Əbülfət MƏDƏTOĞLU: - SÖZÜN AYAĞA DÜŞMƏSİ

Əbülfət MƏDƏTOĞLU: SÖZÜN AYAĞA DÜŞMƏSİ

Neçə gündü ki, özümü toparlaya bilmirəm. Fikrim bir tərəfə gedir, ayaqlarım da digər tərəfə, ürəyim də ki, ortalıqda... Ona görə də nə deyəcəyimi, hansı qərar verəcəyimi dəqiqləşdirə bilmirəm. Elə bil ki, küləyin oynatdığı şar kimi hara gəldi çırpınıram. Elə həmin çırpındığı ovqatla da bilgisayara yaxınlaşmışam. İstəyirəm ki, bir az içimin söz yükünü üyüdüm. Nə qədər bacarsam bu bilgisayar adlı "dəyirmandan” yararlanım.

Bilmirəm necə alınacaq, yarmalı alınacaq, yoxsa yox. Hər halda, başlamışam yazmağa...

Bəli, əslinə baxanda indi əksəriyyətimizin ovqatı hava durumundan daha çox bağlıdır, təbii ki, bir də cibimizlə Əli ciblərində utanmayanlar yəqinki, bir kölgəlik tapıblar, bir sərin yer nişanlayıblar və çəkilib gediblər həmin o ünvanlara. Əlləri ciblərinin yolunu unudanlar da ya qollarını çataqlayıblar sinələrinə, ya da evin "dığ-dığından, problemlərindən bir az aralanmaq üçün çəkilib durublar tində divar dibində - günü axşam eləyirlər. Bu zümrənin nümayəndələrinə nisbətən yaxın olduğum üçün mən tində divar dibində deyil, qələm-kağızın yanında başımı qatıram, özümü məşğul kimi göstərirəm. Çalışıram ki, ətrafı, lap yayın özünü də unudum. Hətta bir yekəxanalıq edib özümü böyük yazar kimi də təsəvvür edirəm. Guya möh təçəm nələrsə yaradıram, ona görə də istirahətə vaxtım yoxdu. Amma siz də, mən də bilirəm ki, nə ovqatım bi ovqat, nə yazdığım bir yazı... nə də ki, kimliyim, gərəkliyim o qədər də önəmli deyil. Yəni Xəyyam demişkən, mənsiz də dünyanın işi keçir. Olub-olmamağımın heç bir əhəmiyyəti yoxdu!..

...Və bir də inanın ki, indi insanlıq, ümumiyyətlə, bu anlayışın özü tamam ucuzlaşıb. Həmin o ucuzlaşma da iqtisadi-siyasi problemlərin mənəviyyatı üstələməsindən qaynaqlanır. İndi istənilən maddiyat insandan önənlidir. Ona görə də bu mövzunu çox da sağa-sola çəkmədən yanından keçmək daha məqsədəmüvafiqdi. Doğrudur, sovet dönəmində ən bərk gedən şüarlardan biri "Hər şey insan üçün!” idi. İndi isə şüarın məzmunu da, mahiyyəti də bir xatirə kimi mənim yaddaşımda qalır. Yaddaş da ki, insana rahatlıq vermir, tutub yaxasından çəkib aparır. Və...

Bir də onda görürəm ki, əlim qələmə doğru uzanıb. Qarşımdakı vərəq naxışlanır. O qədər də səliqəli yaza bilməsəm də, amma oxumaq olar:

 


İlahi, gecənin bu gecə vaxtı

Gör, mənə yazdığın gör necə baxdı.

Üzümə baxmırsan, gör neçə vaxtı –

O qız da baxmır.

 

İlahi, əyilir günəş axşamı

Gözlərim böyüyüb ağ şana...

Əriyə-əriyə sönən ağ şama –

O qız da baxmır.

 


İlahi, səsimin odu kül olur

Çəmənin çiçəyi, otu kül olur...

Sən yaradan bəndə odu, kül olur –

O qızsa baxmır.

 


İlahi, sən necə yazdın bu bəxti

Çatmır köməyinə şairin cəddi...

Hər gün iynə boyu əyilir qəddi –

O qız da baxmır.

 


İlahi, ovutdun məni bu yaşla

Bir çimdik sevinclə, bir gilə yaşla...

İndi ortadayam bu canla-başla –

O qız da baxmır.


***


Bəli, bu şeiri elə-belə yazmadım. Əslində demək istədim ki, indi adamların sevgisi də, diqqəti də azalıb. Məşhur komediyaların deyildiyi kimi, kimsə oduna yananı da tanımır, çevrilib ona tərəf baxmır. Deməli, yanmaq da bir alın yazısı, qismətdi. Kimsə yanıb kül olur, sovrulur küləklərə, kimsə də alışmağıyla qor salır ürəklərə. Mənim də əvvəldən əyri üyrü yazılmış alın yazım yaxşı oxunmadığından qalmışam əlində girinc. Görək nə qədər çəkəcək bu döyüş. Məncə sonu görünən yoldu bu, azalır məsafə. Və deməli, ya bu yazının canı məndən qurtaracaq, ya da mənim canım bu yazıdan. Hər halda, ikisində də qazanan elə bu yazı olacaq. Axı deyilən söz, yazılan yazı özü də bir nişanədi, yadigardı. Bax, bu mənada zənnimcə üzülməyə dəyməz. Heç siz də mənim yazdıqlarımı qəlbinizə yaxın buraxmayın, yəni siz də üzülməyin. Nə olacaqsa, qoy olsun. Bir də ki, biz dözümlü xalqın nümayəndəsiyik. Deməli, axırda qalib biz olacağıq. Ən azından sözdə. Ona görə də mənim bu məqamda sizə də ona üz tutub əlimi görə açmağımı təbii qəbul edin. Bilin ki, bu dua içimdən gəlir:

 


Səbri böyük Allahın

Onun çəkdiyi ahın

Yaz sən mənə günahın –

Çəkim can bahasına...

 


Günüm günə daşına

Günümdən gün yaşına...

Ürəyimin başına –

Oxu, o çaxa,: sına!

 


Ruhum, sən ha gəvəzi

Getməz şair həvəsi...

Nəfəsi əl əvəzi –

Çəkim mən yaxasına...

 


Kömək üçün ün yaya

Həftə yaya, gün yaya...

Bu hər sifət dünyaya –

Atılmış çağasına...

 


Yolun sonu göründü

Hər halını gör indi...

Keşikçiyən könüllü –

Dərdimin ağasına!..

 


Sizi deyə bilmərəm, heç buna kimsəni də təhrik etmirəm. Amma həqiqətən dərdin də, sevincin də ağası var. Sənə o sevincin də, dərdi də yaşadanın könüllü keşikçisi olmaq özü də bir gözəllikdi. Bu hardasa həm də həmin dərdin, sevincin ağasının yanında olmaq deməkdir. Deçəli, mən öz duamla onun yanında olmaq istədiyimi təkrar vurğulamış oluram. İndi siz özünüz üçün istədiyiniz nəticəni çıxara bilərsiniz. Necə deyərlər, seçim öz ixtiyarınızdadı. İstəyənlər ətrafa da müraciət edə bilər, dosta da zəng vurmaq hüququndan yararlanar. Nə isə...

Həyatın (xüsusilə sınanmış və hər zaman da sınanmaqda olan insanı – Ə.M.) çətinliklərlə addambaaddım qarşılaşdırdığı bəndənin kimdənsə inciməsi və ya asi olması təbii bir haldı. Çünki dözümün də bir həddi-hüdudu var. Yerinə düşməsə də, bir atalar sözü ağlımın ucundan gəlib keçir. Atalar deyir ki, "su boğaza çıxanda pişik də balasını ayağının altına alır”. İndi dər də adamın təkcə aəlindən, ayağından yox, hətta bığından, saqqalından, saçından tutub üzü aşağı çəkəndə onda adam tarazlığını itirir və dilindən küfrlər çıxır. Mən belə məqamı anlayışla qarşılayıram. Və həmin adama da səbr, dözüm diləmirəm, sadəcə, yanında susub dayanıram...

Elə bilərsiniz ki, həmin an anlayışsız oluram, ya da özümü qeyri-ciddi, qeyri-səmimi aparıram. Yox vallah, mən bilirəm ki, həmin an deyəcəyim sözün heç birinin əhəmiyyəti olmayacaq, söz ayağa düşəcəkdi. Sözüm ayağa düşməməsi üçün isə sadəcə susmaq daha doğru, daha dürüst seçimdi. Bu mənim qənaətimdi. Və bu qənaət də ordan qaynaqlanır ki, çiynindəki ağırlıq artdıqca dizlərin titrəyir və üzü torpağa yaxınlaşırsan, elə mənim kimi.

 


İndi sükut həmdəmim

Xəyal yol nişanımdı...

Uzaq xatirələrə -

Gedib yoluşanımdı...

 


Əlim daş üstə günlük

İçimdə təlaş, tünlük...

Bu dərd deyil ki, ünlük –

Aha qovuşanımdı...

 


Daşın çapıq tərəfi

Kəsir düyün kələfi...

Bu kədərin şərəfi –

Nəmdən soruşanımdı..

 


***


Bəzən deyirlər ki, sözü zamanında, vaxtında demək, yazmaq lazımdır. Bilmirəm, bunu deyənlər nə fikirləşir, necə fikirləşir. Amma indi zaman sözdən çox-çox sürıətli olubdu. Deiyim söz qapıdan içəri keçməmiş artıq içəridəki zaman dəyişmiş olur, mühit yenilənir. Ona görə də sözü təkcə konkret yerinə, zamanın yox, bütpvlükdə hər kəsə və hər zaman üçün demək daha doğru olar. Onsuz da sahibi sözünü götürəcək. Əgər onu dinləmək və götürmək qabiliyyəti varsa, bunun üçün narahatlıq nigarançılıq yaşamağa ehtiyac yoxdu.

Mən öz həyat yolumda dəfələrlə qarşılaşıb şahidi olmuşam ki, deyilən söz necə ayaq altına düşür. Hətta belə məqamda dalaşan, vuruşan, bir-birini təhqir edən adamları da müşahidə etmişəm. Və içimdə acımışam ki, bunlar gör nəyə və necə etiraz edib anlaşmırlar. Bu mənim çoxbilmişliyim, uzaqgörənliyim deyil. Bu sadəcə olaraq yaşaya-yaşaya, görə-görə dərk edib çıxartdığım nəticədi. Mən də bir Allah bəndəsi kimi dizimə dəyən daşdan özümə gəlməyi bacarmışam. Və hətta elə məqamlar olub ki, dəftəri-kitabı qatlayıb çıxıb getmık istəmişəm. Hətta yazmışam ki:

 


Başımı alıb əlimə

Çıxıb getdim...

Nə sığışdısa qəlibə -

Yığıb getdim...

 


Hakim olan andan kədər

İlahi, gör mən nə qədər...

Ümid evini lap hədər –

Yıxıb getdim...

 


Tərpədib bir təl vidanı

Gecikdirmə gəl, vidanı...

Mən dişimlə əlvidanı –

Sıxıb getdim...

 


Bu şeir həvəsi kimi

Oynatdı nəvəsi kimi?

Mən sevgi dəvəsi kimi –

Xıxıb getdim!..


Bəli, bu da bir qismətdi. Yüyür, qaç, qov, karvanlarda öndə get və sonra hardasa dizlərin qatlansın və yaxud da kimsə sənə nəyisə, haranısa istinad versin, göstərsin...

Beləcə, diqtə etdiyim bu qarmaqarışıq yazının məramı, məqsədi yəqin ki, bir az müəmmalı oldu, qaranlıq qaldı. Bunu da özüm istədim. Arzu etdim ki, yazının müəmmalarını, qarışıq məqamlarını hərə bildiyi kimi görsün, yozsun. Axı hərənin öz baxış bucağı, öz arşını var...

... Heç kim Tanrı ilə müqavilə bağlamayıb. Və heç kim də onun başına nələr gələcəyini və onu nələr gözləyəcəyini söyləyə bilməz. Mən də hamı kimi söylədiyim, yazdığım məqamın içərisində olmaqla sadəcə və sadəcə demək istəyirəm ki:

 


Qaçıram neçə gündü

Qaçıram mən özümdən...

Kipriklərim düyündü –

Tay dərd düşməz gözümdən...

 


Yolum beş iynə boyu

Məsafənin yarısı...

Vallah, çıxıb üzümə -

Həsrətinin sarısı...

 


Nə qədər toparlanıb

Ovutsam da təkliyi...

Bir yerə topalanıb –

Ürəyimin çəkdiyi...

 


Mən qaşmaqla özümü

Çəkdim qəmin şişinə...

Hopdurdum son dözümü –

Bir vidanın dişinə!

 


İndi arxamca su at

Bir çimdik ümid dilə...

Tanrının dərgahında –

Görüş ümidi ilə...


P.S. Dəyərli oxucular, mən yazdığım yazılarlarsa sizə nəyisə deyib, nəyisə çatdıra bilirəmsə, xoş mənim halıma. Yox, əgər nəyisə deyib çatdıra bilmirəmsə, onda xoş sizin halınıza!..

P.P.S. Bu yazını kim oxusa öz içində daşıdığı, yaşatdığı, Onu görə bilmədiyinə üzülməsin. Mən üzülmürəm. Bilirəm ki, burda görüşməsək də, Tanrı dərgahında görüşəcəyik. çünki ordan qaçış yoxdu!..

adalet.az

 

 

 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !