Эхо Сумгаита - - "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. (+VİDEO)

Эхо Сумгаита - "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. (+VİDEO)

1988-ci il fevralın 27-28-də Sumqayıtda baş verən hadisələrin sorağı ən qısa zaman kəsiyində dünyanı dolaşdı. Ermənilər Sumqayıtda qan töksələr də, təxribatı Azərbaycan xalqının adı ilə bağlayır, hər cür böhtan və şər yaymaqdan çəkinmirdilər. Əslində, təxribat SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ssenarisi əsasında hazırlanmış, ermənilərin fitnəkarlığı, xəyanəti ilə həyata keçirilmişdir.
Bu qara ləkəni, dünyanı silkələyən ağır cinayətin əsl səbəbkarlarını aşkarlamaq və ifşa etmək üçün bircə yol vardı - Azərbaycanı sərt informasiya blokadasından çıxarmaq, haqqımızda yazılan şər, böhtan dolu qəzet məqalələrini, kinolentləri kəsərli cavablarla susdurmaq, əsl həqiqəti bəyan etmək! Belə bir vaxtda Sumqayıt hadisələri haqqında sənədli film çəkmək o qədər də asan deyildi. Amma belə əzablı işi başa çatdırmaq üçün mərhum kinorejissor Davud İmanov və sumqayıtlı jurnalist Eyruz Məmmədov birgə işə başladılar. Bu işin arxasında nə qədər çətin görüşlər, çəkilişlər, müsahibələr, yol və nəqdiyyat əzab-əziyyəti dayanırdı. Bütün bunlara baxmayaraq, onlar müstəqil "Sumqayıt Dİ EM" kinokompaniyasını yaratdılar. Elə çətinliklər də bu telekompaniyanın yaranışından sonra başladı. Həmin illərdə belə təşəbbüslər o qədər də rəğbətlə qarşılanmır, müxtəlif əngəllər törədilirdi. Hər şeydən əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bu işə qətiyyətlə etirazını bildirir, Moskvaya yarınmaq, Qorbaçova sədaqətini sübut etmək istəyirdi. Belə bir vaxtda jurnalistlərə kömək etmək istəyənlərin sayı çox az idi. Bunun üçün cəsarət və güclü vətənpərvərlik tələb olunurdu. Amma nə kinorejissor Davud İmanov, nə də jurnalist Eyruz Məmmədov maneələr və çətinliklər qarşısında çaşmadılar. Əksinə, prinsipial mövqe nümayiş etdirdilər, sənədli filmin çəkilişini başa çatdırmaq üçün işə başladılar. O illəri xatırlayan əməkdar jurnalist Eyruz Məmmədov deyir ki, filmin yaranması, ərsəyə gəlməsi üçün mərhum kinorejissor Davud İmanovun əməyi daha çox olub: "Çəkilişə Rusiyanın Stavropol diyarından başlamalı olduq. Ona görə ki, Sumqayıt faciəsinin əsas təşkilatçısı Eduard Qriqoryan Azərbaycanda mühakimə olunsa da sonralar erməni lobbisinin köməyi ilə Stavropol diyarına göndərilmişdi. Bizim Stavropola getməyimiz bir qədər çətinləşdi. Daha doğrusu, hər şey üçün razılıq almaq, çəkiliş qrupunun maliyyə xərclərini tənzimləmək və təşkil etmək lazım idi. Nə qədər çətin olsa da, başladığımız işə yekun vurmalı idik".
Eyruz Məmmədov həmin məqamları xatırlayanda Davud İmanovun nə qədər prinsipial, peşəkar və milli maraqlara bağlı adam olduğunu xüsusi vurğuladı. Bildirdi ki, biz çəkiliş qrupu ilə iki gün Stavropol diyarında olduq. Məqsədimizə nail olmayınca o yerlərdən ayrılmadıq. Biz Eduard Qriqoryanla müsahibəni, guya, Moskvadan - "Ostankino"dan gəlmiş jurnalistlərin adı ilə apardıq. Amma müsahibədən sonra Sumqayıtdan olduğumuzu etiraf etdik. Onda Eduard Qriqoryan xislətini gizlətməyib dedi: "Eybi yoxdur. Siz elə bilməyin ki, canınızı qurtardınız. Yəqin ki, sizi ermənilər güdürlər, hamınızı məhv edəcəyik".
"Sumqayıtın əks-sədası" filmini ərsəyə gətirənə qədər çəkiliş qrupumuz belə hədə-qorxulara çox tuş gəldi. Amma sübut etməyə çalışdıq ki, bu qanlı faciənin Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur. Filmin çəkilişini başa çatdırmaq, həqiqəti aydınlaşdırmaq üçün çox adamlarla görüşmək tələb olunurdu. Kinorejissor Davud İmanov hadisələrin əsas təşkilatçısı kimi keçmiş İttifaq rəhbəri Mixail Qorbaçovla görüşməyi vacib sayırdı. Çəkiliş qrupumuzla birgə Moskvaya yollanan Davud İmanov M.Qorbaçovla görüşmək üçün on gün gözləməli olur. On gün ötəndən sonra Qorbaçov yenə də kinorejissorun suallarından yayınmaq üçün bəhanələr axtarır, guya, Amerikaya, Yaponiyaya gedəcəyini bildirir. Lakin Davud İmanov yenə də mövqeyindən yayınmır, prinsipiallıq və fədakarlıq göstərir. Heç olmasa, M,Qorbaçovla telefon əlaqəsi yaratmaq imkanı qazanır. Həmin söhbətin iştirakçısı jurnalist Eyruz Məmmədov telesorğunu belə xatırlayır: "Qorbaçov Davud İmanova sərt şəkildə dedi ki, nə vaxt Azərbaycanda sabitlik yaranarsa, onda gəlib məndən müsahibə götürərsiniz.
Davud heç bir çaşqınlıq keçirmədən bir daha müdaxilə etdi: - Mixail Sergeyeviç, bəlkə Azərbaycanda yaxın beş il ərzində sabitlik yaranmayacaq, bəs onda?
Qorbaçovun cavabı çox qısa oldu: - Onda beş ildən sonra gələrsiniz..."
Bir sözlə, M.Qorbaçov "Sumqayıtın əks-sədası" filminə müsahibə verməkdən qətiyyətlə imtina edir. Bunun müxtəlif yozumu var. Bəlkə də öz böyük günahlarına görə Azərbaycan xalqından xəcalət çəkirdi və ya öz hərəkətlərinə gec də olsa qiymət vermək istəmirdi.
Kinorejissor Davud İmanov heç kəsin, kimliyindən asılı olmayaraq şəxsi maraqları ilə hesablaşmır, Sumqayıtda törədilən faciənin əsl günahkarlarını dünyaya tanıtmaq üçün bütün qüvvəsini səfərbər edirdi. Maddi imkanları tükənsə də, milli dəyərləri yaşatmaq və tarixə çevirmək cəhdi zərrə qədər də azalmırdı. Ona görə də Moskvada ən məsul işçilərlə görüşəndə daha cəsarətli, qətiyyətli və təpərli mövqe tuturdu, geriyə - Sumqayıta əliboş qayıtmaq istəmirdi. Davud İmanov sağlığında etiraf etmişdi ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri Vladimir Kryuçkovdan müsahibə almaq son dərəcə çətin idi. Elə bil işimiz tilsimə düşmüşdü. Görüş yeri təyin olunurdu, gəlmirdi. Telefon zənglərinə özü yox, köməkçisi cavab verirdi. Demək olar ki, həmin görüşdən əlimizi üzmüşdük. Amma bu ərəfədə Rusiya Kommunist Partiyasının qurultayı keçirilməli idi. Biz bir çətinliklə, vasitəçilərin köməyi ilə forumda iştirak etmək hüququ qazandıq. Kryuçkov çəkiliş qrupumuzu görəndə xeyli təəccübləndi və əsəbi halda dedi: "Azərbaycan dünya xəritəsində nöqtə boyda bir ölkədir. Mən belə kiçik dövlətlərə müsahibə vermirəm. Ona görə də bir daha məni narahat etməyin"...
Hazırcavablığı, sərrast məntiqi ilə seçilən kinorejissor Davud İmanov bu dəfə də susmadı:
- Yoldaş Kryuçkov, sizi təxribatçı adlandırırlar. Bəlkə buna fikrinizi bildirəsiniz?..
Bu sözdən sonra Kryuçkov bir qədər tutulur, hikkəli-hikkəli soruşur:
- Nə dediniz?
Davud İmanov dediyini bir daha təkrarlayır:
- Sizi təxribatçı adlandırırlar.
- Kim adlandırır?
- Aleksandr Nikolayeviç Yakovlev, - deyə Davud İmanov dərhal cavab verir. - Biz ondan müsahibə götürmüşük, istəyirik ki, sizin haqqınızda deyilənləri ya təkzib edəsiniz, ya da təsdiq.
Bundan sonra Kryuçkov müsahibəyə razılıq verir. Həmin müsahibədən bir fraqment: "Amerika casusu olan Yakovlev SSRİ-nin dağıdılmasında və Kommunist Partiyasının ləğvində Qorbaçovdan bir marionetka kimi istifadə edirdi. Azərbaycanda, ələlxüsus Sumqayıtda və Bakıda qanın axıdılmasında SSRİ siyasi rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və dövlət strukturlarının əli var idi. Bunu etiraf etmək lazımdır. Digər əsas şərtlərdən biri o idi ki, Qorbaçov xaricdə yaşayan imkanlı erməni icmasına söz vermişdi ki, Qarabağ problemini ermənilərin xeyrinə həll edəcək..."
Hadisələrin baş verdiyi illərdə Moskvada mühüm şəxslərdən biri də SSRİ müdafiə naziri marşal D.Yazov idi. Ondan müsahibə almaq nə qədər çətin olsa da, Davud İmanov qarşısına məqsəd qoymuşdu ki, bu görüş baş tutmalıdır. Doğrudur, xeyli vaxt keçdi, ən nəhayət, Davud İmanovun inadkarlığı öz bəhrəsini verdi. Çətinliklə də olsa, Yazov Moskvada Azərbaycan səfirliyinə gəlmək dəvətini qəbul etdi. Həmin müsahibə zamanı Davud İmanov D.Yazova belə bir sualla müraciət edir:
- Sumqayıt hadisələrindən sonra Moskva mətbuatı yazırdı ki, qoşunlar Sumqayıta bir neçə saat gecikmişdilər. Bunu Qorbaçov SSRİ Ali Sovetinin 1988-ci il avqustun 18-də keçirilən iclasında demişdi: Bu doğrudurmu?
- Yadınızda saxlayın, sovet ordusu heç bir vaxt heç bir yerə gecikməyib. Əmr olmadan əsgərin silah işlətməyə, güllə atmağa ixtiyarı yoxdur.
- Axı sovet əsgərlərinin gözü qarşısında bir millətin nümayəndəsi o biri millətin nümayəndəsini qətlə yetirirdi.
- Görünür, bu kiməsə lazım imiş, əmrə tabe olmaq əsgərin borcudur.
SSRİ müdafiə nazirinin belə soyuqqanlı danışması təəccüb və təşviş doğurur. Elə bil millətin göz yaşı, xalqın matəmi bu adamlar üçün son dərəcə adi bir hadisə idi. Filmdən fraqmentlərə baxanda kadrlardan da sezilir ki, bu yüksək çinli imperiya məmurlarının sifətinə biganəlik, laqeydlik həkk olunub...
Sumqayıt hadisələrini sona qədər araşdırmaq, günahsız qanlara bais olan iyrənc oyunların ssenari müəlliflərini, baş qəhrəmanlarını ifşa etmək, istintaqı ədalətlə başa çatdırmaq üçün hələ çox iş görülməlidir. Ən azı sağlığında kinorejissor Davud İmanovun gördüyü böyük işlər uğurla davam etdirilməli, Sumqayıt hadisələri barədə aldadılmış adamlara əsl həqiqət çatdırılmalıdır. Bir həqiqəti də "Sumqayıtın əks-sədası" sənədli filminin ssenari müəllifi, əməkdar jurnalist Eyruz Məmmədov etiraf etdi:
- Moskvada 1990-cı ilin əvvəlində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Kryuçkov və Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü L.Liqaçovdan müsahibə alandan sonra yapon jurnalistləri çəkdiyimiz kaseti bizdən 5 min Amerika dollarına almaq istədilər. Lakin biz imtina etdik. Onlar axşam Moskvadakı Azərbaycan səfirliyində yerləşən mehmanxanaya gəldilər və bu dəfə 10 min Amerika dolları vermək istədilər. Biz yenə də imtina etdik.
Bu hadisələrin üstündən 23 il keçsə də, "Sumqayıtın əks-sədası"ndan sonra nə kəsərli yazılar yazıldı, nə yalanları üstələyən yeni filmlər çəkildi, nə də qondarma və uydurma süjetləri təkzib edən ssenarilər hazırlandı. Ötəri faktlar, tələm-tələsik yazılar isə mərhum kinorejissor Davud İmanovun başladığı işin tam davamı deyil. Hələ Sumqayıt hadisələri ilə bağlı istintaq işləri başa çatana qədər bu mövzu yarımçıq qalacaq...




Akif CABBARLI,

Bəşir ŞƏRİFLİ

Azərbaycan.- 2011.-27 fevral.- S. 7
.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !