Sülh göyərçinləri , Dürdanənin cavabını verə biləcəksinizmi? - - Azər Həsrət yazır..

“Sülh göyərçinləri”, Dürdanənin cavabını verə biləcəksinizmi? - Azər Həsrət yazır..

Oxudum o kitabı. Özümü baş obrazın yerinə qoymaqla. Müasir dildə desək, empatiya tətbiq etdim. Hər anım zülm oldu. Hər saniyəm məni çarmıxa çəkdi. Bir an öncə ölməkdən başqa çıxış yolu görmədim. Səbrim tükəndi, nəfəsim kəsildi. Damarlarımda axan qan dayandı, əzələlərim dondu. Nəfəsim tıxandı, hələ də necə yaşadığımı kəsdirə bilmədim. Amma yaşadım, canım bərk imiş və həyatda qaldım. Ermənilər demişkən, biz türklərin canı, doğrudan da bərk olurmuş.

 

…Bütün bunları, əlbəttə ki, mən yaşamamışam. Heç buna bənzər duruma da düşməmişəm. Düşsəm, qəhrəmanımız kimi mən də sonadək dözə bilərdimmi? Deməyə çətinlik çəkirəm. Amma o, dözüb, dayanıb və bu gün də ayaqdadır. Həm də o olayların ən dəyərli bir şahidi kimi çox gərəklidir.

Xocalı sakini, 26 fevral 1992-ci ilin məşum Xocalı soyqırımının qurbanlarından biri Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabı haqqında danışıram.

Müəllif öz başına gələnləri, şəxsən yaşadıqlarını bir şahid ifadəsi kimi qələmə alıb, kitablaşdırıb ki, dünya Xocalıda nə baş verdiyini bir sadə rabitəçi qızın dilindən də eşitsin.

 

Dürdanə Xocalıda rabitəçi kimi işləyəndə və o soyqırımı baş verəndə cəmi 20 yaşı olub. Kövrək və zərif bir qızcığaz Xocalı mühasirədə olduğu günlərdə nələrin necə baş verdiyini öz gözlərilə görüb. Əsas rabitə onun işlədiyi müəssisə üzərindən gerçəkləşdirildiyi üçün ümumi əhvalı da görüb, dəhşətə gəlib, lakin sonadək vəzifəsini icra edib. Ta ki, o gecə ermənilər və ruslar birlikdə Xocalıya hücum edib oranı yerlə yeksan edənədək…

 

Qəhrəmanınız da digər Xocalı sakinləri kimi toplu-tanklı erməni-rus birləşmələrinin qarşısında aciz qalaraq çıxış yolunu qaçmaqda görüb. Bu qaçaqaçda ətrafa səpələnmiş meyidlər, silahsız insanların ümidsiz baxışları, yaşlı-uşaq, qız-gəlinin müdafiəsiz durumuna şahidlik edib. Özü də o anları yaşayaraq həm də…

Daha sonra erməni əsirliyi gəlir. Dürdanəni də ermənilər əsir götürür və əsl işgəncə bundan sonra başlayır…

Dürdanəni digər qadınlar kimi geri verməyə tələsmir düşmən. Çünki onlarla birlikdə ermənilərin “əsir” aldığı Xocalıdan olan erməni qadınlar onu “rabitəçi və döyüşçü” kimi qələmə verir. Bu isə düşmən üçün əvəzolunmaz əsir idi. Həm rabitəçi, həm də döyüşçü çox mətləblərdən xəbər verə bilərdi. Lakin əslində Dürdanə döyüşçü deyildi. Sadəcə mülki rabitəçi idi…

Zərif bir qızcığazın gözü dönmüş vəhşi ermənilərin əlində başına nə gələcəyini təsəvvür belə etmək insanın ömrünü puç etməyə yetər. Dürdanə isə bütün bunları təsəvvür etməyib, öz üzərində – öz həyatında yaşayıb…

 

Xanım olmasına baxmayaraq ermənilər onu sözün həqiqi mənasında ölüncəyə qədər döyüblər. Qışın soyuğunda daş döşəmənin üzərində saxlayıb, vaxt-vaxtdan da üstünə bir vedrə buz kimi su atıblar. Qışın soyuğunda bizim tək bir barmağımız soyuq suya toxunanda ölüb-dirilirik, Dürdanə isə o şiddətə dayanıb, dözüb və bu gün də Xocalının canlı şahidi kimi ayaqdadır.

 

Ermənilər qəhrəmanımızı hətta bir dəfə öldürüb zibilliyə də atıblar o səkkiz gün içində. Lakin bir neçə saat cansız qalan Dürdanə bir möcüzə kimi özünə dönüb, dirilib və işgəncələrə dayanmağa davam edib…

Kitabda erməni xisləti olduqca açıq şəkildə təsvir edilib. Onların açıq hədələrinə geniş yer verilib. Düşmən deyir ki, biz siz türklərin sonuna çıxmasaq rahat olan deyilik. Nəinki Qarabağı, ətrafındakı rayonları da əlinizdən alacağıq. Erməninin iştahı çox böyükdü o günlərdə. Yevlaxa qədər olan torpaqları hədəflədiklərini hələ Xocalı günlərində deyirmişlər…


Dürdanə əsirlikdə olduğu və davamlı işgəncə gördüyü günlərdə sayıqlığını da itirmir. Mümkün olduqca müşahidə aparır və ermənilərin daha böyük həmlələrə hazırlaşdığını öz gözlərilə görür. Özü də bu işdə rusların iştirakını təsbit edə bilir. Əlavə olaraq ərəblər, farslar da daxil olmaqla fərqli ölkələrdən gəlmiş könüllülərin Azərbaycana qarşı vuruşduğu Dürdanənin gözündən qaçmır…

Bu yazımda kitabı tam təsvir etmək istəməzdim. Sadəcə onu qeyd edim ki, sonda o günlərin əfsanəsi Allahverdi Bağırovun müdaxiləsilə Dürdanə qardaşı Elşadla birlikdə əsirlikdən azad edilir. Bu gün də həyatdadır və başına gələnləri illər sonra qələmə alaraq kitablaşdırıb…

Yuxarıda da qeyd etdiyim kimi, bir insanın dözə bilməyəcəkləri gəlib qəhrəmanımızın başına…

 

Bu kitabı oxuduqca bir fikir məni tərk etmədi: aramızdan bəzi şəxslər çıxıb erməni əsgərinə güllə atmağımızı qınayır. Onların da bir ananın övladı olduğunu, günahsızlığını iddia edir. Sanki biz durub-durduğumuz yerdə erməniyə güllə atırıq. Halbuki 27 ildən artıqdır ki, bizim hələ təkcə Xocalının intiqamı üçün minlərlə erməni öldürməyimiz lazım idi! Etmədik bunu, etmirik hələ də!

 

İndi o erməniyə ürəyi yananlarımız buyurub Dürdanənin cavabını versinlər! Buyurub ona izah etsinlər ki, niyə o “yazıq və günahsiz” ermənilər bu qızcığazın başına o oyunları açıblar! İzah edə bilərlərmi? Əsla yox! Zatən bunun izahı yoxdur ki!

Erməni qahmarları buyurub Dürdanənin bütün ömrünü puç etməyə yetəcək o səkkiz günün iztirablarına, işgəncələrinə görə cavab versinlər! Dürdanənin ata yurdu Xocalının yerlə-yeksan edilməsinə, hələ də işğal altında tutulmasına aydınlıq gətirsinlər! Biz erməni əsgərinə ona görə güllə atmağa məcbur qalırıq ki, hələ də Dürdanənin və onun kimi yüzlərlə qız-gəlinimizin intiqamı alınmayıb!

Ermənilərə qahmar çıxanlarımız görəsən səkkiz gün deyil, cəmi səkkiz dəqiqə Dürdanənin yaşadıqlarını yaşasaydılar yenə də “sülh göyərçini” roluna iddia edərdilərmi? Çətin!

Yenə də kitaba qayıdırıq. Bu kitab bir şahid ifadəsi olması baxımından çox dəyərlidir. Yaxşı olardı ki, onu ingilis və rus dillərinə tərcümə edib dünyaya geniş yayaq. Bir də oxuduqca gözümün önündən o hadisələrin hamısı kino lenti kimi gəlib keçdi. Məncə, təcili bu kitabı həm də kinolaşdırmaq lazımdır. Xocalını, erməni vəhşətini anlatmaq üçün bundan gözəl vasitə ola bilməz. Kaş ki, o hadisələr yaşanmayaydı. Lakin yaşanıbsa və ermənilər insanlıq dışı vəhşiliklərə imza atıbsa bunu da şahidin dilindən dünyaya çatdırmaq bizim vəzifəmizdir artıq…

 

14 iyul 2019, Dədəli. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !