ŞAMAXI, EY MƏNİM ŞƏFALI YURDUM... - - Aida Eyvazlı yazır.. (+FOTOLAR)

ŞAMAXI, EY MƏNİM ŞƏFALI YURDUM... - Aida Eyvazlı yazır.. (+FOTOLAR)

Şamaxının adı ilk dəfə antik mənbələrdə – yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Albaniya ölkəsinin 29 şəhəri sırasında “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır. Çox maraqlıdır ki, bir çox səyyahlar, şairlər və filosoflor Şamaxı sözünün əvvəlinə həm də Müqəddəs kəlməsini əlavə ediblər. Müqəddəsliyi isə onadndır ki, burada çox vaxt ədalətli və adil şahlar yaşayıb. Çox möcüzəli səsi olan musiqiçilər və söz sahibləri doğulublar.
Şirvanşahlar dövlətinin ən qədm dövrləri haqqında günümüzə çox az və qısa məlumatlar gəlib çatıb. Rəşid əd Din yazırdı ki, “... iki min ilə yaxındır ki, sultanlıq dərbəndilər sülaləsinə məxsusdur”. Onun yazdıqlarına inansaq, demək Şirvanşahlar hələ Əhmənidilər dövründən hakimiyyətdə olublar.
Şirvanın intibah və yüksəliş dövrü isə əsasən VIII əsrin ortalarından başlanır.
X əsr əlyazmaçı və tarixçisi Əl Məsudi yazırdı: “ Ənuşirvanın islam torpaqlarına təyin etdiyi şahlar arasında Bərdədən olan Şirvan adında bir şah var idi. Onun ədalətinə hörmət əlaməti olaraq, sonralar bu yerlər Şirvanşah adlandırıldı.” Şirvanşahların şəcərəsinin Xosrov I Ənuşirvandan başlanıldığı məlumdur.
Tarixdə yazılanlar öz qüvvəsini heç vaxt itirmir. Ancaq tarixi bir həqiqət də var ki, Şirvan bölgəsi Uzaq və Orta Şərqdə, Avropadakı hakim sərkərdələrin və fatehlərin maraq dairəsində olub. Bu yerlərdən gəlib gedən, şəhərdə öz şahlığını quran, və ya yağmalayan ordular çox zaman bu şəhərə ziyan vurub, yandırıb, qala divarlarını dağıdıb gediblər. Şirvanda hakimiyyətini uzun müddətli bərqərar edən isə ərəb xilafətləri olub. XI əsrdə yazılan “Tarixi əl Bab” adlı bir əlyazmanın özü itirilib, günümüzə gəlib çıxmasa da, bu kitabın sonradan köçürülən çox az sayda olan surətlərində Şirvanın və Dərbəndin tarixinə işıq salan səhifələr mövcuddur. Əl Məsudiyə məxsus əlyazmalardan görünür ki, Şirvanşahların ən mötəbər şahlarından biri də Əli İbn Haysam olub. “Onun Çox böyük ordusu var idi. Lakin dəniz donanması yox idi. Dəniz donanması olmadığından tez-tez Xəzər dənizi üzərindən rusların hücumuna məruz qalırdı.”. Bu ruslar isə bizim indiki tanıdığımız ruslar deyil, finlər, norveçlər, vikinqlər idilər. Rusların hücumlarının gücləndiyi bit vaxtda, 917-ci ildə Əli ibn Haysamın şahlığının süquta uğrayır. Onun hakimiyyətinin zəiflədiyi bir vaxtda , öz qohumları – babasının əmisi oğlu Əbu Tahir Yəzid İbn Muhəmməd ibn Xalid ibn Yəzid Məyzəd əş Şeybani hakimiyyəti ələ keçirir.
Tarixdən də məlumdur ki, Azərbaycanın Şirvan və Dərbənd vilayətlərində sasani şahlarından qalan Yezidilər, Məzyədədilər və Şeybanilər hökmranlıq ediblər.
“Tarixi əl Bab” əsərində Şamaxı şəhərinin Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən bərpa olunaraq paytaxta çevrilməsi və onun şərəfinə Yezidiyyə adlandırılması haqqında məlumatlar var. Elə bu mənbələrdə Şirvanın şahlıq tarixinin IX əsr- 861-ci ildən başlanıldığı göstərilir.
XVII əsrin türk tarixçisi Münəccimbaşı Şirvanşahlar dövrü haqqında ən sanballı araşdırmaların müəllifi kimi məşhurdur. Onun əsərlərində Şirvanşahlar tarixinin intibahının Ədalətli Ənuşirvanın hakimiyyəti dövründə başlandığı yazılır.
Yəqin ki, “Tarix əl Bab” sözünün haradan yarandığı oxucu üçün maraqlıdır. “Əl Bab” əvəllər Dərbənd şəhərinin və qalasının adı olub. Həmin kitabda Əbu Tahir Yəzidin Şirvanda apardığı islahatlar barədə bəhs olunur. Müəllif qeyd edir ki, Muhəmməd ibn Yəzid öləndən sonra onun taxtına oğlu oğlu Əbu Tahir Yəzid oturdu. Abu Tahir çox müstəqil bir siyaət yeridir, ətrafdakı qonşulara, valilərə heç bir vergi və xərac vermirdi. Ədalətli hökmdarın şahlığı 30 ilə qədər bir dövrü əhatə edir. Sonra isə hakimiyyət onun oğlu Məhəmmədə keçir. Digər oğlu Əhməd Yəzid isə qardaşıı Məhəmmədi devirərək, hakimiyyəti öz əlinə alır. 944-cü ildə Əl Bab, yəni Dərbənd şəhərinin sakinləri Əd al Malik əl Haşiminin oğluna qarşı çıxıb, onu şəhərdən qovurlar. Bundan sonra isə Şirvanın şahi Əbu Tahir Yəzidinin yanına öz elçilərini göndərərək, şəhərlərinə hakim olmağı xahiş edirlər. Yəzid Əl Bab şəhərinə oğlu Əhmədi göndərir. Oğlu Əhməd atasının ümidlərini doğrultmur. Əbu Tahirin Şirvanda şahlıq hakimiyyəti 30 il çəkir. O 948-ci ildə öz vəziri İbn əl Maragi tərəfindən zəhərlənərək öldürülür. 8 il hakimiyyətdə olan Məhəmməd Yəzidi də atasının taleyini yaşayır. Vəzir İbn əl Maragi onu da zəhərləyir.
Aylar illəri, illər qərinələri əvəz edir. Qərinələrin cəmi əsrləri yaradır. Azərbaycanın Şirvan və Dərbənd şalığı isə yadelli işğallarına qarşı hər zaman qeyrətlə sinə gərir. Sasani hakimiyyətindən başlanan şahlıq şəcərəsi daha çox ərəb əsilli sülalələrin başçılığı ilə davam edir.
“Dərbəndnamə” əsərinin müəllifi olan Münəccimbaşı dərbəndilər sülaləsini təsvir edərkən yazır: “Onların ilk şahı Sultan Muhəmmədin oğlu Şeyx İbrahim idi. Sonra hakimiyyət Keyqubada keçdi. Daha sonra Fərruxzad, sonra Fərruxzadın oğlu Quştasf, daha sonra isə Mənüçöhr dövləti idarə etdi. 861-ci ildən başlayan Şirvanşahlar dövlətinin ömrü 7 əsr davam etdi. Sultan Muhəmməd öləndən sonra qardaşı Huşəng Şirvanşahların hakimiyyətini idarə etməyə başlayır. Lakin Şeyx İbrahim Şahlıqda daha çox hörmətə malik olması Huşəngi hiddətləndirirdi. Şeyx İbrahimi yanından uzaqlaşdırmaq üçün Şirvanın şəhərlərindən biri olan Şəkiyə göndərir. Şeyx Şəkidə bir torpaq sahəsi alıb, onu becərib, şumlamaqda idi. Bu dövrdə Şirvanşah Huşəngin ədalətsizliyindən zara gələn xalq ona qarşı üsyan edib, Hişəngi öldürürlər. Və Şeyx İbrahimin yerini bilən adamlar Şəkiyə gəlib Şeyxi axtarırlar. Münəccimbaşı yazır ki, şahın dalınca gələn elçilər onu, torpağı bellədikdən sonra, bir tut ağacının altında oturub , yuxlayan görürlər. Hüzurunda təzim edib oyanmasını gözləyirlər. Və Şeyx İbrahim yuxudan oyanandan sonra, özləri ilə gətirdikləri xan çadırını qurub,onu taxtına otuzdurur, qarşısında baş əyib, niyyətlərini dilə gətirirlər. Sonra isə çadırın yanında bağladıqları ata mindirib, Şamaxıya yol alırlar. Tanrısına şükr edib əkinçi və cütcü kimi yatan Şeyx , yuxusundan ayılanda artıq Şirvanın şahı idi. El-oba, hər kəs bilirdi ki, ədalətli Ənuşirvandan qalan adillik ancaq Şeyx İbrahimə məxsusdur. Elə buna görə də Şeyxi başları üzərində Şamaxıya gətirirlər.
Mənbələrdə göstərilir ki, 1386-cı ildə Əmir Teymur Qarabağa getmək üçün Dərbənddən Dəşti Qıpcağa keçməliydi. Şeyx İbrahim öz yanında Yəzidilər sülaləsindən olan Əbu Yəzidi vəzir kimi saxlayırdı. Əbu Yəzid Şeyxə qaçıb dağlarda gizlənməyi məsləhət görsə də , Dərbəndin və Şirvanın şahı Şeyx İbrahim Teymurun adına sikkələr döydürdü. Moğol xanlarından qalmış adət-ənənəyə uyğun olaraq , bahalı hədiyyələrlə 9 dəvə yükü və 8 qulla onun hüzuruna gəlib, qarşısında baş əydi. İşarədən hər məqamı bəlli edən, böyük Teymur ondan “Bəs doqquzuncu qul hanı?”- soruşduqda, “Doqquzuncu mənəm”-dedi, -Şeyx İbrahim. Bu bir diplomatik gediş idi. Yoxsa ki, “Şeyx” adı ona havadan verilməmişdi. Tanrı onu bütün zəkası ilə ziyalandırmışdı. Şeyxin belə səlist və məntiqli cavabı 7 dünya hökmdarı Teymura ləzzət eləmişdi. Onun ağlı və düşüncəsinə görə, Teymur Şeyx İbrahimə özünün qiymətli daş-qaşla bəzədilmiş əbasını verib, bir daha Şamaxının və Şirvanın sahibi təyin etdi. Çünki üzüyünün üstündə “Güc ədalətdədir” yazılan Əmir Teymur Şeyx İbrahimin ədalətli hökmdar olduğundan xəbərdar idi. Bundan sonra Şirvanşahın övladlarının , şəcərəsinin qorunması, təhlükəsizliyinin təminatı üçün xüsusi fərman imzaladı. Şeyx İbrahimin müdrik siyasəti nəticəsində Şirvan dağılmaqdan və günahsız insan qanının axıdılmasından qurtuldu. Bu idi, Şeyxin mərhəmətinin və ədalətinin təntənəsi!!!
Öz səxavəti, ədaləti və ağlı ilə seçilən Şirvanın yeni şahlığının ömrü isə XVI əsrə qədər qədər davam edir. Şirvanşahlar sülaləsinin sonuncu hakimiyyəti şahı Şirvanşah Xəlilullah I İbrahimə keçir.
1544-cü ildə Burxan Əli Sultana keçir. Yad elli Əlks onun üzərinə yürüş edərək, Burxanı məğlubiyyətə uğradır. Şirvanın şahı SultanXəlilullahın nəvəsi Burxan Osmanlı sultanı Süleyman xanla ittifaq qurur. Daha sonra Dərbənddə oturur. Yeni güc toplayıb , Sultan Süleyman xan ilə yenidən Azərbaycana hücum edib, Şirvanı ələ keçirib , Qızılbaşlardan azad edir. 1551-ci ildə vəfat etdikdən sonra, Qızılbaşlar yenə Şirvana hücum edir, qanlı talanlar və qırğınlar törədərək, Şirvan şahlığını süquta uğradırlar. Burxan Əli Sultanın oğlu azyaşlı Əbu Bəkr Mirzəni Dərbənddə gizlədirlər. Əbu Bəkr Mirzə 20 yaşına çatanda , çərkəzlərin ölkəsinə keçir. 1570-ci ildə isə Krıma köçür. Krımın şahı o dövrdə ruslara baş əyməyən Dövlət Gerey xan idi. Xan şah oğlunun gəlişindən xəbər tutub, sarayına gətirir. Öz qızı ilə evləndirib, Osmanlı İmperiyasının dövlət xadimi titulunu verdirir. 1579-cu ildə Vəzir Lələ Mustafa Paşa öz qoşunları ilə yenidən Şirvanşahları fəth etməyə çıxanda, bu yürüşdə Əbu Bəkr Mirzə də ona qoşulur.Və Şirbvanda Əbu Bəkrə yenidən valilik verilir. Bundan sonra isə tarixi mənbələrdə Əbu Bəkr son taleyi haqqında məlumatlara rast gəlinmir.
XVII əsrin əvvəllərində Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi. Şəhərin şimal hissəsi cənub hissədən bir qədər kiçik idi. Burada daşdan hörülmüş 5 qapı vardı”. Həmin dövrdə şəhərdə 700 ev və 26 məhəllə, 40 məktəb, 70 məscid, 7 hamam, 44 karvansara, 200-ə yaxın dükan olmuşdur.
XVII əsr məşhur Osmanlı səyyahı Evliya Çələbi Şamaxı şəhərini belə təsvir etmişdir: “qırx xanlıq, qırx səkkiz qəza olub, qırx nahiyəsi, 70 qalası, 1300-ə qədər abad kəndi var. Qədim və abad bir şəhərdir... Şəhər içində təxminən yeddi minə qədər torpaqla örtülü abad evləri var. Hər yerindən çay keçir. Bağ və bağçalarının hesabı yoxdur. 26 məhəlləsi var, Meydan və Şabran məhəllələri şəhərin çox gözəl yerində yerləşir. Evləri olduqca yaraşıqlıdır, 70-ə qədər mehrabı var”. Evliya Çələbi şəhərdə 5 böyük məscid, 7 mədrəsə, 40 məktəb, 7 hamam, 44 daş karvansa, iki yüzə qədər dükanın olduğunu qeyd edirdi.
Lakin Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734-cü ildə dağıdıldığı üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. XVIII yüzilliyin 70-ci illərində Şamaxıda 1000-ə yaxın evdə 5-6 min adam yaşayırdı. Şəhərlər inzibati cəhətdən məhəllələrə bölünürdü. S.Qmelinin verdiyi məlumata görə, Köhnə Şamaxı doqquz məhəlləyə bölünürdü: Yuxarı qala, Sarıtorpaq, Qala bazar, Yəhudi, İmam, Meydan, Şahpəri, Gilandibli, Nar ağacı məhəllələri.
... Buraya qədər yazdıqlarım ötən əsrlərin tarixi mənbələrindən axtarıb tapdıqlarımdır. Bəzi mənbələrdə 2 min ildən artıq yaşı olan Şirvanşahlar dövlətinin baş şəhəri Yəzidiyyə və yaxud da ki, indiki Şamaxı kimi tanıdığımız tarixi şəhərimizdə qədim dövrlərin izləri indi də qalmaqdadır. Bu günlərdə “Zəfər” şəhid ailələri İctimai Birliyinin sədri Sevinc Alızadənin Şamaxı Rayon İcra hakimiyyəti Gənclər və İdman şöbəsinin keçirdiyi “Şəhidlər unudulmur” adlı tədbirində iştirak edirdik. Jurnalist kimi taıdığımız , səliqəli dəsti xətt sahibi Tahir Məmmədovla Şamaxının İcra başçısı kimi tanış olduq. Bir neçə saatlıq görüş çərçivəsində Heydər Əliyev Fondunda əhatəli iş təcrübəsi keçmiş gənc icra başçısının dünyəvi və elmi biliklərinin əhatəsinin şahidi oldum. Tahir Məmmədov görüşümüzün ilk anlarındaca Şirvanşahlar tarixindən və tarixi abidələrindən danşdı. Daha sonra Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın ailələrinin və şamaxılı gənclərin iştirakı ilə möhtəşəm bir tədbir keçdi. Adətən tədbirə gələnlər, intizarla yığıncağın tez bitməsini gözləyirlər. Bu dəfə isə belə olmadı. Tədbirdən sonra da tamaşaçılar Tahir Məmmədovun başına toplaşdılar. Kimisi onunla şəkil çəkdirir, kimisi problemini deyir, kimisi ona can sağlığı və uğur arzulayırdı. Bu gənc başçı isə hər kəsi böyük sevgi və məhəbbətlə dinləyir, hər kəsə bir ümid verirdi. Tədbirdə iştirak edənlərin üzündə bir məmnunluq və ümid işığı var idi. Əslində keçirilən tədbirin qayəsi də ağlamaq deyil, şəhidlərimizi yad etmək, gənclərə vətənpərvərlik və qəhrəmanlıq ideyalarını ötürmək idi.
Həmin görüşümüzdən keçən vaxt ərzində isə, hər gün Tahir Məmmədovun danışdıqlarını beynimdə götür-qoy edirəm. Bizimlə görüşündə demişdi ki, şəhərə hakim təyin ediləndən sonra ilk işi Şamaxıda dağılan, unudulan abidələri ziyarət etmək olub. O abidlərin içərisində Şirvanşahların nəslinə aid olan 7 gümbəz məqbərəsi, “Məndə sığar iki cahan” deyən Nəsiminin qardaşı Şah Xəndanın qəbri, Buğur qalası, Gülüstan qalası... saymaqla bitmir ki... Bu Müqəddəs diyarın hər qarışında bir müqqəddəs, bu torpağı qoruyan bir əsgər yatır. Hər qarış torpağın altında bir tarix gizlənib. Onu da bildik ki, Avstriyadan mütəxəssis dəvət edilib, Gülüstan qalasının bərpsı üçün layihələrin icrasına başlanılıb. Bu il Şamaxıda doğulub , kainatı mat qoyan İmadəddin Nəsiminin 650 illik yubileyidir. Təbii ki, bu yubileyin başlanğıçından sonuna qədər əsas yuk Şamaxı şəhərinin çiyinlərinə düşür. Müqəddəs şah babalarımızın nəslinin uyuduğu məzarlar, Şah Xəndanın ailə məqbərəsi olan Xiyabanda da bərpa işləri aparılacağını dedi. Bunlar azmış kimi bizimlə birlikdə həmin abidələri bir daha ziyarət edib, görəcəyi işlər haqqında elə həvəslə, elə sevinclə və qürurla danışdı ki...
Mən Özbəkistana ilk dəfə 1985-ci ildə ali təhsil almaq üçün getmişdim. Və günlərin birində Səmərqənd şəhərinə düşdü güzarım. Rəhmətlik atamla Əmir Teymurun dövrünün günümüzə qədər qorunub saxlanan abidələrini ziyarət etdik, köks ötürdük. O zaman ikimiz də bir-birimizə sual etdik: “Axı Şirvanşah Şeyx İbrahim Əmir Teymurun müttəfiqi idi. Niyə bizdə də həmin o illəri əks etdirən abidələr yoxdur? Fateh Əmir Teymuru Şeyx İbrahim Şirvanda mütləq belə möhrəşəm bir sarayda qarşılamışdı...”. O vaxtdan ürəyimdə bir xal kimi, bir qəmli mizrab kimi qalmışdı bu arzum. Sonra dəfələrlə Fateh babamızın qəbrini ziyarət edtim, elə həmin ziyarətlərimin birində Sahibgiranın başdaşı önündə diz çöküb, əllərimi Tanrıya açdım, bu duanı etdim: “Uca Tanrım, Əmir Teymur babamın ruhu, məni eşidin, Şamaxıya, Şirvana bir ədalətli Xaqan yetirin ki, yurdumu abad eləsin”...
Müstəqilliyimizin qazanılmasında Şamaxı rayonu da xeyli şəhidlər verib. Lakin ya şəhid ailələri, ya sıradan olan bir ailə çoxdandır ki, mötəbər dairələrdən yəni hökumət nümayəndələri tərəfindən qapısının açıldığını xatırlamır. Olub keçən rəhbərlərdən hər kəsin yaddaşında bir talan, bir viran, bir yetim Şamaxı qalıb. Bu sətirləri yazarkən ölkə başçımız İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyevanın Şamaxıda sakinlərlə keçirdikləri görüşləri xatırladım. Həmin görüşlərində yerli sakinlərə və vətəndaşlara qayğıları ilə məmurlara və rəhbərlərə bir nümunə mesajı ötürdülər. Və nə yaxşı ki, gənc kadr olan Şamaxı Şəhərinin icra başçısı bu ənənəni davam etdirir.
Şamaxıdan tanıdığım şəhid ailələrinin valideynləri isə dedilər ki, Tahir Məmmədov bütün tarixi günlərdə şəxsən özü gəlib onların qapısını döyür, güzəranları, problemləri ilə maraqlanır. Hətta şəhid ailəsinin süfrəsi başında oturub, bir stəkan çayını da içir.
Mən Şamaxıdakı görüşümüzün yekununda atamın yurduna Zarat-Xeybəri kəndinə getdim. Dəmirçiyə qədər yollar şüşə kimi idi. Dəmirçidən sonrakı dağ yolu isə sovet dağılandan sonra , bir dəfə də abadlaşdırılmayıb. Qış sərt keçəndə bu keçilməz dağ yolları kənd sakinlərinin üzünə bağlanır. Yaşı 4 min ildən artıq olan cənnət Xeybəridə bu gün 42 ev-təsərrüfat var. Qohumlarım və həmkəndlilərim məndən “... təzə icra başçısından yolumuzu nə zaman düzələcəyi barədə soruşdunmu?” - deyə sual etdilər. Kəndimizin böyüyünə -kiçiyinə dedim ki, gözünüz aydın olsun, Şirvana layiq bir oğul gəlibdir, yolumuzu da düzəldəcək, hələ yaxın günlərdə bizim də kəndimizdə hər evdə mavi yanacaq olacaq.
Söhbətimin sonunu isə , Müqəddəs yurduma məxsus bir hikmət və genetik yaddaş, qanunauyğunluq və ya mifik kod saydığım məqamlarla tamamlamaq istəyirəm. Oxucunun yadındadırsa, söhbətimizin ortasında Şamaxıda 918-ci ildə Əbu Tahir Yəzid adlı adil bir hökmdarın varlığından, ədalətindən və Yəzidiyyə- indiki Şamaxı şəhərini qurmasından danışmışdım. Şamaxının Tahir Məmmədov adlı yeni hakimi də bu şəhərə 2018-ci ildə təyin edilib. Həm tarix, həm də Tanrının qisməti olan ad. Hər kəs öz adının ləyaqətini daşıyır.
Mən başqa nə deyim ki... Ardını siz fikirləşin.


Aida Eyvazlı.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )