...əlində qələm olana dəyər verin... - - Bahəddin Həzi xatırladı..

...əlində qələm olana dəyər verin... - Bahəddin Həzi xatırladı..

Böyük jurnalistikaya başladığımda ilk tanıdığım və müəllimim deyə biləcəyim Nəcəf Nəcəfovun, Arif Əliyevin və Mehman Əliyevin adlarını həmişə böyük sayğı ilə çəkirəm. Mən 1988-ci ildə Universitetin ikinci kursunda oxuyarkən Nəcəf Nəcəfov və komandasının zamanında əfsanələşdirdiyi və onları da əfsanələşdirən "Молодйож Азербацжана" qəzetinə gəldim. Burda adını çəkdiyim bu üç nəfərlə yanaşı Şahin Hacıyevi, Nazim Rəhimovu, Gündüz Şabanovu, Fərhad Kərimovu, Salatın Əsgərovanı... tanıdım. Mən Qarabağ hadisələri yenicə başlayanda başlanan, fəal iştirakçısı olduğum ilk etiraz nümayişlərindən birində - Sabir Bağının yanında - indiki İstiqlaliyyət küçəsində milis qüvvələri bizim qarşımızı kəsib saxladığı yerdə Ариф Алиев (Arif Aliyev)in, Mehman Əliyevin və Gündüz Şabanovun kürək-kürəyə söykənərək nümayişçilərdən müsahibələr aldığını, o milis nəfərlərinin təzyiqlərinə baxmayaraq o izdihamda, basabasda güc-bəla ilə bloknotlarına köçürdüklərini - o möhtəşəm mənzərəni heç vaxt unuda bilmərəm. Həmin qeydlər ertəsi gün "Molodyoj Azerbaydjana" qəzetidə "Narod bezmolvstvuet" başlığı altında mükəmməl bir reportaj olaraq dərc edildi. O zaman - qonşu qəzetlərin əməkdaşları dəhlizdə tennis oynarkən və ya qəzetərinin səhifələrində, çayxanalarda mitiqlərə çıxan biz tələbələri "ekstremistlər" adlandıraraq "asıb-kəsərkən", "xalqlar dostluğu"ndan, ermənilərlə "əzəli və əbədi qardaşlıq"dan dəm vurarkən, birinci katiblərdən, kolxoz sədrlərindən, sovxoz direktorlarından, nazirliklərdən-filandan "xərac" toplarkən, respublika komsomolunun Mərkəzi Komitəsinin - yəni hökumətin rəsmi orqanı olan "Molodyoj Azerbaydjana" qəzeti nümayişçilərdən müsahibələr alır, mitinqlərdən obyektiv reportajlar edir, respublikanın ermənilər və İttifaq Mərkəzi Moskva qarşısında təslimçi mövqe tutan kommunist rəhbərliyini, elə İttifaq rəhbərliyini də ən ağıll və sərt şəkildə tənqid edirdi. İndi belə bir şeyi təsəvvür etmək o dövrü yaşamamış insanlara çətindir. Ancaq mənim yaşımda və məndən böyük olanlar bunu yaxşı xatırlayırlar. Bəli, o dövrdə hökumətə məxsus olan qəzet xalqın qəzeti olaraq çıxış edirdi. Buna görə Əbdürrəhman Vəzirov Nəcəf Nəcəfovu işdən çıxardanda adlarını sadaladığım jurnalistlər kollektiv şəkildə respublika rəhbərliyinə etiraz əlaməti olaraq işdən getdilər. Nəcəf Nəcəfovla birlikdə. Bu da o dövr üçün çox nümunəvi bir addım idi. Bunlar hamısı gələcəyin jurmalsitləri üçün, o cümlədən mənim üçün canlı, çox faydalı dərs idi. Təbii ki, belə bir qəzetin dağılması millət üçün böyük itkiydi. Ancaq ordakı jurnalistlər başda Nəcəf Nəcəfov olmaqla bir tarix yazdılar. Sonralar da mən Arif Əliyevin redaktorluq etdiyi rusca "Xazar" jurnalında çalışdım. Elə oradaca Mehman Əliyev "Turan" İnformasiya Agentliyinin əsasını qoydu. Mən, indi tanınmış yazıçı Elçin Hüseynbəyli, Rövşən Əliyev və Bahadur İmanquliyev agentliyin ilk müxbirləri oldu. O zamankı Azərinforma, indiki AzərTAC-a alternativ olaraq özəl, müstəqil agentlik olaraq yaranan Turan qısa zamanda məşhurlaşdı. 1991-ci ilin martında Nəcəf Nəcəfov məni "Azadlıq" qəzetinə dəvət etdi və mən də qəbul etdim. Bu insanlar mənim şəxsi və yaradıcı taleyimdə çox dərin və unudulmaz, təbii ki, müsbət izlər qoydular. Sonra baş verən bütün hadisələr və proseslər hər kəsə bəllidir və heç bir şey mənim bu üç böyük jurnalistə - üç dəyərli insana olan münasibətimi dəyişməyib. Nəcəf Nəcəfov dünyaızı tərk edib gedib. Arif Əliyev və Mehman Əliyev bu gün aramızdadır. Və mən bu üç nəfərə öz minnətdarlığımı bildirmişəm və bir daha bildirmək istəyirəm. Mehman Əliyevin hıbsinə çox üzülmüşdüm və öz kiçik də olsa dəstəyimi ifadə etmişdim. Ancaq belə addımlarla, elə bu yazı ilə də mən taleyimdə çox mühüm və müsbət rol oynamış insanlara borcumu qaytara bilmərəm təbii ki. Arif Əliyev, Mehman Əliyev bu gün Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi çox istedadlı qələm və fikir sahibləri ilə birlikdə sanki bir komanda kimi müəyyən işlər görürlər. Onların fəaliyyətinə qiymət vermək fikrindən uzağam. Təkcə onu deyə bilərəm ki, məsələn, bu insanların Azərbaycanın media və ictimai fikir tarixində çox önəmli, özlrinə xas yerləri var. Bu gün kimlərinsə onları tənqidlərinə rast gəlirəm. Əlbəttə, tənqidl normal şeydir; olmalıdır. Olacaq.Ancaq təhqirlər də olur. Bu, çox üzücü olaydır. Mən əvvəllər də yazmışdım; əlində qələm olana dəyər verin, çüni o, bir dəyərdir. Hər kəsi tənqid etmək də olar, tərifləmək də. Ancaq nə tərif mədhiyyə səviyyəsinə düşməli, nə də tənqid təhqirə çevrilməlidr. Bunun ikisi də ifratdır. Hər kəsin yanlışları vardır. Bunları düzəltmək üçün xeyirxah tənqid daha faydalıdır. Ancaq təhqir hələ heç kimə fayda gətiməyib. Təhqir edənin özünə də zərər verir. Bunları yazmaq istədim. Çox uzun çıxdı; üzrlü sayın. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !