QƏHRƏMANLAR UNUDULANDA ÖLÜRLƏR - +FOTOLAR (AZpress.AZ- B.Ağaddin, Lənkəran)

QƏHRƏMANLAR UNUDULANDA ÖLÜRLƏR +FOTOLAR (AZpress.AZ- B.Ağaddin, Lənkəran)

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Yayım” Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Lənkəran rayonundakı şəhid Rüfət Həsənov adına Viravul kənd 1 saylı tam orta məktəbində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələ üzvləri ilə şagird və müəllim kollektivlərinin görüşü keçirilib.
AZpress.AZ xəbər verir ki, öncə məktəbin həyətində Qarabağ şəhidi Rüfət Həsənovun büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Azərbaycanın Dövlət Himni ilə açılan görüşdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbinin direktoru Azər Rəcəbli bu cür maarifləndirmə tədbirlərinin gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Layihənin məqsəd və mahiyyəti haqqında iştirakçıları məlumatlandıran “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri, “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov respublikamızda şəhidlərlə, Qarabağ mövzusu ilə bağlı hazırlanan layihələrin Azərbayvan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmişə dəstəkləndiyini, bu mövzunun dövlətin ən ümdə maraqlarından biri olduğunu qeyd edərək, “Yayım” Assosasiyası tərəfindən əvvəllər də Qarabağ və şəhidlər mövzusu ilə bağlı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə şəhid ataları Şakir Həsənov, Ramiz Məhərrəmov, Layim Zülfüqarov, şəhid anaları Lyuba Məhərrəmova və Esmira Ağayeva övladları ilə fəxr etdiklərini söyləyərək, onların ailələrinə göstərilən dövlət qayğısından razılıqlarını dilə gətiriblər.
Qarabağ müharibəsi veteranları və əlilləri cəmiyyəti Lənkəran təşkilatının sədri Əbülfət Əliyev, Qarabağ qazisi Malik Əhədov, Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə, şəhid Canəli Əzimov adına Viravul kənd 2 saylı tam orta məktəbinin direktoru Araz Babayev, şair Ağamir Cavad, Viravul kənd Ziyalilar Klubunun müdiri Ağadadaş Əliyev və digərləri isə çıxışlarında Azərbaycana xas olan qəhrəmanlıq ənənəsinin bu gün də yaşadığını, Vətən uğrunda canından keçən şəhidlərin heç vaxt unudulmayacağını vurğulayıblar. Bütün çıxışlarda ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə düşməndən alınacağına əminlik hissi ifadə olunub.
Məktəb şagirdlərinin ifasında təqdim olunan “Şəhidlər ölmür” adlı ədəbi-bədii kompozisiya iştirakçılara kövrək anlar yaşadıb.
Sonda şagirdlərə vətənpərvərlik mövzusunda qələmə alınmış bədii kitablar, dəftər və qələm hədiyyə olunub.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )