Xocalı vəhşətinə işıq tutan roman - - Azər Həsrət yazır..

Xocalı vəhşətinə işıq tutan roman - Azər Həsrət yazır..

Kitab təqdimatları ən çox sevdiyim və imkan olunca həvəslə qatıldığım tədbirlərdəndir. Burada həm yazı-pozu adamlarını görür, həm də həmdəm deyə biləcəyimiz oxucularla bir araya gəlirik. Bir gün belə kitab oxumadan dayana bilməyən birisi kimi bu tədbirlər şəxsən mənim həyatıma əlavə rəng qatır, stimul verir.

Bir müddət öncə belə təqdimatlardan birinə qatılmışdım. Beynəlxalq Avrasiya Mətbuat Fondunda Moskvada yaşayan jurnalist həmkarımız Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı romanının işığına yığışmışdıq. Türk dünyasının tanınan simalarından olan İmdad Avşarın da iştirak etdiyi tədbirdə müəlliflə ilk təmasımız idi. Açığı, imzasını az-çoz bilsəm də özüylə heç vaxt yollarımız kəsişməmiş, kəlmə kəsmək imkanımız olmamışdı.

 

Kitab, adından da bəlli olduğu kimi, Xocalı faciəsindən bəhs edir. Bunu, aradan bir müddət keçəndən sonra kitabı oxuyub daha ayrıntılı şəkildə bilmiş olacaqdım. Lakin hər zamankı qaçaqaç, işlərin çoxluğu tez bir zamanda oxuma istəyimizi əngəlləyirdi.

 

Bugünlərdə o vaxtı əldə etdim. Dədəlinin günəşli, lakin sərin günlərindən ikisini məhz bu kitabı oxumağa həsr etdim. 307 səhifəlik kitabı iki gün içində su içərcəsinə oxuyub bitirdim.

Yazdığımız və adından göründüyü kimi, kitab Xocalı faciəsini mövzu olaraq oxucuya təqdim edir. Burada işğalçı-qaniçən ermənilərin dinc Xocalı sakinlərinin başına açdığı oyun – xain hücum və insanlıq dışı əməlləri təsvir edilir. Düzdür, kitab Xocalı olaylarına bütünlükdə işıq tutmur.Yalnız iki ailənin yaşadığı faciəyə epizodik olaraq yer verilir. Lakin bu epizodlar Xocalı faciəsinin mahiyyətini anlamaq, oxucunu duyğulandırıb o günlərə qaytarmaq üçün yetərli materialdır.


Mən oxudum, siz də oxuyun

 

Müəllif, qəfil gecə hücumundan itkilərlə qurtulub qarlı meşədə birtəhər daldalanan, mühasirəni yarıb qurtulmağa çalışan iki ailənin yaşadığı dramı o qədər inandırıcı, gerçək təsvir edib ki, sanki özü də o hadisələrin içində olub, şəxsən o faciələri yaşayıb.

 

Ailələrdən biri Fikrət həkimin ailəsidir. Ermənilər onun Fuad adlı uşağını öldürdükdən sonra ailənin xanımı Məryəm, qızı Pəri və həkimin özü birtəhər meşəyə qaçıb qurtuluş üçün mücadilə aparır. Onlar burada daha bir ailəyə rast gəlir. Atasız olan bu ailənin xanımı hamilədir, elə o anda da sancısı tutur, doğuş başlayır. Buna görə də Fikrət həkim o ailənin böyük qızı Aysellə birlikdə doğuşa kömək üçün qalır, qalanları birlikdə qurtuluş üçün yollayır. Əlbəttə, bizim burada belə sakit və emosiyadan kənar təsvir etdiklərimiz romanda çox emosional təqdim edilir və oxucu heç cür biganə qala bilmir.

 

Biz burada mühasirəni yarıb meşələrə səpələnmiş Xocalı sakinlərini xilas etməyə gələn könüllü əsgərlərimizi də görürük. Onlar özlərini təhlükəyə ataraq ermənilərlə üz-üzə gəlir, qadınları və uşaqları xilas etmək yolunda özləri belə şəhid olurlar.

Daha sonra ailələr itki ilə olsa da mühasirədən çıxır. Lakin səhhətlərində ciddi problemlərlə. Bir yandan aclıq, bir yandan da soyuq və yuxusuzluq onların hamısını taqətdən salır.

Maraqlıdır ki, əsərin əsas qəhrəmanı olan Məryəm yolüstü bir erməni körpəsini də özüylə götürür. Xocalıdan olan türklərə qonaq gəlmiş və öz həmmillətləri tərəfindən öldürülmüş erməni ailəsinin körpəsi meşədə ağlayıb-sızlayınca Azərbaycanlı ailənin rəhmi gəlir, onun erməni olmasına baxmayaraq özlərilə götürürlər ki, qurda-quşa yem olmasın. Sonra o uşaq bu ailədə böyüyəcək, böyük oğlan olacaq və günlərin birində Məryəm onun erməni olması sirrini açacaq.


Kitabda o dəhşətləri yaşamış uşaqların anasını itirməsi, Məryəmlə Fikrətin oğulları Fuaddan sonra qalmış tək övladları Pərini itirməsi, Fikrətin buna qədər don vurmuş ayaqlarından məhrum olması elə faciələrdir ki, bunları insanlara yaşadanların insan olması əsla qəbul edilə bilməz! Hələ atasını və anasını itirmiş, Məryəmin himayəsində böyüməkdə olan uşaqların yaşadığı faciələr də bir başqadır.

 

Kitabda bütün bunlarla bərabər Xocalı köçkünlərinə Bakıda bəzi şəxslərin yuxarıdan aşağı baxması, cəmiyyətdə onlarla bağlı uyğunsuz münasibətin olması da diqqət çəkir. Düzdür, belə münasibət ümumi deyil. İnsanların çoxu onlara ürək yanğısıyla yanaşır, dərdlərinə ortaq olur. Lakin elələri də var ki, bu insanları az qala yurdundan didərgin düşdüyü üçün günahlandırır, gözümçıxdıya salır.

 

Əsərdə bəzən və sonda müsbət məqamlar da yox deyil. Lakin onlar nə Xocalı faciəsini unutduracaq, nə də şəhid edilənləri geri qaytaracaq. Üstəlik, səhhətində ciddi problemlər yaşanmaqda olanlar da bir ömür o problemlərlə qalacaq…

 

Ulduz Qasımın “Xocalı şikəstəsi” romanı tarixi gerçəklərə işıq tutan sentimental-emosional əsərdir. Bu kitabı oxuyanın gözü mütləq yaşaracaq, tez-tez qəhərlənəcək, əsl erməni vəhşətini bir daha yaşayacaq. Biz, Xocalı hadisələrinin müasiri olaraq o günləri yaxşı bilirik, xatırlayırıq. Lakin yetişməkdə olan nəsil bu haqda yalnız kitablardan oxuyur, TV proqramlarından öyrənir. O baxımdan “Xocalı şikəstəsi” həm də çox gərəkli əyani vəsait rolunu oynaya bilər… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !