Nurəddin ƏDİLOĞLUNUN Taxt və tabut romanından bir parça - - Taxt-tac oyunu

Nurəddin ƏDİLOĞLUNUN “Taxt və tabut” romanından bir parça - Taxt-tac “oyunu”

1512-ci ilin aprel ayının on doqquzu idi. Səlim böyük zəfərlə İstanbula girdi. Onu saray qapısında qarşılayan atasının əlini öpdü. Sultan Bəyazid xan taxtı-tacı ondan təhvil alan oğluna dedi:
- Qardaşlarını bağışla, səndən xahişim budur ki, onların valiliklərinə toxunmayasan.
Səlim də atasına söz verdi:
- Bu gündən etibarən, babam əmin olsun ki, məndən dilədiyi hər şey onun könlüncə olacaq!
O zaman İstanbul sarayında qonaq olan böyük qardaşı Qorqud Səlimin əlini öpdü və onun hakimiyyətini tanıdığını bəyan elədi:
- Zəfərin qutlu35 olsun! Dövləti- Aliyyə36 adına Sultan Səlim həzrətlərinə canla-başla hizmətdən37 məmnunluq duyacam!
Könüllü sürgünə yola düşən Bəyazid isə oğluna son dəfə nəsihət verdi:
- Ədalətdən ayrılma, acizlərə və biçarələrə qarşı mərhəmətli ol. Kimsəsizlərə şəfqət, ülaməyə sayğı göstər. Zərurət olmadıqca heç kimə qarşı sərt olma...
Səlim bir daha atasına söz verdi. Bəyazid xan onun bir cüt qaynar, həmdə rəhimsizlk yağan gözlərinin içinə baxdı.Elə bil güzgüdə acizanə görkəmini görüb xoflandı. Fitnə-fəsad hopmuşsarayın ab-havasında onun rəngi-rufu qaçmışdı. Daxilində ümidsizlik, halsızlıq vardı. Ağır-ağır addımlayıb sarayın baxçasına çıxdı, ləçəkləri qan rəngli ətirli qızıl güllərə baxdı.Sonra əyilib qoxladığı bir gülün ətrini canına çəkdi və gözlərindən yanağına iki damla yaş yuvarlandı. Az sonra sarayın çıxış qapısına yan alan pərişan atanın köçü sürgünə doğru yol aldı...

 

***


O, yolboyu çox narahat idi. Sanki mənzil başına sağ-salmat çatacağından heç əmin deyildi. Və bir an ona elə gəlirdi ki, getdikcə Dimetoka gedən yolun deyil, ölümlə onun arasındakı məsafənin ömrü qısalır... Bəyazid qorxu və təlaş içində ətrafa boylanırdı. Doğrudan da, Bəyazid düşündüyü kimi, sürgünə yollandığı Dimetoka çata bilmədi. Yolda qəfildən halı pisləşdi. Sonra gözlərini mavi səmanın sonsuzluğuna dikib kəlmeyi - şəhadətini oxudu .
Onun cənazəsini geri - İstanbula gətirdilər. Sultan Səlim mərhum sultanı sağlığında öz adına tikdirdiyi Bəyazid camisində38 dini və dövlət törəni39 ilə dəfn etdirdi.


_______________
35 qutlu -uğurlu, səadətli, xoşbəxtlik gətirən
36 Osmanlı imperiyası.
37xidmət etmək
38 İbadət evi, məscid.
39 törən –qanun, təntənəli mərasim, məclis.

 

Yas mərasimində iştirak edən Sultan Səlimin sədaqətli saray əyanları altımış iki yaşlı Bəyazidin müəmmalı ölümünə qocalığı və xəstəliyi əsas səbəb kimi göstərirdilər. Amma xalq arasında söz-söhbət gəzirdi ki, Bəyazid öz oğlu Sultan Səlimin göstərişi ilə zəhərlənib.40 Dildə-ağızda gəzən bu xəbər sarayın daş divarlarından su kimi sızıb Sultan Səlimin də qulağına çatmışdı. O, gah susub:“Dədəm Sultan Fateh Mehmetin ölümü də belə dedi-qodulara səbəb olmuşdu41” deyə özünə haqq qazandırır, gah da gözlərinin önünə atasının may günü son dəfə göz yaşı içində qoxladığı qızılgülü gətirirdi. Sultanınbususqunluğusaray başbilənləri arasına pıçhapıçsalmışdı: “Ehtimal ki, oğlu gələcəkdə atasının taxta iddia edəcəyini düşünərək onu zəhərləyib...”
Sultan Səlimin bir-birinin dalınca qəbul etdiyi sərt qərarlar da onun ata qatili olduğuna dəlalət edirdi. Taxtında yerini möhkəmləndirmək qayğısı bir an da olsun onu tərk etmirdi. Buna görə də etibarlı adamlarına ilk əmri öz sülaləsindəki bütün kişilərin məhv edilməsi oldu:
- Yolumun üstündə mənim soyumdan gələn bir daş da olsa görmək istəmirəm!
O, qardaşlarının aqibəti barədə atasına verdiyi sözü tutmadı və əvvəlcə Manisa Sancaqbəyliyinə vali təyin etdiyi və ağlı kəsəndən “Ağabəy”42 dediyi qardaşı şahzadə Qorqudu xəyanətdə suçlayaraq əsir aldırdı. Əsir alınmış qardaş Sultanın yaraqlı-yasaqlı adamlarının müşayiətilə Bursaya göndərildi, amma o zavallı Qorqud da atası kimi mənzilbaşına çatmamış Əyrigöz deyilən yerdə Səlimin əlaltlılarının tərəfindən qətlə yetirildi. Bursada Orxan Qazi Türbəsinin yanında dəfn edilərkən Sultan Səlim qardaşının cənazəsi önündə göz yaşı axıdaraq dedi:
- Ey kardeşim! Ne sen böyle yapsa idin, ne de ben böyle yapmak mecbûriyetinde kalsaydım!..
Qəddarlığına və cəsurluğuna rəğmən o gün özünün və şahzadə Qorqudun yaxın ətrafı onu həssas və incə ruhlu insan kimi tanıdı. Səlim sonra üzünü ağabəyinin Piyalə adlı sadiq dostuna tutub dedi:


____________________
40mənbə:“Osmanlı İmperiyasının sultanları necə ölüblər?” (Türkiyənin “Sabah” qəzetinə istinadənMadern.az.22 Noyabr 2011)
41 II Mehmet dövrünün araşdırmaçısı F. Babinger onun zəhərlənərək öldürüldüyünü iddia edir.
42 Böyük bəy, böyük qardaş. “Ağabəy” sözünün qısaldılmış forması olan “Abi” həm də müasir Türkiyədə özündən böyüklərə müraciət kimi işlənir.

 

- Səni, böyük bir fəzilət sahibinə xas olan sədaqətin səbəbiylə əhv edirəm! Bu sədaqətinin mükafatı olaraq da səni istədiyin məqama təyin edəcəm. İstəsən vəzirim ol!
Piyalə ona təzim edib, təşəkkürünü bildirdi.
-Sultanım, bundan sonra mənim vəzifəm Şahzadə Qorqudun türbədarı olmaqdır, -dedi.
Səlim onun Şahzadə Qorquda sonsuz sədaqətinə heyran qalıb, razılıqla başını tərpətdi.
Həmin gün Sultan Səlim Bursada olan əmisinin beş oğlunu özü ilə İstanbula apardı. Və onun əmriylə qətlə yetirilən qardaşı Mahmudun oğulları - Mehmet, Musa, Orxan və Osman kimi onların da həyatına son qoyuldu... Sonrao, taxtında oturub Osmanlı taxtı-tacının əsas iddiaçısı olan qardaşı şahzadə Əhmədi hansı yolla aradan götürəcəyini düşündü. Və bu məqsədlə səltənətin ikinci adamı sayılan sədri - əzəm43 Hersekli Əhməd paşanı hüzuruna çağırdı. Yaşı əllini ötmüş Əhməd paşa Sultan Bəyazid xanın səltənətində üç dəfə sədri-əzəmlik vəzifəsinə təyin olunmuşdu. Sarayın ən tədbirli və ağıllı əyanlarından idi. Onu atası - Cənub-Şərqi Hersoqovina44 hakimi Stefan Koşaça hələ kiçik yaşlarında Osmanlı sarayına girov kimi göndərmişdi.45 Hersoqovina Osmanlı xanədanına qatılandan sonra Əndərunda46 təhsil almışdı. İyirmi beş yaşında ikən Anadolu bəylərbəyi təyin olunduğu il Səlimin bacısı Hundi xatinla evlənmişdi. Lakin Əhməd paşa Səlimin yeznəsi olsa da bütün vəzirlər kimi ondan ehtiyat edirdi.
Sultan Səlim:
- Paşam, de görüm, mənimlə hələ babamızın sağlığından bü günəcən taxt qovğası aparanqardaşımƏhməddən nə xəbər var? –deyə soruşdu.
Sədri -əzəmin dili-dodağı qurudu.Özündən əvvəlki Sədr-əzəmi Qoca Mustafa paşanın başını öz əlləriylə kəsdikdən sonra onun qanlı kəlləsini günlərlə yanında daşıyanSultan Səlimə verəcəyi xəbər onu qorxuya salmışdı.
- Cəladət47 və fəzilət sahibi olan padşahıma hər şey doğru olaraq söyləmək zorundayam. Amasiyanın sabiq valisi olan qardaşınız Şahzadə Əhməd Konyaya getmiş və orada özünü sultan elan edib, adına xütbə oxutmuşdur...


________________
43Baş nazir
44Indiki Bosnya – Hersoqovina
45Yılmaz, Mehmet "Ahmet Paşa (Hersekzade)", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.146-147
46Əndərun- II Muradın dövründə yaradılmış saray məktəbi.Əndərun məktəblərinə əvvələr yeniçərilər qəbul edilirdi. Xristian uşaqlar, müsəlmanlaşdırıldıqdan sonra Əndərun məktəblərində təhsil alırdılar.
47Mətinlik, igidlik, qəhrəmanlıq

 

Səlim gözlərini ona dikib susurdu. Sədri-əzmin dediyi bu boyat xəbəri sanki eşitməmişdi. Sədr-əzəm sözünə davam edib dedi:
- Bu azmış kimi Əhməd Səfəvi şahı İsmayıldan kömək istəmək amacıyla oğlu Muradı onun xənadanına göndərmişdir... Murad da qızılbaşlığı qəbul edərək başına tac qoymuşdur...
Bu xəbər Sultan Səlimi daxilən çox qəzəbləndirdi. Amma ona ən çox toxunan Şah İsmayılın osmanlı sultan kimi Səlimi tanımaması, taxta çıxandan sonra məqamına etinasız münasibət bəsləməsi idi.
-Ərdəbil oğlu İsmayıla da həddini bildirmək zamanı gələcək! Mən taxt-taca sahib olandan sonra nə bir təbriknamə yolladı, nə də elçi... Halbuki sultanlıq taxtına çıxan kimi,batı və doğu dövlətlərinin başçılarıməni təbrik etmək üçün öz səfirlərini Ədirnəyə göndərdilər. Bəs onların içərisində Səfəvilərin elçisinin olmamasına nə ad vermək olar? Sayqısızlıq...
- Hünkarım, Şah İsmayıl sufilərə rəğbəti olan qardaşınız şahzadə Əhmədin taxta çıxmasını güman edirdi...
- İndi də bu amacla qadaşım oğlu Muradı himayə edir...
Bu cür söhbətlər Sultan Səlimin içini şübhələrlə doldurur, onun canını sıxıb, bütün rahatlığını əlindən alırdı. Düşünürdü ki, özünə ən böyük rəqib hesab etdiyi qardaşı Şah İsmayılın köməyi sayəsində onu hər an taxtdan sala bilər. Sədri-əzəm sultanın ürəyindən keçən bu fikri sanki onun gözlərindən oxuyurdu:
-Sultanım, mən qardaşınız şahzadə Əhmədi yenmək üçün onun ağıl etmədiyi bir təklifimi uca məqamınıza ərz etmək istəyirəm...
- Paşam, çox uzatma, söylə, təklifin nədir?
- Cəsarətimdən dolayı bu təklifimə görə üzr dilərəm. Təklif edirəm ki, şahzadə Əhmədə bir neçə məktub göndərilsin. Həmin məktubların məzmunu bundan ibarət olsun ki, “zati-aliləri qardaşınız Sultan Səlim taxtdan endirilibhəbsə alınmışdır. Sizin - Əhməd xan Sultan Bəyazid xan oğlunun bir an öncə taxta çıxmağını istəyirik...”
Sultan Səlimin qırmızı sifətində məmnunluq ifadəsi peyda oldu. Sədri-əzəm ürəyində Allaha şükür elədi və ürəkləndi:
- Bu məktublardan biri məncə yeniçərlərin sərdarı Sekbanbaşı48 Balyeməz Osman Paşanın kəndi imzasıyla göndərilməli. Şahzadə Əhməd yeniçərlər arasında bəktaşilərə güvənib paytaxta üz tutacaq. Bu zaman yolda öncədən qurulan pusquya salıb onu bərtaraf49 etmək olar...
Sultan Səlim sədri-əzəmin təklifinin icrasını elə onun özünə həvalə etdi.
____________________
48Yeniçəri dəstəsinin ağası, eyni zamanda Divani Hümayun üzvü. Yeniçəri ağalarına vəzirlik rutbəsi verilərkən onlara ağa, paşa müraciət olunurdu Adətən, paytaxtı və sarayı qorumaq Sekbanbaşıya həvalə olunurdu. Sekban (farca seg-ban -"köpek bakıcısı"deməkdir..) Sultan Səlimin dövründə bütün piyada və süvari sekbanlar, padişahla bərabər ova gedərdilər, ov köpeklərinə qulluq edərdilər.

Ağılla gedilməyən yolun sonu qaranlıqdır...

...Doğrudan da aldığı məktubun məzmunu Əhmədi bir anlıq fikrə qərq etdi. O, yaxşı bilirdi ki, Sultan Səlimə taxtı-taca çıxmasında yeniçərlərin üsyanı səbəb olsa da, onların arasında sufi-dərviş Hacı Bəktaş Vəlinin50 könül qibləsinəsəcdə edənlər də az deyil. Bəktaşiliyin təməldaşı Səfəvi-şiə dini inancına çox yaxın idi. Neçə qərinə idi ki, Bəktaş Vəlinin öyüd-örnəklərini, söz yadigarını nəsildən-nəsilə yaşatmaq Anadolutürkləri arasında savab əməllərdən sayılırdı. Onun “Nəbilər, vəlilər insanlığa Allahın hədiyyəsidir”, “Ara, bul!”, “Mərifət əhlinin ilk məkanı ədəbdir”, “Əlinə, dilinə, belinə sahib ol!” kimi hikmətli kəlamları yaddaşlardan yaddaşlara körpü, ürəklərə işıq salırdı. Şahzadə Əhməd də məktubu oxuyandan sonra sufi- dərvişin könül dünyasından qopan mənalı misralarını xatırladı:

Hərarət nardadır, sacda deyildir,
Kəramət səndədir, tacda deyildir,
Hər nə arar isən, kəndində ara,
Qüdüsdə, Məkkədə, Hacda deyildir…

“Demək, hər şey insanın öz əlində-əməlindədir”-deyə düşündü. Ətrafındakılar onun qəti qərarını gözləyirdilər.
- Zira, “ağılla gedilməyən yolun sonu qaranlıqdır...” kəlamı da Bəktaşi əfəndimizin könül xəzinəsindən yadigardı. Bəlkə də bu bir hiylədir? – deyəndə kəşfiyyatçıların gətiriyi xəbər şübhələrini tamam alt-üst etdi.
- İstanbulda bir üsyan çıxmış, sultanım...
Bundan sonra Əhməd atının yəhərinə qalxıb tərəfdaşlarına səsləndi:
- Hacı Bəktaş əfəndi demişkən, bir olalım, iri olalım, diri olalım! Haydı İstanbula varalım...


_____________________________________
49bərtaraf - ortadan qaldırmaq, çıxarmaq.
50Bektaş - “Dost”, “Yoldaş”, “Bəy”, “Bəy dostu” (“Bəydaş”) mənalarını verir. Bəktaşiyyə və ya Bəktaşilk türk sufi cəmiyyətinin adıdır. Təriqətin banisi Hacı Bektaş Vəlinin 1243-cü ildə Xorasanın Nişapur şəhərində anadan olmuşdur. 1281-ci ildə Məkkə ziyarətindən sonra Anadoluya gəlmiş, əvvəlcə Əskişəhir ətrafındakı Seyidqazıdə, sonra Qırşehirdə yaşamışdır. Mənbə:Şapolyo. “Mezhebler ve tarikatlar tarihi”, s. 256. İndi Hacıbektaş adlanan yaşayış məntəqəsində ziyarətgaha dönən türbəsi önündə yazılan qeyddə Hacı Bektaş Vəlinin 1248-1337-ci illər arasında yaşadığı göstərilir.

 

Oğlu Ələddin də özünün süvari dəstəsiylə atasına qoşuldu. Çox çəkmədi ki, yolda onları mühasirəyə aldılar. Əhməd ətrafına baxanda Sultan Səlimin qalibanə baxışlarla ona necə tamaşa etdiyini gördü, məyus halda başını bulayıb dedı:
- Böylə tuzak51 zatən Səlim kimi bir taxtı-tac düşkününün, sərsərinin aklına gələ bilərdi. Heyhat, mən Hacı Bəktaş əfəndimizin “Düşməninizin dahi insan olduğunu unutmayın” kəlamının dürüstlüyünü bu hala düşəndə sınaq etdim. O gözəl kəlamın sınağı mənə və oğluma həyatımız bahasına başa gəldi... Artıq hər şey çox gecdi... Öldür bizi!
Sultan Səlim qəhqəhə çəkib güldü:
- Zəfərə ulaşmağın yolu təkcə calalətdən deyil, qardaşım, həm də hiylədən keçir. Sən bu gerçəyi də unutdun... – dedi.
-Hər taxtın yanında bir tabut var demişlər, zira sənin taxtının yanında tabut sayısı hesaba gəlməz...
Səlim əlini yuxarı qaldırb qardaşının sözünü ağzında qoydu və adamlarına üzün tutub dedi:
- Əcəm padişahını özünə bəradər bildiyinə görə qardaşım Əhmədin oğlu ilə bahəm qanını bu torpağa tökmədən öldürün! Onların boğularaq qətl olunmasını əmr edirəm...
Bu əhvalatdan az sonra Konyaya gələn Sultan Səlimin göstərişi ilə əsgərlər qardaşı Şahənşahı və onun oğullarını da boğaraq qətlə yetirdilər. Əhmədin bir oğlu Murad Səfəvi dövlətinə sığınmışdı, o biri Misirə qaçmışdı...
- Yerin yeddiqat dibində də olsa, axtarın tapın onları!
...Qardaşı oğlu MuradınTəbrizdə şiəliyi qəbul etməsi xəbərini Sultan Səlimə təşviş içində çatdıran Sədri-əzəm dedi:
- Başına qırmızı tac geyib, “ayini-islamı tərk etmiş...” Ətrafında cəm olan iyirmi min nəfərlə hər an islamın dayağı olan hünkarımıza qarşı gələ bilər...
Sultan Səlim Şah İsmayıla məktub göndərib Muradı onun hüzuruna göndərməyi tələb etdi. Bir müddətdən Səfəvi şahının rədd cavabını gətirən elçilər Səlimin göstərişi ilə edam edildilər. Bundan sonra Səfəvi sarayına elçi sifətiylə göndərdiyi xəfiyyələr Muradı qətlə yetirdilər. Misir dövlətinə qaçan qardaşı oğlu da tutulub amansızlıqla qətlə yetirildi. Bununla da Sultan Səlim öz soyunda özünə raqib olacaq bir kişini də sağ buraxmadı. Buəməllərinə görəSultan Səlim xalq arasında özünə Yavuz52 ləqəbi qazandı.
Yavuz qızılbaşların arxa cəbhəsi olanQaraman bəyliyində və bəyliyin ətrafındakı Səfəvi tərafdarlarını da yox etməyi qərara aldı. İki əsr idi ki, Qaraman bəyliyi Osmanlı xanədanının təhlükəli rəqibi sayılırdı.
______________________
51Tuzak –tələ
52Yavuz – qorxunc, zalım. Hərfi tərcümədə «yavuz» kəlməsi «quduz köpək» mənasını verir.

İstanbuldan yola çıxmaq ərəfəsində ikən Sultan Səlim Osmanlı sarayının adlı-sanlı üləmalarından şiəliyin kafirliklə eyni tutulması və qızılbaşlarla savaşın vacib olduğunu ifadə edən fətva vermələrini tələb etdi. Müfti Əl Həmzənin də iştirak etdiyi divanda əsib-coşan sultan dedi:
- Anadolu əldən gedir, oradakı insanların hamısı içdən Əcəm əmiri İsmayıl Səfəviyə tutkuyla53 bağlanıblar.Divanıma gələn bir diləkçədə görün nə yazılıb:"Budur, bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü..."Bu Allahsız-dinsiz azğınlar bütün Anadolunu başına götürüb. Onları yox etmək üçün kəskin bir fətvaya gərək var. Elə bir fətva ki, mənim döyüşçülərimin bu dinsizlərə qarşı qəzəbini ikiqat artırsın. Fətvadaonlarınöldürülməsi vacib və fərz olduğu göstərilsin ki, o inancından asılı olmayaraq hər bir osmanlı əsgərinə izn və yetki belgesi54 olsun!
Onun sözünə Sədri-əzəm Hersekoğlu Əhməd paşa güc verdi:
- Onların hamısı toy-düyündə Şah İsmayılın varsağılarını oxuyurlar. İsmayıl öz şeirləri ilə türkcəni səs bayrağı haline gətirmiş və Anadoludakı türklərin ürəyini fəth etmişdir. Görüntürkmən tayfaların cocuqları Allaha necə dualar edir: “İlahi, bizə Sahib-əz-zamanı görməyi tezliklə nəsib et!” Onların kiçiyi də, böyüyü dəŞeyx İsmayıla imam övladı kimi güvənirlər. Ayaqyalın yola düşüb onun ziyarətinə gedirlər. Rum türkmənlərindən olan gənc sufi-aşıqlardan biri isə məxluqata “Haydı yürüyəlim, şaha gedəlim”55 deyir...
Sultan Səlimin çatma qaşları kaman kimi dartıldı, kiprikləri ox kimi sədri-əzəmə tuşlandı:
- Beləsinin dərisini Nəsimi kimi xalqın gözü qabağında soymaq gərək. Bu gündən etibarəndövət ərkanları ələvi şairlərin üzərində nəzarəti daha da gücləndirsin.Osmanlı qoşunu batıya yürüşünü dayandırıb, doğuya yan alması üzrə əmrimizi gözləsin.
Sədr-əzəm təlaş içindəydi, tez baş əyib:
- Hünkarımız necə istəyirsə, elə də olacaq!-dedi.
Çox çəkmədi ki, ona şeyxülislamın yazılı fətvasını təqdim olundu.
Fətvada yazılırdı:
- Qızılbaş ələvilərin kafirlər və dinsizlər topluluğu olduğuna dair fətva verdik. Dövləti – aliyyeyi – Osmaniyyə adına, Anadolu ellərində İslam dininin bərqərar olması naminə qızılbaş tərəfdarları ilə savaşmaq bütün müsəlmanların müqqədəs vəzifəsidir. İslam əsgərlərindən onları öldürənlər qazi sayılacaqlar, bu savaşda ölənlər şəhidlik şərbəti nuş eib Allah dərgahında ən yüksək mərtəbədə olacaqlar. O kafirlərdən ölənlər isə həqir olub cəhənnəmin dibibdə yer tutacaqlar...”


_____________________
53Tutku – güclü istək
54səlahiyyət sənədi, dəlili, imtiyaz.
55Araşdırmaçıların dediyinə görə Pir Sultan ləqəbi ilə bir neçə şair olmuşdur.. “Açın qapıları şaha gedəlim” beytini yazan Pir Sultan Abtal isə qızılbaşların Anadoluda xəlifəsi olub.

 

Səlim vəzir-vəkilinə səsləndi:
-Bir gün ərzində yeddidən yetmişə varınca ol yaramazlardan təsbit olunan eşkiyaların56 adlarının dəftər olunub mutlu kapıya bildirilməyini əmr edirəm.
Müfti Həmzənin çıxardığı fətvanı Sultan SəlimKonyada bütün sancabəyləri arasında yaydı və sərkərdələrini üsyan bölgəsinə göndərdi. Qaraman bəyliyinin yönətməyi isə dostu Həmdəm paşaya həvalə etdi. Təkcə qılıncla, odlu silahla deyil, qızılbaşlara qarşı kin və nifrət duyğuları ilə silahlanmış osmanlı əsgərlərinə Sultan Səlim yeddidən yetmişəcən şiə kişilərinin öldürülməsini əmr etdi.
Üç gün, üç gecə davam edən qətliamda Qaraman bəyliyində qırx mindən57 artıq müsəlman öldürüldü. Ələvilərə “kafirlər” deyə vəhşicəsinə qılıncdan keçirənlərin əksəriyyəri yezidi kürdləri idi.58 Onların şiə-qızılbaşlara, ələvilərlə qarşı amansız olması səbəbsiz deyildi. 1506–cı ildə Şah İsmayıl “islamın düşməni” olan yezdi kürdlərinüsyanını yatırmaq üçün Bayram bəy Qaramanlını və Əbdi bəy Şamlını Urmiyaya göndərmişdi.Kürdlər Urmiya gölü ərazisində çətin keçilən dağlarda yerləşsələr də qanlı döyüşdə onların başçısı Şirsərim tutulub edam edilmişdi.
Qaraman qətliamında yeniçərilər iştirak etmədilər. Çünki onların əksəriyyətinin rəğbət bəslədiyi Bəktaşi təkkəsi59 şiəliyə yaxın cəmiyyət hesab olunurdu.

 

***


____________________
56Eşkiya - yolkəsən, quldur
57Bəzi mənbələrdə qətlə yetirilənlərin sayı 70 min göstərilir.
58Bu rəqəm qırğında rolu olan İdrisi Bitlisinin farsca yazdığı “Səlimşahnamə” əsərində açıq - aşkar dilə gətirilmişdir. Əsərdə İdrisi Bitlisi kürdləri qızılbaşlar ilə döyüşə təşviq etdiyini, onların da qılınc gücünə Anadolunu qızılbaşlardan təmizləmək üçün and içdiklərini və bu vaxt 40 min Qızılbaşın öldürüldüyünü yazmışdır.
59Bektaşi təkyələrinin (“Təkyə” və ya “Təkkə” ibadət və təlim yeri) giriş qapısında hər kəsin görə biləcəyi bir yerdə böyük hərflərlə “Ədəb” sözü yazılıb asılırdı. Bu o demək idi ki, bura ədəb, əxlaq mərkəzidir. Bura ədəblə girilir, ədəblə çıxılır. “Ədəb”(ادب) kəlməsi ərəb əlifbası ilə “Ə” ( ا), “D” (د), “B” (ب) hərflərindən meydana gəlmişdir. Bu üç hərf, üç kəlməyə dönmüşdür. Bunlar “Əl”, “Dil”, “Bel” kəlmələridir. Yəni, “Əlinə sаhib оl, dilinə sаhib оl, belinə sahib ol” kəlmələri, Bektaşi fəlsəfəsinin əхlаq və mənəviyyat prinsipi sayılmışdır. Bеktаşiliyə daxil olanlar bu üç kəlmənin dərin mənasını dərk etmiş və ona əməl etmişlər.

 

Anadoluda qan dizə çıxmışdı. Çığırlar, yollar ələvilərin cəsədi ilə doluydu. Bu qırğının dəhşətləri xalqın dilində ağılara, bayatılara, qəmli nəğmələrə dönürdü. Anadolunun fəryadıdildən-dilə, eldən-elə yayılırdı. Qaraman qırğınını el arasında Pir Sultan Abdal60 adı ilə tanınan suvaslı dərviş – ozan:“Türkmən qalxıb yaylasına yürüməz” deyə nəzmə çəkmişdi: “Pir Sultanam yaradıldım qul deyə,Zalım paşa əlindənmi öl deyə”61söyləyənozan sonralar:"Çeke sancağı götüre, Şah İstanbula otura" beytində Səfəvi şahına sevgisini izhar etdiyinə görə edam olunmuşdu.62
...Ədirnə sarayında isə Qaraman qırğınını “uğurlu və mühüm iş” kimi yada salan Sultan Səlim fovqaladə çağırdığı divanı bu sözlərlə açdı:
- Qaramanda Şeyx İsmayl Səfəvinin tərəfdarlarını qırıb-çatmaqladoğu Anadolunu kafir qızılbaş ünsürlərdən təmizlədik. Bununla da biz arxadan öz müdafiəmizi təmin etmiş olduq. Həm də bu, yaxın zamandaSəfəvilərin əmiri Şah İsmayıla qalib gəlməyimizə zəmin yaratdı. Artıq bu azğın kafirlərin dərviş hökmüdarına savaş elan etmək barədə sizin də fikrinizi bilmək istəyirəm...


___________
60əsl adı Heydər olub, XVİ əsrdə yaşamış ələvi-türk xalq şairi, 7 Ulu ozandan biri
61Sivas Valisi Xızır Paşa tarəfindən edam edildiyi bildirilir.
62 Nurettin Albayrak, TDV İslâm Ansiklopedisi, cilt: 34, sayfa: 277

 

Sonra o, əsl niyyətini din xadimlərinə, vəzirlərinə və sərkərdərərinə belə söylədi:
-Vükela və üməra əhli bilsin ki, Devleti-Aliyeyi Osmaniyyə imperatorluğunun doğuda hökmüranlıq etməsi yolunda Əcəm diyarında qurulan gənc Səfəvi dövləti böyük əngəldir. Qərarım paytaxt Təbrizə yürüş etmək, qılincımla Qızılbaş kafirlərini savaş meydanında cəhənnəmə vasil etməkdir. Şah İsmayıl bir eşkiya63 kimi öz mürüdlərini artıraraq gənclərin könlünü özünə çəkib. Peyğəmbərin könüllər açan qanunlarını... təməlindən yıxıb xarab etmişdir. Başımızın tacı, cövhər əsaslı dini davam etdirmək və şəriət yolunda addımlamaq sevinc qaynağımız olub. Tanrının köməyi ilə gücümüz ən yüksək səviyyədədir. Cahanı tutan qılıncımız İslamın nuruyla parlamaqda ikən, ağır itkilərin qaynağı Şiə topluluğunun ipini qırmaq və şanlarını varlıq dünyasından yox etmək... din qaydalarına görə boynumuza borc olmuşdur...64 Madəm ki, bu qüsurlu məzhəbin getdikcə gücü artır, zərərinin bizə toxunması da günün mövzusu olmuşdur. Zira Anadolu ellərində yaşayan ağıldan yoxsul türklər tanımadan, bilmədən o azğınlıq örnəyinə uymuşlar, uşaqlarını, mal və varlıqlarını onun yoluna fəda edirlər. İmkanlı olanlar bahalı ərmağanlarla onun ziyarətinə gedirlər. Onun yıxılası dərgahının gölgəsini haşa 65 hacet66 qapısı və dilek kəbəsi bilirlər...
Onun bu odlu-alovlu nitqi vəzirlərini çaş-baş salmışdı:
- Əcəm diyarının hökmüdarı Şah İsmayılla savaş qorxunc bir şey, - sədri -əzəm içindəki qorxuya güc gəlib özü-özü ilə danışırmış kimi sakitcə dilləndi, - bu savaş bizə böyük itkilər və qurbanlar bahasına başa gələ bilər. İndiyə qədər kimsə tərəfindən məğlub edilməyən Qızılbaşlar üzərində qələbəyə ümüd bəsləmək...
Sultan zəhimli gözlərini bərəldib onun sözünü kəsdi:
- İmperatorluğumuzun qəlbini, ruhunu gəmirən bu qorxu-hürkü mütləq aradan qalxmalıdı. Mən hələ Trabzon canişini olanda qızılbaşların gözünün odunu almışdım. Bayburt, Gümüşxanə, Ərzincan çevrəsini ələ keçirib böyük başarılar qazanmışdım. Nə tez unutdunuz türkmən ozanların sazlarında çalıb-oxuduğu qəhramanlığımı öyən nəğməni:

 

“Yürü, Sultan Səlim, dövran sənindir”


___________________
63 quldur
64Mənbə:Hoca Sadeddin,Tac üt-tevarih. I. Selimin ölümüe kadar Osmanlı Tarihi. Hoca SadeddinEfendi (1536 -1599, İstanbul), Türk tarihçi, şeyhülislam ve müderris. Sultan Səlimin nədimi Həsan Canın oğlu.
65haşa - bir davranışın əsla qəbul ediləməcəyini bildirən söz.
66Hacət -etiyac, lüzum

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !