyrinə olardı.
Bir də hələlik son olaraq, iştirakçılardan biri olaraq onu deyə bilərəm ki, bu festival
özünü Türk hesab edən və damarından Türk qanı axan hər kəsin festivalı idi. Belə bir tədbirin
Qıpçaq Türklərinin qədim məskəni olan Gözəlim Gədəbəydə düzənlənməsi həm də torpaqlarının
bir qarışını belə ermənilərə verməyən Gədəbəylilərin mənəvi haqqı idi. Burada gözə çarpan hər
bir detal insanın qanını coşduracaq və ruhunu oxşayacaq qədər gözəl və mükəmməl idi.
Belə bir ağır yükün altına girərək yüksək peşekarlıq nümayiş etdirən ideya müəllifinə,
təşkilatçılara, qonaqlara, o cümlədən ölkə prezidenti İlham Əliyev cənablarına bir Qıpçaq Türkü
olaraq öz minnətdarlığımı bildirirəm!

 

Vahid Aslan

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !