YERİM YOX DAHA... - - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

YERİM YOX DAHA... - Şirinxanım Kərimbəyli ŞADİMAN yazır..

YERİM YOX DAHA

 

İlahi, yerlərdə yer yerim yox daha,
Götür apar məni qurbanın olum.
Dönüm gecələrdən gələn sabaha,
İstəmirəm vallah insanın olum.

 

Bilirəm sonsuzdur kainatların,
Onların birində yer elə mənə.
Hər yandan parlayır xoş büsatların,
Nə olar bir zərrə sən dilə mənə.

 

Yoruldum, əzildim hiylədən, şərdən,
Acizəm, dəf edə bilməyirəm mən.
Canım çıxıb məndən baxır qənşərdən,
Çaşıram, məxrəcə gəlməyirəm mən.

 

Bəs mən hardan gəlib hara gedirəm?!
Adamın kimliyin agah et mənə.
Alışır varlığım qora gedirəm,
Ruhumun pənahı, nolar yet mənə...

 

Qoymayırlar bizi insan olmağa,
Təhlükədə qalıb insanlığımız!
Min bir faciə var yerdə qalmağa,
Müşkülə düşübdü peymanlığımız.

 

Canlılar içində ağlımız uca,
Uca ağlımızda şeytanlar gəzir.
Qoyulur vicdanlar hər gün hərraca,
Düşünən başları zülm, şər əzir.

 

İdrak caniləri ağlı kül edir,
Hissi düşüncədən önə çəkirlər.
Dini gəlir sayan hər gün gül edir,
Yalandan səcdəyə, dinə çəkirlər.

 

İlahi, yerlərdə yer yerim yox daha,
Götür apar məni qurbanın olum.
Dönüm gecələrdən gələn sabaha,
İstəmirəm vallah insanın olum...
 

 

ZAMAN HƏR ŞEYİ HƏLL EDİR

 

Darılma bugünki günə,
Ömür düşür yas-düyünə,
Vaxtı geyinir əyninə,
Diləklərimiz zil edir,
Zaman hər şeyi həll edir.

 

Göz də işıqdan su içir,
Ürək yaşamçın can seçir,
Yaxşı-yaman ömür keçir,
Günü uzadıb il edir,
Zaman hər şeyi həll edir.

 

Gün həyatın xəbərçisi,
Ağıl ümidin elçisi,
Tanrı ruhun bilicisi,
Vaxtın qanadın yel edir,
Zaman hər şeyi həll edir.

 

Ömür deyil özbaşına,
Tale biçilib yaşına,
Hər kəs vicadandan yaşına,
Yaşınmasa göz sel edir,
Zaman hər şeyi həll edir.

 

Doğruya biç amalını,
Günəş sayma camalını,
Ağlından keçir halını,
Diləklər könlə əl edir,
Zaman hər şeyi həll edir.

 

Bir içim sudu ömrümüz,
Batıb çıxır səs-səmrimiz,
Allah əlində əmrimiz,
Qəlbdə arzumuz gül edir,
Zaman hər şeyi həll edir.

 

Şadimanı sanmın naçar,
Bir canı var haqqa düçar,
Yığışıb dünyadan qaçar,
İlahi ona gəl edir...
Zaman hər şeyi həll edir.
Zaman hər şeyi həll edir...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )