UŞAQLARI ATMAYIN - - Vahid Aslan yazır..

UŞAQLARI ATMAYIN - Vahid Aslan yazır..

Suriyalı uşağa müəllimin cavabı

 

Suriyada
Müharibənin
Ortasında
Qalan uşaq,
Mən müəlliməm!
Bax, indicə dərs başladı;
Dərs keçəcəm altı yaşlı uşaqlara...
Heç bilmirəm nə deyəcəm mən onlara;
Ürəyimi parçalayıb yazdıqların:
Yazırsan ki, beş yaşın var,
Indi orda
Müharibənin ortasında kimsəsizsən,
Müharibə evinizi udub tamam,
Artıq yoxdu atan-anan,
Nə bacın, nə qardaşın var...
Yazırsan ki,
Uşaqlığın əsir düşüb
Güllələrə, mərmilərə;
Oyuncağın əsir düşüb...
Uşaq ömrün oyuncaqdı
Qan-qan deyən dayılara, əmilərə;
Suriyada
Müharibənin
Ortasında
Qalan uşaq!
Axı niyə oynayırlar taleyinlə...
Yer yumrusu hamımızın yuvasıdı,
O da bir gün başımıza uçasıdı!
Uşaqları
Döyməsinlər,
Söyməsinlər,..
Həmfikirəm mən səninlə!
Suriyadan uzaqlarda yaşasam da,
Yan-yörəndən uçub gedən
Güllələri, mərmiləri hiss edirəm!
Acıların ürəyimdə,
Qışqırığın qulağımda
Səndən çox-çox uzaqlarda
Üzü gülən uşaqlara dərs keçirəm!
Sənə əlim çatsın deyə,
Mən onları bircə-bircə qucaqlayıb
Hönkürürəm,..
Və öpürəm...



UŞAQLARI ATMAYIN

 

Ey atalar, analar!
Uşaqları atmayın!
Atmayın uşaqları!
O, yaşıl pöhrələri
Vədəsiz qurutmayın,
O, körpə ürəkləri
Vədəsiz ağrıtmayın,
Qoymayın arxanızca,
Əli uzalı qalsın,
Qoymayın gözlərində
Təklik əzabı qalsın,
Arxanızca boylanan
Gözləri ağlatmayın!
Atmayın uşaqları!
Uşaqları atmayın!

O, bir körpədi hələ,
Günahsız, məsum körpə!
O, bir körpüdü hələ,
Bu günündən sabaha
Uzanan, uzun körpü!
O, sevgi körpüsünə
Dönmək istəyir axı,
Ona həyat bəxş edən
Atasının üzündən,
Anasının gözündən
Öpmək istəyir axı,
Bu fürsəti əlindən
Almayın uşaqların,
Uşaqları atmayın!
Atmayın uşaqları!

O, ana qucağını
Istəyir, dəli kimi,
O, ata ocağını
Istəyir, dəli kimi,
O, istəmir nə dayə,
Nə körpələr evini,
O, hələ də anlamır
Ata-ana əliylə
Atılmaq səbəbini,
Qoymayın nəğmələri
Dodağında çatlasın,
Illərin kədər yükü
Kürəyini qatlasın,
Yaşamağa nifrəti
Sevgisini adlasın,..

... İllər ötər, böyüyər,
Sorar gecələrindən,
Sorar gündüzlərindən
Atam-anam kim olub,
Axı, mən kiməm deyər?!.
Dayanar ümidləri
Qarşısında lal kimi,
Bu dünyaya gəlişi
Acı bir xəyal kimi,
Qısılıb yalnızlığa
Göynəyər ha,.. göynəyər...
Bəlkə də yaşayardı,
Tək-tənha da bir təhər,
Ata-ana həsrəti
Onu üzməsə əgər,
Qəlbi elə qırılıb,
Ümidi elə sınıb,
Yoxdu onu həyata
Bağlayan özgə səbəb
Ata-anadan ayrı...

Dərdlər böyütdü onu,
Bircə anın içində,
Yenə dünyasız qalıb
Bu dünyanın içində,
Sevgi nə olduğunu,
Sevmək nə olduğunu
Anlaya bilmir daha,
Yerdə kimsəsi yoxkən
Dua edir, allaha...

... Böyüyüb, özü kimi
Bir yalqızla evlənib,
Ata-anası varkən
Yetim qızla, evlənib...
Illər ötüb, yaşlanıb,
Qoca babadı indi,
Nəvəsi də var, amma
Heç unuda bilməyir
Ata-ana dərdini,..
Ata-anasız onun
Nə bir yol üzü güldü,
Nə ürəyi sevindi;
Unuda bilmədi heç
Ata-ana dərdini...
Öyrənə bilmədi heç
Atılmaq səbəbini...
Ey atalar, analar!
Oxuyun bu kədərli,
Ağrılı hekayəni,
Yaşatmaqçün yaradın,
Atmaqçün yaratmayın!
Atmayın uşaqları!
Uşaqları atmayın!
 



Yetim qalan kuklalar


(Zəhranın timsalında müharibələrdə
öldürülən bütün uşaqlara)

 

Anan da
Atan da
Dostların da bir yana,
Kuklaların yetim qaldı Zəhra!
Daha fani dünyada
Nələr olmadı ki,..
Güllələdi oyuncaqları,
Rəhm etmədi
Kuklaların göz yaşına,..
Baxmadı evcik quran
Toppuş əllərinə,
Gözlərindəki gülüşünü,
Xəyallarının dalınca düşən
Yastı-yastı yerişini
Güllələdi zalımlar!
Imkan vermədilər
Kuklalarını doya-doya öpəsən,
Fürsət vermədilər
Oyuncaqlarına
Ölümqabağı əl edəsən...
Zəhra!
Bəlkə də
Güllələrə qoşulub
Göy üzünə uçmusan!
Orada,
Allah babaya
Deyəcəksən son sözünü;
Deyəcəksən:
- Baba!
Yolumu
Gözləsələr də kuklalar,
Bir daha
Qayıtmaq
Istəmirəm yer üzünə,
Orada ermənilər var.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )



 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !