BİZİM UĞURUMUZ! - - SABAHIN ULDUZLARI ÇEMPİONATI ( +FOTO=8 )

BİZİM UĞURUMUZ! - “SABAHIN ULDUZLARI” ÇEMPİONATI ( +FOTO=8 )

“Sabahın ulduzları" uşaq futbol çempionatı ilk dəfə 2006-cı ildə start götürüb. O vaxtdan bəri təşkilatçılar 18 çempionat keçirməyə müvəffəq olublar. 8-14 yaşlı minlərlə uşaq məhz “Sabahın ulduzları” marşının sədaları altında yaşıl meydanlara çıxaraq futbolda ilk addımlarını atmışdır. Oyundan-oyuna, çempionatdan-çempionata inkişaf edərək peşəkar futbolçu səviyyəsinə yüksəlmiş Elşən Abdullayev, Emil Balayev, Namiq Ələsgərov, Abbas Hüseynov, Azər Salahlı, Məqsəd İsayev, Rəşad Əzizli, Rahil Məmmədov, Coşqun Diniyev, Mirabdulla Abbasov, Adil Nağıyev, Fəhmin Muradbəyli, Bəhlul Mustafazadə, Vadim Abdullayev, Ehtiram Şahverdiyev, Elnur Süleymanov, Fuad Bayramov, Mahir Əmrəli, Musa Qurbanlı və adını çəkmədiyimiz, hazırda ölkə çempionatının bütün liqalarında, eləcə də Azərbaycan milli komandalarının bütün yaş qruplarında çıxış edən onlarca, yüzlərlə futbolçu “Sabahın ulduzları” çempionatını bu gün ən xoş duyğularla, minnətdarlıq hissilə xatırlayır, mütəxəssislər və valideynlər gənc futbolçuların yetişməsində bu yarışın əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayırlar...
Əlbəttə, uğurları xatırlamaq, dünənki işin hədər getmədiyini, halal zəhmətin bəhrə verdiyini görmək çox xoşdur. Lakin son 4-5 ildə “Sabahın ulduzları”nın ən çətin günlərini yaşadığını da qeyd etmək yerinə düşər.
Bütün bu çətinliklərə, yüksək səviyyədə göstərilən dövlət qayğısının tam əksinə olaraq futbolumuzu illərdir uçuruma aparanların yaratdığı süni maneələrə baxmayaraq “Sabahın ulduzları” çempionatı istedadlı uşaqların üzə çıxarılması və onların inkişafı üçün öz xeyirxah missiyasını davam etdirir. Belə istedadlardan biri də Uğur Qurbanlıdır.
“Qarabağ” Futbol Akademiyasının üzvü olan Uğur 2010-cu il aprel ayının 3-də Bakıda anadan olub. Altı il əvvəl anası onu futbola gətirəndə Uğurun ayağı heç top tutmurdu. Lakin “Qarabağ” Futbol Klubunda uşaqlara göstərilən diqqət və qayğının nəticəsində, məşqçisi Elbrus Rzayevin gərgin əməyi və özünün çalışqanlığı sayəsində Uğur Qurbanlı indi yaşıdları arasında xüsusi bacarığı ilə seçilən oyunçulardandır. Topla düzgün davranışı, fiziki göstəriciləri, rəqibin bir-neçə oyunçusunu aldadıb dəqiq ötürmələr vermək bacarığı, meydanda əlverişli mövqe seçməyi, qol vurmaq duyumu, yaxın və uzaq məsafələrdən qapıya güclü zərbələr endirmək qabiliyyəti, sonadək mübarizə aparıb qələbə qazanmaq əzmi Uğuru fərqləndirən əsas keyfiyyətlərdəndir. Biz yaşıl meydanlarda kapitan sarğılı Uğuru əsasən hücumçu mövqeyində oynayan görürük. Lakin zərurət yarandıqda Elbrus müəllimin onu yarımmüdafiə və müdafiə xəttinə çəkdiyinin də şahidi oluruq. Bu potensial isə Uğurun gələcəkdə universal futbolçu kimi yetişəcəyinə, meydanın hər yerində komanda üçün faydalı oyunçu olacağına bir işarədir.
Əsli-kökü Ağdamdan olan Uğur Bakının Səbail rayonundakı 6 nömrəli məktəb-liseyin 4-cü sinfində oxuyur. Futbolda məşqçisindən əla qiymət aldığı kimi, təhsildə də müəllimləri Uğurun əxlaqını, davamiyyətini və biliyini nümunə göstərirlər. Sinif yoldaşları isə hər dəfə “Qarabağ” yerli və beynəlxalq miqyaslı oyunlarda qələbə qazananda Uğuru dövrəyə alıb təbrik edir və ona tez böyüyüb əsas komandanın heyətində bir-birindən gözəl qollar vurmağı arzulayırlar.
Evdə Uğur üçün xüsusi bir guşə də yaradılıb. “Sabahın ulduzları” çempionatlarında qazanılan qızıl, gümüş və bürünc medallar, “Ən yaxşı oyunçu”, “Ən məhsuldar oyunçu” nominasiyalarının laureatı, “Təhsil” respublika birinciliyinin qalibi və bombardiri olduğunu bildirən diplom, kubok və hədiyyələr bu guşənin bəzəyidir.
“Qarabağ”ın 2010-cu il təvəllüdlü uşaqlargan ibarət komandası payızda başlanacaq Azərbaycan birinciliyində iştirak edəcək. Şübhə yoxdur ki, heyəti Uğur kimi istedadlı uşaqlardan formalaşmış və “Sabahın ulduzları”nda zəngin təcrübə qazanmış “Qarabağ” bu yarışda da gözəl oyunu ilə fərqlənəcək və çempion adına layiq görüləcək.
Oxuduğu məktəbdə müəllim və şagirdlərin, “Qarabağ” Futbol Akademiyasında məşqçi və komanda yoldaşlarının Uğuru həm də “Sabahın ulduzları” çempionatının Uğurudur. İnanırıq ki, hələ 10 yaşı tamam olmayan bu istedadlı oğlan 7-8 ildən sonra bütün Azərbaycanın Uğuru olmağı bacaracaqdır!

 

Mahir SÜLEYMANOV,
jurnalist, Qarabağ müharibəsi veteranı.
Fotolar müəllifindir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !