Avropa və dünya futboluna damğasını vurmuş şəxsiyyət... - - Tahir Süleymanov yazır..

Avropa və dünya futboluna damğasını vurmuş şəxsiyyət... - Tahir Süleymanov yazır..

Lennart Yuxansson, 1990-2007-ci illərdə UEFA prezidenti.

Avropa və dünya futboluna damğasını vurmuş şəxsiyyət.

Dahi futbolçu, məşqçi, hakim olmayıb, amma bu gün Avropa futbolunun indiki səviyyəsinə çatmasının banisidir.

90-cı illərə kimi Avropa futbolunda təşkilatçılıq, maliyyə imkanları çox da yüksək deyildi. Futbol ümumi inkişafdan geri qalır, ayaqlaşa bilmirdi.

Lennart Yuxansson UEFA prezidenti seçilən andan islahatlara başladı. Futbol qaydalarında önəmli dəyişikliklərə təkan verdi.

Gənc nəsil bilməz, İtaliya-90 dünya çempionatı daxil olmaqla o vaxtlar, qapıçı geri ötürmələrdə istənilən qədər topu ələ götürür, oyunun tempini aşağı salır, futbolun "anası ağlayırdı"...

Futbolda ağlasığmaz dirçəliş, sürət, bu və digər oyun qaydalarının dəyişikliyi, elmi-tərəqqi, yeni texnologiyaların futbolda tətbiqi ilə başladı...

İsveçli funksioner bir bəy, zadəgan ruhuna malik idi. Özünəinamı, idarəçilik qabiliyyəti, obyektivliyi ilə çəkinmədən yeni layihələrə imza atırdı...

Dövr olaraq bəxti də gətirməmişdi, Avropada hər il yeni-yeni ölkələr müstəqilliklərini elan edirdilər. Müharibələr, çətinliklər, xaosla yanaşı onları da Avropa futbol ailəsinə qəbul etmək lazım idi...

İnkişaf etmiş mərkəzi Avropa ölkələri yenilərə yuxarıdan aşağı baxırdı. Kəskin yaşayış, səviyyə fərqi onları qorxudurdu. Avropa futbol sistemi yenidən qurulmalıydı...

Hamı qorxsa da, bu Yuxanssona xas olan keyfiyyət deyildi. İsveç mədəniyyəti, ruhu ilə Avropa futbolunu tədricən bir ailəyə çevirirdi...

Tam əminliklə bildirirəm, həmin dövrdə isveçli əvəzinə UEFA-ya rəhbərliyi hegemon dövlətlərdən birinin nümayəndəsi etsəydi, futbolda tam fərqli mühit formalaşacaqdı.

Yuxansson çəkinmədən yeni ölkələrə səfər edir, yerində problemlərlə maraqlanır, xüsusi proqramlar çərçivəsində UEFA tərəfindən yardımlar edilirdi...

90-ların ortalarında Bakıya da səfər etmiş, bizlərlə görüşmüş, lazımı dəstəyi Azərbaycana vermişdi. "Şəfa" stadionu birbaşa UEFA-nın ayırdığı maliyyə ilə ərsəyə gəlmişdi.

Yeni dövlətlərlə yanaşı Avropa futbolu inqilabi dəyişikliklər astanasında idi. Tələblərə cavab verməyən, köhnəlmiş ənənəvi yarışlar tarixin yaddaşına köçürdü...

Klub turnirlərində oyun sayı, təsadüfi nəticələr böyük komandaları, fanatları qane etmirdi. Lennart Yuxanssonun ən möhtəşəm layihələrindən biri Çempionlar Liqası və qrup oyunlarıdır...

Yeni prezident UEFA-ya maliyyə axınını, sponsorların cəlb edilməsini təmin edərək istər milli, istərsə klublar səviyyəsində ağlasığmaz sıçrayışa nail oldu. Artıq sponsorlar UEFA qarşısında növbəyə dururdu...

Maliyyə ilə yanaşı təşkilati işlərə, nizam-intizama, təhlükəsizliyə, oyunların keçirilmə səviyyəsinə də xüsusi önəm verirdi.

Eyni zamanda UEFA-da olan əməkdaşların da dəyərini bilirdi. Beynəlxalq dərəcəli hakim kimi bunu öz üzərimizdə də hiss edirdik.

Oyunlara mütləq biznes-klasslarda uçur, 5-ulduzlu otellərdə məskunlaşır, maddi ehtiyaclarımız təmin edilir, UEFA-ya göndərdiyimiz raportlar sorğu-sualsız qəbul olunurdu.

UEFA tərəfindən bizə göstərilən qayğı ölkələr, klublar qarşısında FİFA referilərinin nüfuzunu olmazın dərəcədə qaldırmışdı. Baxmayaraq ki, biznes-klasslarla bağlı AFFA-da başımız hər zaman bəlalar çəkirdi.

UEFA alınan biletlərin pulunu artıqlaması ilə dünya standartlarına uyğun federasiyaya ödəməsinə baxmayaraq, AFFA hər zaman maneələr yaradırdı...

Vaxtilə UEFA hesabatlara baxıb bununla bağlı AFFA-ya etiraz məktubu da ünvanlamışdı...

Lennart Yuxansson futbolçu, məşqçilərin şəraitinin yaxşılaşdırılması ilə yanaşı, dünyada beynəlxalq hakimlərin ümumi sayının azalmasının, FİFA referilərinin peşəkar olmasının da tərəfdarı idi.

Bu məsələ tam FİFA-dan asılı olduğu üçün əleyhdarları və digər konfederasiyalar buna imkan vermirdilər. Hakimlərin peşəkar status almaları onların maddi təminatı ilə yanaşı müstəqilliklərini də artıracaqdı...

Hakimlərə "alət" gözü ilə baxanlara UEFA prezidentinin təklifi sərf etmirdi. Bu günə kimi də məsələ açıq qalmaqdadır...

Lennart Yuxansson bir novator idi. UEFA-da, Avropa futbolunda islahatlar apararaq uşaq futbolundan tutmuş peşəkar klublara, millilərə kimi şərait yaradır, federasiyalara müxtəlif layihələrlə ildən-ilə yardımlar artırılırdı.

Bu gün futboldan milyonlar qazanan futbol aləmi isveçli prezidentin zəkasına, bacarığına, futbolu, futbolda olan insanları düşünməsinə borcludur...

Tək Avropa futbolu deyil, dünya futbolu da fantastik dərəcədə yaxşılığa doğru dəyişilə bilərdi. Əgər Lennart Yuxansson FİFA prezidenti seçilsəydi...

Mafioz "Blatter klanı" Asiya, Afrika, Cənubi Amerikanın bəzi ölkələrinin seçki səslərini alaraq isveçlinin FİFA prezidenti olmasına imkan vermədi.

Lennart Yuxansson dəridən-qabıqdan çıxıb dünya futboluna rəhbərlik etmək iddiasında da deyildi. İstəyi, futbolun daha da yüksəklərə qalxması idi..

Alicənablığı, sadəliyi, mədəniyyəti ona fərqli yollarla dünya futbolunu ələ almağa imkan vermədi. Buna onun heç mənəvi, maddi ehtiyacı da yox idi...

Blatter Yuxansson nüfuzu qarşısında əzilirdi, onun futbolda olması" klana" mane olurdu. Qədirbilməz futbol aləmi də proseslərə biganə qalırdı. Əksinə, Blatter onları da ələ alırdı...

Özünə qarşı belə "hörməti" görən Yuxansson futboldan birdəfəlik küsdü. Çünki, hər zaman özünü yox, futbolu düşünürdü. UEFA prezidenti isveçli təfəkkürü ilə "klan"ları yox, azarkeşləri, futbolun inkişafını düşünürdü...

Lennart Yuxansson əsl xalqın adamı idi. UEFA prezidentliyindən gedəndən sonra demək olar ki, bir daha mötəbər futbol tədbirlərində görünmədi.

Futboldan küsüb gedən futbolun dahi idarəçisi, funksioneri həyatla da vidalaşdı...

Bu gün Avropa futbolunun inanılmaz səviyyəyə qalxmasının banisi, təşkilatçısı Lennart Yuxansson Çempionlar Liqasını və onlarla möhtəşəm layihələri dünya futboluna bəxş edib birdəfəlik getdi...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !