XOŞBƏXT O İNSANDIR Kİ... - - Eldar İsmayıl - 70 - Sevda Əlibəyli yazır.. ( +FOTO=3 )

XOŞBƏXT O İNSANDIR Kİ... - Eldar İsmayıl - 70 - Sevda Əlibəyli yazır.. ( +FOTO=3 )

Hörmətli Eldar müəllim!
Mübarək yaşınızı kiçik kollektivimiz, çoxsaylı oxucularımız adından təbrik edirəm. Həyatda heç nə təsadüfi deyil. Hər təsadüfün kökündə mütləq zərurət dayanır... Yazıçılar Birliyinin Natəvan klubunda “Söz” jurnalının 20 illiyini keçirirdik. Tədbir ahəstəcə davam edirdi. Yarıdan gələnlər də vardı, gedənlər də... Respublikanın ilk poliqrafçı alimi, jurnalımızın təəssübkeşi Şəddat Cəfərov mənə “Eldar İsmayılı yanına dəvət et” sözləri yazılmış kağız parçası uzatdı. İmzanızı tanıyırdım. Amma Sizi üzdən tanımırdım. Dəyirmi stol arxasında deyil, adi sıraların birində əyləşmişdiniz. Sıralara baxanda təxmin elədim ki, həmin şəxs Siz olacaqsınız. Sizi qonaq kimi təqdim edib, yanımıza dəvət elədim. Nur simalı bir insan Siz – Eldar İsmayıl məclisin yuxarı başına addımladınız. Müdrik, tanınmış adamların sadəliklərini çox görmüşəm. Nəzərimdə Siz də həmin adamlar sırasında oldunuz. Tədbiri özüm apardığımdan oturmamış sözü Sizə verdim. Siz məni də ilk dəfə görürdünüz, jurnalı da. Məni də, jurnalı da çıxışlardan tanımışdınız. Elə çıxış etdiniz, sanki məni körpəlikdən, jurnalı ilk sayından tanıyırdınız. Çıxışınızın sonunda jurnala “Dədə Qorqud” mükafatı verəcəyinizi vəd etdiniz. Və Azərbaycan mətbuatında bu mükafatı ilk dəfə “Söz”ə verəcəyinizi söylədiniz. İştirakçılar da, elə mən özüm də bu vədin xoş bir xülya olduğunu düşündük. Lakin aradan lap qısa bir müddət keçdi. Biz yenidən “Xalq” mətbuat mərkəzinə – “Dədə Qorqud” mükafatının təqdimatına yığışdıq. Yenə həmin müdrikliyinizdəki sadəliklə məclisimizə xoş ovqat gətirdiniz. Zəhmətimə verdiyiniz yüksək qiyməti iştirakçılar çıxışlarında dəyərləndirdilər. Qloballaşan dünyada Kişi sözünün nüfuzunu qaldırdınız.

 

Eldar müəllim!
Kim nə deyirsə desin, mənim fikrimcə insan hansı xislətdə doğularsa, o xislətdə də inkişaf edir. Xeyirxah genlərinizdən gəlmə xüsusiyyətləriniz Sizi hamıya sevdirir. Hər yerdə arzuolunan, yolugözlənilən insanlardansınız. İştirak etdiyiniz məclislərdə xoş ünsiyyət, xoş aura yaranır. Məclisi tez ələ ala bilirsiniz. Sevgi Sizinlə birgə doğulub, birgə addımlayıb, boya-başa çatıb. Müdriklik yaşınızda da Sizi tərk etmir. Ən böyük missiyalarınızdan biri Azərbaycanı, eləcə də türk mədəniyyəti, ədəbiyyatı və incəsənətinin nümayəndələrini, görkəmli elm xadimlərini dünyaya geniş tanıtmaqdır. Bunun özü böyük sevgi deyilmi?!
O insan xoşbəxtdir ki, yaxşılıq etməyi bacarır və bundan zövq alır.
Siz belə xoşbəxtlərdənsiniz.
Xeyirxahlıq Tanrı vergisidir. O da insana genetik olaraq qanla keçir. Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi zaman-zaman tarixdə yaşayacaqdır. Heç bir təhsili olmayan Hacı ən böyük maarifçi idi. Bu gün sərmayəsi Hacıdan artıq olan milyonçularımız çoxdur. Amma bu sərmayəni hara sərf edirlər, bilinmir. Sizin kimi bir fond açıb insanları sevindirməklə, insanları qiymətləndirməklə daha çox tarixdə qalarlar, nəinki yığdıqlarının gözətçisi olmaqla...
Eldar müəllim! Tarixən bu gün dünəni bəyənməyib. Gənclər valideynlərindən çox zəmanəyə bənzəyiblər. Hələ eramızdan əvvəl dahi filosof Sokrat deyirdi ki, bugünkü gənclər bizim kimi deyil. Lakin Siz gəncləri yüksək qiymətləndirirsiniz, elmi-texniki uğurlarını izləyirsiniz, nailiyyətlərini mükafatlandırırsınız. Fəaliyyətlərini üç dildə nəşr olunan Beynəlxalq “Azərbaycan Dünyası” ilə hər yerə yayırsınız.
Ömürlərinin payız fəslini yaşayan veteranlara, ahıllara münasibətiniz qeyri-adidir. Şahidi olmuşam, onlar hər görüşdə Sizi dost kimi, sirdaş kimi, övlad kimi qarşılayıb bağırlarına basırlar. Qocalıq yaşında insanlar bir növ uşaqlaşırlar. Diqqətə, qayğıya daha çox ehtiyacları olur.
Eldar müəllim!
Bunca xeyirxahlıqla, vaxtı, zamanı bilinməyən gərginliklərdən sonra bəzən özünüzə sual da verirsiniz:
– Mən nə etmişəm? – Hər dəfə Mərdəkandakı bağımızda ağaclara baxanda xəyal məni illərin uzaqlığına aparır. Düşünürəm bu ağacı babam əkib, bunu nənəm. Bu ağacı atam-anam küləkdən, qışın şaxta-boranından necə qoruyardı... İndi onun kölgəsində dincəlirik. Bu ağac həyatımın mənası Bahar xanımdan yadigardır...


Eldar müəllim!
Bu qədər təvazökarlıq olarmı? Ağac əkmək, bağ salmaq, yaşıllıq yaratmaq savab işlərdəndir. Amma sizin əməlləriniz də çiyinlərinizə yazılacaq ən savab işlərdəndir.
İnsan haqqı dərk edəndə canında qorxu hissi olmur. Hər kəsin nöqsanını üzə deməyi bacarırsınız. Qəlbə dəymədən, qəlb incitmədən. Həmin şəxs haqqın qarşısında nəinki susmalı olur, hətta razılaşır da.
Özüm şəxsən rastlaşmışam. Elə adamın nöqsanını üzünə demisiniz ki, həmin adam ömrü boyu özü haqqında tərifdən başqa heç nə eşitməyib. Sözünüzdə haqq olur, qərəz yox. Adamları tənqid edirsiniz, təhqir yox. Saf ürəklə deyilmiş həqiqət qalib gəlir. İnsanları haqqa, ədalətə səsləyirsiniz. Riyadan, qərəzdən uzaq olduğunuza görə haqq sözünüz eşidilir, qəbul edilir. Haqqınızda heç vaxt deyilmir ki, bir buna bax...

 

Hörmətli Eldar müəllim!
Yaşınızın zirvəsindən zəmanəyə baxıb bir az gileylə, bir az nisgillə bildirirsiniz ki, kaş bir pozmaq səlahiyyətim olaydı. Pozardım yalançı sazişləri, insanlara ziyan gətirən yalançı qanunları, müharibələri... Onların yerinə yazardım ki, insan insan olmalıdır. İnsan Allahın bəxş etdiklərini qorumalıdır, qurub yaratmalıdır, dağıtmalı deyil. İstəyirəm hamı xoşbəxt olsun. Ətrafın xoşbəxt deyilsə, sən də xoşbəxt ola bilməzsən. Bir gül ilə bahar olmaz. Allah insanlara verdiyini heç bir canlıya verməyib. Bu ali hisslərin də ən yüksəyi sevgidir. Həyatda sevgisiz heç nə yaranmır. Ömrümdə bircə dəqiqə də sevgisiz yaşamamışam, yaşamaram da. Bu, bir qadına olan sevgi deyil. Dünyaya göz açanda ata-ana, nənə-baba, digər qohumların sevgisi ilə əhatə olunursan. Yaş artdıqca sevgilərin ünvanları artır, üfüqləri genişlənir. Ailə, övlad nəvə... sevgisi ayrı bir aləmdir. Sevgi bütövlükdə insanlara, cəmiyyətə ünvanlanır.

 

Eldar müəllim!
Əlbəttə, geniş ürəyə malik insanlar böyük sevgidən danışa bilərlər. Sülh naminə, böyük Türk dünyasının uğurlarına imza atmağınız insanlara, insanlığa olan sevginizin nümunəsi deyilmi? Dilinizdə gözəl bir ifadə var “insanlıq məktəbi”. Kaş bu insanlıq məktəbindən hamı dərs ala biləydi. Özünüzə məxsus başqa bir ifadəniz də var – ürəyimin gözü. Dəqiq tapıntıdır. İnsan nəyəsə gözlərilə baxanda hər şey adi görünə bilər. Amma ürəyin gözüylə baxanda qaranlıqda da bir işıq tapar.
Milli dəyərlərə, kökünüzə son dərəcə bağlısınız. Yəqin milli dəyərlərə bağlılığınızdandır ki, Milli “Dədə Qorqud” fondunu və Beynəlxalq “Azərbaycan Dünyası” jurnalını təsis etdiniz.
“Azərbaycan Dünyası” sanki Milli Fondun güzgüsüdür. Fondun gördüyü işlər jurnalın səhifələrində öz əksini tapır. Qorqud Dədənin xeyir-duası ilə xeyrixah sazişlərə imza atırsınız, insanları sevindirirsiniz. Təkcə insanları yox, ruhları da sevindirirsiniz. Ruhlar isə daha çox qayğıya, diqqətə möhtacdırlar. Türk dünyasının poeziya nəhənglərindən olan Qaysın Quliyev İkinci Dünya müharibəsində atanızla eyni cəbhədə vuruşub. Əhd eləyiblər ki, müharibədən sağ-salamat evlərinə qayıtsalar, ailə qurub oğulları olsa, hər ikisi adını Eldar qoyacaq. Müharibə qələbə ilə bitir. İllər sonra hər ikisi arzusuna çatır. Özləri bu gün həyatda olmasalar da, hər iki Eldar onların arzularını həyata keçirir. Qaysın Quliyevlə atanızın ömürlərinin sonuna kimi məktublaşması onların odun-alovun içində bərkimiş dostluqlarının sədaqət nümunəsi idi. Beş-altı yaşınız olanda böyük şairin Sizə qonaq gəlməsi yaddaşınızın ən işıqlı xatirələrindəndir. Bu doğmalığı əvəzsiz qoymadınız. Ölümündən sonra Qaysın Quliyevə verəcəyiniz “Vətən Övladı” ordenini qızına təqdim etməyinizlə şairin də, atanızın da ruhunu sevindirdiniz.
Diqqət əvəzsiz qalmır. Qaysın Quliyevin memorial ev-muzeyinin direktoru, şairin qızı Fatimə Quliyeva ailələrinin digər üzvləri – Janna, Eldar, Alim və Əzəmət Quliyevlərin imzası ilə minnətdarlıq dolu məktubunu Beynəlxalq “Azərbaycan Dünyası” jurnalında dərc etdirdi.

 

Hörmətli Eldar müəllim!
Tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov hər bir azərbaycanlının qürur mənbəyi, iftixar hissidir. Volqoqradda Həzi Aslanovun gül-çiçəyin əhatəsində olan fəxri məzarını görəndə Siz də qürur duymuş, iftixar hiss keçirmisiniz və o dəqiqə ürəyinizdən keçib ki, Həzi Aslanovun ruhunu sevindirmək üçün biz nə edək?.. İllər sonra bu arzunuza çatdınız. “Vətən Övladı” ordenini təsis edəndə onun ilk sayını Həzi Aslanovun adına sənədləşdirdiniz. Və bir gün Cənuba yol aldınız, ordeni qəhrəmanın adını daşıyan nəvəsinə təqdim etdiniz. “Vətən Övladı” ordeni Həzi Aslanovun ölümündən sonra aldığı ən qiymətli yadigar kimi Lənkərandakı ev-muzeyində qorunur.
“Vətən Övladı”nın ikinci sayını tədqiqatçı jurnalist Musa Bağırova verməyiniz həqiqətin təntənəsi idi. Həzi Aslanovun ikinci Qızıl Ulduzunun tapılıb təsdiq edilməsi idi. Onun bu xidməti döyüş rəşadətinə bərabər bir şücaətdir. Hələ Kommunist Partiyasının qılınc oynatdığı dövrdə Qorbaçovla, erməni “yan”larıyla çəkişmək asan məsələ deyildi. 1945-ci ildən Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı alması dillərdə hallansa da, sübuta yetirən yox idi.

 

Eldar müəllim!
Ukrayna xalqının özünü, torpaqlarını müdafiə etməsini hamıya dərs sayırsınız. Rusun türkdən uzaqlaşmasına haqq qazandırmırsınız. Əslində orda adların da, adamların da əksəriyyəti türk mənşəlidir... “Azərbaycan Dünyası”nın səkkiz sayının Rusiyaya, beş sayının Dağıstana... həsr edilməsi elə-belə, kağız bolluğundan deyil. Bu sayların baş mövzusu erməni həyasızlığındandır. Baş mövzu yağı tapdağı altında qan ağlayan Qarabağ, İrəvan torpaqlarıdır, doğma yurd yerinin həsrətində olan məcburi köçkünlərin, qaçqınların harayıdır, fəryadıdır. Dağıstanda yaşayan çoxmillətli xalqların, eləcə də digər ölkələrdə yaşayan türklərin hüquqlarını müdafiə etməklə nə qədər savab iş görürsünüz. Jurnalın səhifələrində yeddi dünyanın hökmdarı olan Əmir Teymuru, unudulmaqda olan neçə-neçə türk fatehini dünyaya tanıtdırırsınız. Əmir Teymur haqqında Aida Eyvazovanın yazısı məni heyran etdi və xeyli zənginləşdim.
Əmirin ən etibarlı müttəfiqi – Şimali Azərbaycan, Şirvanşahlar dövləti və “Dəmir qapı” Dərbənddi.
Dəmirqapı Dərbəndi Siz də çox sevirsiniz. Bu şəhəri türk mədəniyyətinin beşiyi adlandırırsınız. Nə doğru həqiqət! Bəlkə də Qorqud atanın uyuduğu torpaq olduğuna görə doğmadır Sizə?! Bu fikirlərinizə Dağıstan Respublikasının Prezidenti Muxu Himbət oğlu Əliyevlə müsahibənizdə də aydınlıq gətirmisiniz.
Sevdiyiniz şəhərlərdən biri də qədim Bakıdır. Küləklər şəhəri, özünəməxsus adət-ənənələri olan Bakı... İçəri şəhərin, eləcə də bayır şəhərin simasını dəyişdirməsi bir vətəndaş, bir bakılı olaraq Sizdə də nostalji hisslər yaradır. Uşaqlığınız faytonlu Bakıda, gəncliyiniz tramvay, trolleybuslu, kəndləri şəhərlə birləşdirən elektrik qatarlı Bakıda keçib. Müdrik yaşınız isə tıxaclı, siqnal səslərindən qulaq tutulan bir dövrə düşüb. Gözləriniz önündə xəyalınızdakı Bakı olsa da, müasirliyi, inkişafı dəstəkləyən ziyalılardansınız. “Azərbaycan Dünyası” köhnə bakılıların xatirələrinə geniş yer verir. Ötən sayınızda Şəddat Cəfərovun məşhur Kubinka məhəlləsi haqqında xatirələri qəlbimdə xoş xatirələr oyatdı. Bakıya ilk gəlişim, küçələri hər gün yuyulan şəhər, əzəmətli binalara heyrətim xəyalımda canlandı. Məşhur “Gün keçdi” filmində də bu hisslər öz əksini tapmışdır.


Hörmətli Eldar müəllim!
Bütün Avrasiyanı, bütövlükdə insan yaşayan qitələri gəzib Azərbaycanı, türk dünyasını tanıtmaqla fərəh duyursunuz. Öz simanızda, fəaliyyətinizlə şüurlarda Azərbaycan haqqında fikir formalaşdırırsınız. Türk dünyasının ləyaqət, mərdlik, qəhrəmanlıq simalarını “Azərbaycan dünyası” vasitəsilə dünyaya tanıtdırırsınız. Sülh naminə, insanlıq naminə ordenlər, mükafatlar verirsiniz. Lakin həyata keçirmək istədiyiniz arzular tam gerçəkləşməyib hələ. Şuşada, Xankəndində, Kəlbəcərdə... üçrəngli bayrağımızın dalğalanan gününü gözləyir yaralı vətən torpağı. Və hamımız millətin tarixinə, yaddaşına əbədi həkk olunacaq o igidin yaxasına “Vətən Övladı” ordeninin taxılacağı günü gözləyirik. Vətən torpağı, Vətən övladı həmin günün intizarındadır. Elə bilirəm, o gün uzaqda deyil!
Gələn yubiley yaşınızda o günün sevincini görmək arzusu ilə.


Sevda Əlibəyli

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !