Heydər Əliyev və İmadəddin Nəsimi... -

Heydər Əliyev və İmadəddin Nəsimi...

Ulu öndər və Nəsimi ilə bağlı bu söhbəti mənə nəql eləyən İsmixan Əzizov Bakı şəhərində yaşayır. İxtisasca mühəndisdir. Politexnik İnstitutunu (Texniki Universitet) bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan müstəqillik qazanandan sonra azad sahibkarlıqla məşğul olub. İşi ilə əlaqədar dünyanın müxtəlif yerlərini dolaşıb. Əlbəttə, hər gördüyü yadında qalmayıb. Amma elə gördükləri, eşitdikləri var ki, onlar yaddaşına əbədi yazılıb. Belə unudulmaz xatirələrdən biri Ulu öndər Heydər Əliyevin dahi şair İmadəddin Nəsimiyə münasibətidir.

Bilirik ki, Heydər Əliyevin bütün xidmətlərini bir tərəfə qoysaq, təkcə söz adamlarına, sənət adamlarına verdiyi qiymətlə bütün zamanlarda əbədi yaşamağa qadirdir. İllər boyu şahlar, xaqanlar, sultanlar zəmanələrinin sənət adamlarına münasibətləriylə, verdiyi qiymətlə tarixdə yaşayıblar. Nə Nizami, nə Nəsimi, nə Füzuli… dövründə bilmirik nə qədər çəltik əkilib, nə qədər ət planı olub və ya nə qədər neft istehsal olunub…

Bildiyimiz Firdovsi – Sultan Mahmud, Nizami – Qızıl Arslan, Füzuli – Sultan Süleyman, Cavid, Cavad, Müşfiq… Mir Cəfər Bağırov münasibətləridir.

Bir də ki, sənət adamları və Heydər Əliyev.

İmadəddin Nəsimi imzası altı əsrdir zamanları adlayıb yaşayır, bundan sonra da yaşayacağına əminik. Əlbəttə, əbədiyaşar sözü ilə.

Nəsimi ilə bağlı bu söhbəti İsmixan müəllim illər öncəsi söyləmişdi. “Söz” jurnalının oxucuları üçün yazacağıma söz versəm də, bu gün-sabah tənbəlliyindən qurtula bilməmişdim.

Deyirlər, hər gecikmədə və ya alınmayan işdə bir xoş sonluq olur. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2019-cu ili Nəsimi ili elan etməsi bütün şeirsevərlərin ürəyindən xəbər verdi. Şair haqqındakı bu xatirə də məhz Nəsimi ilində qələmə alınmalıymış.

Ulu öndərin elə əbədiyaşar xidmətləri var ki, illər sonra şölə saçacaqlar. Bu xidmətlər zaman-zaman xatırlanıb dərc edilməli, gələcək nəsillərə çatdırılmalıdır.

İsmixan müəllimin söhbətinə diqqət edək: “1990-cı illərin əvvəlləri idi. Yaxşı yadımızdadır ki, ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Mən də tutduğum vəzifədən istefa verib, azad sahibkarlıqla məşğul idim. Bu məqsədlə müxtəlif ölkələrə gedirdim. Növbəti səfərim Suriyaya idi. Üç ziyalı dostumla yola düşdük. İşlərimizi yoluna qoyandan sonra Hələb şəhərinə gedib Nəsiminin məzarını ziyarət etməyi Bakıdan planlaşdırmışdım. Bunu özümə mənəvi borc bilirdim – Suriyaya gedəsən, Nəsimini ziyarət etməyəsən, günah sayılar.

Hələbdə Nəsiminin qəbrini tapmaq o qədər də çətin olmadı. Bizim İçərişəhərə bənzər bir yerdə qazıntı işi gedirdi. Öyrəndik ki, bura şahın iqamətgahı olub, indi restavrasiya işləri aparılır. Qazıntının sol tərəfində məqbərə diqqət çəkirdi. Məqbərənin ətrafında bir türk oğlan gəzişirdi. Ondan Nəsimi haqqında məlumat əldə etmək istədik – Nəsimi niyə Hələbə gəlib, niyə edam olunub və s. Türk oğlan bu tarixçədən xəbərsiz olduğunu bildirdi. Bizi bir ərəblə görüşdürdü və özü də aramızda dilmanclıq etdi.
Təxminən 40 yaşında olan ərəb kişi məqbərənin gözətçisi idi. Məqbərənin kilidini açmamış zəncirə bağlanmış aliminium su qabının sovet istehsalı olması bizi təəccübləndirdi. İçəri daxil olanda isə təəccübdən az qala donub qaldıq. Təxminən 6 kvadratmetrlik məqbərədə xalça-palazından tutmuş vedrə, su kranı, su stəkanları – bir sözlə, hər şey sovet ölkəsinin istehsalı idi. Bunların Suriyaya haradan gətirilməsi bizdə maraq doğurdu. Ərəb söylədi ki, məqbərəyə məndən qabaq babam nəzarət edirdi. Babamın dediyinə görə, şah şairi qəddarcasına edam etdirsə də, sonra vicdanı ona rahatlıq verməyib və şairin qəbrinin qorunmasını vəsiyyət edib. Bu vəsiyyətə əsasən əsrlərdir, şairin qəbri hifz olunub qorunur. Babam deyirdi ki, 1970-ci illərin əvvəllərində SSRİ-nin Azərbaycan adlı məmləkətindən Heydər Əliyev soyadlı bir padşah gəlmişdi. Heydər Əliyev bizim hökumətlə Moskvada bir yerdə oxuduqlarından dost idilər. Heydər Əliyev Suriyaya gələndə Nəsiminin qəbrini görmək istədiyini bildirir. Məzarı göstərirlər. Mütəfəkkir fikirləri ilə dünyaya meydan oxuyan Nəsiminin kiçik məzarı Heydər Əliyevdə təəssüf hissi yaradır.

Heydər Əliyev işi ilə əlaqədar getdiyi ölkədən Vətənə qayıdır. Aradan bir neçə ay keçir. Bir qədər sonra şairin məqbərəsi diqqəti cəlb edir. Tikinti gedəndə əsas diqqətçəkən məqamlarda biri işçi qüvvəsindən tutmuş – ustası, fəhləsi, qumuna, sementinə, daşına kimi Azərbaycandan göndərilməsi olur. Bizim üçün də əsas diqqətçəkən məsələ elə bu idi.

Məzarı ziyarət etdik. Başdaşının yanında durub “Yasin” oxuduq. Amma şəkil çəkdirmək ağlımıza gəlmədi. Şairin edam edilməsi marağından da yan keçmədik. Onun edam edildiyi ölkədə bu işə münasibət də bizim üçün maraqlı idi.

Ərəbin bildiyinə görə Şeyx Nəsimi işlədiyi qısa müddətdə şahın rəğbətini qazanır. Şah bütün məsələlərdə onunla məsləhətləşir və razılaşır. Bunlar isə vəzir-vəkildə paxıllıq, qısqanclıq hissləri yaradır. İmkan düşən kimi şairi şahın gözündən salmağa çalışırlar. Nəhayət,

Məndə sığar iki cahan,

Mən bu cahana sığmazam, -beytini əsas götürüb onu dinsiz kimi gözdən salırlar və edam olunmasına nail olurlar.

Deyilənlərə görə, şah sonralar tutduğu işdən peşman olur, vicdanının bir qədər rahatlanması üçün şairin qəbrinin qorunmasını vəsiyyət edir.

Əlbəttə, dünyaya hər gələn getməlidir. Kimi öz əcəli ilə, kimi də hər hansı namərdin fitvası ilə.
Amma tarixdə məzarı qorunan çox nadir şəxsiyyətlər olub.

İnsan xislətində paxıllıq olmasaydı, yaşamağa nə vardı ki?!.

Əsrlər boyu zəka, düşüncə nadanlığın, paxıllığın qurbanı olmayıbmı?!

Suriyada işimizi bitirib Bakıya qayıtdıq. Nəsimi haqq dünyasındadır - bu məlum. Bizi heyrətləndirən neçə əsrlər öncə qürbət ölkədə qətlə yetirilən şairə Heydər Əliyevin münasibəti idi.

Ziyalı münasibəti. Vətəndaş münasibəti.

İllərin fərqinə varanda məlum olur ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Nəsiminin şair taleyinə günəş doğur. 600 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Haqqında bədii film çəkilir. Bakıda əzəmətli abidəsi ucaldılır. Adı küçə, rayon, müəssisələrdə əbədiləşdirilir.

Nəsiminin qətlinə fərman verib edam etdirən şahın adını isə tarixin məhək daşı olan zaman tez unudub.

 

 

 

 

 

 

 

 

 

 

Sevda Əlibəyli 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !