Haqqa inanmaq istəsən, sözümə bax... - - Şair Vahid Aslanın yaradıcılığına qısa ekskursiya

Haqqa inanmaq istəsən, sözümə bax... - Şair Vahid Aslanın yaradıcılığına qısa ekskursiya

(Şair Vahid Aslanın yaradıcılığına qısa ekskursiya)


Şeir haqqında danışmaq, yazmaq həmişə mənim üçün çətin olub. Şeir qəlb hadisəsi olduğu üçün başqasının individuallığını dərk etmək qədər müşkül və çətindir. Növbəti dəfə belə bir çətinliklə üz-üzə qaldığımdan şair dostum Vahid Aslan dünyasına empatik bir səyahət etməyə cəhd elədim. Dörd bir tərəfdən qayğılarla əhatə olunduğumuz bir zamanda poeziyaya köklənmək və sənət dostunun poetik dünyası haqqında fikirlərini yazmaq üçün bizdən uzaq düşmüş asudəliyi yaxalamaq da müşkülə dönüb...
Vahid Aslanı uzun illərdir ki, tanıyıram. Onun fitrətindən gələn kübarlıq, ziyalıya xas olan mütəvazilik və öz istedadından arxayın bir hisslə yazıb-yaratması, ədəbi əxlaqı ona həmişə müstəsnalıq qazandırıb. Onu heç vaxt məddahlıq edən, şöhrət arxasınca qaçan görməmişəm. Öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirməklə halal bir şair və müəllim ömrü yaşayır. O, ixtisasca riyaziyyatçıdır və şeiri də riyazi dəqiqliklə yazır, onun şeirlərinin ülgüsü, qafiyə sistemi qüsursuzdur. Bu, şeirin forma tərəfidir. Son zamanlar ənənəvi şeirə qarşı qəribə bir biganəlik yaranıb, amma klassik forma əzmlə dağ kimi yerində dayanıb. Bu gün də şeirin klassik formasında - əruzda, hecada yazıb-yaradan istedadlı nəsil yetişir və onların boyartımı hissolunacaq dərəcədədir.
Vahid Aslan da şeirin ənənəvi formalarına sadiqdir, amma batin olmasa, zahirdə görünənlər heç bir mahiyyət kəsb etmir. Formanın içini dolduran məzmun zənginliyidir. Sözün yaddaşı heç vaxt itmir və bu köhnə sözlər dünya durduqca yaşayacaq. Bu sözlər dilin lüğət tərkibinin nüvəsini təşkil edir. B sözlərsiz şeir “əsassız divar” olar.


Əllərim saralan çiçək,
Ürəyim şüşədən kövrək,
Ayağımdan gözünü çək!
Gözümə bax, gör mən kiməm.

Məni anlamaq istəsən,
Dərdimə yanmaq istəsən,
Haqqa inanmaq istəsən,
Sözümə bax, gör mən kiməm.


Mən də əvvəl onu sözündən tanımışam, sözündəki işığı görmüşəm və sonra özüylə tanış olanda üzündəki işıqla sözündəki işığın həmqafiyə olduğuna heyrətlənmişəm. İnsanın üzü müqəddəsdir. Hürufilik fəlsəfəsinə əsaslansaq Uca Yaradan insanın üzündə təcəlla edir. Bu qədim informasiya insanın etnik yaddaşında daim hərəkətdədir. Şairə aşağıdakı şeiri yazdıran da bəlkə elə həmin etnik yaddaşdır.


Tanrıya dualarla
Hər gün səhər tezdən işə gedəndə,
Hər axşam qayıdıb evə gələndə,
Qızımın gözündə açan çiçəyi,
Oğlumun üzündə günəş görəndə,
Ömür yoldaşımın üzü güləndə
Dilimin ucunda dualar bitir:
Tanrım, sənə şükür!
Sonra pıçıltılar nəğməyə dönür,
Dünya gözlərimdə mələyə dönür,
Tanrım!
Bundan şirin olammaz ömür..
Dünyanın ən varlı adamı mənəm,
Danışdığım sözdü, udduğum nəfəs,
Yanan işığımdı dövlətim-varım!
Atdığım addımdı,
Təmiz adımdı,
Evim-uşağımdı dövlətim-varım!
Tanrım nə vermisən gözəl vermisən,
Ömrümə yazdığın yazına şükür!
“Ol” deyən dilinə, ağzına şükür!
Tək bircə damlana, azına şükür!


Şeiri bütöv şəkildə sitat gətirməkdə məqsəd nədir? Bu şeir onun poetik məramnaməsidir. Bu şeirdə Vahid Aslanı bütöv şəkildə görmək olur, onun bütün şeirlərinə aparan yollar bu şeirdən şaxələnir. “Tanrıya dualarla” ana yoldur, burdan baxanda onun şəxsiyyəti də, yaradıcılığı da tam aydınlığı ilə görünür. Burdan yola çıxıb Vahid Aslan dünyasının dağında, yamacında nəfəsin geniyincə gəzib-dolaşa bilərsən. Onun sevgi şeirlərində də təbiətin nəfəsi duyulur, bu şeirlər təbiətlə iç-içədir, onda bulağın zümzüməsini eşidirsən, çəmənin-çölün heyrət doğuran gözəlliyinə əsir düşürsən.


... Bağım-bərəkətim, çəmənim-çölüm,..
Nəyim var, razıyam, səninlə bölüm.
Sən adda dünyam var bəsimdi, gülüm!
Hər nə istəyirsən qoy sənin olsun!

Köksüm təbiəti qucmaq dəlisi,
Bulaqlar oxusa,.. susmaq dəlisi;
Körpə duyğuların uçmaq dəlisi,
Yerlər mənə qalsın, göy sənin olsun!


Hər hansı xronotopik çərçivədən çıxaraq sahəsiz qalmış nəhayətsiz eşq aləmində göyləri sevdiyi insana bəxş etmək – onu səmaya qaldırmaq, uca tutmaq ən böyük fədakarlıqdır. Şeirdə ən təsirli landşaft surəti də elə budur. Bu şeirdə məkan və zaman təbiət xüsusiyyətləri ilə birgə götürülür.
“Bir yaz günü”, “Tumurcuqlayan şeir”, “Yağışın səsi”, “Sən istəyən qar” və digər şeirlərində idillik ovqat hökm sürür, şair insanı texnoəsarətdən qurtulub azad olmağa, təbiətin qoynuna səsləyir. “Kəndin payızı” silsiləsindən yazdığı şeirlər də bir təbiət himnidir. Adamın könlünə torpaq düşəndə asfaltın istisi ayağını yandırır, şəhər bürküsü ürəyini kabab edir. Nəfəsin tıncıxır, oğul ananın qoynuna tələsən kimi genişliyə, torpağa, dağa, meşəyə, bulağa doğru qaçırsan. Ağzını dağdan süzülüb gələn bulağa dayayıb doyunca içəndən sonra bir “oxxxay” deyirsən. Vahidin şeirlərini oxuyanda bu duyğuları yaşadım.
Vahid Aslan urbanistik çevrədə əsir düşmüş, internet reallığında ilişib qalmış insanın xilasını təbiətdə görən şairdir. Real monitor teyfi addımbaaddım insanı izləyir, gözlərinin nurunu, dincliyini, əsəblərini alır. Bu baxımdan “Gir internetə” şeirində də giley, ironiya, sarkazm var. İnsan təbiətdən uzaqlaşdıqca sanki özündən də uzaq düşür, özünə yadlaşır, biganəlik virus kimi içindəki insanı hüceyrələri öldürür. Hissdən məhrum insan isə robota, manqurta çevrilir. Həqiqətən də qlobal bəladır və şairin narahatlığı əbəs deyil. Elə aşağıdakı şeir də bu narahatlıqdan doğan duyğu selidir:


Elə bir şəhərdə
Yaşamaq istərdim ki,
Orada hər axşam yağışlar yağsın,
Nə xəyanətlər
Gözə dursun,
Nə günahlar dizə çıxsın,..
Orada bir muzey olsun,
Göz yaşları muzeyi.
Düşünsünlər ki,
İnsanlar ağlayırmış
Bir zamanlar;
Orada bir heykəl olsun,
Aldanan ümidlər heykəli.
Orada hər gün imdad diləyənlərin
Göylərə uzanmasın əlləri;
Orada insanlar
Tanrısını
Göy üzündə axtarmasın,
Orada insanların
Tanrısı
Ürəyinin içində olsun...


Nə qədər gözəl arzudur! Tanrı insanın fitrətindədir və insan öz içindəki mənlə həsb-hal edəndə, ona hər gün vicdan hesabatı verəndə məhz Tanrıya xidmət edir. Allahla ünsiyyət insanın daxili monoloqudur və katarsis də məhz orda, o məhrəm məkanda baş verir – qəlb evində.
“Vətən nəğməsi”, “Türkün bayrağı”, “Türkün yolu – Turan yolu” şeirləri, “Azadlıq nəğmələri” silsiləsi onun həm də bir vətəndaş şair kimi sağlam mövqeyini əks etdirir. O Vətən duyğusu idi ki, şəhid şairimiz Nizami Aydını tankıyla birlikdə külə döndərdi. Mən Vahid Aslanın “Nizami Aydın” film-poemasını həyəcan hissiylə oxudum, qəhərləndim, gözümün önündən fil kimi keçdi onun taleyi. Bir neçə il bundan öncə Gəncədə qocaman yazıçı Qərib Mehdi ilə söhbətimizi xatırladım. Nizami Aydın haqqında ona sual verəndə gözləri doldu, qəhərləndi... Onun Nizami haqqında yazdığı kitabı oxumuşdum, istəyirdim özü danışsın. Dedi, “oğul, yaramı təzələdin, hər şeyi o kitabda yazmışam, mənə Nizami haqqında danışmaq çox çətindir, çox...”
Nizami Aydın Qərib Mehdinin tələbəsi olub, onun rəhbərlik etdiyi “İlham” Ədəbi Birliyinin ən istedadlı üzvlərindən olub. Poemada bu məqamlar da öz əksini tapıb. Mən Nizaminin imzasını 90-cı illərin əvvəllərindən tanıyırdım, şeirlərini oxumuşdum, şəhidlik məqamına yetişəndən sonra mərhum şairimiz Adil Mirseyidin onun haqqında unudulmaz yazısını xatırlayıram. Adil Mirseyid bu yazıda həm də rəssam kimi Nizaminin portretini çəkmişdi. Nizaminin Lorkadan tərcümələri məndə güclü təsir oyatmışdı. Deyirlər tankın içində yanan Nizamiylə birlikdə Lorkanın da kitabı alova qarışmışdı. Taleyə bax! Vahid Aslanın poemasını oxuyanda Nizami Aydınla bağlı içimdəki təəssüratlar təzələndi, yenə ağrı və təəssüf hissi köhnə yaranın közünü qopardı.


... Bir şair qeyb olur külünə kimi,
“Tərlan” üsyan edir göylərə bəlkə,
Onun sol cibində yanır kül olur
Lorkanın kitabı, onunla birgə...

Bu kitab Lorkanın ruhudu elə,
Alovlar içində ruhlar birləşir;
... Tanrının özü də heyrətə gəlib,
Görəsən... bu anda nə fikirləşir...


Ürəyimdən bir arzu keçir; Vahid Aslanın poeması film kimi çəkilsin. Bu poemada Nizami ömürlüyünün bütün məqamları təfərrüatlarıyla öz əksini tapıb. Nizami Aydını yeni nəsil lazımınca tanımır. Onun həyatı və yaradıcılığı fenomanl bir hadisə idi. Azərbaycanın müstəqillik tarixinə onun adı Şəhid Şair kimi düşdü. Və belə bir müstəsna qəhrəmanlıq nümunəsi göstərmiş şairin həyatı mütləq ekranlaşdırılmalıdır. Bu, bizim gələcəyimiz üçün lazımdır.
Vahid bu film-poemanı 7-8 il bundan öncə yazıb. Kitabın əlyazmasını mənə təqdim edəndə ilk olaraq bu poema diqqətimi çəkmişdi. Düşündüm ki, görəsən Vahid bu əsəri hardasa çap etdiribmi? Hər halda, əsər bu kitabda yer alır və mənə elə gəlir ki, kitaba toplanmış bütün şeirlər oxucunu Nizami Aydın kimi yaşamağa, Vətəni Nizami Aydın kimi sevməyə, mübarizliyə, fədakarlığa səsləyir.


Kənan Hacı

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 


 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !