Görkəmli alim Şəfəq Əlibəylinin 70 illik yubileyi qeyd edilib - ( +FOTO=31 )

Görkəmli alim Şəfəq Əlibəylinin 70 illik yubileyi qeyd edilib ( +FOTO=31 )

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində görkəmli alim Şəfəq Əlibəylinin yubileyinin qeydetmə mərasimindən anlar

 

Əziz Şəfəq xanım!
İllər öncə Siz Azərbaycanın ən nurlu ziyalılarından olan şair Ənvər Əlibəylinin ömrünə şəfəq saçdınız. Hətta adınızın xatırlanmadığı çox misralarında onun gözü önündə dayanan ən məhrəm surət balaca Şəfəqin məsum çöhrəsi, mehriban təbəssümü idi. Taleyin yazısı ilə lap körpəlik illərindən Sizə Azərbaycan şeirinin neçə hərarətli, səmimi örnəyinin yaranmasının səbəbkarına çevrilmək səadəti nəsib oldu.
Ənvər Əlibəyli şimşək kimi sürəksiz, qısa bir ömür yaşadı. Hələ bu yurda, bu millətə nə qədər faydalar verə bilərdi! Lakin hər halda o xoşbəxt adammış ki, yolu, arzuları, bu millətin daha aydın sabahlarına bağlı diləkləri, niyyətləri yarımçıq qalmadı. Övladları bədii yaradıcılıqda da, Ənvər müəllimin qurucularından olduğu Azərbaycan televiziyasında da atalarına yaraşan imzalarını qoydular.
Siz məslək olaraq şərqşünaslığı seçdiniz. Ənvər Əlibəyli sağ olsaydı, ya hasısa bizə bəlli olmayan bir ilahi iradə ilə bugünləri seyr edə bilsəydi, çox sevinədi. Qürur duyardı ki, qızı Şəfəq Azərbaycan filologiyasında, Azərbaycan şərqşünaslığında ən seçkin alimlərin üstün cərgəsində yer tutub, klassiklərimiz haqqında qiymətli əsərləri elmimizdə yeni söz kimi dəyərləndirilib. Fəxr edərdi ki, onun açılışına şahid olduğu, dönə-dönə zallarında gəzib dolaşdığı baş ədəbiyyat məbədində, Nizami muzeyində sevimli Şəfəqi bu gün hər kəsin istəklisi, dərin sayğı bəslədiyi, söz soruşduğu, yol öyrəndiyi rəhbərlərdən biridir.
İstəkli Şəfəq xanım!
Ad gününüz yuvarlaq ildönümünüz mübarək olsun!
İkinci eviniz Nizami muzeyi 80 yaşını bayram etməyə hazırlaşır və Sizin təvəllüd bayramınız o şad ərəfəyə təsadüf edir. Arzulayırıq ki, Nizami muzeyinin bundan sonra hər 10 ildən bir gələcək hər yeni yuvarlaq ildönümlərinin neçəsini də indiki kimi sevinclər, uğurlar içində, sağlam, qəlbi yaratmaq şövqü ilə dolu qarşılayasınız.


Adınız həmişə yol yoldaşınız olsun!
Rafael Hüseynov
və Nizami muzeyinin kollektivi 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !