ƏMİMİN TAXTI VƏ TABUTU - Kərbəlayı Aydın Babayevin əziz xatirəsinə

ƏMİMİN TAXTI VƏ TABUTU Kərbəlayı Aydın Babayevin əziz xatirəsinə

 AZpress.AZ xəbər verir ki, ...Əmim və müəllimim Kərbəlayı Aydın Həmid oğlu Babayev avqustun 5-də dünyasını dəyişdi.Onunla son dəfə apreldə- yazın torpağa-daşa can verdiyi günəşli bir gündə görüşmüşdük. Mən dünyaya göz açanda adımı o vaxt ali məktəbdə təhsil alan Aydın əmim qoyub.Mənsolaxayam. İlk dəfə əliməqələm alanda əmim mənə çətin də olsa, sağ əllə yazmağı öyrətdi. Səbrlə, hövsələ ilə, məni əzizləyə-əzizləyə...

 

                         “YANDIRILMIŞ ÜRƏKLƏR”İN AQİBƏTİ.

Məktəbdə rus dili və ədəbiyyatını tədris edən əmim beş il sinif rəhbərimiz olub. O, həm də məktəb partiya təşkilatının katibi idi. Səkkizinci sinifdə oxuyanda Aydın əmimlə çəkdirdiyimiz bu şəkil neçə illərdi ki, mənim internet aləmində feysbuk səhifəmi bəzəyir. Bu şəkildə əmimin sağ çiynində oturan sinif yoldaşımızın adı Səfər idi. Uşaq çağından Səfər atasız qalmışdı. Əmim də, atam da onun xətrini çox istəyərdi. Alagöz, yaraşıqlı oğlan idi Səfər. 17 yaşında - biz məkətəbi qurtaran il fəaciəli şəkildə həlak oldu. Onun yas mərasimi bizim evdə keçirildi...

1975-ci il daha iki məktəb yoldaşımızın - Şəki ilə Zülfiyyənin ömrünü yarımçıq qoydu. Məktəbi bitirər-bitirməz bu 3 nakam gəncin bir-birinin ardınca ölümü çoxumuzun ürəyini yandırıb-yaxmışdı. Mən də bu hadisədən çox sarsılmışdım, onların xatirəsinə həsr etdiyim “Yandırılmış ürəklər” adlı kino-povestin əlyazması ilə tanış olan yazıçı, kino-dramaturq Əhmədağa Muğanlı: “Görünür, bu mövzunu işləyəndə baxdığın hind filmlərinin təsirindən çıxa bilməmisən...” –dedi. Mən də sujeti qəmli motivlər üzərində qurulan o əsəri nəşr etdirməkdən vaz keçdim.

 

“PROKUROR” OLMAQ ARZUSU VƏ...

Hərbi xidmətdə olanda ən çox əmimlə məktublaşardım. O vaxt o kənd sovetinin sədri vəzifəsində çalışırdı. Əmimin məktubları ətraflı, məzmunlu, həm də öyüd- nəsihətlə dolu olardı. Mənə yazırdı ki, çalış hərbi xidmətdə partiya sıralarına keç, hissə komandirindən ali məktəbə göndəriş vərəqi al. Hətta əmim Rusiyada Hüquq İnstitutlarının ünvanını mənə yollayardı. Hüquqşünas olmağım həm də atamın arzusi idi... Mənimsə o vaxt qəzetlərdə yazılırım “Əsgər məktubları” rubrikası altında dərc olunurdu. Jurnalistika fakültəsinə qəbul olmağım barədə ilk xəbəri də Aydın əmimə verdim. “Mən dədənlə (atama biz dədə deyirdik) danışaram. Arzun hara, mənzilin də ora deyiblər. Lap yaxşı...”

Məni dədəmin təbirincə desəm, “prokuror” olmaqdan vaz keçməyə vadar edən səbəb də vardı. Yeddinci sinifdə oxuyanda atamla rayon mərkəzində həftə hamamına gəlmişdik . El arasında “Məşədi İbad hamamı” deyilən bu qədim tikilinin arxasında milis və digər hüquq-mühafizə orqanları yerləşirdi. Bir neçə dəfə ordan güclü kişi qışqırığı eşitdim. Sanki kiməsə ağır işgəncələr verirdilər. Mənim həyacanlandığımı görən atam təqribən belə izah etdi ki, orda müstəntiq şahidi, ya da hər hansı günahkar şəxsi dindirir. O an düşündüm ki adam döyə-döyə ifadə almaq “sənətini” mən bacarmaram. Əmimsə hələ rayon qəzetində ilk dəfə imzamın altında “ştatdankənar müxbirimiz” sözünü oxuyanda: “gün o gün olsun ki, imzanın altında böyük vəzifələr yazılsın...” –deyə arzu etmişdi.

 

“BOŞ TORBA İLƏ AT TUTULMAZ!”

Əmimin məşhur ifadələrindən biri “boş torba ilə at tutulmaz” idi. Həmişə mütaliə edərdi. Təqaüdə çıxsa da məktəblə əlaqəsini kəsməmişdi. Məktəbdə, kəndə keçirilən tədbirlərə dəvət olunardı. El ağsaqqalı idi. Mən "Yaralı qu quşları" kitabıma daxil elədiyim "Nar çubuğu" hekayəsini əmimə ithaf etmişəm. İki-üç hekayəmdə, "Kiçik Paris" povestimdə, "Mənim Bağdagül nənəm" bədii- publisistik kitabımda əmimin obrazı var.

Əmim Həmid babamızın adını böyük oğluna, özünün və ana babası Əsədullahın adını nəvələrinə qoymuşdu. Əmimin müasir ad seçiminə də söz öla bilməzdi. Arzu, Qorxmaz, Həbibə, Vəfa, Şəfəq,Rüstəm...

Son görüşümüzdə bir xeyli söhbət eləyəndən sonra məndən yeni nə yazdığımı soruşdu.

“Təzə- tarixi bir roman yazmışam, amma ad sarıdan çətinlik çəkirəm “ dedim. Əmim on iki fəsildən ibarət kitabın qısa məzmunu və fəsil başlıqları ilə tanış olcaq dedi: “ - Bir halda ki, fəsillərdən birinin adı “Taxt və tabut”dursa, elə qoy kitabın da adı elə olsun!”

Avqustun 2-də naşir kitabın siqnal nömrəsindən bir neçəsini mənə verib, tam tirajın avqustun 7-ə hazır olacağını bildirdi. Niyyətim kitabın ilk nüsxələrindən birini əmimə çatdırmaq idi . Avqustun 5-də səhər saat 8-də telefonuma zəng gəldi. Ekranda iri həriflərlə “AYDIN ƏMİ” sözünü oxucaq, çox sevindim.

Amma sevincim uzun sürmədi, əmimi ortancıl oğlu Rüstəm dedi ki, atam iki-üç gündür ki, səni arzulayır. “Bir yandan deyir ki, Nurunu (əmim məni belə çağırardı) narahat eləməyin, hələ özümü o qədər də pis hiss etmirəm. Amma...”

Hər şey məlum idi. İndi Bakıdan Masallıya 2 saatlıq yoldur. Son illər bəlkə elə ölkənin ən böyük uğuru da bu idi... Yolboyu dua edirdim ki, Allah əmimə möhlət versin, heç olmasa, “Taxt və tabut” adlandırdığı son kitabımı görsün...

 

KİTABI MƏZARA OYMAQ İSTƏDİM...

... Mən kəndə çatanda əmimin tabutunu məzara qoyurdular. Molla Hacı Niftullah günahkar kimi üzümə baxıb: “Hava çox istidir, dəfni yubatmaq olmazdı...” Sən demə, mənim telefonuma zəng gələn məqamda əmim vəsiyyət edirmiş, gəlini olan bacım Subiyyəyə “gözümü sən basarsan, bax qorxub eləmə ha!” deyib. Əmimin böyük oğlu da Bakıda yaşayır. Bir-iki gün əvvəl əmimə baş çəkməyə gedib. Əmim deyib ki, bala, qayıt işinə-gücünə. Mənim hələ ölmək fikrim yoxdur!

...Onu sevimli həyat yoldaşı Lətifə xanımın məzarının yanında dəfn edirdilər. Ağlımın ucundan keçdi ki, bəlkə əmim üçün gətirdiyim kitabı onun məzarına qoyum. Amma dəfndə iştirak edən adamlara baxdım. Fikirləşdim ki, məni düz başa düşməzlər.

Onun üçün apradığım kitabı Yadulla Əsgərov adlı mütaliəni sevən bir tələbkar oxucuya verdim. O da əmimin şagirdi olmuşdu, hətta onda rus dilinə marağı əmim oyatmışdı. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda ali təhsilini yarımçıq qoyub, öz biliyi ilə ADU-nun hüquq fakülətsinə qəbul olmuşdu. Sonra orda da təhsilini başa vura bilməmişdi. Taleyi, qisməti beləymiş yəqin...

 

SON OLARAQ BİR ŞİRİN XATİRƏ...

Mən əmimin xatirəsinə həsr etdiyim bu kiçik yazını kövrək notlarla bitirmək isətəməzdim. Ona görə şirin bir xatirə ilə yazımı yekunlaşdırıram.

...Bir dəfə C.Cabbarlı adına Masallı Mərkəzi Kitabxanasının oxucu zalında “Bakı açıq şəhərdi” (Bakı: Sabah, 1997) romanım müzakirə olunurdu. Əmim də ön sırada oturmuşdu. Rayonun ağsaqqal müəllimləri Həsənbala Əhədovla (Allah rəhmət eləsin) Əhməd Səmədovun təşəbbüsü ilə təşkil olunmuş tədbirdə rayon təhsil şöbəsinin o vaxtkı müdiri Ədalət Nemətov, RİH başçısının hümanitar məsələlər üzrə müavini Ələşrəf Niftiyev (İndi Rayon Ağsaqqallar Şurasının sədri) ,rayon polis şöbəsinin rəisi Qambay Muradov, şair Nurməmməd Ağa, ədəbiyyat müəllimi Natiq Xəlilov (Allah ona rəhmət eləsin) və başqaları çıxış etdilər. Sonda mənə söz verildi. Dedim ki, mən məktəbə gedəndə əvvələr sol əllə yazırdım, Aydın əmim mənə sağ əllə yazmağı öyrətdi...

Bu zaman arxadan Masallıda hamının şən, zarafatcıl, mehriban və dostcanlı ziyalı kimi tanıdığı Aqil Əliyev (maraqlıdır ki, o da Masallı 2 saylı şəhər orta məktəbində rus dili və ədəbiyyatı müəllimidir.) ucadan replika atdı ki, “Allah üzümüzə baxıb sol əllə yazmamısan, nəfəsimiz qaralalardı əsərlərini oxuyub qurtaranacan!” Zalda möhkəm gülüş və alqış səsləri qopdu. Mən: “qoy bu gülüş payı mənə, alqış səsləri əmim və müəllimim Aydın Babayevə ünvanlasın!” dedim. Və xahiş elədim ki, əmim ayağa qalxsın. Hamı əmimi və müəllimimi ayaq üstə alqışladı. Əmim könllərdə TAXT quran bir ZİYALI idi. TABUTU çiyinlərdə son mənzilə yollanan İNSAN, qayğıkeş ata, mehriban baba idi.

Allahdan Aydın əmimə - sevimli müəllimimə və kəndimizin ağsaqqalına qəni-qəni rəhmət diləyirəm!

08.08.2019. Bilgəh kardioloji sanatoriyası. Saat 13.30

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !