Əbülfət MƏDƏTOĞLU: - DÖZÜMÜN MƏLHƏMİ

Əbülfət MƏDƏTOĞLU: DÖZÜMÜN MƏLHƏMİ

... Məclis sükut içərisində idi. Adamların üz-gözündən hiss olunurdu ki, çiyinlərinə bir ağırlıq çöküb. Ürəkləri o ağırlığın caynağındadır. Elə bil ki, barmaqlar sıxıldıqca ağrı da artır...

 

Düşünməyin ki, bu hansısa bədii yazıya girişdi. Sizi kökləmək, sizi mövzunun ovqatına qatmaq üçün bu üsulu seçmişəm. Xeyr! Doğrudan-doğruya məclisin hüznü hər andan, hər hərəkətdən, hər rəhmət diləyindən bir daha yaşanır, bir daha təkrarlanır. Mən bu məclisdə tək deyildim. Yəni fərd kimi bir bucaqda çəkilib durmamışdım. Mən də olanların içərisindəydim və mən də yaşananları yaşayırdım. Üstəlik həm də özümün, öz dünyamın, öz çevrəmin sızıltılarını da yenidən ürəyimin daşlaşmaq bilməyən həssaslığına yük edirdim. Ona görə də mənim üçün daha çətin, daha ağır idi – itirilən və itən! Bu həm həyəcandı, həm də hardasa sualdı. Ona görə ki, bunun damarında, canında günah da var, tale yazısı da, biganəlik də və bir az da hər şeyi öz axarına buraxmaq da. Belə olan halda həyəcanı və sualı seçmək, bir-birindən ayırmaq, hər birini öz axarına, öz məcrasına yönəltmək adamdan hünər istəyir. Təəssüf ki, indi adamlarda hünər qalmayıb. Səbəb çoxdur. Yəni burda qidalardan tutmuş depresiyalara, streslərə qədər hər şeyi səbəb kimi görmək olar. Mən bu fikrin dərinliyinə baş vurmuram. Sadəcə, indiki anda mənə daha çox inandırıcı görünən biganəlik və bir də hər şeyi zamanın axarına buraxmaqdı...

Bəzən deyirlər ki, "saxla samanı, gələr zamanı”. Bu deyimi ədəbiyyatşünaslardan tutmuş aqillərə və adillərə qədər hər kəs bu və ya digər formada şərh edir, onun qatlarına işıq salır. Mən aqil və adil olmasam da, özümə görə bir azacıq anlayışım var. Yəni xatırlatdığım atalar sözünün arxasında mən daha çox israfçılığı görürəm. Mənə belə gəlir ki, həmin fikri səsləndirmiş müdrik "saxla” deyəndə, artıq olanını qoruyub saxlamağı, ehtiyat tədarükü görməyi nəzərdə tutur. Çünki elə bir məqam gələr ki, bir saman çöpü də bir qarışqanı xilas edər. Daha başqa mənalarını mən heç yaxınıma da buraxmıram. Ona görə ki, çəkdiklərim, yaşadıqlarım mənə bunu diqtə edir... Bunu hər an kino lenti kimi gözümün önündə fırladır. Ekrana baxmaqdan gözlərim artıq yorulub. O yorğunluq saxlaya bilmədiklərimin həsrətini də, acısını da, yanğısını da özünə çəkib, hopdurub. Ona görə də zamanın nə vaxt gələcəyinə, samanın nə vaxt istifadə olunacağına xüsusi bir diqqət ayırmağa özümdə maraq görmürəm. O ki, qaldı...

Bəli, iştirakçısı olduğum məclis, yaşadığım həyat mənim əlimdən tutub bir küncə yönəldir. O künc həm sığınacaqdır, həm düşünmək yeri, həm də yaşananların üst-üstə yığılıb mənə suallar ünvanlandırdığı hücrə. Mən öz hücrəmdə yaşadıqlarımın yarısı ilə ortaq oluram. Yarısı isə...

 

 


Tanrı qarşısında başım aşağı

Kirpikdən boylanır yaşım aşağı...

Vaxtsız diyirləndi daşım aşağı –

Söndü xəfif mehdən şam yarısında...


 


Mənə nə veribsə dərddi damarı

Çeynəyə bilmirəm sərtdi damarı...

Elə büdrədi ki, sərpdi damarı –

Seçdiyim bu yolun, tam yarısında...


 


Ötüşən illərim – sümbül ovuldu

Cicək çırtlamadan barı sovuldu...

Vurhavur, qaçhaqaç, qovhaqov oldu –

Kam ala bilmədim, kam yarısında...


 


Güzgüdə baxıram bu üstə başa

Dən ayaq açıbdı saqqala, daşa...

Gəlib yetişmişəm mən altmış yaşa –

Yuxulu yarısı, xam yarısı da...

 

 


***

Adətən düşündüklərimi bilgisayara diqtə etməmişdən öncə onu özüm özümə, dörd divar arasındakı dünyama pıçıldayıram. Və mənə elə gəlir ki, həmin o dörd divar məni dinləyir. Əgər yazdığımı divarlar sükutla qarşılayırsa, onu kağıza köçürmürəm. Yox, divarların əhvalında hansısa bir dəyişiklik hiss edirəmsə, onda ürəklənirəm, pıçıltılarımı köçürürəm bilgisayarın yaddaşına. Sual verə bilərsiniz ki, divarların məgər dili var? Və yaxud özünün münasibətlərini ifadə etmək qabiliyyəti var ki, ağlına gələn hər mənasız fikri oxucuya ünvanlayırsan. İnanın ki, yanılırsınız. Bu dünyada Tanrı yaradan nə varsa, o cümlədən də Tanrının iradəsilə bəndənin ortaya qoyduğu nə mövcuddursa, dili də var ifadə üsulları da. Bax, bu mənada mən divarlarla danışanda elə bilirəm ki, canlıdılar. Və o divarlar mənim oxuduğum şeiri, pıçıldadığım yazını dinləyəndə məni şövqləndirirsə, mən özümdən asılı olmadan səsimin tempini müxtəlif formalara salıramsa, deməli, divarlar məni dinləyir, deməli, yazdığım alınıbdı!.. Hətta bəzən kimlərsə qapı arxasında məni dinləyib içəri daxil olanda otaqda kimsəni görməyib çox qəribə baxıbdı mənə. Bəzən soruşan da olubdu:

-Telefonla danışırdın?

Demişəm :

-Yox!

- Bəs onda kimlə?

- Divarlarla!

Məni sorğuya tutan başını bulayıb və mimikasından tutmuşam ki, "bu yazıq da dəli oldu” fikrini tutmuşam. Heç nə deməmişəm. Çünki o, məni duymaq iqtidarında olmayıb. Divarı necə duydun?!.

Hə, yazımın bu nöqtəsində sizin də dodağınızın ucundan bir təbəssüm keçdiyini hiss etdim. Bunu mənə dizaynerimiz Şamxal bəy də hiss etdirdi. Özündən asılı olmadam dedi ki, Allah şəfa versin”.

- Nə deyirəm Şamxal bəy, şəfa diləmək də xoş məramdı. Amma inan ki, mənimki nə şəffalıq deyil, nə də...

Bəli, bu dünyadakı ən böyük sıxıntım elə özümdən və Səndən başqa kimsənin bilmədiyi, təkcə Allaha bəlli olub və Allahdan gələn sevginin yaşantılarıdı. O elə bir yaşamdı ki, o səndən hamını bezdirir. Bəzən sən özün də özündən bezirsən. Ona görə ki, səni anlamırlar və yaxud da anlamaq istəmirlər. Belə olan halda mən yenə üzümü dörd divara tuturam:

 


Mən hərdən

özümdən də bezirəm

və onda

məndən bezənləri

daha yaxşı

dərk edirəm...

həmin anda

susub

sadəcə

içimdəki xəcaləti

götürüb

yaddaş kartıma ötürüb

tərk edirəm

olduğum məkanı,

adamları

ağrımasın,

sıxılmasın deyə

kimsənin canı

mən həmişə

və hətta

hərdən də

bezəndə özümdən

yapışıb dörd əlli

verdiyin dözümdən

görüş yerimizə

gedirəm

çünki

bu dünyada

bir Allaha

bir də Sənə

inanclıyam

sizə ərk edirəm

bağışlayın məni...


***


Doğurdan da insanların bir-birinə qarşı anlayışlı olması müəyyən mənada sizin ironik yanaşdığınız daşa-divara da dil verir... onlarla da danışmaq, fikir bölüşmək olur. Və həmin o dediyim anın içərisində insana ən çox lazım olan ürəkdi. Çünki daşı-divarı ancaq ürəklə dinləmək mümkündü. Bax, elə hərdən mənim mövzumun qəhrəmanı olan Sənə irad bildirənlər unudurlar ki, onlar sadəcə olaraq ürəklərini işə salmırlar... ürəklərini dincə qoyublar... İstəmirlər ki, o ürək sevgidən, həsrətdən bir balaca ağrısın, bir balaca özünü unutsun... Başa düşmürəm onları. Elə ona görə də birbaşa ağlımdan gəlib keçən, daha doğrusu, birbaşa ürəyimin diqtəsiylə ağlımda şeirləşmiş misralara üz tuturam.

 

 


Kiçik bir kürəyəm hey fırlanıram

Özüm öz içimdə qıfıllanıram...

Hər gün təzələnib – sıfırlanıram –

Dərdimin üzünü güldürmək üçün...


 


Dilverən, gözverən çəkib araya

Duz səpib qaysaqsız qanlı yaraya...

Hərdən də qatıpdı ağı qaraya –

Mənə kimliyimi bildirmək üçün...


 


Durduğum nöqtəni – yeri daraldıb

Oduma su səpib - közü qaraldıb...

İndi anladım ki, onu yaradıb –

Məni gülə-gülə öldürmək üçün...

 

 


***


Həqiqətən bu yazını yazdığım gün çox ağır bir məclisin stresində və həm də o stresin necə yaşandığını görüb dərk etmək zorunda qaldım. Gördüm və anladım ki, dünyada ən dözümlü "nədir”, "kimdir” sualının cavabı birmənalıdı.

- İNSAN!

Bu fikrə ona görə xüsusi diqqət ayırıram ki, daşın ovulduğunu da, ağacın kökündən qopduğunu da, budağın sındığını da bu və ya digər şəraitdə müşahidə etmişəm. Amma sınan budağın, ovulan daşın öz dözümünü ifadə etmək gücünü görməmişəm. İnsan isə canından artıq sevdiyi, necə deyərlər, sinədə ürək, ağızda dil bildiyini itirəndə göz yaşıyla ovunur, danışıb yüngülləşir. Ən vacibi isə torpaq onun sərpini alır. Yarasına sanki məlhəm çəkir. Və beləcə, itirdiyinin 3-ü, 7-si, 40-ı, nəhayət ili... sonra yavaş-yavaş həmin o məlhəm öz işini görür. Sadəcə, ürəkdə bir yara hansısa məqamda, hansısa təsadüfdə özünü hiss etdirir. Bax, buna görə də ən dözümlü yenə də İNSANdı!

Bəli, bütün yazı boyu mən nə yaşadım, fikirlərim harda düyün, harda pərən düşdü bir özüm bildi, bir də Allahım. Yox, üzr istəyirəm oxucularımızdan, bilgisayar yazarımız Gülər xanım da xəbərdar oldu baş verənlərdən. Bir az mən ona istinad edib dözdüm, bir az da o mənə. Məqsədimiz kimsəni təkləmək yox, nəyisə anlatmaq idi. Bilmirəm, necə alındı, amma həqiqətən daş-divarla danışmaq daha məqsədə uyğundur. Çünki o, səni rahat dinləyir. Və mən də yazımın mövzusuna uyğun olaraq sənə üzümü tuturam:

 


Sönən bir işıq üçün,

Kipriklərini sıxma...

Xəyalını qurduğun,

yolun sonuna çıxma...

 

Getsən özünlə birgə,

sevgini də apar, get –

İçindəki ümidi,

Toz olmaqdan xilas et!..

 

Sadəcə dodağının,

ucunda bir ad göyərt...

Hər dəfə o adı de –

və ürəyini kövrəlt...

 

 


... Hə, gördünüzmü necə çətindi dözmək?! Gördünüzmü mən nə çəkirəm?! Və bir də gördünüzmü necə ağırdı anlayışlı olmaq?!

 

P.S. Sizə dözüm, anlayış və bir də hərdən dörd divarla danışmaq gücü arzu edirəm. 

 

adalet.az

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !