Poeziyada yaşayan Cəfər Cabbarlımız... -

Poeziyada yaşayan Cəfər Cabbarlımız...

 Azərbaycan dramaturgiyasının ölməz sənətkarı Cəfər Cabbarlı milli ədəbi-ictimai mühitdə çox erkən yaşlarından lirik və satirik şeirləri ilə görünməyə başlamışdır. C.Cabbarlı irsinin son dövr tədqiqatçılarının araşdırmalarına görə, bu tarix 1911-ci ilin 5 noyabrında "Həqiqəti-əfkar” qəzetində dərc edilən "Eşidənlərə” və "Şücaətim” şeirlərindən başlanğıc götürmüşdür. Onun poeziyası ədəbiyyatşünas alimlərdən M.A.Dadaşzadənin "Cəfər Cabbarlının yaradıcılığı”, A.Abdullazadənin "Şair Cəfər Cabbarlı” və R.Sadıqovun "Cəfər Cabbarlı yaradıcılığının ilk dövrü” monoqrafiyalarında ətraflı tədqiq və təhlil edilmişdir. Bu əsərlərdə sənətkarın ilk mətbu şeirlərinin 1915-ci ildə çap edilən "Bahar” və "Qürub çağı bir yetim” olması göstərilmişdir.

Görkəmli sənətkarın 90 illik yubileyi münasibətilə "Şair C.Cabbarlı” kitabını nəşr etdirən A.Abdullazadə burada "Lirikası”, "Satirası”, "Dram poeziyası” və "Nəsr poeziyası” fəsillərində onun şeir yaradıcılığını əhatəli tədqiq və bədii cəhətdən təhlil etmişdir. Yeniyetmə Cəfər ilk lirik şeirlərini müəllimi Abdulla Şaiqin, satirik şeirlərini isə böyük Sabirin təsiri ilə qələmə almışdır.

C.Cabbarlı 1915-1916-cı illərdə "Babayi-Əmir” jurnalında 40-dan artıq satirik şeir dərc etdirmişdi. "Qiyamətmi qopar”, "Dəng olduq”, "Birbəbir”, "Özün bil”, "Qızlardan kişilərə protesto”, "İtilget”, "Halın necədir” və s. kimi satirik şeirlərində mühitinin aktual ideya-mövzuları: savadsızlıq, mövhumat və cəhalət, avamlıq, qadın hüquqsuzluğu və s. əsas yer tuturdu. Bu ilk qələm təcrübələrində istedadlı gənc həm məzmun, həm də forma cəhətdən Sabir şeirinin təsir dairəsindən çıxa bilməmişdir. Akademik Məmməd Arifin qeyd etdiyi kimi, "bu təsir hələ səthidir; Sabir şeirlərindəki ideya-mövzu dərinliyi, siyasi kəskinlik Cabbarlının satirasında yoxdur”. Ancaq gənc istedadın öz yaradıcılığını "millətin dərdinə-qəminə” yönəltməkdə bu ustad məktəbindən öyrəndiyi dərslərin böyük əhəmiyyəti oldu. C.Cabbarlı yaradıcılığının ilk dövrünün tədqiqatçısı filologiya üzrə fəlsəfə doktoru R.Sadıqovun da qənaətinə görə "ədibin satirik şeirləri aktual məişət və ictimai mövzuda yazılsa da, müəllifə şöhrət gətirməmişdir”.

Satirik örnəklərindən "Səbətə ithaf” və "Müdirim” şeirləri gənc Cəfərin bilavasitə fərdi yaşantıları nəticəsində yarandığı və onun ilkin sənət görüşlərini inikas etdiyi üçün maraq doğurur. Ömür-gün yoldaşı Sona xanımın xatirəsinə görə məktəbli Cəfər ilk şeirinin 1911-ci ildə çapından sonra tez-tez qəzet və jurnal redaksiyalarına öz yazılarını aparır, redaktorlar isə çəlimsiz 12-13 yaşlı oğlanın gətirdiyi vərəqləri uzun müddət heç oxumadan bürmələyib səbətə atırmışlar. Düz dörd il məruz qaldığı bu vəziyyətdən pərtlik və məyusluq hissləri nəhayətdə "Səbətə ithaf” şeirinin yaranması ilə nəticələnir. Eləcə də bu məzmunun davamı olan "Müdirim” şeiri gənc istedadın yaradıcılıq barədə ilkin qənaətlərinin, fərdi yaşantılarının ümumiləşmiş ifadəsi idi. Belə ki, tənqid obyektində "hər kitabdan bir-iki söz almaqla şeir quraşdıran”, "şöhrət xatirinə fars-ərəb dilində yazmağa” üstünlük verən, qafiyədən, vəzndən başı çıxmayan şairlik azarına tutulanlar tipikləşib orijinal bir üsulla ifşa olunurdular. Şeir bugünümüz üçün də çox əhəmiyyətlidir.

Çəkirəm hərdən on-on beş gün azından zəhmət...

Hər kitabdan alıram bir-iki söz, bir söhbət,

Yazıram, göndərirəm şeir, alım bir şöhrət,

Yazdığımdan oluram sonra peşiman, a səbət!

Hamı yazdıqlarım olmuş sənə mehman, a səbət!

C.Cabbarlı ilk lirik şeirlərində dövrünün romantik poeziyasının görkəmli sənətkarları M.Hadi, H.Cavid, A.Səhhətin təsir dairəsində olmuşdur. "Qürub çağı bir yetim”, "Kiçik sərsəri”, "Bahar”, "Boranlı bir qış gecəsi”, "Bayram saxlayanlara” və s. şeirlərində cəmiyyətin yoxsul, xəstə, zəif insanlarının acınacaqlı halına yanmaq, mərhəmət göstərmək, xeyirxahlığa çağırış və s. motivlər dərin yanğı ilə öz ifadəsini tapmışdır. İdeya-məzmununda maarifçi görüşlər, romantik pafos, klassik poetikanın forma qəlibləri üstünlük təşkil etsə də, arabir gənc istedadın fərdi üslubunun satirik ovqata meyilli işartıları da görünürdü.

Gənc istedadın ilk lirik örnəklərindən olan "Ana” şeirinin yazılma tarixi ilə bağlı məşhur aktyor İsmayıl Hidayətzadənin həyat yoldaşı Soltan xanım Atakişiyevanın xatirəsində belə bir qeyd var: "Mən Cəfərlə 1916-cı ildə Xanlarovun mənzilində tanış oldum. Məclisdə yalnız tələbələr idi. Bunların içərisində Cəfər daha çox xoşuma gəldi. Özünün "Ana” şeirinin ilk variantını oxudu. Elə hiss və pafosla oxudu ki, hamı heyran qaldı”. Hələ ənənəvi poetikanın təsirilə fərdi dəstxəti seçilməyən gənc şairin birdən-birə "Ana” kimi parlaq bir lirik şeir yaratmasına ilk növbədə çox güclü daxili yaşantılar təkan verə bilərdi. Yazıçının həyat yoldaşı Sona xanımın xatirəsində C.Cabbarlının anası Şahbikə xanımın çox işgüzar, səliqəli, saf təbiətli olması nəzərə çatdırılır. 1903-cü ildə əri Qafar kişi öləndən sonra uşaqlarını dolandırmaq məqsədilə qulluqçuluq etdiyi varlı ailəsində gözəl insani keyfiyyətlərinə görə tezliklə ona aşbazlıq həvalə olunmuş, bir müddət sonra isə evin ağası ona xanımını Məkkə ziyarətində müşayiət etməyi xahiş etmişdir. Bu hadisədən sonra Şahbikə ana qohumların, məhəllənin ən hörmətli ağbirçəyi, məsləhətçisi, güman yeri olan bir hacıxanım kimi tanınıb sevilmişdir.

Lirik şeirin yaranmasında fikri-hissi təlatüm yaradan emosional başlanğıcın özəlliyi şübhəsizdir. Ancaq həmin həyəcanlı məqamın yaşantılarına bədii sözlə sənətdə əbədi həyat vermək üçün yaradıcının fitri istedadı ilə yanaşı ümumiləşdirmək qabiliyyəti, sənətkarlıq bacarığı da önəmlidir. C.Cabbarlının "Ana” şeiri nəinki milli poeziyamızda bu mövzuda ilk şeir idi, həm də ümumiyyətlə, Şərq poeziyasında ənənəvi aşiq-məşuq duyğular aləminin tərənnümündən fərqli fərdi könül intibalarının yeni bir səmtini açıqlayırdı. Doğrudur, əsrin əvvəlində böyük türk şairi Tofiq Fikrət də "Ana” adlı şeir yazmışdı. Ancaq orada xəstə, dilənçi bir qadının qucağında tutduğu körpəyə sevgisi, nəvazişi ilə necə dəyişilib zənginləşməsindən bəhs olunurdu.

C.Cabbarlının "Ana” şeirinin məzmunu isə övladın Anaya bəslədiyi hisslərin bədii inikası ilə bağlıdır. Şeir fikri-hissi yaşantının assosiativ poetik ifadəsinə görə bütövlük təsiri bağışlayır; gah yüksələn xətt üzrə inkişaf edən, gah da enib-qalxan struktura malikdir; birinci hissədə lirik "mən” özünü bütün varlıqlardan yüksəkdə bildiyi mənəvi qüdrətini ifadə edir; insanın qarşılaşa biləcəyi ən təhlükəli, qorxunc məqamlara qarşı qoymaqla kimliyi: ruhi-mənəvi əzmi, qüvvəti, qüruru haqda təsəvvür yaradır.

A.Abdullazadə yazır ki, "Şeir Ana haqqında yazılan coşqun bir simfoniyanı xatırladır”. Həqiqətən romantik tərənnümün yüksək bəlağətli intonasiyası kəskin təzadlar, mübaliğələr, metaforalarla lirik "mən”in ruhi-mənəvi özəlliyini daha təsirli çatdırır. Çılğın enerjili "Cahanda yox elə bir qüvvə baş əyim ona mən” deyə hökmlü nidasından sonra sözün leksik-semantik variasiyaları sayəsində ahəngin həzin pıçıltıyadək enişi lirik xarakterin tamamilə zidd ovqatına keçid edir və onun mənəviyyatının yeni xüsusiyyətlərini üzə çıxarır.

Şair "Ana” dediyi bu "zəif vücudun qarşısında bir qul tək həmişə səcdədə olmağı” ən böyük fəxarət və səadət, onun əliylə gələn hər bəlanı "bəzmi-istirahət” sanır. Məmməd Arif doğru olaraq qeyd edirdi ki, "Hiss-həyəcandakı səmimiyyət, ehtiraslardakı qüvvət, ifadədəki sadəlövhcəsinə mübaliğələr bizə ancaq gənc Cabbarlının qələmini xatırlada bilər”. Lirik "mən” titrək hisslərin əzəmiliyinin təsirilə yenidən coşur; insanların iradəsi xaricində olan bütün təbiət qüvvələrinə də "əs”, "ləpələn”, "bağır”, "atıl”, "alış”, "gurulda”, "çatla”, "dağıl”, "yağdır” deyə meydan oxuyur. "Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox! Yox!” deyə nərə çəkir. Və yenə çox həzin bir ahəngə keçid edib, iç dünyasında yaşatdığı müqəddəs duyğularını dilə gətirir, artıq hər kəsin qəlbində canlandırdığı öz doğmasına pərəstişkaranə sevginin son nidalarını səsləndirir.

"Ana, Ana! Sənə mən rahibəm itaətdə!

Bununla da şeir bitir.

Məlum olduğu kimi, C.Cabbarlı Azərbaycanda müstəqil dövlətin yaradılmasını hədsiz sevinclə qarşılamış və onun fəaliyyətində yaxından iştirak etmişdir. Həmçinin bədii yaradıcılıqla da məşğul olmuş, mətbuatda "Sevimli ölkəm”, "Sevdiyim”, "Azərbaycan bayrağına”, "Salam”, "Yaşamaq” kimi vətənpərvərlik ruhlu lirik şeirlər dərc etdirmişdir.

İllərdən bəri C.Cabbarlının məsuliyyətli və yorulmaz tədqiqatçısı Asif Rüstəmli ilə razılaşırıq ki, "milli bayrağın simvolika açımını ilk dəfə C.Cabbarlı poeziyaya gətirmişdir”. Bu dövrdə şeirlərinin nəinki ideya-məzmunu təzələndi, həm də poetik strukturunda, bədii təsvir və ifadə vasitələrində fərqli dəyişiklik üzə çıxdı. Şeir dili xeyli sadələşdi və klassik poeziyanın əruz bəhrləri də xalq şeirinin ritmik növləri ilə əvəzləndi. Məşhur "Sevimli ölkəm”, "Azərbaycan bayrağına” və s. şeirlərində olduğu kimi:

Şiş ucları buludlarla döyüşən,

Dağlarında buzları var ölkəmin.

Göy otlardan ipək paltar geyinən

Tarlaları, düzləri var ölkəmin.

Həmin şeirlərdə şairin ən böyük uğurlarından biri də milli poeziyamızda ilk dəfə ictimai məzmunun nikbin intonasiya ilə səslənməsi idi. Təəssüf ki, bu şad, xürrəm poetik ovqatın ömrü çox qısa olmuş, milli azadlığın bəxtiyarlığını təzəcə dadmış gənc Cəfər artıq 1920-ci ilin aprelində "Yaşamaq” şeirində dərin kədərlə fəğan edirdi:

Neçin? Neçin yaşamaq? Ölməmək?! Nədir məna?..

Neçin həyata səbəbsiz dözüb, ayaqlanmaq?

Nədir? Nədir dirilik yurdu? Qanlı bir ölkə?

Ölüm!... Nə tatlı şey...Bu əzaba son çəkər bəlkə...

Milli dövlətin məcburən süquta məruz etdirilməsi səbəbindən sarsıntılar keçirən C.Cabbarlının lirik şeiri artıq faciə qəhrəmanının monoloqunu xatırladırdı. Acizanə vəziyyətə düşdüyü bu fəlakət səbəbindən çəkdiyi iztirabların müqabilində ölümü "əzaba son çəkər” deyə "tatlı bir şey” kimi məcazlandırırdı. Lakin Cəfərin 1920-ci ildə cəmi 21 yaşı var idi, gənc idi, özünə qürrəli idi. "Ümidi intiharə qalmışkən”, "Dan ulduzu” şeirində olduğu kimi, ürəyində bir "ziya görünür”, "onu işıqlı bir ideal” - "bir vüsalədək yaşamağa” sövq edirdi. Gənc Cəfər öz "şanlı idealı”nın "vüsalına” yetmək üçün mübarizə aparmış, bir müddət gizli təşkilatın yığıncaqlarında yaxından fəaliyyət göstərmişdir. 1923-cü ildə iki dəfə həbs edilmişdir.

A.Abdullazadə hələ 30 il əvvəl böyük sənətkarın "Məhkum Şərqə” şeirinin poetik kamilliyi, ümumiləşdirmə və tipikləşdirmə siqlətindən bəhs edərək yazırdı: "Şair həcmcə o qədər də iri olmayan bir şeirdə bütöv bir poemaya mövzu ola biləcək bəşəri bir məsələni uğurla qələmə almağa nail olmuşdur... O, təkcə Cabbarlı yaradıcılığında deyil, bütün Şərq şeirində ən təsirli, ifadəli poeziya nümunələrindəndir.

C.Cabbarlının şeir yaradıcılığına əksər pyeslərində müxtəlif məqamlarda rast gəlinən lirik nümunələr də daxildir. Bu barədə Sona xanımın xatirəsində oxuyuruq: "Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı”.

Həqiqətən, yaradıcılığa şeirlə başlayan C.Cabbarlı sonradan bir dramaturq kimi püxtələşdikcə, istər romantik, istərsə də realist üslubda qələmə aldığı pyeslərində qəhrəmanların xarakterinə, ruhi vəziyyətinə həmahəng lirik parçalarla əsərini daha təsirli edirdi. Gərgin dramatik konfliktlər, altunun hökm sürdüyü ictimai mühitlə barışmaz ziddiyyətdə vurnuxan, buna görə də şəxsi həyatında sarsıntılı olaylara düçar olan gənclərin nitqində bu şeirlər çox təbii səslənir və romantik motivə rəng qatırdı. Belə ki, onun 16 yaşında ikən yazdığı ilk pyesi "Vəfalı Səriyyə”dən başlamış son pyesi "Dönüş”ədək, demək olar ki, bütün pyeslərində şeir parçaları mövcuddur. Bunlardan bir qisminə C.Cabbarlı özü musiqi bəstələmiş, bir qismini isə seçdiyi xalq mahnısının avazında sədalandırmışdır. Sona xanımın xatırlamasına görə "Od gəlini” pyesində Solmazın, "Sevil” pyesində Sevilin, "Almaz”da Yaxşının, "1905-ci ildə” pyesində Sonanın və s. nəğmələri dramaturqun öz bəstələri olsa da, xalq mahnıları kimi yayılıb sevilmişdir. "Aydın” pyesindəki "Qalanın dibində bir quş olaydım...”, "Oqtay Eloğlu”nda "Mən aşiq neylim sənə, Düşübdü meylim sənə...” kəsmə şikəstəsi, "Yaşar”dakı "Küçələrə su səpmişəm” nəğmələrinin bir-iki misrası xalq mahnısından olub, qalan bəndlər müəllifin qəlbinin əks sədaları idi. Çünki personajlarının dilindən səslənən bu nəğmələrin, şeirlərin Vətən azadlığı sarıdan bağrı yanıq qalmış sənətkarın özünə doğma ağrılar olduğunu duymamaq, dərk etməmək mümkün deyil.

"Oqtay Eloğlu”dan:


Qarlı dağlar aşaram,

Yorulmadan qoşaram,

Bir ümid, bir işıq yox,

Bilməm neçin yaşaram?!


"Od gəlini”ndən:


Küskün tale, ulu tanrım, istəyindən gülümsər,

Dərdli insan sənə tapqın, ulu Hürmüz, yol göstər...

Hər bir qanun azadlığa bir yağı,

İnsan oğlu olmuş insan tapdağı,

Silkin uçsun köləliyin torpağı,

Qalx, qalx, qalx, düşkün dünya...


Yaxud: "Almaz” pyesində Yaxşının "Gərək günəş dağları aşıb sönməyəydi, Gərək mənim dönmüş taleyim dönməyəydi”; "1905-ci ildə” tamaşasında Sonanın hələ xoşbəxt günlərində oxuduğu:


Azad bir quşdum,

Yuvamdan uçdum...

Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda...


ah-nalələri C.Cabbarlının iç dünyasındakı yaşantıların ifadəsi deyildimi?!

Şair kimi qəlbi xalqına, vətəninə, doğma insanlara ən coşqun məhəbbətlə, şəfqətlə dolu yazdığı bu şeirlər ona görə dəyərli və əbədiyaşardır ki, həm də dahi söz sənətkarımızın valehedici insani keyfiyyətlərini özündə yaşadır, mənəvi azadlıq duyğuları ilə təsirləndirir, dərin vətənpərvərlik hissləri oyandırır, oxucusunu da bir şəxsiyyət kimi zənginləşdirir. Bu poeziyada yaşayan Cəfər Cabbarlımızı sevir, onunla qürurlanır, ondan öyrənirik.

Safurə QULİYEVA,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru
azerbaijan-news.az

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !