Qəzaya uğrayan MİQ-29" təyyarəsi ilə bağlı son məlumat -

Qəzaya uğrayan “MİQ-29" təyyarəsi ilə bağlı son məlumat

Müdafiə Nazirliyi açıqlama yaydı; Qabil Hüseynli: “Axtarışlar düzgün yoldadır...”
İyulun 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “MİQ-29" təyyarəsinin və itkin düşən pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları davam edir. Axtarış üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin ölkəmizə gəlməsi gözlənilir. Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.

Qeyd edək ki, qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiyanın rəhbərliyi altında axtarış əməliyyatları hazırda da intensiv aparılır.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Türkiyə ilə yanaşı, Rusiyadan da axtarışlarda iştirak etmək üçün kömək istənilməli olduğunu deyir. O, bu barədə moderator.az-a açıqlamasında bildirib: “Artıq neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcının bir an öncə yerinin tapılaraq, qəzanın başvermə səbəblərinin üzə çıxarılmasını gözləyir. Hesab edirəm ki, təcili olaraq Rusiya və Türkiyə kimi bu cür hallarda çoxillik təcrübələrə malik ölkələrdən kömək istənilməlidir. Bu, həm mütəxəssis, həm də texniki vasitələrdən ibarət ola bilər. Burada hər hansı məna axtarmağa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu ənənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir”.

 

Qeyd edək ki, itkin düşən pilot sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir. “Yeni Müsavat”a Q.Hüseynli axtarışlardakı son durum barədə məlumat verdi: “Axtarış zonası şimala doğru bir az da genişləndirilib. Biz ora getdik. Verilən məlumata görə, yeni dənizaltı axtarışlar aparmağı bacaran robot qurğular gətiriblər. Axtarışın aparılması daha da intensivləşib. Dövlətimiz, onun rəhbərliyi bu məsələyə həddindən artıq böyük əhəmiyyət verir. Hər gün müdafiə naziri Zakir Həsənov orada olur, göstərişlərini verir, axtarışlara nəzarət edir. Ordunun yüksək çinli məmurları, məsələn, Hərbi Hava Qüvvələrinin komandanı, Baş Qərargah rəisinin birinci müavini, Sərhəd Xidmətinin generalları, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə daxil olan şəxslər oradadırlar. Fəaliyyətləri koordinə edir, baş vermiş bu faciənin nəticələrini aradan qaldırmaq üçün maksimum səylər göstərirlər. Ona görə də biz ümidliyik. Açığı, demək lazımdır ki, axtarışların müddəti, yəni nə qədər davam edəcəyi ilə bağlı nazirlik də heç nə deyə bilməz. Çünki təyyarənin düşdüyü yeri tam dəqiqləşdirmək mümkün olmayıb. Təyyarə dənizə düşərkən aviasiya benzininin ləkələrinə, təyyarədən tapılmış bəzi fraqmentlərə görə ehtimallar var. Məsələn, təyyarənin arxa qanadları suyun üzərindən tapılıb. Eləcə də pilotun başına qoyduğu kaska da tapılıb. Bunların əsasında müəyyən mühakimələr qurulur. Hər halda, məncə, axtarışlar düzgün yoldadır. Nəticələrin əldə olunmasının uzun çəkməyəcəyi qənaətindəyəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !