Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatlarının rolu mövzusunda seminar keçirilib - (+FOTOLAR)

“Qlobal ərzaq təhlükəsizliyində bitki genetik ehtiyatlarının rolu” mövzusunda seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası, İtaliyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) birgə təşkilatçılığı ilə İtaliya Respublikasının Elm Gününə həsr edilən “Global Ərzaq Təhlükəsizliyində Bitki Genetik Ehtiyatlarının rolu” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq seminarın əhəmiyyətindən, İtaliya və Azərbaycan respublikalarının geniş əlaqələrindən, xüsusilə son illərdə elmi əməkdaşlığın genişlənməsindən danışıb. Akademik seminarın mövzusunun hər iki respublika üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə bitki genetik ehtiyatlarının kompleks öyrənilməsi və onlardan istifadə etməklə daha məhsuldar və keyfiyyətli sortların yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Alim yoxsulluqla mübarizə və ərzaq təhlükəsizliyi problemlərinin dünya sivilizasiyasının ən ciddi problemlərindən biri kimi daim dövlətlərin diqqət mərkəzində olduğunu qeyd edib. “Ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının tərkib hissəsidir”, – deyən İ.Hüseynova bildirib ki, dünya alimləri insanların sağlam qidalanması ilə bağlı ciddi düşünməli, qlobal çağırışlar fonunda yeni mexanizmlər axtarıb tapmalı və onları həyata keçirməlidir.
AMEA-nın vitse-prezidenti hələ 30-40 il öncə Azərbaycanda bu sahədə mühüm tədqiqatların aparıldığını, uğurlu nəticələrin əldə edildiyini qeyd edib. Onun sözlərinə görə, akademik Cəlal Əliyevin elmi fəaliyyəti məhz bu problemlərə yönəlmiş, alim ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı araşdırmalar aparmış, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm vermişdir.
İ.Hüseynova aktual bir problemə həsr olunmuş konfransın italiyalı alimlərlə birgə tədqiqatların aparılması, kadr hazırlığının həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, tədbirin təşkilində göstərdiyi dəstəyə görə İtaliyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarına minnətdarlığını bildirib.
İtaliya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Elena Leonard öz çıxışında İtaliyanın Elm Gününün keçirilməsinə verdiyi dəstəyə görə AMEA və KTN-nin rəhbərliyinə təşəkkür edib, seminarın hər iki ölkənin genetika, genomika, bioinformatika və seleksiya sahələrində çalışan alimlərin bir-birlərini daha yaxından tanımasına və yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasına təkan verəcəyini bildirib.
O, italiyalı alimlərin azərbaycanlı həmkarları ilə müvafiq istiqamətlərdə müzakirələr apardığını deyərək AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə birgə elmi tədqiqatlar həyata keçirəcəklərini və kadr hazırlığı sahəsində sıx əməkdaşlıq edəcəklərini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev də çıxış edib. Məruzəçi KTN-nin müvafiq elmi-tədqiqat institutlarının tədbirdə iştirakını yüksək qiymətləndirib və nazirlikdə aparılan islahatlar barədə məlumat verib.
O, KTN-nin ölkədə əhalinin böyük bir hissəsinin məskunlaşdığı kənd yerlərində ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük önəm verdiyini nəzərə çatdırıb. Bildirib ki, fermerlərə daim dövlət dəstəyi göstərilir, güzəştli kreditlər təqdim olunur. KTN fermerlərə 70-dən artıq xidmət təqdim edir.
M.Əliyev diqqətə çatdırıb ki, hazırda ölkəmizdə dövlət başçısının müvafiq tapşırıqlarına əsasən, elektron kənd təsərrüfatının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir ki, bu da kənd təsərrüfatının bütün istiqamətlərini vahid mərkəzdən idarə etməyə imkan verəcək.
Məruzəçi təmsil etdiyi müəssisənin beynəlxalq fondlarla əməkdaşlıq əlaqələri qurduğunu, xarici ölkələrdən olan mütəxəssislərlə birgə innovativ layihələrin həyata keçirilməsində fəal iştirak etdiyini deyib.
Seminarda İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzinin direktoru, professor Luigi Cattivelli “Bərk buğdanın genetik müxtəlifliyi üzrə qlobal platforma”, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Azərbaycan bitki genetik ehtiyatlarının biomüxtəlifliyi”, İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının tədqiqatçısı, Dr. Marcello Cutuli “Keçən əsrdə şaftalı bitkisinin seleksiyasında əldə olunan nailiyyətlər və gələcək perspektivlər”, Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev isə “Azərbaycanda meyvə bitkilərinin seleksiyası: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdən sonra birgə layihələrin hazırlanması və əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Toplantıda AMEA və KTN-nin müvafiq elmi tədqiqat institutlarından 150-dən artıq alim və mütəxəssis iştirak edib.
Tədbirin sonunda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !