TORPAQDA, TARİXDƏ, ÜRƏKLƏRDƏ İZ QOYMUŞ İNSAN... - - Xeyrulla Ağayev yazır..

TORPAQDA, TARİXDƏ, ÜRƏKLƏRDƏ İZ QOYMUŞ İNSAN... - Xeyrulla Ağayev yazır..

2 iyul- AYDIN SƏLİMZADƏnin doğum günüdür..


( Aydın Səlimzadə haqqında düşüncələrim…)
 


Çiynində daşınmaz yük daşıdın ki,
Sənə çətin olsun,dostlara asan.
Nə deyim,bəlkə də az yaşadın ki,
Sonralar bu qədər çox yaşayasan.


Hüseyn Arif


Bu misralar həyatda cəmi 27 illik sözə,sənətə bağlı yaşanmış ömür qoymuş böyük rus şairi M.Y.Lermontova həsr olunsa da, mənim aləmimdə bu Aydın Səlimzadənin boyuna biçilmiş, mənalı ömrünün açmasını verən misralardır.Cəmi 42 illik ömründə əsrlərə bərabər yol keçmiş, nəhəng işlər görmüş,minlərlə insanın qəlbində özünə əbədi heykəl ucaltmış Aydın Səlimzadə- nə qədər ki,Həqiqət var, onun uğrunda Mübarizə var, Mənəviyyat var, İnsanlığa hörmət var – Yaşayacaqdır... Söz ki,Lermontovdan düşmüşkən qeyd edim ki, şair riyaziyyatı gözəl bilib,mahir şahmatçı,damaçı olub,incə musiqi duyumuna malik olub (şeirləri də sanki musiqi notları üstə yazılıb),qeyri-adi rəssamlıq qabiliyyətilə çoxlarını heyran qoyub ( əsərlərinin əksəriyyətinə illüstrasiyaları özü çəkib, xüsusən də Dağlılar mövzusunda çəkdiyi tablolara heyran qalmamaq olmur) , ən zəif bildiyi ədəbiyyat olsa da, Əlahəzrət Tale ona məhz Ədəbiyyatda Əbədi qalmaq Haqqı verdi. Bu fikirləri təsadüfən xatirlamadım. Aydın Səlimzadə də belə geniş diapazona malik erudisiyalı şəxsiyyət idi, ancaq rus şairindən fərqli olaraq O, bütün digər sahələrdə xüsusi istedada malik olmaqla yanaşı Ədəbiyyatı da mükəmməl bilirdi,poetik çeşməsindən süzülüb gələn misralarıyla çox ürəkləri fəth edib, şair, yazıçı, publisist, jurnalist kimi yaratdıqları,yazdıqları, dedikləri ilə tarixin Yaddaşında iz qoyub.
Bəli, doğrudan da Aydın çiyninə ağır yük götürməyi ,onu daşımağı, tələb olunan nöqtəyədək aparmağı bacaran adam idi.Bu yüklərin ən ağırı ziyalı Yüküdür ki, Aydın onu şərəflə daşıdı.( “Aydın”elə“ziyalı”deməkdir). Bu anda istedadlı sənətkar Orxan Fikrətoğlunun ssenarisi əsasında rejissor dostumuz Rövşən Almuradlının çəkdiyi “Yük” filminin əvvəlində söylənən belə bir fikir yada düşür:” Insanın çiyninə götürdüyü yük nə qədər ağır olsa, torpaqda qoyduğu iz o qədər dərin olar.” A.Səlimzadə öz yaradıcılığı, elmi tədqiqatları, axtarışları, tapıntıları, cəsarətli sözü, dağ çayı kimi saf və duru poetik aləmi, obyektiv ziyalı mövqeyi, humanist və qayğıkeş xarakteri ilə torpağımızda, tariximizdə, yaddaşımızda silinməz iz qoydu, Alim, Tarixçi, Etnoqraf,Şair, Yazıçı, Publisist, Jurnalist, Ziyalı, Dost, Ünsiyyət və Birləşdirici missiyalı böyük Vətəndaş kimi...Qədim tariximizə onda maraq haradan qaynaqlanırdı? Bu ilk növbədə dünyaya göz açdığı,ilk addımlarını atdığı Vətən adlı qədim və maraqlı tarixi olan o ucqar dağ kəndindən qaynaqlanır...
İsmayıllı rayonunun Hacıhətəmli kəndi- Aydın Səlimzadənin dünyaya göz açdığı,boya başa çatdığı kənd.Çox qədim yaşayış məskənlərinin mövcud olduğu ərazi,maraqlı tarixi və zəngin ənənələri olan kənd... Əvvəllər Hacıhapıtlı, Hacatamlı, XX əsrin 50-60-ci illərindən isə Hacıhətəmli adlanan kəndin yerləşdiyi ərazi ulu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub öz qədimliyini tarixi abidələrində qoruyub saxlayıb. Tarixi mənbələr sübut edir ki, hələ 2 min il əvvəl bu ərazilərdə indikindən daha sıx əhali yaşamışdır, ona görə də indi də bir qarış yer qazan kimi qədim qəbirlər, o dövrün başqa nişanələri üzə çıxır. Bu ərazidə antik dövrün və orta əsrlərin cizgilərini özündə əks etdirən coxsaylı yaşayış məskənləri,qəbirlər və digər tarixi nişanələr Hacıhətəmlinin sirli-soraqlı tarixinin toxunmamış - oxunmamış səhifələrini təşkil edir. Zəngin təbiəti ilə seçilən, sevilən İsmayıllının zəngin və maraqlı tarixinin bir hissəsini təşkil edən Hacıhətəmli bir çox möcüzələri özündə yaşadan qədim yaşayiş məskənidir. Aydında bu tarixə maraq oyandı, sonralar peşəkar tarixçi kimi qədim Alban tarixi, onun bir hissəsi olan hapıtlar haqqında gözəl tədqiqatlar apardı...( əfsuslar olsun ki, amansız ölüm onun axtarışlarını, tədqiqatlarını yarımçıq qoydu ).
Aydın Hacıhətəmli kənd orta məktəbini bitirib, elə ilk əmək fəaliyyətinə də məhz bu məktəbdə başlayıb. Bu məktəbin yeni binasının tikintisi də daha bir tarixi sirrin üstünü açdı- 1982-ci ildə məktəb üçün yeni binanın bünövrəsi qazılarkən bir sıra nadir mədəniyyət nümunələri üzə çıxmışdır. Buradan tapılmış e.ə. III-I əsrə aid əmək alətləri, məişət qabları,metal bilərziklər, müxtəlif növ muncuqlar və s. deməyə əsas verir ki, təqribən 2000 - 2500 il bundan əvvəl bu ərazidə dövrünə görə yüksək dərəcədə inkişaf etmiş təsərrüfat və mədəniyyətə malik əhali yaşamışdır. Buradan tapılan üstü yazılı gil vaz albanların elmə məlum olduğundan təqribən 600 - 800 il əvvəl yazı barəsində təsəvvürə malik olmasını söyləməyə əsas verən yeganə maddi sübutdur. Alban tarixi xalqımızın tarixidir, Aydın kimi Şəxsiyyətə Vətən olmuş bu kənd də bu qədim tarixin əks-sədasıdır. Mən belə düşünürəm ki, Aydın Səlimzadədə qədim dövrə, tarixə, etnoqrafiyaya marağın yaranmasında bu yerlərin tarixinin də rolu böyükdür. Bu məqamda Aydın Səlimzadə ilə yanaşı istedadlı tarixçi alimlərimiz, həmyerlilərimiz Fazil Osmanov və Qafar Cəbiyevin bu ərazilərin qədim tarixinin öyrənilməsindəki misilsiz xidmətlərini böyük minnətdarlıq hissilə xüsusi qeyd etməyi özümə borc bilirəm.
1918-ci ildə erməni qəddarlığının bütün vəhşətlərini öz taleyində yaşadı bu kənd. ”Bolşevik inqilabı” adı altında öz məkrli antiazərbaycan niyyətlərini maskalayan ermənilər Hacıhətəmlini yerlə yeksan etdilər. Gecə ikən ermənilərin kəndə hücum edəcəyini təsadüfən öyrənən əliyalın kənd camaatı təpədən dırnağadək silahlanmış ermənilərə silahsız müqavimət göstərməyin mümkün olmadığını anlayıb heç olmasa canlarını xilas etmək naminə cənuba- Göyçay istiqamətində qaçmağa üz qoyub və çətinliklə də olsa buna nail olublar, gecə ermənilər kəndə soxulur, öz vəhşi xislətinə xas qaydada talançılıqla məşğul olur,taladığını talayır,qalanlarına da od vurur, kəndi xarabazarlığa çevirirlər. Göyçayda müvəqqəti məskunlaşan əhali min bir məşəqqətlə üzləşir, Azərbaycan torpağına xilaskarlıq missiyası ilə qədəm qoymuş Qafqaz İslam Ordusu 1918-ci ilin iyun-iyul aylarında bu ərazilərin ermənilərdən azad olunmasında misilsiz rol oynadı.Kəndin əli silah tutan cavanları Türk qoşunlarına qoşulub doğma yurdlarının bu millətə qənim kəsilmiş qaniçən ermənilərdən azad olunması uğrunda mərdliklə mübarizə aparmışlar. Hacihətəmlinin azad olunması uğrunda gedən döyüşlərdə bir türk zabiti və 2 əsgəri həlak oldu. Minnətdar kənd camaatı Sovet dövründə, türk ordusu işğalçı kimi qiymətləndirilən bir zamanda da türk qəbirlərini qoruyub saxlamiş, abadlaşdırmış, müstəqillik illərində isə türk əsgərlərinin uyuduğu kənd qəbiristanlığında, habelə Göyçay yolundakı türk zabitinin qəbri üzərində möhtəşəm abidə ucaltmışlar.Türkiyənin ölkəmizdəki Böyükelçiliyinin dəstəyilə ucaldılmış bu abidə qədirbilən Hacıhətəmli əhalisinin dar gündə onların köməyinə gəlmiş türk ordusuna, türk xalqına ehtiramının ifadəsidir. Ağır və şərəfli tarix yaşamış,qədim adət və ənənələri , qədim xalq sənətkarlığı növlərini yaşadan kənd əhli bir çox xüsusiyyətləri ilə seçilir:burda iməcilik psixologiyası hökm sürür, yəni heç vaxt bir-birinə pulla iş görməzlər, münasibətlər təmənnasızlıq və qarşılıqlı yardım prinsipinə söykənir, ( “iməcilik” sözünün etimologiyasına baxsaq görərik ki, indi də Hacıhətəmlidə və Mollaisaqlıda, habelə Qubanın bir sıra dağ kəndlərində yaşadılan hapit dilində, onun “əcdadı” sayılan qədim alban dilində “iməci” ”pulsuz kömək” mənasını verir ), doğrudan da xeyir-şərdə, dar, çətin gündə camaatın bir-birinə yaramağı, əl tutması- kömək etməsini, “bazar” psixologiyasının olmamasını bu kənddə mehribanlıq və kollektivçilik, birlik yaradan bir amil kimi xüsusi qeyd etməyə dəyər. Məhz bu mehribanlıq zaman-zaman gələn repressiya dalğalarının bu kəndə ayaq açmasına imkan verməmişdir. Mehribanlıq həm də əhalinin mübarizliyindən irəli gəlir. Zaman-zaman kənd qoçaqlığı, qaçaqlığı ilə ad qazanmış adamları ilə tanınıb. 1918-20 ci illərdə ermənilərlə mübarizədə kişilik nümayiş etdirmiş Paşa kişi haqqında indi də ağızdolusu danışırlar, rəhmətə gedənə qədər Paşa kişinin adı gələndə ermənilərin dizləri titrəyirdi. II Dünya müharibəsinə bu kənddən yüzlərlə kişi yollanıb, 70-ə yaxını həlak olan olub. Qarabağ müharibəsində də Hacıhətəmli rayonun ilk və ən çox şəhidini vermiş kəndidir. Beynəlxalq dərəcəli idman ustası, dəfələrlə qalib kimi Azərbaycan bayrağını qaldırtmış Rafiq İsmayılov Şəhidlər Xiyabanında dəfn olunarkən Aydının nələr yaşadığının şahidi oldum. Hər il R. İsmayılovun şərəfinə keçirilən sambo yarışlarında sağlığında Aydın qürurla iştirak edər, reportajlar hazırlayardı. Oğlu Rafiqi şəhid vermiş, ikinci oğlu Akif Azərbaycanın ilk silahlı dəstəsi olan XTMD-nin tərkibində vuruşan qeyrətli qadın- Əsmər ana haqqında qürurla söz açırdı Aydın. Qəhrəmanlıq nümunəsi göstərmiş Qadirlər, Vasiflər, Qaliblər, Ayazlar bütün Vətən oğulları ilə birgə onun qürur mənbəyi idi, deməli kəndin qəhrəmanlıq ənənələri yaşayır. Bu gün kəndin yetirmələri içərisində yüzlərlə hərbçinin, onlarla yüksək çinli zabitin olması ənənələrin davamlılığının sübutudur. Kənd camaatı zəhmətsevərliyi ilə də tanınır. Hələ XX əsrin 40-60-cı illərində istedadlı təşkilatçı, təsərrüfatçı, maarifpərvər insan Seyfəddin Seyidovun rəhbərliyi altında nəinki rayonda, respublikada, hətta Sovet məkanında tanınmış təsərrüfat yaratmış, məktəbi, xəstəxanası, stadionu, işıqlı küçələri olan varlı, abad kənd yaratmışdı. Qaçaqlığı və əyilməzliyi ilə tanınan İdris kişi, zirəkliyi və hazırcavablığı ilə adı dillər əzbəri olan Balabəy kişi, Sərxan kişi, İbad kişi, halallıq və doğruçuluq rəmzi Dosməmməd kişi, sınıqçı kimi xeyirxahlıqla, savab işlərilə sevilən Qara kişi, ötkəmli sözlərilə nüfuz sahibləri olan neçə-neçə başıpapaqlı qeyrətli kişi sirli-soraqlı yaddaşı ilə Aydın üçün “tədqiqat obyekti”, yəni maraqlı həmsöhbət idi. Daha bir nümunəvi cəhət: bu kəndin son 100 illik tarixinə baxsaq, barmaqla sayılası qədər boşanmaya rast gələrik, onların da əksəriyyəti könüllü olub, uşaqsızlığa görə. Bəlkə də nə Azərbaycanda, elə bütün dünyada ikinci elə bir kənd tapmaq olmaz ki, belə etibarlı, davamlı ailələr olsun. Şükranlığı ilə seçilən kənd camaatı yaxşılığı, haqqı-sayı, tarixi heç vaxt unutmur, el-obasına gərəkli, xalqına faydalı ömür sürmüş insanları xüsusi ehtiramla yaşadan camaat bu xüsusiyyətləri yeni nəslin yaddaşına ötürməyi özünə borc bilir və bunu böyük ustalıqla həyata keçirir. Bu gün kəndin məktəbliləri 15 sentyabrda ilk dərslərini qanlı tariximizin şərəfli nişanəsini- Türk Şəhid məzarını ziyarətlə başlayırlar.Unudulmuş keçmiş tarix deyil- belə buyurub Məhəmməd Peyğəmbərimiz. Şükranlığı ilə seçilən Hacıhətəmli camaatı öz tarixinin ağlı-qaralı bütün səhifələrini öz Yaddaşında yaşadır. Aydında böyük mənada Azərbaycan,dünya tarixinə, etnoqrafiyaya- qədim adət-ənənələrin öyrənilməsinə maraq, həqiqətpərəstlik, mübarizlik, zəhmətsevərlik, etibarlılıq, mehribançılıq, kollektivçilik, ünsiyyətcillik, ağayanalıq, bütövlükdə Aydını fərqləndirən və sevdirən xarakterinin bir çox çalarları, xüsusiyyətləri bu ərazilərin, kəndin zəngin keçmişinə maraqdan, kəndin adət-ənənələrindən, psixologiyasından başlayıb, qaynaqlanır desəm yanılmaram, Aydın doğma ocaqda gördüyü, eşitdiyi, əxz etdiyi Hacıhətəmli xarakterini Azərbaycan müstəvisinə qaldırdı. Kənd də ona şöhrət gətirmiş Aydın kimi qeyrətli Oğlun ruhu qarşısında daim ehtiramla baş əyir. Əslində bu kənd, onun zəhmətsevər, mübariz camaatı tipik Azərbaycan taleyini yaşayıb, xalqımızın başına gətirilmiş bəlaları onlar da öz talelərində yaşamışlar. Kəndin başıpapaqlı kişiləri, ağsaqqallar o vaxtlar “Tarix” kitablarında yazılanlardan fərqli olaraq həqiqi tarixi öyrədirdilər. “Türklər bizi xilas etdilər, onlar olmasaydı ermənilər axırımıza çıxacaqdılar” deyirdilər, o vaxtın “Tarix”i isə türkləri işğalçı adlandırırdı. Elə o vaxtlar da kəndin dünyagörmüş qocaman sakinləri S.Şaumyanın xəyanətləri, müsəlman əhalisinin qırılmasında rolu, ermənilərə dəstəyi haqda danışırdılar. Aydın da bax beləcə əsl, həqiqi tarixi öyrənir ,və sonralar özü də onu öyrədirdi. XX əsrin 80-ci illərində Qarabağ hadisələri zamanı ilk həqiqi tariximiz uğrunda döyüşə atılanlar sırasında təbii ki, Aydın da var idi. Onun redaktorluq etdiyi “Elm” qəzeti (sonradan “Tarix” əlavəsi də çıxmağa başladı ,yeri gəlmişkən qeyd edim ki, bu qəzetlərə olduqca böyük abunə vardı, bu oxucu marağının artması demək idi) az müddət içərisində populyarlaşdı, cəsarəti və yüksək vətəndaşlıq mövqeyi ilə seçilən mübariz ziyalıların söz tribunasına çevrildi. Aydını tez-tez cəbhə bölgələrində, əsgərlərimizin arasında, tarixi həqiqətləri söyləməklə onları erməni qəsbkarlarına qarşı döyüşə ruhlandıran görmək olardı. Böyük amallarla yaşayan Aydına belə məqamlarda qorxu hissi yad idi, çünki bütün bu hisslər onun içindən gəlirdi, o, olduğu kimi görünən, göründüyü kimi olan adam idi. Olduqca sadə idi, elə onun böyüklüyü də, qeyri-adiliyi, sözün həqiqi mənasında dahiliyi də bunda idi, çünki dünyanin təzadlarından biri budur ki, hər şey sadədən mürəkkəbliyə doğru getdiyi halda İnsan mürəkkəblikdən Sadəliyə doğru ucalır. Aydın da bütün dahilər kimi Sadə idi...
Aydın çox istiqanlı, qayğıkeş, həddindən artıq ünsiyyətcil adam olması ilə fərqlənirdi. Onu bircə gün dostlarsız təsəvvür etmək olmazdı. O olan yerdə dostlar, ülfət, demək-gülmək,yeyib-içmək,maraqlı söhbətlər olardı. Harada işləməsindən asılı olmayaraq doğma rayonla, kəndlə çox sıx təmasda olurdu. Hətta bir neçə saatlığa İsmayıllıya gəlsəydi belə, bütün dostlar, ziyalılar biləcəydilər ki, Aydın rayondadır. Mən rayon partiya komitəsində işlədiyim vaxt onun ünsiyyətcilliyinin daha çox şahidi olmuşam. Hər dəfə rayona gələndə mütləq raykoma, redaksiyaya, təhsil şöbəsinə baş çəkərdi, dostları yoluxardı, hal-əhval tutardı, baş verən hadisələri, görülən işləri xəbər alardı. Həmişə Bakıda yaşayan bir çox ziyalı həmyerlilərimizə rayona, dostlara münasibətdə Aydından nümunə götürməyi məsləhət görmüşəm. Biz də bir çox həqiqətləri Aydından öyrənərdik. Doğma kəndə gəlişi də toy-bayrama çevrilərdi, sinif yoldaşlarını axtarıb tapardı, qocalarla saatlarla olub keçmişlərdən, keçmiş adət ənənələrdən söhbət edərdi. Təkcə öz kəndimizdə deyil, hara gedirdisə belə söhbətlərə hədsiz maraq göstərərdi. Elə mən Qubanın uca dağ kəndi Xınalıqda, Hapıt, Əlik, Qırız, Buduxda olanda da Aydını necə tanıdıqlarının, sevdiklərinin şahidi oldum, Gədəbəy, Daşkəsən, Kəlbəcərin də dağ kəndlərində onu bax beləcə qocaların dilindən hikməti, tarixi, adət-ənənələri öyrənən ürəyəyatımlı şirin insan kimi tanıyırdılar.
Yuxarıda dediyim kimi, Aydın özü üçün deyil, başqaları üçün yaşayan adam idi, dostların, yaxınların, həmyerlilərinin yükünü çəkən, buna əzab-əziyyət deyil, zövq mənbəyi kimi baxırdı. 1994-cü ilin avqustunda kənddə yaşayan bacım Rəfiqə ağır xəstələndi, onkoloji xəstəxanaya aparası oldum. Aydın bunu xəbər tutan kimi işini-gücünü atıb mənimlə xəstəxanaya getdi, bir-bir tanıdığı həkimlərə baş çəkdi, hey çalışırdı ki, xəstə bacıma mümkün qədər kömək etsin, diaqnozu dəqiq, həm də yüngül sağalan xəstəlik olsun. Çox təəssüf, Aydının canfəşanlığına baxmayaraq diaqnoz ağır oldu; xərçəng!!! Onda Aydının nə hala düşdüyünü, necə ağır iztirablar çəkdiyinin şahidi oldum. Onun üçün yaxın-uzaq insan anlayışı yox, yalnız İnsan anlayışı var idi. Elə Aydınla son görüşümüz də bacımın hüzr məclisində oldu- 1995-ci il, martın 3-də. Kəndə bizə hüzür məclisinə gəlmişdi. Xeyli söhbət elədik, onu tanımaq olmurdu, dəyişmişdi, çox gözəlləşmişdi, nuraniləşmişdi, təzəcə Kərbəla, Məşhəd ziyarətlərindən gəlmişdi,oruc tutmuşdu... Bakıya nə vaxt qayıdacağını soruşduqda “sabah qayıdacam” dedi. Onda mən İsmayıllıda yaşayırdım, ona görə çox arzulayırdım ki, bir neçə gün rayonda qalsın ki, bir az ordan-burdan söhbət eləyək (doğrudan da onunla söhbət eləmək çox xoş idi, ensiklopedik bilik sahibi olması onun söhbətlərinə xüsusi rəngarənglik və məzmun verirdi, sonralar eyni zövqü mən akademik Azad Mirzəcanzadə ilə söhbətlərdən almışam ). O isə vacib işləri olduğuna görə tez Bakıya qayıtmalı olduğunu dedi. Kənddəcə görüşüb ayrıldıq...Və cəmi 6 gün sonra - martın 9-da onun rəhmətə getməsi xəbərini eşitdim. ( Sən demə, o bir neçə gün rayonda qalıb, dostlarıyla birgə olub, halı pisləşib, Bakıya çatdırılanda isə artıq gec idi, onu xilas etmək mümkün olmamışdı...Onun qəfil, gözlənilməz, hamını şoka salan ölümü hətta bəzi şübhələr, versiyalar da yaratdı ). Nələr çəkdiyimi bir özüm bilirəm...Milyonların yaşadığı bu dünya mənə bomboş və mənasız göründü, elə dünyanın mənası Aydın imiş ki!!!... Dünyanın nə qədər ədalətsiz qanunları varmış, İlahi!!! ” Ölməli olanın yerinə bəzən, Ölməli olmayan ölür dünyada”. Ağır anlar yaşadıq, Aydın üçün, Aydınsız...1995 –ci il iyunun 24-də İsmayıllı mədəniyyət evində “Babadağ” xeyriyyə cəmiyyətinin, onun sədri dostumuz Eldar Əliyevin dəstəyilə Aydın Səlimzadənin xatirə gecəsi keçirildi, təşkilat komitəsinin sədri kimi mən bu tədbirin hazırlanmasında canı-dildən iştirak etdim. Ləyaqət Yusifov və Rəna Mirzəliyevanın ssenarisi əsasında hazırlanmış gecədə heç kəs göz yaşını saxlaya bilmədi...Doğrudan da Aydın kimi insanları hər il yox, hər gün, hər an xatırlamaq lazımdır, çünki onlar milli dəyərdir...
Bir çox dostlarım, xüsusən də böyük şairimiz Musa Yaqub, Maarif Soltan, Simran Həsənov, Rasim Şərifov, Qalib Bəşirov və başqaları məni xarakterimə, ünsiyyətcilliyimə və özüm bilmədiyim hansısa bir sıra digər xüsusiyyətlərimə görə Aydın Səlimzadəyə oxşadırlar, dəfələrlə bu sözləri onların dilindən müxtəlif məclislərdə eşitmişəm. Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm, lakin bir şeyi dəqiq və tam səmimiyyətimlə deyirəm: bunu özümə fəxr və ən böyük mükafat hesab edirəm...Sevinirəm ki, Aydınla eyni kənddə doğulmuşam, eyni məktəbi bitirmişəm, bu gün onun Məktəb hesab olunduğu jurnalistika sahəsində fəaliyyət göstərirəm...Aydına bənzərlik mənə xoşbəxtlik olduğundan daha çox məsuliyyətdir – Aydınlıq məsuliyyəti.. Bizi birləşdirən dəyərlər çoxdur...Fikrimi Şatobrianın bir hikmətli sözü ilə yekunlaşdırmaq istəyirəm: “ Dirilər ölüləri heç nəyə öyrədə bilməzlər, ölülər isə diriləri çox şeyə öyrədə bilər”. Doğrudan da, Aydın Səlimzadə bu gün də bizim üçün İnsanlıq və Ünsiyyət, Kişilik və Cəsarət, Elm və Jurnalistika məktəbidir, yaşayır, fəaliyyət göstərir, biz ondan öyrənirik, daim öyrənəcəyik, və Aydın bizimlə birgə bizdə yaşayacaq!!!


Xeyrulla Ağayev
Yazıçı – jurnalist, “Neft Daşları” qəzetinin baş redaktoru, “Qızıl Qələm”, H.B.Zərdabi mükafatları laureatı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !