Tofiq Bakıxanovun Yüz təbəssüm ü -

Tofiq Bakıxanovun “Yüz təbəssüm”ü

Azərbaycanın xalq artisti,Milli Yaradıcılıq Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovla 3-4 ildir ki, Bilgəh kadioloji sanatoriyasında görüşürük. Hər dəfə də həmsöhbət olanda sənət dostları, ustadları, atası Əhməd bəy Bakıxanov haqqında maraqlı xatirələr danışır. Onun dadlı- duzlu söhbətlərində Üzeyir bəy, Bülbül, Qara Qarayev, Niyazi, Səid Rüstəmov, Cövdət Hacıyev, Ağasi Məşədibəyov, Gülağa Məmmədov və başqa məşhur şəxsiyyətlərin zarafatları, atmacaları bir sözlə maraqlı əhvalatları yer alır. Bu məzəli əhvalatlardan bir neçəsini mən qələmə alıb ötən il nəşr etdiyim “Mənim Bağdagül nənəm” kitabıma daxil etmişəm. Tofiq müəllimlə 30 ildən çox dostluq, əməkdaşlıq edən Əməkdar jurnalist İttifaq Mirzəbəyli də bu əhvaltlardan bir qismini “Atribut” qəzetinin oxucularına “Musiqi dünyamızın təbəssümləri” rubrikası altında təqdim edib. Hər ikimiz bir-birimizdən xəbərsiz (mən də, İttifaq Mirzəbəyli də) həmişə Tofiq müəllimdən sənət dünyamızın görkəmli simaları ilə bağlı olan bu məzəli əhvalatları gələcək nəsillərə çatdırmaq üçün kitab şəklində nəşr etdirməyi xahiş etmişik.
Bir-iki gün öncə yaşı 90-ı haqlayan görkəmli bəstəkar Tofiq Bakıxanov “Yüz təbəssüm” adlandırdığı həmin kitabın komputerdə çap olunmuş əlyazmasının bir nüsxəsini mənə verdi. Bildirdi ki, tezliklə bu kitab Naxçıvanda dövlət hesabına nəşr olunacaq.
Bəstəkarın həmin kitaba daxil etdiyi bir neçə əhvalatı “Az.press.az” saytının oxucularına təqdim edirəm.

“Oxuyur Bülbül, çalır Zülzül”

Professor Bülbül rayonlardan birində qastrolda olanda aparıcı ona yaxınlaşır ki, sizi pianoda müşayiət edən qadının adı nədir? Bülbül də qadına həmişə müraciət etdiyi kimi, onun adının yarsını deyir: Zül...
Aparıcı mikrafona yaxınlaşır: - Oxuyur Bülbül, çalır Zülzül.

“Hökümət bilən yaxşıdır”

Bir gün Xan Şusinski Qurban Primovdan soruşur ki, mənə Mədəniyyət Nazirliyindən xəbər göndəriblər ki, “Qarabağ” şikəstəsini simfoniya oxuyum (yəni simfonik orkestrlə) Sən bilən oxumaq olar?
Qurban dayı deyir: -Mən bilmərəm, hökümət bilən yaxşıdır.


“Bütün kollektiv gəlsin”

1930-40 –cı illər arasında Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsinə Rəhimov soyadlı bir prokuror təyin edilmişdi. Həmin illərdə İncəsənət İşləri İdarəsinin təşəbbüsü ilə Simli kvartet təşkil olunmuşdu. Adından da göründüyü kimi, orada cəmi dörd nəfər- iki skripka, viola və violençel - olur. Kvartet üzvləri Filormoniyanın direktoruna yaxınlaşanda o deyir: - Təkcə sizi qəbul edə bilmərəm, Qoy bütün kollektiv gəlsin, sonra qəbul edərəm.

“Zamen” Rəhmətov

Əhməd Bakıxanov nəvələri ilə məşğul olarkən qapı döyülür. Qapını açmağa gedən nəvə deyir:-Baba, gələn Zamendir.
Kişi fikirləşir ki, mənim elə tanışım yoxdur axı. Gedib görür ki, gələn Əvəz Rəhmətovdur. Məlum olur ki, uşaq Əvəz müəllimin adının ruscasını təzəcə öyrənirmiş.
Andropovun yasında... gülüşmə
Moskvaya – bəstəkarların qurultayına getmişdik. Yerləşdiyimiz “Rossiya” mehmanxanasına gələn mülki geyimli adamlar dedilər ki, hamı öz respublikasına qayıtsın. Baş katib Yuri Andropovun vəfatı ilə əlaqədər ölkədə üç günlük matəm elan edilib...
Biz peşman-peşman yığışmaqda olanda azərbaycanlı bəstəkarlardan biri soruşdu ki, niyə qayıdırıq, nə olub? Cavab verdilər ki, birinci katib, (yəni baş katib) ölüb. Soydaşımız təəccübləndi:-Axı o necə ölə bilər, mən üç gün əvvəl görmüşəm, cavan adam niyə plsün ki?
Sən demə, dostumuz birinci katib deyəndə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi aqşin Əlizadənin öldüyünü güman edirmiş. Ölkə miqyaslı yas günündə mehmanxananı gülüşmə sadaları götürdü.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !