Azərbaycan Demokrat Firqəsinin Fəxri Sədri Valeh Rza oğlu Quluzadə vəfat edib -

Azərbaycan Demokrat Firqəsinin Fəxri Sədri Valeh Rza oğlu Quluzadə vəfat edib

 Allah rəhmət eləsin
Azərbaycan Demokrat Firqəsinin Fəxri Sədri dünyasını dəyişdi
Sən həmişə qəlblərdəsən, Valeh Quluzadə!


Azərbaycan Demokrat Firqəsinin Fəxri Sədri Valeh Rza oğlu Quluzadə uzun sürən ağır xəstəlikdən sonra avqustun 14-də Şirvan şəhərində vəfat edib. Bu, yalnız V. Quluzadənin ailə üzvlərinə, doğmalarına deyil, 1945-ci ildə Təbriz şəhərində görkəmli mütəfəkkir, dövlət xadimi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaranmış, bu günədək amalına, məqsədinə sadiq qalan Azərbaycan Demokrat Firqəsinin öncüllərindən tutmuş bütün sıravi üzvlərinə, təəssübkeşləri qədər hamımız üçün ağır, əvəzsiz itkidir.
30 may 1938-ci ildə Ərdəbilin Xoruzlu kəndində dünyaya gələn məsləkdaşımızın uşaqlıqdan son günədək yaşantıları nəsillərə örnək sətirlərlə doludur. Atası Rza kişi ilahiyyətdən dərin bilgilərinə baxmayaraq ruzisini əkinçilikdən çıxarırdı. Cavanlığında qonşuları ilə neft Bakısına gəlib, “qara qızıl” mədənlərində işləyən mühacir 1938-ci ilin məcburi köçürmələrindən sonra öz ölkəsinə qayıtmalı oldu. Burada gedən inqilabi proseslərin fəal iştirakçılarından birinə çevrildi. Onların təsiri altında böyüyən Valeh artıq uşaqlıq illərində antifaşist qüvvələrə, fədailərə fəal kömək göstərən yeniyetmələrdən biri idi. ADF üzvü Rza kişi və silahdaşları onun fəallığı ilə fəxr edirdilər. Hamarkənd mahalının təşkilat sədri Cəfərbaba Bəndi tapşırılanları qorxmadan, həvəslə yerinə yetirən Valehi yaşıdlarına nümunə göstərirdi.
“21 Azər” Hərəkatı 1946-cı ilin dekabrında qan içində boğulanda Valehin atası həbs edildi. Təqiblərdən qaçıb gizlənən iki balaca qardaşı şaxtadan donub həlak oldu. Üç illik məşəqqətlərdən sonra atası ailəsi ilə birgə Sovet Azərbaycanına mühacirət imkanı əldə etdi.
Şamaxıda valideynləri ilə məskunlaşdı. Burada orta məktəbi, Qubada isə kənd təsərrüfatı texnikumunu bitirdi. Xaşmazda Qusarçay elmi-təcrübə müəssisəsində əmək fəaliyyətinə başladı. Onun əmək tərcümeyi-halında Saatlının, Sabirabadın təsərrüfatlarında baş aqronomluğu da göstərilir.
Valeh Quluzadənin harada çalışmasından asılı olmayaraq ictimai işlərdəki bacarığından səmərəli istifadə edilirdi. ADF-nin öncül rayon təşkilatlarından sayılan Qubada təbliğat-təşviqat şöbəsinin, Şirvanda Cavanlar Təşkilatının sədri seçilmişdi. Bakı Ali Partiya Məktəbini bitirən gənc 1982-ci ildə Şirvan şəhər komitəsinin birinci katibliyinə irəli çəkilmişdi.
ADF MK-nın İcraiyyə Heyətinin üzvü, 1985-ci ildə Kabulda keçirilən Tudə Parituyasının Vəhdət Konfransının iştirakçısı V. Quluzadə firqənin ən çətin, imtahanlı dövründə təşkilatın sədri vəzifəsinə seçildi. Ömrünün son günlərinədək səmimiyyəti, qayğıkeşliyi, icraçılıq bacarığı və məsuliyyəti ilə tarixi missiyasını ləyaqətlə yerinə yetirdi.
Firqənin sayca 6-cı rəhbəri olmuş V. Quluzadə ən yaxşı ənənələrin yüksək səviyyəli davamçılarından idi. 2015-ci ildə yekdilliklə ADF MK-ya sədr seçilmişdi. Misilsiz xidmətlərini əsas götürən Firqənin Mərkəzi Komitəsinin 6 iyul 2019-cu il tarixli plenumu isə dəfələrlə müraciətinə baxmayaraq onu vəzifəsindən azad etmədi, əksinə Fəxri Sədr seçdi.
Valeh Quluzadə vatı ilə trest müdiri kimi on illər boyu hər qarışını yaşıllığa qərq etdiyi Şirvanda torpağa tapşırıldı.
5 övlad atası, səmimi baba idi.
Allah rəhmət eləsin, sən həmişə qəlbimizdəsən!
Azərbaycan Demokrat Firqəsinin üzvləri, təəssüfkeşləri
“İranlı Mühacirlər Cəmiyyəti”
İctimai Birliyi İdarə Heyətinin üzvləri

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !