Adımız, dünyamız Turandır, Vətən! - - Azər Həsrət yazır..

Adımız, dünyamız Turandır, Vətən! - Azər Həsrət yazır..

Kitab da övlad kimidir. Bir kitab yazarsan, yeni bir övladın doğulmuş kimi sevinərsən. Həm də hər kəs sənə gözaydınlığı verər, sevincinə ortaq olar. Yeni bir kitab yeni, həm də əbədi bir başlanğıc olar. Kitabın dünyaya gəlməsi eldə, obada bayrama çevrilər.

Bu yaxınlarda Qubada belə bir bayrama toplaşmışdıq. Çağdaş Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri – tribun şair Ramiz Qusarçaylının başçılıq etdiyi “Ay işığı” ədəbi məclisi dost deyib könül verdiklərini başına toplamışdı. Səbəb yeni doğulan “Biz budatıq, bayatıq” kitabı, səbəbkarsa onun müəllifi Cəlaləddin Budatoğlu idi.

Dəvətliydik biz də. Lakin işlərin çoxluğundan gedə biləcəyimiz şübhə altındaydı. Buna baxmayaraq fürsət tapıb o gözəl məclisə qatılmağı düşünürdük. Və fürsət ələ düşdü, qatıldıq.

 

Qubanın Buduq kəndinin çoxsaylı ziyalı yetirmələrindən olan Cəlaləddin Budatoğlu yeni kitabıyla, əslində, bir institutun görməli işi görüb. Tədbirdə deyilən sözlər, kitabın məziyyətləri haqqında səslənən fikirlər istər-istəməz belə bir əsəri oxumağa çağırış idi. Hələ bir kitab qurdu olaraq bizim kimi insanların belə bir çağırışa biganə qalması ağla belə gətirilə bilməz.

 

Tədbir öz yerində. Onun haqqında yazıldı, deyildi. Biz də çıxış etdik, fikirlərimizi paylaşdıq, könül söhbəti etdik. Əsas məsələ kitabın oxunması idi ki, bunu da bu qədər işin-gücün içində eləmək asan deyildi. Lakin vaxt oğurladıq, oxuduq.

Yeri gəlmişkən, təqdimat zamanı kitabı bir qədər vərəqləmişdim. Ruhu mənə doğma gəlmişdi. Bunu ordakı çıxışımda da dedim. Bir Dədə Qorqud, bir Koroğlu, bir Şəhriyar ruhu var müəllifin yazıya köçürdüyü düşüncələrində.

Kitabı oxuyunca bu qənaətim əməlli-başlı möhkəmləndi. Görün, müəllif özünü necə təqdim edir:

 

Ulu türkəm, yol oğluyam,
Çingiz, Batı, Koroğluyam.
Oğuz xanam, od oğluyam,
Budaqlar, bağlar yerisin,
Yerisin!

 

Təkcə bu bənd müəllifin kimliyi haqqında yetərincə bilgi verəcək gücdədir. Amma kitabı oxuduqca oxucunun bu fikri daha da dərinləşir, müəllifin nə və niyə demək istədiyi tam aydın olur.

Cəlaləddin Budatoğlunun özü Azərbaycanın ən qədim xalqlarından olan buduq – budat soyundan gəlir. Hazırda Qubanın eyni adlı kəndi mərkəz olmaqla ölkənin müxtəlif yerlərində yaşayan bu azsaylı etnik qrup özünün qədim tarixi və dövlətə – böyük Vətən Azərbaycana bağlılığıyla sayılır, seçilir. Elə Cəlaləddin müəllimin özü də Vətən – millət fədaisi, cəfakeşidir.

 

Oğuz, uğuz soyumuz,
Göydən gələn boyumuz,
Çalınacaq toyumuz.
Bayrağını mən tutum,
Dağlarını sən oyat
Biz budatıq,
Biz budat…
– deməklə müəllif mənsub olduğu soyu nişan verir. Daha sonra milləti birliyə səsləyir:

 

Xanım getdi, bəyim bəs?
Biz bir idik, bir nəfəs…
Əldə silah hər yanı,
Fəth elədik dünyanı.
Qayıdaq o birliyə,
Turana çıxaq yiyə.

 

Müəllif birlik çağırışını hayqırmaqla param-parça olmuş millətimizi bir olmağa, o möhtəşəm keçmişdən dərs almağa çağırır.

Müəllifin “Vətən” şeiri də eyni ruhdadır:

 

Bodunlar, budunlar, budatlar bizik…
Qılınclar oynadan Qıratlar bizik…
Xudatlar, coratlar, bayatlar bizik…
Oğuzuq, yoğuzuq, sevib sevmişik,
Adımız, dünyamız Turandır, Vətən!

 

Göründüyü kimi, müəllif öz əsərlərində kimlik davası edir, soyunu – əslini hər kəsin eşidə biləcəyi uca səslə hayqırır.

Lakin kitabın – müəllifin əsas məziyyətləri belə şeirlərlə – bədii örnəklərlə bitmir. İş ondadır ki, bu kitab buduq – budat boyu haqqında və dilində ilk elmi əsərlərdən biri – yazılı ədəbiyyat örnəyi də sayıla bilər. Çünki kitabda müəllifin Azərbaycan dilindəki əsərlərilə yanaşı buduq dilində əsərləri də yer alıb. Əlavə olaraq buduq etnik azlığı, onun Azərbaycan tarixindəki yeri, Vətənə bəxş etdiyi şəxsiyyətlər barədə bilgi verilir.


“Biz budatıq, bayatıq” kitabı

Kitabda buduq əlifbası təqdim edilir. Daha sonra buduq dilində kiçik həcmli də olsa ən işlək sözlərin şəkilli lüğəti verilib. Özü də buduq diliylə yanaşı azərbaycan, ingilis və rus dillərində də. Müəllif kitabda “Məlikməmməd nağılı”na da buduq dilində yer verməklə şifahi xalq ədəbiyyatının buduqcasıyla oxucuları tanış edir.

 

Sözümüzün sonunda qeyd etmək istərdik ki, buduq ədəbiyyatının bu dəyərli örnəyi həm adi kitab həvəskarları, həm də bu sahədə elmi araşdırmalara maraq göstərənlər üçün olduqca əhəmiyyətlidir.

 

Cəlaləddin Budatoğlunun “Biz budatıq, bayatıq” adlı kitabı, onun ruhu bir daha təsdiq edir ki, Azərbaycan etnik palitrasının rəngarəngliyi ilə zəngin olan bir dövlətdir. Ona görə də bu ölkənin heç bir vətəndaşı özünü fərqli və qərib hiss etmir. Əksinə, hansı etnik kökdən gəlməsindən asılı olmayaraq hər bir vətəndaşımız özünü bu ölkədə bir bütövün çox önəmli hissəsi kimi görür, yaşayır. Necə ki, kitabın təqdimantındakı çıxışımda demişdim, burda da təkrar edirəm: Azərbaycanda ikinci növ vətəndaş yoxdur. Hamı birdir, bərabərdir, bu dövlətin eyni dərəcəli sahibidir. Bunu Cəlaləddin Budatoğlunun özü də, kitabı da bir daha təsdiq edir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !