“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub - (+FOTOLAR)

“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub (+FOTOLAR)

Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunub.

Ədəbi gecə Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin iştirakı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları foyedə fiziki məhdudiyyətli əlillərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək bildirib ki, bu tədbir qeyri-adi olacaq, çünki onun qəhrəmanları fiziki məhdudiyyətli və istedadlı insanlardır. "Biz bu insanların-musiqiçi, müğənni, rəssam, tətbiqi sənət ustası və yazıçıların hərtərəfli istedadlarını ictimaiyyətə göstərmək istəyirik. Onlar özlərini ifadə etməyə layiq olan işıqlı, parlaq şəxsiyyətlərdir. Ümid edirik ki, “Söz” layihəsi ilə bu istiqamətdə birgə fəaliyyətimiz onların taleyində həlledici rol oynayacaq”, – deyə Şirin Məlikova bildirib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə qeyd edib ki, “Həyat gözəldir” musiqili-ədəbi gecə potensial xeyriyyəçilərin diqqətini cəlb etmək məqsədilə əlilliyi olan insanlar da daxil olmaqla gənc müəlliflərin yaradıcı təşəbbüslərinin dəstəklənməsi üçün nəzərdə tutulub.

Diqqətə çatdırıb ki, musiqili-ədəbi gecə Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi tərəfindən təşkil olunan bu yönümdə növbəti, ənənəvi tədbirdir. “Söz” ədəbi layihəsinin məqsədi şeir və nəsrin populyarlaşdırılması, həmçinin ədəbiyyat sahəsində gənc istedadlara dəstək olmaqdır.

Tədbirdə həyata keçiriləcək yeni layihələr elan edilib, eləcə də iştirakçıların hazırladıqları rəngkarlıq, qrafik və dekorativ-tətbiqi işlər sərgidə təqdim olunub.

Proqramın əsas hissəsini vokal və instrumental nömrələrdən ibarət konsert və layihə iştirakçılarının poetik əsərlərinin qiraəti təşkil edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )