"İtaliyaya səfərimiz zamanı... " - - MÜSAHİBƏ (+FOTOLAR)

"İtaliyaya səfərimiz zamanı... " - MÜSAHİBƏ (+FOTOLAR)

Bildiyiniz kimi, Sport7.az saytı ölkəmizdə fəaliyyət göstərən Avropa klublarının rəsmi fan-klublarına da tribuna ayırıb.

Bu dəfə İtaliya "İnter"inin fan-klubunun rəsmisi Ruslan Şirinov ilə söhbətləşdik.


 

- Əvvəlcə fan-klubun yaranma tarixindən bəhs edin. Neçənci ildə, kimin təşəbbüsü ilə yaranıb?


- Biz rəsmiləşməzdən əvvəl, 2011-ci ildən etibarən ilk "facebook" səhifəmizi açımışıq. Məqsədimiz bu səhifə vasitəsi ilə bütün azarkeşlərimizi tapıb bir yerə toplamaq və azarkeşlərimizə öz dilimizdə sevimli klubumuz barədə xəbərlər çatdırmaq idi. Buna nail olduq. Getdikcə sayımız artdı, bizi tapdılar və artıq rəsmi fan-klubumuz yaratmaq qərarına gəldik. Kamran bəy, Cavid bəy və mən 2017-ci ildə həm buradakı azarkeşlərimiz və eyni zamanda "İnter" klubu ilə danışıqlar aparmağa başladıq. "İnter'lə danışıqları hazırda fan-klubumuz prezidenti olan Kamran bəy apardı və hətta Milan şəhərinə də səfər etdi. 2017-ci ilin dekabr ayında "İnter" öz rəsmi saytı vasitəsi ilə "İnter Club Azerbaijan"ı tanıdığını ictimaiyyətə bildirdi. Hazırda fan-klubumuzun 45 rəsmi üzvü var. Amma bu heç də bizim bütün Azərbaycandakı azarkeşlərimizin sayı deyil, çünki qeydiyyatdan keçməyən və qeyri-rəsmi yüzlərlə üzvümüz var və onlarla da tez-tez görüşürük.


- Fan-klubunuz bu vaxtadək nə kimi yeniliklər edib, maraqlı addımlar atıb?


- Biz rəsmi fan-klub olan gündən "böyük" və "kiçik" olmasından asılı olmayaraq, bütün oyunlarda yığışıb dəstəkləmişik və bunu üçün özümüzə məxsus məkanı olan ilk fan-klubuq. Azəbaycanda fəaliyyət göstərən bir neçə şirkətlə əməkdaşlıq etməyə başlamışıq. Bu da bizim rəsmi üzvlərimizə əlavə üstünlüklərdir. Hotel, mobil operator və idman geyimləri mağazası kimi tərəfdaşlarımız var və rəsmi üzvlərimiz bundan faydalanır. Yeni əməkdaşlıqlar üçün də danışıqlar aparırıq. Bayram tədbirlərində üzvlərimizlə ailəvi olaraq görüşüb, bayramları qeyd edirik. Yeri gəlmişkən qeyd etmək istərdim ki, ən yaşlı üzvümüzün 41, ən kiçik üzvümüzün 2 yaşı var. Üzvlərimiz hər il, (hamısı olmasa da) Milana səfər edir və "İnter"in oyununa baxa bilir. Xüsusi olaraq qeyd etmək istərdim ki, fan-klubumuz prezidenti Kamran bəy "İnter"in təşkil etdiyi tədbirlərdən birinə dəvət almışdı və orada ölkəmizi təmsil etmişdi. Baxmayaraq ki, Azərbaycanda biz İtaliyanın "İnter" klubunu təmsil edirik, İtaliyaya səfərimiz zamanı Azərbaycanı təmsil edirik.


Bundan başqa, hər yeni il bayramında öz üzvlərimizlə birgə topladığımız maddi yardımı Bakıda yaşayan az təminatlı ailələrdən birinə çatdırırıq.

Bir də əlavə etmək istərdim ki, "İnter"in əfsanələri Bakıya səfər edərkən, biz "Inter Club Azerbaijan" olaraq hər iki əfsanəmizlə görüşmüşdük. Hər iki əfsanəmiz fan-klubumuz bayrağına öz imzalarını atıb.

 

- Bəs İtaliyaya oyuna gedən üzvlərinizə klub nə kimi dəstək göstərir?


- "İnter" bütün rəsmi fan-klublarına seçilmiş bir oyunda yer ayırır. Yəni, həmin oyuna biz gediriksə, giriş rəsmi üzv üçün pulsuzdur. Bundan başqa, istənilən vaxt İnter Store"da edilən alış-verişə nəzərə çarpacaq endirim edir. Bunun üçün rəsmi üzv olduğunuzu təsdiq edən vəsiqəni təqdim etməniz kifayətdir. Amma İtaliyaya getmək üçün üzvlərimiz özləri pul xərcləyir.


- Bəs Bakıda oyunları harada izləyirsiniz?


- Bakıda oyunları ilk olaraq oyunlarımıza bir neçə il özümüzə məxsus Azadlıq Prospekti metrosu yaxınlığında "BlackBlue" adlı kafemizdə baxırdıq. Sonra müəyyən səbəblərə görə həmin məkanı tərk etmək məcburiyyətində qaldıq. Son mövsümə Qələbə dairəsi yaxınlığında "Sports PubBar"da baxdıq. Amma yəqin ki, növbəti mövsümü fərqli məkanda izləyəcəyik. Bunun üçün yayda bir neçə məkanı nəzərdən keçirəcəyik.

 

- Oyunu izləməyə nə qədər azarkeş gəlir?


- Elə vaxt olub, kiçik oyunlarda məsələn 10 nəfər olmuşuq. Amma əsas oyunlarda, yəni derbilərdə 40, 55 və hətta 75 nəfər də olmuşuq. Bu mövsüm bir neçə mərkəzi oyunumuz İdman Azərbaycan kanalı tərəfindən lentə də alınıb.


- Bəs siz nə vaxtdan "İnter" azarkeşisiniz? Ümumiyyətlə, niyə məhz "İnter"i sevmisiz?


- 2001-ci ildən "İnter" azarkeşiyəm. Amma məhz "İnter"i niyə sevmişəm cavabı verə bilməyəcəm. (gülür)...Çünki sevginin səbəbi olmamalıdır. Çox fikirləşmişəm bəlkə rənglərə, bəlkə hansısa oyunçuya görə. Amma səbəb tapa bilməmişəm. Sadəcə sevmişəm. Necə deyərlər qanımızın rəngi qara və göydür.

 

- Hazırda sevimli komandanızın gücünü, səviyyəsini necə qiymətləndirirsiniz?


- Hazırda "İnter"in uğura doğru irəlilədiyini düşünürəm. Kontenin də baş məşqçi təyin edilməsindən sonra bu inam bizdə birə beş arıtır. İki ildir artıq ardıcıl Çempionlar Liqasına vəsiqə qazanırıq. Klubun sahibi "Suning" də artıq başa düşür ki, minimum hədəflərlə qane olmaq olmaz və komandanın ən azı milli çempionatda uğura ehtiyacı var. Buna görə də komandanın başına iddialı Konteni gətirib. Son bir neçə ildə olmadığımız qədər iddialıyıq. Yay transfer pəncərəsini də uğurlu keçirəcəyimiz təqdirdə bu iddiamız öz təsdiqini tapacaq.

 

Röya Kərimli
Sport7.az 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )